Möminlərin bir-birilərinə olan sevgiləri
ucgen

Möminlərin bir-birilərinə olan sevgiləri

2275

Sevgi Allah`ın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insan fitrətini sevməkdən və sevilməkdən zövq alan, dostluğu və yaxınlığı sevən şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla birlikdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən bir insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən Allah`ın bəyəndiyi və sevdiyi qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun, yaxınlığın sonsuza qədər böyük bir coşğu ilə yaşandığı möhtəşəm gözəlliyə sahib bir məkandır. Allah`ın Quranda cənnət həyatına dair verdiyi məlumatlarda şənliyin, dostluğun, sevginin, məhəbbətin, gözəl söz və rahatlığın hakim olmasından bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayəsində cənnətə daxil olan möminlərin qəlblərindən kinə aid hər bir şeyin alınacağını bildirmişdir (Əraf surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, əsəb, küsmək, incimək kimi sevgiyə və dostluğa mane olan bütün pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.

Cənnətlə müjdələnən müsəlmanların əsas xüsusiyyətlərindən biri onların dünya həyatında ikən də Allah`ın elçilərini, peyğəmbərlərini və Allah`ın razılığına uyan bütün müsəlmanları çox sevmələridir. Quranda möminlər arasındakı bu sevgi və dostluq bağı belə bildirilmişdir:

"Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allah’a boyun əyərək namaz qılır və zəkat verirlər." (Maidə surəsi, 55)

İman gətirənlər Allah`ın razılığını qazanmaq üçün səy göstərən bütün saleh möminlərə qarşı yaxınlıq hiss edir, onları özlərinin yaxın bir dostu bilirlər. Hər şəraitdə onlarla birlikdə olmaqdan zövq alırlar. Bütün müsəlmanlara böyük bir vəfa və sədaqət ilə bağlıdırlar. Bu sevgi soy, irq kimi yaxınlıqlara və ya hər hansı bir mənfəətə bağlı deyil. Pulun, mövqenin, mədəniyyətin, ya da maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allah`ın razı qaldığını düşündükləri insandan möminlər də razıdır. Allah yolunda olan saleh möminlər Allah`ın ən sevdiyi qullarındandır. Buna görə də möminlər bir-birlərini çox sevir və bir-birlərinə qəlbən bağlıdırlar. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:

"Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz." (Ali İmran surəsi, 103)
"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin." (Hucurat surəsi, 10)
"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir." (Saff surəsi, 4)

Bir başqa ayədə isə Allah möminlər arasındakı bu sevgini belə bildirir:

"Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır." (Həşr surəsi, 9)

Möminlər iman gətirən hər kəsi öz qardaşları kimi qəbul edirlər. Bir başqa möminin yaxşılığını, rahatlığını təmin etmək üçün hər cür fədakarlığı göstərirlər. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanılır. Allah bir ayədə iman gətirib saleh əməllər işləyənlərə Öz qatından bir sevgi bəxş edəcəyini belə bildirmişdir:

“İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.” (Məryəm surəsi, 96)

Peyğəmbərimiz (səv) isə sevginin əhəmiyyətini və əsl sevgini yaşayan möminlərin üstünlüklərini bir hədisində belə ifadə etmişdir:

Hz. Ömər (radiyallâhu anh) söyləyir: “Rəsulullah (əleyhissalâtu vəssəlâm) buyurdular ki: “Allah`ın qulları arasında bir qrup vardır ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Üstəlik qiyamət günü Allah mövqelərinin ucalığı səbəbilə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edirlər.” Orada olanlar soruşdu: “Ey Allah`ın Rəsulu! Onlar kimdir, bizə xəbər ver!” “Onlar aralarında nə qan bağı, nə də bir-birilərinə bağışladıqları bir mal olmadığı halda Allah`ın ruhu (Quran) adına bir-birilərini sevənlərdir. Allah`a and içirəm onların üzləri mütləq nurdur. Onlar nurla əhatələniblər. Xalq qorxarkən onlar qorxmazlar. İnsanlar kədərlənərkən onlar kədərlənməzlər.””  (1)

