Dünyaya Yəmən çağırışı
ucgen

Dünyaya Yəmən çağırışı

986

Bir çox insanın xəyalları var. Bəziləri karyeralarında yüksəlməyi xəyal edir, bəziləri ev, bəziləri isə son model avtomobil...


Bəs siz heç xəyallarında süd olan biri ilə tanış oldunuzmu? Ya da bir boşqab isti yemək? Dünyanın bəzi yerlərində bəzən bir ananın ən böyük xəyalı ancaq uşağını xəstəxanaya apara bilməkdir. Qeyri-adi gəlsə də, yəmənlilərin xəyalları məhz bunlardır. Nə üçün?


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına görə, hazırda Yəməndə dünyadakı ən kəskin qıtlıq böhranlarından biri baş verir.


BMT-nin 2017-ci il mart ayı təhlillərinə görə, aclıq nisbəti son 9 ayla müqayisədə 20% artıb. Hazırda Yəməndə təqribən 17 milyon insanın aclıq çəkdiyi güman edilir. Əhalinin üçdə ikisinin yeməyə ərzağı yoxdur və yardıma möhtac vəziyyətdədirlər. Ölkədə baş verən qarşıdurmalar heyvandarlıqda və kənd təsərrüfatı məhsulları istehsalında böyük azalmaya səbəb olub. 2,2 milyon uşaqdan 460 mini hazırda çox ciddi səviyyədə aclıqla üz-üzə qalıb. Tibbdə kəskin qida çatışmazlığı adlanan vəziyyətdəki bu uşaqlar haqqında YUNİCEF-in Yəmən üzrə nümayəndəsi Meritxell Relano (vaxtında müdaxilə edilməsə) bu uşaqların sağlam həmyaşıdları ilə müqayisədə 10 dəfə çox ölüm riski daşıdıqlarını bildirir. 
BMT-nin Yəməndəki humanitar yardım üzrə koordinatoru  Ceymi Makqoldrik (Jamie McGoldrick) Yəməndəki vəziyyəti "fəlakət səviyyəsində və sürətlə daha da pisləşməyə doğru gedir" sözləri ilə təsvir edir. 4 və 11 yaşında talassemiya xəstəsi 2 nəvəsinə baxan Fatimanın bu sözləri fəlakətin dərəcəsini çox dəqiq ifadə edir.


"Nəvələrimi müalicə etdirmək və ya onları yedirtmək üçün heç pulumuz yoxdur. Süpürgə sataraq bir az un alırıq. Daha sonra da o unu su ilə qarışdıraraq yeyirik. Ya bombardmanlarda ölürük, ya da aclıqdan. Nəvələrimin müalicəyə və hər şeydən əvvəl sağlam qidaya ehtiyacı var. Nəvəm südün dadının nəyə bənzədiyini hələ bilmir. Bütün dünya ölməyimizi izləyir və koalisiyanın bizi saldığı vəziyyətə qarşı səssiz qalır". 


Avropanın ən təcrübəli diplomatlarından biri kimi tanınan Norveç Qaçqınlar Şurasının sədri Jan Egeland Yəməndə şahid olduğu vəziyyəti "iliklərimə qədər sarsıldım" sözləri ilə təsvir edir:
"Yəməndəki güc və silah sahibləri, regional və milli sərmayələr qıtlığın qarşısını alan hər cür cəhdin önünü kəsir".


Beynəlxalq təşkilatların bütün ərzaq yardımı cəhdlərinə baxmayaraq, vəsait çatışmadığından və ərzaq gec daşındığından həyatını itirənlərin sayı hələ də artmağa davam edir. Göndərilən yardımların bir çoxu sahiblərinə çatmır. BMT nümayəndələrinin ən böyük qorxusu isə hazırda yardım daşınan yolların da yaxın gələcəkdə bağlanacağı ilə bağlıdır. Bu baş versə, ərzaq yardımı duracaq və milyonlarla insan göz görə-görə ölümə tərk ediləcək.


Hazırda ərzaq yardımlarına baxmayaraq, ölkədə hər 10 dəqiqədə 5 yaşından kiçik 1 uşaq ölür. Ərzaq yardımları isə həm texniki, həm də maddi səbəblərdən ehtiyacı ödəyə bilmir. Hazırda BMT-nin Cenevrə konfransında açıqlanan rəqəmlərə görə, Yəməndəki aclığın qarşısını almaq üçün 2,2 milyard dollara ehtiyac var. Lakin bu vəsait dünyanın güclü ölkələrindən toplana bilmir. Dünyadakı aclığın qarşısını almaq üçün BMT-nin nəzərdə tutduğu illik məbləğ 30 milyard dollardır. Ona  görə də bu problemin həlli heç də çətin deyil. 


Əlbəttə, həm iqtisadiyyatın canlandırılması, həm də ölkənin öz xalqına ərzaq tədarük etməyə başlaması üçün ölkədəki kənd təsərrüfatı siyasəti Yəmənin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində yenidən qurulmalıdır. Hazırda ölkədə ərzaq çatışmazlığının səbəblərindən biri kənd təsərrüfatı sahələrinin səmərəli şəkildə istifadə edilməməsidir. Ölkədə kənd təsərrüfatı ərazilərinin böyük hissəsi xat (khat) adlı narkotik təsirinə malik bitkini yetişdirməyə sərf edilir. Keçmiş zamanlardan bəri ölkə işğalçıları bu bitkini yetişdirib satmağı ərzaq yetişdirməkdən daha gəlirli hesab ediblər. Asılılıq yaradan bu bitki ölkədə çox istehlak edildiyi üçün xalq təhlükəli aclıq səviyyəsinə doğru sürüklənir... Ölkədə istehsal edilən az sayda kənd təsərrüfatı məhsulu isə benzinin qiyməti artdığına görə bir yerdən başqa yerə demək olar ki, daşına bilmir.


Benzinin qiymətinin artmasının ən böyük səbəbi isə ölkə iqtisadiyyatındakı problemdir. Yəmən gündə 450 min barel neft çıxaran ölkə olduğu halda, son 6 ildə bir gündə çıxardığı neftin həcmi 180 min barelə düşüb. Neft ixracının bu qədər çox azaldığı vaxtda şiələrlə sünnilər arasında çıxan münaqişələrin xərci iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Bunun nəticəsində artan neft qiymətləri qidanın ölkədaxili daşınmasını böyük problemə çevirib. Benzinin qiymətinin hədsiz artması sadəcə ərzaq daşınmasına mənfi təsir etmir. Belə ki, nəqliyyat bahalaşdığına görə, yəmənlilər təmiz su, səhiyyə, hətta təhsildən məhrum olurlar. Asanlıqla müalicə edilən vəba kimi xəstəliklərin yayılması ilə birlikdə yüzlərlə insan həyatını itirir.
Əsas insan hüquqlarından belə məhrum olan Yəməndəki fəlakətin təfərrüatı ilə bilinməsi bu ölkədə baş verən çətinliklərin bütün dünyaya çatdırılmasına yol açacaq. Mühasirəyə alınmış Yəməndəki faciəni mümkün qədər çox gündəmə gətirmək, humanitar yardımın vacibliyini xatırlatmaq dünya ictimaiyyətini də səfərbər edəcək. BMT-nin "təcili yardım fondu yaratmaq" çağırışı bu mənada böyük əhəmiyyət kəsb edir. Ancaq bunun yetərli olmadığını hamımız gördük. Yəməndə sabitliyin təmin edilməsi üçün tərəflər arasında təcili olaraq razılaşma əldə edilməli, silahlar qarşılıqlı olaraq tərk edilməli və ilk növbədə humanitar yardım təşkilatlarına asanlıq təmin olunmalıdır.


Yəmən artıq insanları heyran qoyan təbii gözəllikləri ilə xatırlanmalı, müharibə, blokada, aclıq, vəba ilə deyil...


Adnan Oktarın “The Pioneer”da (Hindistan) yayımlanan məqaləsi:
http://www.dailypioneer.com/columnists/oped/a-comeback-story.html

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo