Kütləvi miqrant axını və onunla birlikdə baş verən zülm və vəhşilik son zamanlar dünya gündəminin ən diqqət çəkən mövzuları arasında yer alır. Milyonlarla insanın qarşı-qarşıya qaldığı əzablar böyük insanlıq faciəsinə çevrilib.
Myanmanın Arakan bölgəsində yaşayan müsəlman rohincalılar öz yurdlarında işgəncəyə məruz qalan, təzyiq görən, sürgün edilən əzablı insanlardır. 2012-ci ildən etibarən yüz minlərlə rohincalı evini tərk etdi, həyatını itirənlərin sayı o gündən bu yana minlərlədir. Qalanlar isə sınıq-salxaq gəmilərlə okeana üz tutur, küləyin və dalğaların gücü ilə günlərlə səfər edərək qonşu ölkəyə çatmağa çalışırlar.
Bu günə qədər yüzlərlə insanın həyatını itirdiyi rohincalı köçkünlərin çətinlikləri Malayziya və İndoneziyanın bir il müddətinə onlara qucaq açması ilə birlikdə bir az olsun səngidi. Ancaq əsas olaraq ASEAN, BMT və ən başda da İslam aləmi məzlum Rohinca xalqının qurtuluşu üçün qalıcı həll yolu təmin etməli, bunun üçün də onları miqrant olmağa məcbur edən şəraiti aradan qaldırmaq üçün qətiyyətli mübarizə başlamalıdırlar.
Əlbəttə ki, miqrant problemi yalnız rohincalılarla məhdud deyil. Dünyanın bir çox yerində baş verən müharibə və münaqişələrin təsiri ilə milyonlarla insan miqrant halına gəldi. Evlərini, yurdlarını, dost-tanışlarını, ailələrini, mallarını, mülklərini arxada qoyub vətənlərindən ayrılan və xarici ölkələrə sığınan miqrantların böyük bir hissəsini isə suriyalılar təşkil edir.
Suriyalı qaçqınlar özlərini qəbul edən ölkələrə çatmağa çalışarkən bəzi Avropa İttifaqı ölkələrinin insanlığa yaraşmayan ayrı-seçkilik və amansız əngəlləri ilə üzləşirlər. Bəzi Avropa İttifaqı ölkələrində miqrantlar polis qüvvələri tərəfindən zor tətbiq edilərək geri püskürdülür, "geriyə itələmə" əməliyyatına məruz qoyulur, yəni içində olduqları xüsusi şərtlər nəzərə alınmadan kütləvi olaraq deportasiya olunurlar. Halbuki uşaqlar daxil olmaqla bütün miqrantların həyatını təhlükəyə atan bu tətbiq tamamilə hüquqa ziddir.
Miqrantlara qarşı insan hüquqlarına zidd olan davranışlar nümayiş etdirən Avropa İttifaqı ölkələrindən biri sərhədinə zirehli maşınlar yerləşdirən və əsgərlərinin miqrantlara qarşı plastik güllə və göz yaşardıcı qaz istifadə etmələrinə icazə verən Macarıstan, bir digəri aralarında körpə, uşaq, qadın və yaşlıların olduğu yüzlərlə miqrantı bibər qazı ilə dayandırmağa çalışan Sloveniyadır. Bu ölkələrin əksinə 800.000, hətta daha çox miqranta qapılarını açacağını bildirən Almaniya miqrant məsələsində vicdanlı davranış ortaya qoyan gözəl Avropa ölkəsidir. Nəcib millətə, sülh və birləşdirici ruha sahib olan, fədakarlığı və xeyirxahlığı ilə bütün dünyanın təqdirini qazanan Türkiyə isə iki milyon suriyalı qaçqını qəbul etməsi və onlara olan isti münasibət və davranışları ilə örnək alınmalı olan əsas ölkədir.
Beynəlxalq sığınacaq hüququ miqrantlar arasında din, dil, cinsi və irqi ayrı-seçkiliyi qadağan edərkən, Slovakiya və Çexiyanın ölkələrinə qəbul edəcəkləri miqrantları dini meyarlara görə müəyyən etməsi və yalnız müəyyən sayda xristian suriyalı miqrantı qəbul etməsi insan hüquqlarına açıq şəkildə zidd olan bir başqa tətbiqdir. Bu məqamda demokratiyaya və insan hüquqlarına verdiyi dəyər və bütün inanclara bərabər olmaqla öyünən Avropanın üzərinə düşən Avropa İttifaqına üzv ölkələrin eqoist və təcrid edən anlayışlarını bir an öncə tərk etmələrini təmin etməkdir.
Avropa bu həqiqəti qəbul etməlidir ki, miqrant məsələsi təhlükəsizlik məsələsi deyil, insanlıq məsələsidir. Sərhədlərə tikanlı məftillər, divarlar hörərək, sərhəd zonalarına mina döşəyərək, zülmdən qaçan məzlum insanları yeni bir zülmlə qarşı-qarşıya qoyaraq, təhlükəsiz sığınacaq almaq hüquqlarını qanunsuz yollarla əllərindən alaraq bu məsələ həll edilə bilməz. Həll yolu ancaq sevgi, insanı münasibət, səbir və fədakarlıqla mümkündür. Avropa İttifaqı ölkələri miqrantların yaşamaq hüququna hörmət göstərərək, sevgi və hörmətlə onlara yanaşmalıdır. Sevgi, hörmət, şəfqət və mərhəmət yarandıqdan sonra miqrantları köçə məcbur edən səbəblərin aradan qaldırılması üçün lazımi siyasi və diplomatik hərbi addımlar da sürətlə atılacaq.
Minlərlə məzlum insan dənizlərdə boğularaq can verərkən sərhəd keşiyini kimin çəkəcəyini və ya köçün qarşısını necə almağı müzakirə etmək, insanlığa sığmayan tədbirlər alaraq sərhədləri keçilməz hala gətirmək, şübhəsiz ki, Avropaya təxmin etmədiyi qədər zərər verir, qəlbini qaraldır, mənəviyyatını yox edir. İnsanları ölümə tərk edənlər heç fərqində olmadan öz həyat sevinclərini itirirlər. Qatılıq daxilən onları məhv edir. Avropa əlini vicdanına qoymalı, sərhədlərini açaraq və təhlükəsiz keçid təmin etməklə ürəkləri parçalayan miqrant probleminə bir an əvvəl son verməlidir. İnsanların azad yaşamaq hüquqları əlindən alındıqda, bir başqa ifadə ilə, azad iradələrinə və ləyaqətlərinə zərər verildikdə buna vasitəçi olan dövlətlərin də ləyaqəti zərər görmüş olar. Beləliklə, sığınacaq hüququnun insanlıq hüququ olduğunu çox yaxşı bilən Avropa İttifaqı ölkələri bu haqqı qazanmış miqrantların istədikləri ölkəyə yerləşmələrini əngəlləyən qanunvericilik aktlarını dərhal ləğv etməli, beləliklə, miqrantlar yaşadıqları ölkələrdə 1951-ci il Cenevrə Konvensiyası əsasında özlərinə tanınan bütün hüquqlardan faydalana bilməlidirlər. Digər tərəfdən bu da bir faktdır ki, yarım milyard əhalisi ilə Avropa İttifaqı bir neçə milyon qaçqını yaxşı planlaşdırma ilə bütün qitəyə bölüşdürə bilər. Rahatlıqla onlara təhsil, peşə seçmək və kiçik müəssisələr açmaq kimi imkanlar yarada, həyata daxil olmalarını təmin edə bilər.
Qəzetlərdən, televiziyalardan, internet üzərindən demək olar ki, hər gün xəbərdar olduğumuz bu insanlıq cinayətinə qarşı səssiz qalmaq vicdana sığan bir davranış deyil. Daha çox vaxt itirmədən miqrantların həyatını qoruyacaq fəaliyyət planının hazırlanması, humanitar yardım proqramlarının həyata keçirilməsi və bu dəhşətli insanlıq faciəsinin sona çatması üçün lazım olan bütün addımların atılması bəşəriyyətin tələbidir.
Adnan Oktarın «Iran Daily»də dərc edilən məqaləsi:
http://www.iran-daily.com/News/131029.html