Pişikləri ölümcül yıxılmadan qoruyan yaradılış xüsusiyyətləri nələrdir?
Bitkilər özlərini qorumaq üçün hansı metodlardan istifadə edirlər?
Qarışqalar yuvalarına gələn yad qarışqaları necə uzaqlaşdırırlar?
Pişikləri ölümcül yıxılmadan qoruyan yaradılış xüsusiyyətləri
Uca Allahın pişiklərdə yaratdığı nəzərəçarpan xüsusiyyətlərdən biri çox yüksəkdən yıxılsalar belə, bir neçə yüngül yara ilə həyatda qalmalarıdır. Pişiklərin ölümdən xilas olaraq həyatda qalmalarının sirri Rəbbimizin bu canlılarda yaratdığı bioloji xüsusiyyətlərdə gizlidir.
Pişiklərin bədəni çəkilərinə nisbətdə daha çox sahə tutur
Pişiklərin bu qüsursuz yaradılış xüsusiyyəti yerə çırpıldıqda məruz qaldıqları zərbəni azaldır. Digər tərəfdən pişiklərin düşmə sürəti insan, yaxud at kimi daha böyük canlıların düşmə sürətinə nisbətən çox azdır. Aparılan tədqiqatlara əsasən, havada qol və ya ayaqlarını açaraq müvazinəti saxlamağa çalışan pişiyin düşmə sürəti 96 km/saat-dır. Böyük insan üçün eyni sürət isə pişiyə nisbətən 2 dəfə çox, yəni 192 km/saat-dır.
Allah pişiklərə istiqaməti təyin etməyi ilham edir
Pişiklər bu yaradılış xüsusiyyətləri sayəsində havada bədənlərini gərməklə yanaşı, lazım olan vaxtda 4 ayaq üstünə düşmək üçün bədənlərini çevirə bilirlər. Bu akrobatik bədən hərəkətləri zamanı bədənlərinin çevrilməsində və ayaqlarının lazım olan mövqeni tutmasında quyruqları əhəmiyyətli rol oynayır.
Pişiklərin havada işə düşən refleksləri həyatda qalmalarını təmin edir.
Pişiklər yerə düşərkən meydana gələn zərbə onların bütün orqanizmində əks olunmur. Çünki bu zərbə düşərkən ayaqlarının ən doğru şəkildə yerə dəyməsi ilə təsirini itirir. Rəbbimiz pişiklərdə kinetik enerjini yaxşı paylayan əzələ sistemi yaratmışdır. Buna görə də sümüklər zərbənin şiddətindən qırılmırlar. Allah pişiklərin ayaqlarının quruluşunu da insanlardan fərqli yaratmışdır. İnsanların bədənlərindən birbaşa uzanan ayaqlarının əvəzinə pişiklərin ayaqları müəyyən bucaq altında bədənə birləşir. Bu xüsusiyyət sayəsində pişiklərin ayaqları çırpılma anında zərbəni paylayır və ölüm riskini azaldır. Pişiklər yer, göy və bu ikisi arasındakı hər şeyin Yaradanı və Hakimi olan uca Rəbbimizin "qüsursuz Yaradan" isminin ən mükəmməl təzahürlərindən biridir. Bir ayədə Rəbbimizin bu ismi belə bildirilir:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Qarışqalar yuvalarına gələn yad qarışqaların qoxusunu unutmurlar
Tədqiqatçılar yuvalarını ağaclarda quran tropik toxucu qarışqalar (Oecophylla smaragdina) üzərində araşdırma aparıblar. Təxminən 500 min işçi qarışqanın yaşadığı yuvada aparılan araşdırmalarda tədqiqatçılar qarışqaların öz koloniyalarına məxsus qarışqaları digər qarışqalardan ayırd edə bildiklərini və yad qarışqaları yuvadan kənarlaşdırmaq üçün hücuma keçdiklərini aşkar ediblər.
Qarışqalar öz koloniyalarına xas kimyəvi yollarla koloniya üzvlərini digərlərindən ayırd edə bilirlər, belə ki başqa koloniyadan olan qarışqa ilə qarşılaşdıqda qarışqa onun qoxusunu dərhal tanıyır və hafizəsində saxlayır. Bu qoxunu koloniyanın digər üzvlərinə də ötürür və beləcə koloniyadakı digər qarışqalar da yuvaya girməyə çalışan yad qarışqaları tanıyırlar. Beləcə qarışqalar arasında "ortaq yaddaş" formalaşır.
Qarışqaların ilk yarandıqları andan etibarən bu qüsursuz davranışı sərgiləməsi barəsində düşünmək lazımdır. Bu cür plan üçün lazım olan iş bölgüsünü yalnız özü üçün yaşayan canlının qurması qeyri-mümkündür. Bütün canlıların Yaradıcısı, sonsuz ağıl sahibi olan Allah qarışqaların bu sistemli dünyasında Öz sonsuz qüdrətini göstərir. Ayələrdə belə buyurulur:
Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)
Şar kimi şişərək özlərini müdafiə edən kirpi balıqları
Yumru görünüşə malik olan kirpi balığı çox yavaş hərəkət edir. Dərisi tikanlarla örtülü olur. Kirpi balığı olduqca maraqlı müdafiə metodu ilə düşmənlərindən asanlıqla xilas olur. Düşmənlə qarşılaşdıqda çox sürətlə qarnını su ilə dolduraraq şar kimi şişir. Beləliklə, normal ölçüsündən iki dəfə böyük olur və düşmənləri onu uda bilmir.
Kirpi balığının bəzi növləri isə zəhərli olur. "Tetrodoksin" adlandırılan bu zəhər kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal edilir. Kirpi balığının bu xüsusiyyəti uca Rəbbimizin yaratma sənətindəki sonsuz elminin dəlillərindən biridir.
Bitkilərdəki müdafiə strategiyaları
Bitkilər də özlərini düşmənlərindən qorumaq məcburiyyətindədirlər. Hər bitkinin fərqli müdafiə strategiyası var. Məsələn, bəzi bitkilər parazit və həşəratlara qarşı müxtəlif mayelər ifraz edərək düşmənləri ilə mübarizə aparır və özlərini qoruyur.
Bəzi bitkilər müdafiə taktikası olaraq zəhərli maddələr ifraz edir
Göbələk və xiyarların zəhərli ucları var və bunları hücum anında hərəkətə keçirirlər. Bu müdafiə taktikasının digər bir nümunəsi də çinar ağaclarında mövcuddur. Çinar ağacı yarpaqlarından ifraz etdiyi xüsusi suyun köməyi ilə gövdəsinin altındakı torpağı zəhərləyir, bundan sonra torpağın üstündə kiçik ot belə yetişə bilmir. Tərkibində bu cür zəhərli bir maddə olmasına baxmayaraq, çinar ağacı bundan hər hansı bir zərər görmür.
Bitkilərin müdafiə etmə taktikaları çox inkişaf edib
Qarğıdalı və paxla bitkiləri isə düşmənlərindən qorunmaq üçün eşşək arılarından əsgər kimi istifadə edir. Yarpaqlarına tırtıl dadandıqda xüsusi kimyəvi maye ifraz edən bu bitkilər eşşək arılarını olduqları yerə toplayırlar. Eşşək arıları da sürfələrini bitkiyə hücum etmiş tırtılların üstünə qoyurlar. Böyüyən sürfələr tırtılların ölümünə səbəb olur, beləliklə, bitki xilas olur. Bitkilərin bəzilərində isə xüsusi kimyəvi birləşmələr var ki, bu, həşərat və heyvanlar üçün bəzən cəlbedici, bəzən qorxunc, bəzən allergiya verən, bəzən də öldürücü təsir göstərir.
Orta və Cənubi Amerikada yetişən üzüm bitkisi qara və yaşıl tırtıllar, qırmızı kəpənəklər üçün ideal və cəzbedici qidadır. Belə ki, həşəratlar yumurtalarını balalarının bu ləzzətli qida ilə bəslənmələri üçün bitkinin yarpaqları üzərinə buraxırlar. Ancaq burada çox vacib bir məqam var. Bu kəpənəklər yumurtalarını qoymazdan əvvəl üzümün yarpaqlarını yaxşıca yoxlayırlar. Əgər başqa bir heyvan yumurtalarını yerləşdiribsə, eyni bitkinin yarpaqlarından birdən çox ailənin fərdlərinin bəslənməsi çətin olacağı üçün oranı seçmir və başqa yarpaq axtarırlar.
Həşəratların bu seçimi bitki üçün olduqca əlverişlidir, çünki üzüm bitkisi hücumdan qorunmaq üçün bundan faydalanır. Üzüm bitkisinin bəzi sortlarının yarpaqlarının üstündə yaşıl fırlar əmələ gəlir. Bəzi sortlarında isə yarpağın altında budaq ilə birləşmə yerində kəpənəklərin yumurtalarına oxşar rəngdə ləkələr meydana gəlir. Bunu görən tırtıl və kəpənəklər başqa həşəratların özlərindən əvvəl bu yarpaqların üzərinə yumurta qoyduqlarını zənn edərək bitkinin üzərinə yumurta qoymaqdan imtina edir və özlərinə yeni yarpaqlar axtarmağa başlayırlar.
Hər şeyi ən incə detalları ilə yaradan Allah yer üzərindəki bitkiləri bütün ehtiyacları ilə birlikdə yaratmışdır. Bitkilərin burada bir neçə nümunə ilə bəhs etdiyimiz müdafiə sistemləri Allahın bu canlılara bəxş etdiyi xüsusiyyətlərdir. Allah hər şeyin Hakimidir. Hər şeydən xəbərdardır. Rəbbimiz bir ayədə bu gerçəyi belə bidirir:
O, göydən yerə qədər olan bütün işləri idarə edir… (Səcdə surəsi, 5)
Rəbbimizin yaratmasında heç bir ziddiyyət və uyğunsuzluq yoxdur
Hər canlı özünü müdafiə etmək üçün müxtəlif xüsusiyyətləri ilə birlikdə yaradılmışdır. Bəziləri sürətli və çevikdir, qaçaraq xilas olur. Bir qismi yerindən tərpənə bilmir, amma möhkəm zirehlərlə qorunur. Bəziləri isə zəhərli, yandırıcı və ya pis qoxulu qazlar püskürdür. Bəzi canlılar isə ölü təqlidi və ya kamuflyaj kimi xüsusiyyətlərlə yaradılmışdır. Amma unutmayaq ki, bu sayılanlar minlərlə xüsusiyyətdən sadəcə bir neçəsidir və hələ insanların kəşf edə bilmədiyi minlərlə maraqlı nümunələr də var. Bütün bu sistemlər Allahın yaratdığı kainatda heç bir ziddiyyət və uyğunsuzluq olmadığını və Onun sonsuz güc, ağıl və elm Sahibi olduğunu göstərir. Allah bu həqiqəti Quranda belə xəbər verir:
... Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)
Canlıların müdafiə metodlarını onlara öyrədən, ağıllı davranmalarını, şüurlu hərəkət etmələrini ilham edən Allahdır. Allah ağılın tək sahibidir. Canlılara necə hərəkət etməli olduqlarını ilham edən də Allahdır. Heç bir canlının davranışlarını təsadüflərlə və ya digər qəribə məfhumlarla açıqlamaq ağıla, məntiqə uyğun deyil. Bu cür bir iddia etmək sadəcə insanları aldatmaqdır. Allah bunu bir ayədə bizə belə bildirir:
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)