Bütün canlılar Rəbbimizin ilhamı ilə hərəkət edir. Hamısı Allahın əmrinə tam itaət və təslimiyyətlə tabe olur. Bir çox canlıların çox kiçik olmasına baxmayaraq, həddindən artıq fəal olmasının səbəbi də budur.
Dünyanın ən çalışqan canlılarına bir neçə nümunə:
Bənd qurmaq üçün böyük ağacları kəsən qunduzlar
Ən çalışqan canlılardan biri qunduzlardır. Demək olar ki, addım-addım hərəkət edərək çətin işlərin öhtəsindən gələn qunduzlar yaşadıqları mühiti dəyişdirməkdə digər heyvanlardan daha bacarıqlıdırlar. Çox ağır, hündür ağacları belə iti dişləri ilə kəsir və bunlardan sürətlə axan suyun qarşısını kəsmək üçün bənd qurmaqda istifadə edirlər. Bir qunduz ildə 200-ə qədər ağac kəsə bilir. Üstəlik, hamısını dişləri ilə edir. Müəyyən müddət ərzində dişləri aşınır, bəzən də qırılır. Ancaq bu, qunduzlara maneə törətmir, çünki çox qısa müddətdə ön kəsici dişləri uzanır. Lakin qunduzların təkcə ön dişləri uzanır. Əgər arxa dişləri də uzansa idi, ağız quruluşları pozulardı və dişlərindən istifadə edə bilməzdilər.
Qunduzların bənd inşa etməkdəki şövqü, əlbəttə ki, Rəbbimizin bu canlılara ilhamıdır. İndiyə qədər yaşamış bütün qunduzlara və digər heyvanlara davranışlarını ilham edən Rəbbimiz sonsuz ağıl sahibidir. Bütün canlıları yaradan Allah hər şeyə qadirdir. Quran ayələrinin birində Rəbbimizin yaratma elmi belə xəbər verilmişdir:
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)
Nəslini davam etdirmək üçün çoxlu bala dünyaya gətirən dovşan
Qida zəncirinin sərhədində olan bir canlı üçün nəslini sürətlə artırmaq həyati əhəmiyyət daşıyır. Dovşanlar balalarını dünyaya gətirmək üçün sürətlə hərəkət edirlər. Bir dişi dovşan ildə bir dəfəyə 4-6 bala dünyaya gətirir. Bu rəqəm olduqca yüksəkdir. Hətta bəzi yerlərdə dovşanların bu xüsusiyyəti ziyana səbəb olur. Məsələn, Avstraliyada yırtıcı heyvanlar olmadığı üçün dovşanlar təbii mühitdə sürətlə çoxalaraq 100 ildən az müddətə 600 milyona çatmışdır.
Allah “Həyat verən”dir. Yer üzündəki bütün canlıları yaradan və onlardan da yenilərini yaradan Odur. Bütün canlılar Onun rəhməti sayəsində yaşayırlar. Hər bir canlı kimi, insan da həyatını yalnız ata-anasına yox, valideynlərini və onu yaradan uca Allaha borcludur. Allah Quranda belə buyurmuşdur:
" Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanacaqsınız." (Muminun surəsi, 79)
Ov zamanı aktiv rol oynayan dişi aslanlar
Arı koloniyalarında olduğu kimi, aslanlar aləmində də ən ağır işlər dişilərin öhdəsinə düşür. Ov etmək və gənc aslanları yetişdirmək kimi işləri əksər vaxtlarda dişilər yerinə yetirirlər. Dişi aslanlar iri otyeyən canlıları, hətta fil, zürafə kimi özlərindən dəfələrlə böyük heyvanları da təkbaşına ovlaya bilirlər.
Erkək aslanlar isə günün böyük qismini dincələrək və dişi aslanların gətirdiyi ov ilə qidalanaraq keçirirlər. Sadəcə balalarını kaftarlardan və onlara hücum edən digər erkək aslanlardan qoruyurlar.
