Peyğəmbərimizin (səv) incə düşüncəli və nəzakətli olması
ucgen

Peyğəmbərimizin (səv) incə düşüncəli və nəzakətli olması

1313

Peyğəmbərimizin (səv) dövründə ətrafında olan insanların bəzilərinin ədəb və mədəniyyət səviyyələri aşağı idi. Bu şəxslərin incə düşüncəli olmadıqları, narahatlıq verə biləcək rəftarları bəzi ayələrdən aydın olur. Məsələn, evlərə ön qapılarından yox, arxa qapılarından girdikləri, Peyğəmbərimizin (səv) evinə yemək yeməyə gələndə çox danışıb Peyğəmbərimizin (səv) vaxtını aldıqları ayələrdə bildirilmişdir. Peyğəmbərimiz hz. Muhəmməd (səv) isə olduqca incə düşüncəli, nəzakətli, səbirli, bu şəxslərə şəfqətlə yanaşan, səmimi və çox mədəni bir insan idi. Ətrafındakı insanların narahatlıq verən rəftarlarını hər zaman gözəl şəkildə bildirmiş, onların könüllərini almış və böyük səbir və təmkinlə  onlara doğruları izah etmiş və bu əxlaqı da bütün möminlərə çox gözəl bir nümunə olmuşdur.

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz Peyğəmbərimizə (səv) bu mövzuda da kömək etmiş, onu ayələri ilə dəstəkləmişdir. Bu mövzudakı ayələrdən biri belədir:

 

“Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!”  (Əhzab surəsi, 53)

 

Səhabələrin bir çox rəvayətlərində də Peyğəmbərimizin (səv) nəzakətli, incə düşüncəli rəftarlarından nümunə verilir. Peyğəmbərimiz (səv) həm peyğəmbər, həm də dövlət başçısı olduğundan hər təbəqədən olan insanlarla davamlı əlaqədə olmuş, dövlət və qəbilə rəislərindən zəngin şəxslərə, kasıb, zəif, kimsəsiz yetimlərə, qadın və uşaqlara qədər hər kəslə görüşmüşdür. Bütün bu ictimai statusları, yaşayış tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən tamamilə fərqli olan insanlarla hər sahədə gözəl dialoq qurmuş, hamısının könlünü xoş tutmuş, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli və gözəl rəftar göstərmişdir.

 

Peyğəmbərimizin (səv) ətrafında olan yaxın səhabələrinin bildirdikləri hadisələrdən də aydın olduğu kimi Peyğəmbərimiz (səv) çox nəzakətli, sadə, zərif, lətif və incə düşüncəli  idi. Ədəb və tərbiyə qaydalarını həyatında ən gözəl və ən ideal şəkildə tətbiq edirdi.

 

Hz. Aişə (rə) "Rəsulullahdan daha gözəl əxlaqa sahib heç kim yoxdur. Əshabədən və ailəsindən biri onu çağıranda, 'buyurun' deyə cavab verərdi. Bu səbəbdən Allah ona "Sən yüksək bir əxlaq sahibisən” buyurmuşdur" deyərək Peyğəmbərimizdə (səv) gördüyü gözəl əxlaqı izah etmişdir.

 

Peyğəmbərimizin (səv) evində böyüyən və illərlə ona xidmət edən hz. Ənəs (rə) Peyğəmbərimizin (səv) bənzərsiz incəliyini belə izah etmişdir:

 

"Ondan bir şey soruşanı diqqətlə dinləyər, sualı soruşan yanından ayrılmadıqca, onu tərk etməzdi. Rəsulullah ilə bir kimsə qucaqlaşsa və ya bir kimsə qucaqlaşmaq üçün əlini uzatsa, qarşısındakı adam əlini çəkmədən Rəsulullah əlini çəkməzdi. Biri ilə üz-üzə gəlincə də qarşısındakı üzünü çevirib ayrılmadıqca Rəsulullah o şəxsdən üzünü çevirməzdi. Önündə oturan şəxsə tərəf heç bir zaman ayaqlarını uzatmırdı. Qarşılaşdığı kimsəyə əvvəl özü salam verərdi. Səhabələri ilə əl verib görüşməyə əvvəl özü başlayardı "

 

"Səhabələrinə gözəl ləqəblər verərdi. Hz. Əliyə “Əbu Turab”, başqa bir səhabəsinə “Əbu Hüreyrə” kimi ləqəbləri vermişdi. Onları şərəfləndirmək üçün xoşlarına gələn adlarla çağırardı"

 

"Heç kimin sözünü kəsməzdi. Danışığını yarımçıq kəsməzdi. Danışdığı adam sözünü bitirmədən  getmək üçün ayağa qalxmadan söhbətinə davam edərdi.”

 

"Rəsulu Əkrəmə on il xidmət etdim . Vallah mənə “Uf” belə demədi. Onun gecikdirdiyim və ya etmədiyim bir əmrindən ötəri məni danlamadığı kimi, ailəsindən danlayan olsa, onlara da  “Ona toxunmayın. Bu işi etmək lazım olsaydı, edərdi” deyərdi.

 

"Bir gün bir iş üçün bir yerə getməyimi əmr etdi. Yanından  çıxdıqdan sonra küçədə bir neçə uşağın oynadığını gördüm və onları seyr etməyə başladım. Bu zaman arxadan biri iki əli ilə başımı tutdu. Çevriləndə baxdım ki, odur. Gülərək mənə:" Ənəsim, sənə söylədiyim yerə getdinmi ? ”  dedi.”

 

“Xeyr, hələ getmədim, gedəcəyəm”  dedim.

 

Mən ona illərlə xidmət etdim. Vallah bir dəfə olsun etdiyim bir iş üçün “nə üçün etdin? ”,  etmədiyim bir iş üçün “nə üçün etmədin? ” dediyini xatırlamıram.

 

Peyğəmbərimiz (səv) həyatı boyunca minlərlə insanı öyrətmiş, dini, gözəl əxlaqı bilməyən insanların gözəl rəftarlı, incə düşüncəli, fədakar, üstün əxlaqlı insanlar olmalarına səbəb olmuşdur. Özündən sonra da sözləri, davranışı və əxlaqı ilə milyonlarla insanın təhsilinə vəsilə olan Peyğəmbərimiz (səv) çox xeyirli bir yol göstərici və təlimatçı olmuşdur.

De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən”  (Ali İmran Surəsi, 26)

 

Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir”  (Bəqərə surəsi, 201-202)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr