İnfaq etmək, bir insanın malını və canını Allahın yolunda, Allahın razı olacağı şəkildə xərcləməsidir. Ətrafındakılar infaq ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-ə bəzi suallar vermiş və o da, onlara infaqın necə olacağını açıqlamış, onları infaq etmək üçün həvəsləndirmişdir. Quranda Peyğəmbərimiz (s.ə.v)-ə infaq mövzusunda bildirilən ayələr belədir:

“Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”  (Bəqərə surəsi, 215)

 

“… Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz …”  (Bəqərə surəsi, 219)

 

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)

 

“Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah (hər şeyi) Əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 261)

Peyğəmbərimiz (s.ə.v)-in Müsəlmanları xəsislikdən çəkindirən, onlara comərdliklə sərf etmələrini xatırladan sözlərindən bəziləri belədir:

"Zülmdən qaçın. Çünki, zülm qiyamət günü qaranlıqlar içində olacaq. Xəsislikdən də qaçının, çünki, xəsislik sizdən əvvəlkiləri həlak etmiş, onları bir-birlərinin qanlarını tökməyə, haramlarını halal etməyə sövq etmişdir."

"Kasıbları sevin və onlara yaxın olun. Siz onları sevsəniz, Allah da sizi sevər. Siz onlara yaxın olsanız, Allah da sizə yaxın olar. Siz onları geydirsəniz, Allah da sizi geyindirər. Siz onları yedizdirsəniz, Allah da sizi yedizdirər. Siz comərd olun ki , Allah Təala da sizə qarşı comərd olsun. "