Yaxın Şərq üçün nəzərdə tutulan konspirasiya nəzəriyyələrindən daha həqiqi, mövcudluğuna şübhə olmayan bir plan var. Bu, müsəlmanları bir-birindən ayırma və bir-birinə qırdırma planıdır. 20-ci əsrin əvvəlindən etibarən bəzi qüvvələr tərəfindən tətbiq edilən, İslam dünyasını hər gün daha da parçalayan və qan gölünə çevirən bu plan son zamanlar daha çox və daha aşkar şəkildə tətbiq edilir. İraqı bölən, Suriyanı məhv edən bu qüvvələr son illərdə ən böyük və ən sarsıdıcı zərbəni vurmaq üçün daha da aktivləşiblər. Məqsəd Körfəz ölkələrini bir-birinə düşmən etmək, bununla da müsəlmanların gücünü zəiflətməkdir.
Bəzi təhlilçilər Qətər və Körfəz ölkələri arasındakı problemin bölgə məsələlərindən irəli gəldiyini iddia edirlər. “Terrora dəstək” bəhanəsinin illərdir hədəfdəki ölkələr üçün davamlı istifadə edildiyini bilmirmiş kimi bu bəhanə üzərində dayanırlar. Bölgə səviyyəsində böhran yaratmaq planını və eləcə də bir ölkənin “terrora dəstək” ibarəsi ilə damğalanmasının oyunun bir parçası olduğunu anlamırlar. Bu iddianın sünni-şiə qarşıdurmasını alovlandırmaq üçün xüsusi olaraq hazırlandığını başa düşmürlər. Halbuki plan bölgə problemlərindən daha fərqli bir məqsədi özündə ehtiva edir. Plan belədir: “İslam aləmi birləşsə, çox böyük bir güc olacaq, o halda isə birləşmələrinə qətiyyən icazə verilməməlidir”.
İslam dünyası əvvəllər də tətbiq edilən bu mənfur tələyə hər zaman düşür. Körfəz isə İslam dünyasının “onurğası”dır, buna görə də birliyə can atmalı, güclənməli və əsla parçalanmamalıdır. Bölgədə bir plan əsasında yaradılan böhranlara ən qısa zamanda son verilməlidir. Əgər İslam aləminin güclənməsi, həqiqətən də, arzu edilirsə, bu süni anlaşılmazlıq aradan qalxmalıdır.
Türkiyə Qətəri ən yaxşı tanıyan ölkələrdəndir. Qətər də Türkiyə kimi heç vaxt asılı olmağı qəbul etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər üçün işlətdiyi “dar günün dostu” doğru deyilmiş ifadədir. Qətər ən çətin zamanlarda belə Türkiyənin yanında olmuş, bu mövzuda heç kimin qınamasından çəkinməmişdir. Türkiyədəki “15 iyul” hadisələri zamanı Qətərin bütün gücü ilə dövlət çevrilişinə cəhd edənlərə qarşı türk hökumətinə dəstək olması türk xalqı tərəfindən əsla unudulmayacaq. Elə bu səbəbdən Qətərlə qarşılıqlı ticarət razılaşmaları, Qətər şirkətlərinin Türkiyədə mövcud olması, türk əsgərlərinin Qətərdə yerləşdirilməsi Türkiyədə müsbət qarşılanır.
Türkiyə də, şübhəsiz, Qətər üçün “dar günün dostu”dur. Körfəzdə baş verən böhrandan dərhal sonra Türkiyə Prezidentinin və hökumət nümayəndələrinin açıqlamaları, çıxışları və cəhdləri mühiti sakitləşdirmək məqsədi daşıyır. Bundan sonra isə Türkiyəyə daha böyük məsuliyyət düşür. Körfəzdə yaşanan və bəzi qüvvələrin işinə yarayan bu süni gərginliyi azaltmaq Türkiyənin birinci vəzifəsidir. Həmin böhranı özləri də bilmədən dərinləşdirməyə çalışan bəzi dairələr hiyləyə aldandıqlarını anlamalıdırlar. Bu məqsədlə Türkiyə daim fəaliyyətdə olmalıdır.
İraq işğal ediləndə və ya Suriya qana gölünə çevriləndə birləşməyən müsəlman ölkələrinin bir müsəlman ölkəni təcrid etmək üçün belə sürətli şəkildə bir araya gəlmələri İslam aləminin diqqətindən yayınmamalıdır. Müsəlmanlar arasında birlik olmasını istəməyənlər İslam ölkələrinin birləşməsinə hər zaman mane olmuşlar. Onlar hazırda bir müsəlman ölkəni təcrid etməyi davamlı təşviq edir və bu mövzuda ittifaq edənləri dəstəkləyirlər. Bu, əslində, onu göstərir ki, müsəlmanlar istəyərlərsə, birləşə bilərlər. Onlar bu mənfur oyunu görməli, bu cür ittifaqı müsəlmanları xilas etmək və qorumaq adına dərhal yaratmalıdırlar.
Əksər müsəlmanlar gücün böyüklüyünü tam mənası ilə anlaya bilmirlər. Bu gücün sirri isə birlikdədir. Müsəlmanlar birləşdikləri müddətcə dünyanın ən nüfuzlu və sarsıdıcı gücü olacaqlar. Bu ittifaq qarşısında müsəlman aləmini məhv etməyə, müsəlman ölkələrin üzərinə bomba yağdırmağa və müsəlman xalqını pərişan etməyə heç kimin gücü çatmayacaq. Müsəlmanlar güclü olanda dünyada təkcə müsəlmanlar deyil, heç kəs səfalət içində yaşamayacaq.
Bir çox müsəlmanın görə bilmədiyi bu həqiqəti Yaxın Şərq üzərində əməliyyat aparmaq istəyən bəzi dairələr çoxdan anlayıblar. Müsəlman aləmini parçalamaq səylərinin sirri də budur. Onlar müsəlmanlar birləşərlərsə, dünyadakı bütün mənfur planları məhv edəcək üstün güclərinin olacağını çox yaxşı bilirlər. Qorxuları da buna görədir. Belə ki, Yaxın Şərq ərazisində və ya Afrikada yaşanan faciələrin heç biri kortəbii şəkildə formalaşmayıb. Hamısı eyni planın bir hissədir.
Hazırda böhran yaşayan körfəz ölkələri baş verən hadisələrdən, deyilən sözlərdən təsirlənmədən hadisələri məntiqlə və diqqətlə qiymətləndirməli, tətbiq edilən planın sadəcə tək bir ölkəyə deyil, bütün körfəz ölkələrinə fəlakət gətirmək məqsədilə planlandığı bilməlidirlər. Məqsəd əsasən Yaxın Şərqdəki bütün güclü İslam ölkələrini parçalamaq və bu bölgəni yeni bir terror yuvasına çevirməkdir. Planın əsl hədəfi isə görünür ki, Riyad rəhbərliyidir. Bu mənfur planlara aldanmış İslam aləminin həqiqətləri görmə və birləşmə vaxtı artıq gəlib çatmışdır.
Adnan Oktarın “The Peninsula Qatar”da yayımlanan məqaləsi:
https://thepeninsulaqatar.com/opinion/18/07/2017/The-winners-and-losers-in-the-destruction-of-the-Gulf