İnsanlar yüksək sevgi gücünə çata bilən, xeyirxahlığı, fədakarlığı bilən, Allahın dəyərli qullarıdır. Bu xüsusiyyətlər məhz çətin vaxtlarda daha da əhəmiyyət qazanır. Suriyadakı son qaçqın böhranı da bu dəyərlərin ən gözəl nümunələrinin yaşandığı hadisə oldu.
Belə ki, minlərlə insan yardım üçün səfərbər oldu. Bəziləri maddi köməklik etdi, bəziləri qaçqın düşərgələrində könüllü işlədi, xeyriyyə təşkilatları aksiyalar həyata keçirdi. Bir çox ölkə iqtisadi imkanları məhdud olmasına baxmayaraq, qapılarını qaçqınlara açdı. Məsələn, Türkiyə, Livan, İordaniya, İraq kimi ölkələr çox güclü olmayan iqtisadiyyatlarına baxmayaraq, suriyalı qaçqınların əksəriyyətinə ev sahibliyi edirlər. Təkcə Türkiyə 3.1 milyon qaçqına sahib çıxır. Livan 1.1 milyon qaçqına qapılarını açıb. Eyni şəkildə, Almaniya və Serbiya da minlərlə suriyalıya sığınacaq imkanı yaradaraq kömək əlini uzadıb.
Beynəlxalq Olimpiya Komitəsi nümunəvi həmrəylik ruhu nümayiş etdirərək 2016-cı il Olimpiya Oyunları üçün qaçqın atletlərdən ibarət xüsusi komanda yığdı. Xristian qruplar da ianə kampaniyaları keçirərək, əksəriyyəti müsəlman olan suriyalı qaçqınlara kömək etdilər.
Təbii ki, bunlar gözəl xəbərlərdir. Ancaq dünya miqyasında qaçqınlara qarşı münasibətin əsasən etinasızlıq olduğu da bir həqiqətdir.
Qısa xatırlatma etməkdə fayda var: Suriyadakı amansız vətəndaş müharibəsi başda olmaqla, Əfqanıstandakı qarşıdurmalar, Şimali Afrikadakı yoxsulluq və müharibə şəraiti dünyada bu günə qədər görünmüş ən böyük qaçqın böhranının meydana gəlməsinə səbəb oldu. Bu səbəbdən əksəriyyəti qadınlar, uşaqlar və qocalardan ibarət milyonlarla insan evlərini, yurdlarını, təhlükəsiz yaşamaq ümidi ilə tərk etmək məcburiyyətində qaldılar.
Belə bir vəziyyətdə dünyanın geri qalanından gözlənilən normal reaksiya xoş qarşılanma və kömək əli idi. Ancaq bu olmadı. Dünyanın böyük əksəriyyəti soyuq münasibət göstərərək qaçqınların yaşadıqları çətinlikləri görməzlikdən gəldi. Bu laqeyd münasibət bir çox kədərli mənzərənin yaşanmasına səbəb oldu.
Bu gün təkcə Suriyada 6.1 milyon insan qaçqın vəziyyətində ikən, 13 milyon suriyalı humanitar yardıma möhtacdır. 4.5 milyon suriyalı Türkiyə, İordaniya və İraqa qaçqın kimi gəlib. Həmin ölkələr yardım üçün əllərindən gələni etsələr də, bu məsələdə böyük çətinliklər olduğu danılmazdır.
Beynəlxalq cəmiyyət qaçqınları istəməməklə yanaşı, maliyyə yardımı etməkdə belə istəksiz davranır. Məsələn, BMT-nin beynəlxalq cəmiyyətdən yardım çağırışı cavabsız qaldı.
2014-cü ildən etibarən 10 mindən çox qadın, uşaq, körpə və yaşlı Avropada təhlükəsiz həyata qovuşa bilmək ümidi ilə çıxdıqları təhlükəli Aralıq dənizi səfərində boğularaq həyatlarını itirdi. Halbuki bu dəhşətli mənzərənin qarşısı maddi yardım və birgə səylə asanlıqla alınardı. Təbii ki, bütün Avropanın və ya avropalı liderlərin bu cür biganə qaldığını deyə bilmərik. Bir çox avropalı lider və insan da qaçqınlara kömək üçün əllərindən gələni etdi.
Qaçqınlara qarşı saymazyana rəftar narahatedici ölçülərdə olsa da, müsəlmanlar olaraq bu laqeydliyin səbəbini dərk etməyə çalışmalıyıq. Önmühakimə və qorxu bu soyuq münasibətin arxasındakı əsas səbəblər kimi görünsə də, bu önmühakimə və qorxunun da xətalı şəkildə müsəlmanlarla əlaqələndirilən terror və geri qalmışlıqdan irəli gəldiyi inkaredilməz həqiqətdir.
Əvvəla, İslamda zorakılığa və geri qalmışlığa qətiyyən yer yoxdur. İslam dini dili, milliyyəti, nə olursa olsun, hər kəsə qarşı sevgi, şəfqət və bağışlamağı təşviq edir. Üstəlik nəinki mürtəce həyat tərzi, İslam həyatın hər sahəsində ən yüksək səviyyədə keyfiyyəti, müasirliyi və incəsənəti təşviq edir.
Bu səbəbdən dünyada hazırda müsəlmanlarla əlaqələndirilən görüntü İslamdan deyil, bu yanlış obrazı yaradan şəxslərin xurafatlar və ənənələrə əsaslanan dinlərindən irəli gəlir. Yanlış şəkildə İslam olaraq tanıdılan bu xurafat dininə görə, müsəlmanlar qızıl dövrlərini yaşadıqları möhtəşəm günlərini geridə qoymuş, geriləmə dövrünə girmişlər.
Bu gün İslam adına hərəkət etdiyini iddia edən terror təşkilatları Quranı deyil, Peyğəmbərimiz hz. Muhammədə (səv) aid edilən uydurma hədisləri və qəbilə mədəniyyətinin xurafatlarını tətbiq edirlər.
Müsəlman olmayanların bu incəlikləri bilməməsi və medianın tək tərəfli mənfi yayımlarının da təsiri ilə önmühakimə tələsinə düşməsi heç də təəccüblü deyil.
Müsəlmanlar olaraq biz Qurana əsaslanan həqiqi səhabə İslamına qayıtmal; və bu şəkildə bütün dünyaya müasirliyin, keyfiyyətinin və gözəlliyin həqiqi mənasını göstərməliyik. Bu edildikdə, dünya qaçqınlara yardım etməklə kifayətlənməz, müsəlmanlarla dost olmaq üçün şövqlə hərəkətə keçər.
Adnan Oktarın «New Straits Times» & «EKURD Daily»də dərc edilən məqaləsi:
http://www.nst.com.my/news/2016/11/191722/indifference-towards-refugees