"O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır". (Həşr surəsi, 23)
Allah böyüklüyünü və qüdrətini Quranda verdiyi nümunələrlə izah edir. Bu nümunələrdən biri hz. Musanın Allah`ı görmək istəməsidir. Hz. Musa Allah`ı görmək istəmiş, buna görə də Ona səslənərək: "Rəbbim, mənə göstər, Sənə baxım", -demişdir. Bunun üzərinə Allah: "Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən", - deyə cavab verir. Allah dağa təcəlli edincə onu parça-parça edir və hz. Musa huşunu itirərək yerə yıxılır. Özünə gələn kimi: "Sən pak və müqəddəssən!" (Əraf surəsi, 143) -deyir.
Hz. İbrahim isə ayələrdə xəbər verildiyinə görə: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" - demişdir. Bunun üzərinə Allah: "Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, müdrikdir!" (Bəqərə surəsi, 260) - şəklində cavab verir. Beləliklə, Allah ona böyüklüyünün bir dəlilini daha göstərir.
Allah, hz. Luta da səhər vaxtı qövmündən iman etmiş kəslərlə birlikdə çıxmasını və qövmünü tərk edərkən arxasına belə baxmamasını söyləyir. Səhər vaxtında isə hz. Lutu və yaxınlarını qurtararaq inkarçı qövmü böyük bir əzabla həlak edir.
Atəşə atılan hz. İbrahimə isə atəşi sərin etmişdir. Hz. İsanın əli ilə ölüləri diriltmiş, kor olanları sağaltmışdır. Dənizi yararaq fironu və ordusunu suda boğmuşdur. Beləliklə, Allah insanlara hər hadisədə böyüklüyünü və sonsuz gücünün təcəllilərindən bəzilərini açıq-aşkar göstərir.
Allah hər an, hər yerdə və hər hadisədə böyüklüyünü və qüdrətini açıq-aşkar göstərir. Dünya həyatına və istəklərinə aldanan insanların üzərinə səhər vaxtı qasırğa göndərir. Onların yaşadıqları şəhəri alt-üst edir və yaşanılması mümkün olmayan hala salır. Mallarını, mülklərini və sahib olduqları hər şeyi əllərindən alır.
Bir şəhəri yalnız yağış yağdıraraq suların içində qoyur, bir neçə saniyə davam edən zəlzələ ilə bir şəhəri xəritədən silir. Onun əmri ilə hərəkət edən yer, göy, külək və yağış haqqında əzab hökmü yazılmış şəhəri məhv edir. O şəhərin xalqı da Allah`ın sarsılmaz gücünə məruz qaldıqları əzabla birlikdə şahid olurlar.
Şübhəsiz, Allah Mütəkəbbirdir. Onun gücü və qüdrəti qarşısında yer üzündə böyüklük edən heç kim yoxdur. O, qarşısında səcdə edilməli tək məbuddur.
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)