Ötən həftə Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (UNESCO) idarə heyəti Xarici İşlər Komissiyasının qəbul etdiyi "Məscidül Əqsanın musəviliklə əlaqəsinin olmadığına" dair qərarını təsdiq etdi. İsrail rəhbərliyi və bütün dünya musəviləri tərəfindən mənfi qarşılanan bu qərar 58 ölkədən 24-nün lehdə səs verməsi nəticəsində qəbul olundu. Təşkilatın idarə heyətinin nümayəndəsi Maykl Vorbs məsələ ilə əlaqədar olaraq: "Bu nəticə məsələnin ayrı-seçkilik yaratdığını ortaya qoyur. Bu ayrı-seçkiliyin mənbəyi YUNESKO içindən deyil, gerçək dünyadan gəlir" açıqlamasını verdi.
Misir, Əlcəzair, Livan və Qətərin də aralarında olduğu 7 ölkə tərəfindən hazırlanan qərar "Fələstin mədəniyyət irsini və Şərqi Qüdsün qabarıq obrazını qorumağı" hədəf alan bir layihə kimi təqdim olunub. İslamda müqəddəs sayılan Məscidül Əqsa və Qübbətüs Səhranın da içində yer aldığı Qüdsün tarixi şəhər mərkəzi də bu çərçivədə müzakirə olundu. Qəbul edilən qərar həmin bölgələrin yalnız müsəlmanlara aid olduğuna hökm edirdi. Gələn reaksiyalara görə bu qərarın növbəti günlərdə təkrar səsverməyə təqdim edilməsi gözlənilir.
BMT-də mədəniyyət missiyasını üzərinə götürmüş YUNESKO-nun həyata keçirdiyi həmin səsvermədə diqqəti çəkən bəzi məqamlar var. Bunlardan birincisi, səs verən ölkələrin siyasi baxımdan İsraillə keçmişdən etibarən problemləri olan ölkələr olmasıdır. Bu vəziyyət qiymətləndirmənin "mədəni irs" təməlindən çox, siyasi əsasının olduğunu göstərir. Səsvermədə 26 ölkənin bitərəf qalması da bu qənaəti dəstəkləyən digər amildir. Mədəniyyət sahəsi ilə bağlı bir qiymətləndirmədə 26 ölkənin heç bir fikir bildirməməsi, açıq şəkildə, həmin ölkələrin bəzi siyasi tərəddüdlərini göstərir.
Əsl önəmli problem isə Məscidül Əqsa və Qübbətüs Səhranın yerləşdiyi Məbəd dağının hansı dinə aid olduğunun beynəlxalq səsvermə ilə sorğu-sual olunmasıdır.
Məbəd dağının içindəki bütün dini fiqurlarla birlikdə mövqeyi və əhəmiyyəti bizə Müqəddəs Kitablarla bildirilmişdir. Tövratda Məbəd dağı və Məscidül Əqsa musəvilər üçün müqəddəs hesab olunarkən, Quranda da Məscidül Əqsa Peyğəmbərimiz hz. Muhammədin (səv) Meraca çıxdığı yer kimi əhəmiyyət kəsb edir. Məscidül Əqsa həmçinin müsəlmanların ilk qibləsidir. Bu bölgə xristianlar üçün hz.İsanın (əs) göyə alındığı məkan kimi əhəmiyyət daşıyır.
Bu bölgənin yalnız müsəlmanlara aid müqəddəs məkan olması iddiası ilk növbədə Qurana zidd iddiadır. Çünki Qüdsü də içinə alan Müqəddəs Torpaqlar üzərində musəvilərin yaşamaq hüququ olduğunu Quran açıq şəkildə bildirir. Quranda hz.Musanın (əs) öz qövmünə, "Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz" şəklində (5/21) müraciət etdiyi bildirilir. Allah Müqəddəs Torpaqları İsrail oğullarına yerləşəcəkləri müqəddəs məkan etmiş və onları hz.Musa (əs) təklif etdikdə bu torpaqlarda yaşatmaq istəmişdir. Yenə bir başqa Quran ayəsində Allah "Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik" (10/93) şəklində bildirərək, bu torpaqları musəvilər üçün xüsusi olaraq seçdiyini bildirir. "Bəqərə" surəsinin 58-ci ayəsində isə Rəbbimiz, "O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə (mükafatlarını) artırarıq" şəklində bildirərək Qüds şəhərini musəvilərə yurd olaraq verir və bu regionun onlar üçün müqəddəs yer olduğuna işarə edir. Həmin Quran ayələri ilə Rəbbimiz müsəlmanlara musəvilərin Müqəddəs Torpaqlarda yaşamaq hüququ olduğunu və bu torpaqların onlar üçün də müqəddəs sayıldığını açıq şəkildə bildirmişdir. Əgər bir müsəlman bu torpaqların musəvilər üçün müqəddəs olmadığını iddia edirsə, ya Qurana açıq şəkildə zidd davranır, ya da Quranda bildirilən bu böyük həqiqətdən xəbərsizdir.
Tövrat və Quran bu torpaqları musəvilər üçün müqəddəs məkan hesab etdiyi halda, bəzi İslam ölkələrinin bir araya gələrək beynəlxalq mədəniyyət təşkilatı yolu ilə bu hökmü əsassız etməyə çalışması həm məntiqi, həm də din baxımdan müxtəlif problemlərə yol aça bilər. Uca Rəbbimizin Müqəddəs Kitablar vasitəsilə açıq şəkildə müəyyənləşdirdiyi bir həqiqəti siyasi səsvermə ilə etibarsız etməyə çalışmaq açıq şəkildə boş işlə məşğul olmaqdır. Bölgənin mövqeyi və müqəddəsliyi uca Allah tərəfindən müəyyən olunmuşdur. Bunu inkar edib ləğv etməyə çalışmaq Allahın dərgahında böyük məsuliyyət ola bilər.
Təşkilat nümayəndəsi Vorbs əldə edilən nəticənin, məsələnin "ayrı-seçkilik yaradan bir məsələ" olmasından qaynaqlandığını bildirir. Halbuki olduqca təhlükəli ayrı-seçkiliyin yolunu açan əsas amil UNESCO-da qəbul edilən bu qərardır. Məscidül Əqsanın üç İbrahimi din üçün də müqəddəs olması dinlərin birliyi və vəhdəti üçün böyük əhəmiyyət daşıyır. Uca Rəbbimizin bu müqəddəs məkanı üç din üçün də müqəddəs hesab etməsinin hikmətlərindən biri də şübhəsiz budur. Üç dinin nümayəndələrinin da eyni məkanlarda ibadət etməsi gözəllik və nemətdir. Ancaq bir səsvermə yolu ilə bu məkanın yalnız müsəlmanlar üçün müqəddəs olduğunu iddia etmək, məlumatsız insanlar arasında ayrı-seçkiliyə yol açacaq, onları qütbləşdirəcək və mümkün mübahisələrin qapısını açacaq potensial təhlükədir. Mövhumatçı din anlayışının böyük problemlər yaratdığı belə həssas bir region üçün bu qədər radikal bir iddia ortaya atmaq bölgədəki təzyiqi daha çox artırmaqdan başqa bir nəticə verməyəcək.
Bilinməlidir ki, müsəlmanlar üçün müqəddəs olan bir məkanın musəvilər üçün də müqəddəs sayılması bütün İslam aləmi üçün bir nemətdir. Hz.Musa (əs) müsəlmanlar olaraq bizim də peyğəmbərimizdir. Onun yaşadığı bu ərazilərin gözəlliyini bölüşmək müsəlmanlar üçün gözəllik olaraq görülməlidir.
İslam ölkələrindən gözlənilən Qurana tamamilə uyğun olan bu həqiqəti ört-basdır etmək yox, bunun tərəfdarı olmalarıdır. YUNESKO kimi tarixi və mədəni dəyərlərə sahib çıxan bir qurumdan gözlənilən isə dini və mənəvi dəyərlər üzərindəaçıqlamalarverərkən bunu siyasi maraqlara, insan və ölkələrin siyasi baxışlarına görə deyil, Müqəddəs Kitablara görə etməsidir. Bütün bunlar üçün İslam aləmi mövhumatçı, ənənəvi və fanatik baxışını tərk edərək Qurana əsaslanan ağıllı qərarlar qəbul etməli, beynəlxalq qurumlar isə bəzi "üst-ağıl"ların siyasi prioritetlərini bir kənara qoyaraq vicdanlı qurumlar halına gəlməlidirlər.
Bu müddət ərzində səmimi musəvilər və səmimi müsəlmanlar narahat olmamalıdırlar. Məbəd dağı Allahın izni ilə yaxın bir zamanda Kral Moşiyahın müsəlmanlar və musəvilərlə birlikdə Müqəddəs Sandığı açacağı məkandır. O zaman indi etiraz edənlər o bölgənin həm musəvilər, həm də müsəlmanlar üçün müqəddəs məkan olduğuna açıq şəkildə şahid olacaqlar. Allahın qədərdə təyin etdiyi bir həqiqətə heç kəsin mane olmağa gücü yoxdur.
Adnan Oktarın «Arutz Sheva»da dərc edilən məqaləsi:
http://www.israelnationalnews.com/Articles/Article.aspx/19692