İman gətirənlərin bir-birlərinə olan bu sevgilərinin qaynağı isə Allah`a olan dərin sevgiləridir.  Dünya həyatındakı məqsədləri Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq olan möminlər bütün həyatlarını Allah üçün yaşayırlar. Quranın "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 162) ayəsi ilə bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allah`ın rizasını qazanmağı hədəf edirlər. Sahib olduqları hər şeyi Allah`ın razılığını qazanmağa sərf edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allah`ı bütün adları ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hiss edən bir möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə olunmayacaq qədər güclüdür. Möminlərə qarşı olan sevgiləri də sevgilərinin təməli olan Allah sevgisindən qaynaqlandığı və Allah`ın razılığını qazanmaq məqsədilə sevdikləri üçün eynilə güclü və dərindir. İman gətirənlərlə yaşadıqları dostluğun axirətdə sonsuza qədər davam edəcəyini bilmələri də bu sevgilərini güclü və daimi edən başqa bir səbəbdir.

Allah Quranda möminlərin bu sevgi həssaslığına dair hz. Yəhyanın əxlaqını nümunə vermişdir:

“Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik. Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi." (Məryəm surəsi, 12-13)

Peyğəmbərimiz (səv) möminlərin bir-birlərinə olan sevgilərinin Allah rizası üçün olduğunu belə bildirmişdir:

Hz. Əbu Zərr (radiyallâhu anh) söyləyir: “Rəsulullah (əleyhissalâtu vəssəlâm) buyurdular ki: Əməllərin ən fəzilətlisi Allah üçün sevmək, Allah üçün nifrət etməkdir“ (2)

“İman bağlarının ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənçilik, Allah üçün sevgidir” (3)

Allah`ı çox sevən, Allah`dan qorxan, Onun özündən razı qalması üçün səmimi səy göstərən möminlər dünyaya gözəllik bəxş edən xeyirli insanlardır. Bu üstün əxlaqlarından dolayı Allah`ın yaratdıqlarını da sevir, onlara qarşı şəfqətli və mərhəmətli davranaraq onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyirlər. Allah möminlərin qəlblərindəki imanlarından, Allah qorxularından qaynaqlanan bu gözəl sevgiyə və Rəbbimizə olan dərin bağlılıqlarına qarşılıq olaraq onları sevginin və sədaqətin ən gözəl məkanı olan cənnətlə mükafatlandıracağını müjdələmişdir.

İman gətirənlərin bir-birlərinə Allah`ı və möminləri sevmənin əhəmiyyətini xatırlatmaları vacib bir ibadətdir. Hər mömin cənnət sevgisini dünyada ikən yaşamalı, tək dost və himayədar olan Rəbbimizə və möminlərə sevgi  və vəfa ilə bağlanmalıdır.

Möminlərin sevgi və birliklərindən yaranan mənəvi gücləri.

Allah`a və axirətə inanmayan insanların birliklərinin təməlində əsasən dünyəvi dəyərlərə duyulan istək və dünyəvi mənfəətlərə əsaslanan qarşılıqlı öhdəliklər durur. Bu insanlar bir araya gəldikdə qarşılıqlı bir mənfəət müqaviləsi bağlayır, tərəflər qarşılıqlı olaraq bir-birlərinə dəstək olur və beləcə qarşılıqlı mənfəətlər əldə etməyə çalışırlar. Bu ittifaqa daxil olan insanlar birliklərinin qarşılıqlı bir güvən və dostluğa söykənmədiyini və nə qədər dilə gətirilməsə də bu ittifaqın bəzi şərtlərə əsaslandığını bilirlər. Tərəflərdən birinin mənfəət gətirən xüsusiyyəti bitdikdə aralarındakı ittifaq da bitir. Belə vəziyyət yarandıqda bir tərəfin çətinliyə düşməsi, ya da köməyə ehtiyac duyması digər tərəfi maraqlandırmır. Çünki qurulan bu ittifaq sadəcə bir güc birliyindən və qarşılıqlı mənfəətdən ibarət olur.

Beləliklə, mənəvi dəyərlər yox olduqda birliyin pozulması da olduqca təbii haldır. Allah`ın “Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.”(Həşr surəsi, 14) ayəsi ilə insanlara xəbər verildiyi kimi, iman gətirməyənlər nə qədər birlik və ya həmrəylik içində görünsələr də, əslində bir ola bilmirlər.

Yer üzündə insanlar arasında əsl dostluq və birliyi təmin edən tək güc “iman”dır. Hesab günüdən qorxan möminlər qurduqları dostluqlar ilə dünyada başlayıb axirətdə də sonsuza qədər davam edən möhkəm birliyin təməlini qoyurlar. Bir-birlərindən heç bir dünyəvi mənfəət gözləmədən saf niyyət ilə və sadəcə Allah'ın razılığı üçün dost olurlar. Allah sevgisi və Allah qorxusu üzərində qurulan bu birliyin pozulması Allah'ın diləməsindən başqa heç bir şəkildə mümkün deyil.

İman gətirənlər Allah rizası üçün bir-birlərini sevmələrindən yaranan güc ilə böyük bir mənəvi birlik yaradırlar. Bir ayədə “Allah'la qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allah'ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir.”(Bəqərə surəsi, 139) sözləri ilə bildirildiyi kimi, qəlblərindəki iman ilə az sayda olsalar belə, mənəvi cəhətdən böyük çətinliklərə qalib gələ bilən şövq və iradə qazanırlar. Göstərdikləri gözəl əxlaqa görə Allah`ın köməyini və dəstəyini qazanmış olurlar. Allah`ın “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.” (Ali-İmran surəsi, 139) ayəsi ilə bildirdiyi kimi, heç kimin aralarını poza bilmədiyi, qüvvələrini azalda bilmədiyi mənəvi bir güc yaradırlar.

Öz aralarında isə səmimi niyyətlə Allah`ın rizasını istədikləri üçün qarışıqlıq, anlaşılmazlıq və ya ixtilaf baş verməz. Çünki Allah`ın sözü birdir, Quran ayələri açıq aydındır. Bütün inananlar Qurana qeyd-şərtsiz tabe olduğu və hər zaman Allah`ın rizasının ən çoxunu qazanmaq niyyəti ilə hərəkət etdiyi üçün böyük bir rahatlıq və nizam meydana gəlir. Bütün işləri rahatlıqla həll olur. Öz mənfəətlərinə zidd şərait yarandıqda isə Quran əxlaqı və möminlərin mənfəətlərindən yana hərəkət etdikləri, mömin qardaşlarının istəklərini öz istəklərindən üstün tutduqları üçün güclü həmrəylik meydana gəlir.

Möminlər bir-birləri ilə sonsuz axirət yoldaşı olmağa niyyət etdikləri üçün dərin sevgi, hörmət və sədaqətlə bir-birlərinə bağlanırlar. Bu səbəbdən də əsla rəqabətə, çəkişməyə və ya ixtilafa yol verməzlər. Hansı çətinliklə və ya sıxıntı ilə qarşılaşırsa qarşılaşsınlar, Allah qorxuları və səmimi imanlarına görə qorxuya, zəifliyə və ya iradəsizliyə qapılmırlar. Birində bir qüsur varsa, digəri gözəl əxlaqı ilə ona dəstək olub yaxşılığa təşviq edir. Daima bir-birlərini yaxşılığa çağırıb, pislikdən çəkindirdikləri üçün getdikcə imanları daha da güclənir, gücləri artır. Məqsədləri, bütün səyləri və duaları eyni olan möminlərin iman və sevgilərindən qaynaqlanan bu mənəvi güclərini Bədiüzzaman Said Nursi belə ifadə etmişdir:

