İnkişaf edən iqtisadiyyatı olan, demokratik hüquq sisteminə sahib, insanların daxili qarşıdurma və ya müharibə təhlükəsi olmadan yaşadığı bir Afrika ölkəsi bilən varmı?

Afrika ilə bağlı xəbərlər adətən, ya müharibə ya da aclıqla bağlıdır. Afrikadakı qıtlıq, aclıq, yoxsulluq, daxili qarşıdurma və müharibələrin ardı-arası kəsilmir. Bu görəsən Afrikanın dəyişməz gerçəyidir?

90 ilə yaxındır ki, həll edilməyən Sudan-Cənubi Sudan problemi də Afrikanın problemlərindəndir. 2011-ci ildə referendumdan sonra Cənubi Sudanın müstəqilliyini elan etməsi ilə yenidən vətəndaş müharibəsinə çevrilən məsələ yerli xalqın mədəni və dini zəmində müharibəsi kimi görünsə də, tamamilə müstəmləkə ölkələrin iqtisadi mübarizəsidir…

Əsas məsələ Sudan və Cənubi Sudan arasında qalan zəngin neft yataqlarının olduğu Muglad hövzəsi və Abyei bölgəsinin ələ keçirilmə mübarizəsidir. Cənubi Sudanın ən böyük gəliri neftdir və gəlirinin 97%-ni buradan təmin edildiyini düşünsək, Cənubi Sudan üçün neftin nə qədər önəmli olduğu aydın olar. Cənubi Sudanda 3,5 milyard barrel neft ehtiyatı və 3 trilyon kub fut həcmində təbii qaz ehtiyatı olduğu təxmin edilir. Ancaq Cənubi Sudanın çıxartdığı nefti sata bilməsi üçün Sudandan keçən boru xəttinə ehtiyacı var. Bu bir-birinə bağlı sistem də qarşıdurmanın fitilini alovlandırır. Sudana qonşu ölkələrin bu bölgədən çıxan neftin daşınması və beynəlxalq bazara göndərilməsindən pay almaq istəməsi istər Sudan, istər Cənubi Sudan üzərindəki təzyiqi artırır.

Çin Sudanın istehsal etdiyi neftin ən böyük alıcısıdır. Ölkədəki neftin demək olar ki, hamısı çinli və malaziyalı firmalar tərəfindən çıxarılır. Bu səbəbdən Çin bölgədəki hər hadisənin içində olmaq istəyir. Çin buradakı nəzarətin, xüsusilə, ABŞ-ın əlinə keçməsini istəmir. ABŞ və Çinin qarşılıqlı müstəmləkəçilik ittihamları ilə böyüyən proses Fransanın da kökədən pay almaq cəhdləri ilə daha da içindən çıxılmaz hala gəlir.

Çinin enerji və qidaya çox ehtiyacı var. Bu ehtiyacını qarşılamaq üçün Afrikanın neftinə və əkinçilik məhsullarına ehtiyac duyur. Varlığını davam etdirə bilmək üçün Afrikaya ehtiyacı olan Çinin bu məsələdə etməyəcəyi şey yoxdur.

Bir Afrika ənənəsi olaraq iqtidardakı insanların müstəmləkə ölkələrin «adamı» olması həqiqəti də digər həlledilməz məsələdir. Bu insanlar xalqlarının mənfəəti əvəzinə, öz şəxsi mənfəətlərini əsas alaraq pul üçün az qala hər şeyi edəcək vəziyyətdədirlər. İqtidarlarını qorumaq üçün müstəmləkə dövlətlərdən aldıqları silahlara milyardlarla pul xərcləyən bu liderlər ölkələrinin zənginliklərini xalqlarına yox, müharibəyə xərcləyirlər.

Afrikanın çevrilişlərlə iqtidara gələn liderləri onları devirə biləcək yeni biri çıxana qədər kreslolarından əl çəkmirlər. Demokratiyadan bəhs edilməyən bu ölkələrdə iqtidarların yalnız məhdud çevrəyə fayda verdiyi rəhbərliklər xalqı hər gün daha da əzir. Süni səbəblərlə meydana gətirilən daxili qarşıdurmalar, iqtidarlarını itirmək istəməyən əsgər mənşəli diktatorlar və ya onların arxasında duran qərb müstəmləkə gücləri tərəfindən çıxarılır.

Sudan və Cənubi Sudan arasındakı vətəndaş müharibəsinin acısını hər zaman olduğu kimi, məzlum xalq həyatı ilə aclıqla mübarizə apararaq çəkir. Vətəndaş müharibəsində minlərlə insanın öldüyü bilinir, ancaq dəqiq rəqəm verilmir. Ölkədə 1,5 milyon insanın evlərindən uzaqda yaşadığı, 2,5 milyon insanın da aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğu məlumdur.[1]

BMT-nin təsirsiz siyasəti dünyadakı heç bir problemi həll edə bilmədiyi kimi, Sudan-Cənubi Sudan arasındakı qarşıdurmaları da həll edə bilmir. Bu gün Cənubi Sudanda 8500-ə qədər BMT Sülhməramlıları mövcuddur. Ancaq qarşıdurmalar və qarşılıqlı hücumlar hələ də davam edir.

Sülhün təsis edilməsi nöqtəsində ən ciddi səyi sərf edən isə Afrika İttifaqıdır. Çəkişən tərəflərin Afrika İttifaqının mərkəzi olan Efiopiyanın paytaxtı Addis Ababada danışıqlara başlamaları vacib addım kimi dəyərləndirilir. Ancaq qalıcı sülhə yaxın gələcəkdə heç kimin ümidi yoxdur.

Sudanda baş verənlər Afrikanın kiçik xülasəsi olaraq Afrikanı tanımaq üçün əhəmiyyətli nümunədir. Statistikalara baxdıqda bu vəziyyət daha da aydın olur. Statistikalar Afrika baxımından heç də iç açıcı deyil.

Bu gün dünyada 925 milyon aclıq çəkən insan var. Yəni 6.8 milyardlıq dünya əhalisinin 13.6%-i acdır. Afrikanın səhra altı bölgələrində 239, Şimali Afrikada 37 milyon ac insan var. Bu dünyadakı aclığın 35%-inə bərabərdir. Belə ki, bu gün Səhra altı Afrika ölkələrinin 50.9%-nin günlük gəliri 1.25 dollardır.

Dünyada aclıqdan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Hər il dünyada 5 milyon uşaq aclıq və yetərsiz qidalanmaya görə həyatını itirir. Bu ölümlərin 26%-i Afrika ölkələrində baş verir.

İstər Sudan nümunəsində, istər Afrikanın daxili qarşıdurma və aclıqla mübarizə aparan digər ölkələrində olsun beynəlxalq cəmiyyət daha həssas olmalıdır. Beynəlxalq münasibətlərdə problemləri  həll etmək üçün mənfəətə əsaslanan siyasətlər əvəzinə, qarşılıqlı razılaşmaya əsaslanan paylaşdırıcı həll yolları irəli sürülməlidir.

[1] http://www.bbc.co.uk/turkce/haberler/2015/03/150301_guney_sudan_cocuk_asker

Adnan Oktarın «Diplomacy Pakistan News» da nəşr olunan məqaləsi:

http://www.diplomacypakistan.com/africa/sudans-civil-war-colonialists-battle-for-power/