Bal hazırlamaq üçün böyük səylə çalışan arılar
Arıların nektar toplamaq üçün şövq və həyəcanla çiçəkdən-çiçəyə uçuşunu izləyən hər kəs bu canlıların nə qədər işgüzar olduğunu bilir. Çiçək nektarlarının əksəriyyəti maye halında olduğundan arılar çox yaxşı işləmək məcburiyyətindədirlər. Məsələn, yarım kiloqram xam nektar toplamaq üçün 900 arı 1 gün ərzində işləməlidir. Topladıqları nektarın isə yalnız bir hissəsi bala çevrilir. Çünki çiçək nektarından əldə edilən balın miqdarı nektardakı şəkərin qatılığından asılıdır. Məsələn, alma çiçəyində şəkərin miqdarı az olur. Buna görə də bu ağacdan əldə edilən nektarın çox az bir qismi bala çevrilə bilir. 450 qram saf bal əldə etmək üçün təqribən 17 000 bal arısı 10 milyon çiçəyi gəzməlidir. 1 arı qida axtarmaq üçün təqribən 500 çiçək gəzməli olur və bu, 25 dəqiqə vaxt alır. Belə ki, 450 qram saf bal əldə etmək üçün arılar 7000 iş saatı işləməlidirlər. Çox böyük zəhmət tələb etməsinə baxmayaraq, bu canlılar öz ehtiyaclarından qat-qat artıq bal istehsal edirlər. Şübhəsiz ki, bu, Allahın insanlara verdiyi sonsuz nemətlərdən biridir. Quran ayələrində belə buyurulur:
“Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get!” (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 68-69)
Arı pətəyində bu qədər səylə çalışan təkcə işçi arılar deyil. Məsələn, ana arı bir günə 1500-ə qədər yumurta qoyur.
Böyük qüvvə və enerji sərf edən qarışqalar
Dünyada hər biri fərqli şəkildə qidalanan minlərlə qarışqa növü var. Ətyeyən qarışqa növləri həşəratlarla və tutduqları heyvanlarla qidalanırlar. Digər növlər bitki kökləri toplayaraq yeraltı anbarlarına yığırlar. Hətta bəziləri topladıqları yarpaqlardan istifadə edərək göbələk istehsal edirlər. Növündən asılı olmayaraq, bütün qarışqalar çox güclü olurlar, öz çəkilərindən 10-50 dəfə ağır yük qaldıra bilirlər. Bu qüvvəni qida toplamaqda və koloniyalarını düşmənlərindən qorumaqda istifadə edirlər.
Yer üzündəki bütün canlılar kimi, qarışqalar da davranışları və işgüzarlıqları ilə birlikdə sonsuz elm və ağıl sahibi olan Allah tərəfindən yaradılmışdır. Bu həqiqət Quranda belə bildirilmişdir:
“... Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir.” (Maidə surəsi, 17)
Dənizləri və çayları üzüb keçən qızılbalıq
Duzlu okeanlarda yaşayan qızılbalıqlar axar sularda yumurtadan çıxırlar. Payız aylarında güclü axıntıya qarşı üzməyə başlayan yetkin qızılbalıq doğulduğu axar sulara geri qayıdır, qida axtaran ayılardan gizlənir, şəlalələrdən tullanır. Lakin bu, Sakit okean qızılbalığı üçün təkyönlü səfərdir. Çünki balıq axıntıya qarşı üzərkən o qədər enerji sərf edir ki, yumurtladıqdan sonra bədəni tab gətirmir və ölür.
Təkamülçülərə görə, qızılbalıq təkcə özünə xidmət edən həyat tərzi sürməli, məsələn, yaşadığı ərazilərdə zəngin qida mənbəyi tapmalı və müəyyən bir yerdə çoxalıb yaşamalıdır. Lakin qızılbalıqlar yumurtlamaq üçün öz həyatlarını təhlükəyə atır, böyük enerji sərf edirlər. Əlbəttə ki, bu davranışın bir səbəbi var. Bu canlılar bir çoxlarının qulaqardına vurduğu, bəzilərinin görmək istəmədiyi, bəzilərinin isə gördüyü zaman böyük həyəcan duyduğu bir həqiqəti insanlara xatırlatmaq üçün yaradılıblar. Bu, Allahın sonsuz ağlı və elmi ilə hər yeri əhatə etdiyi, bütün gücün Allaha aid olduğu və dilədiyi an dilədiyi yerdə böyük möcüzə və mükəmməlliklər meydana gətirdiyi həqiqətidir.
Torpağın məhsuldarlığını artıran kiçik əkinçi – torpaq soxulcanı
Bizim üçün çox kiçik və əhəmiyyətsiz kimi görünən soxulcanlar “yeri hərəkət etdirirlər”. Ayaqları olmayan bu onurğasız canlılar torpağın altında tunellər qazır, mineral maddələri yeyir, bitki və heyvan qalıqlarını yerin altına çəkirlər. Nəticədə isə torpağı zənginləşdirən qalıqları səthə çıxarırlar. Bir qrup torpaq soxulcanı ildə hər hektara 20-40 ton torpaq becərir. Torpağın 70 sm dərinliyinə enərək dairəvi və ya ellips formalı cığırlar açan soxulcanlar bir hektar sahədə 25 tonluq torpaq kütləsini səthə çıxarırlar. Nəticədə, torpaq 5 sm qabarır. Bir neçə qram çəkisi olan bu canlılar özlərindən 50-60 dəfə ağır kütləni hərəkətə gətirə bilirlər. Bu, 100 kq çəkili idmançının 5 tonluq əşyanı hərəkət etdirməsi deməkdir.
Bütün bunlar əsla təsadüflərlə açıqlana bilməz, əksinə bu kiçik canlıların xüsusiyyətləri onların sonsuz ağıl sahibi tərəfindən yaradıldığını gözlər önünə sərir. Rəhman olan Allah bu canlıları möhtəşəm orqan və xüsusiyyətlərlə yaratmışdır. Rəbbimiz qüsursuz yaradandır. Ayələrdə belə buyurulur:
“Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir.” (Yusif surəsi, 105-106)
Uzaq məsafələrə uçan dəniz qaranquşları (Qütb susüpürəni)
Köç çox böyük enerji tələb edən səfərdir. Köçəri quşlar içində qütb susüpürəninin köçü olduqca çətin olur. Bu quşlar 90 gün ərzində Antarktidaya qədər 33 min kilometr uçmalıdırlar. Qütb susüpürəni dəniz üzərindən uçur və yalnız cütləşmə dövründə qısa müddətə sahilə enir. Bu quşların 30 il ömrü olduğunu nəzərə alsaq, bir dəniz qaranquşu həyatı boyu 1 milyard kilometrdən çox yol qət edir. Bu sürətli və uzun məsafəli səfərlərin quşları yorduğu düşünülə bilər, lakin belə deyil. Əlbəttə ki, uzun müddət uçan quşlarda yorğunluq əlamətləri müşahidə edilə bilər. Ancaq əks istiqamətində əsən küləklərlə rastlaşmadıqca heç bir ciddi problem olmur. Allah bu quşlara köç etməyi və köç müddətində enerjilərini doğru şəkildə istifadə etməyi ilham etmişdir. O, bütün canlıları qoruyandır:
“De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.” (Mülk surəsi, 29)
Sürətli qanad çalması ilə məşhur olan kolibri
Bütün quşlar kimi, kolibrilərin də əsas uçuş mexanizmi qanadlarından və müvafiq bədən quruluşundan ibarətdir. Lakin bu kiçik canlılar digər quşlardan daha sürətli və aktivdirlər. Yaqut rəngində boyunları və qırmızımtıl-qəhvəyi rəngləri ilə göz oxşayan kolibrilər saniyədə 40-50 dəfə, bəzi növləri isə daha çox qanad çalırlar. Ametist (bənövşəyi rəngli) kolibri növü saniyədə 80 dəfə qanad çalır. Kolibrilərin ürəyi də sürətli döyünür. Mavi boyunlu kolibrinin ürək döyüntüləri dəqiqədə 1260-a çatır.
Kolibri aktiv həyat tərzinə uyğun, qüsursuz sistemlə yaradılmışdır. Bu sistem Allahın möhtəşəm yaratma sənətinin dəlillərindəndir. Bütün canlılara ruzi verən uca Allah kolibrilərə də gərgin həyat tərzlərinə uyğun qidalanma üsulu ilham etmişdir. Quş ehtiyac duyduğu enerjini çiçək nektarlarından əldə edir. Allah kolibrilərdə çiçəyin içindən nektarı götürmək üçün uzun, iynə kimi dimdik yaratmışdır. Çiçəyin tacı uzun olduqda quş nektarı əldə etmək üçün tacı deşir.
Kolibrilərin dili də qidalanması üçün ən uyğun şəkildə yaradılmışdır. Nektarı götürmək üçün dil kənarlarından qıvrılaraq iki çuxur əmələ gətirir. Bu zaman quşun dili arxası üstə dayanmış 3 rəqəmini xatırladır. Beləliklə, quş sürətlə, saniyədə 13 dəfə nektar əldə edir və qısa müddətdə bədənini ehtiyac duyduğu enerji ilə təmin edir.
Sadaladığımız bütün bu heyrətamiz sistemlər yalnız sonsuz mərhəmət sahibi olan Allahın diləməsi və yaratdıqlarını qoruması ilə mövcud olur. Rəbbimizin quşlarda təzahür edən yaratma sənəti Quranda belə bildirilmişdir:
" Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir." (Mülk surəsi, 19)
2013-07-04 20:23:57