“... Çünki necə ki, insanın bir əli digər əlinə rəqabət etməz, bir gözü digər gözünü tənqid etməz, dili qulağına etiraz etməz, qəlb ruhun eyibini görməz. Bir-birlərinin nöqsanını tamamlayır, qüsurunu örtür, ehtiyacına yardım edir, vəzifəsinə yardım edir. Yoxsa o vücud-u insanın (insan bədəninin) həyatı sönər, ruhu qaçar, cismi də dağılar. Həm necə ki, bir fabrikin çarxları bir-birinə rəqabət etməklə məşğul olmaz, bir-birindən önə keçməyə çalışmaz, bir-birinin qüsuruna görə tənqid edib şövqünü azaldaraq cəsarətini qırmağa çalışmaz. Bütün gücləri ilə bir-birlərinin fəaliyyətlərini ümumi məqsədə yönəltməyə kömək edir, həqiqi bir həmrəylik və birlik içərisində yaradılış məqsədlərinə doğru irəliləyirlər. Onlara əgər bir zərrə hücum, zorbalıq qarışsa, o, fabrikdə qarışıqlıq yaradacaq, oranı nəticəsiz, meyvəsiz qoyacaq. O fabrikin sahibi də, fabriki bütün-bütün qırıb dağıdacaq. (12)

Bədiüzzamanın bu sözləri möminlər arasındakı sevgidən qaynaqlanan birlik və bərabərliyin aydın olması üçün olduqca əhəmiyyətli nümunədir. Onlar da imanlarından qaynaqlanan səmimi sevgiləri və ixlasları ilə eynilə fabrikin çarxlarının bir araya gələrək böyük bir güc yaratması kimi sarsılmaz bir mənəvi güc qazanırlar.

“Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah’a) boyun əyərək namaz qılır və zəkat verirlər.” (Maidə surəsi, 55)
“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.” (Saff surəsi, 4)

Peyğəmbərimizin (səv) sevgini tövsiyə etdiyi sözləri

Mikdam İbnu Mâdikərib (radiyallâhu anh) belə bildirir:

Rəsulullah (əleyhissalâtu vəssəlâm) buyurdular ki: “Biriniz qardaşının əxlaqını (Allah üçün) sevirsə, bunu ona söyləsin” (4)

Atâ əl-Xorasân söyləyir.”Rəsulullah (əleyhissalâtu vəssəlâm) buyurdular ki: “Musâfaha edin ki (əl sıxın ki) qəlblərdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə qarşı sevgi yaransın və aradakı düşmənçilik bitsin”” (5)

“Hədiyyələşin, bir-birinizi sevin, bir-birinizə ərzaq hədiyyə edin. Bu ruzinizdə genişlik hasil edər (meydana gətirər).” (6)

“Allah qatında ən seviləniniz dostluq quran və özü ilə dostluq quranlardır. Allah qatında ən çox sevilməyəniniz də dostların arasını açanlardır.” (7)

“İki qardaş (iki dost) iki əl kimidir. Biri o birini yuyur” (8)

“Bir-birinizə arxanızı çevirməyin. Bir-birinizə kin tutmayın. Bir-birinizi qısqanmayın. Bir-biriniz ilə dostluğunuzu kəsməyin. Ey Allah`ın qulları, qardaş olun.” (9)

“Sizə verdiyi nemətlərdən ötrü Allah`ı sevin, məni də Allah məni sevdiyi üçün sevin” (10)

“Allah üçün təvazökar olanı Allah ucaldar. Lovğalananı Allah alçaldar. Allah`ı çox zikir edəni Allah sevər” (11)

1 Kütüb-i Sitte, 3345
2 Kütüb-i Sitte, 10. cild, s.140; Ebû Dâvud, Sünnet 3, 4599
3 Kütüb-i Sitte, 10. cild, s.141
4 Kütüb-i Sitte, 10. cild, s. 135; Ebû Dâvud, Edeb 122, (5124); Tirmizi Zühd 54, (2393)
5 Muvatta, Hüsnü’l-Hulk 16, (2, 908)
6 Kütüb-i Sitte, cild 16, s.239
7 İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, cild. 2, s.365
8 İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, cild. 2, s.394
9 Müslim İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, cild. 2, s.407
10 Tirmizi İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, cild. 4, s.594
11 İbn Mace İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, cild. 4, s.655
12 Risale-i Nur Külliyatı, 21. Lema, s. 668-669

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr