Böyük gözləntiləri olmayan miqrantlar
ucgen

Böyük gözləntiləri olmayan miqrantlar

1952

Ötən həftələrdə sosial mediada tez-tez paylaşılan bir fotoşəkil bütün dünyanı şoka saldı. Bir türk əsgər suriyalı balaca miqrant Aylanın Bodrum sahilinə çıxan cansız bədənini tapdıqda bütün dünya dərindən sarsıldı. Suriyadakı müharibəyə biganə qalan və bu dəhşət mühitindən qaçan suriyalıların yaşadığı çətinlikləri görməzlikdən gələn bir çox insan və hökumət nəhayət ki, bu faciəli vəziyyətin fərqinə vardı. Aylan humanizmin simvolu olmuş, hamı bu kiçik uşağı öz övladının yerinə qoyaraq vəziyyəti dəyərləndirmişdi. Böyük əks-səda doğuran bu sevimli uşağın sahildəki cansız bədəni insanların hafizəsinə həkk olunmuş, miqrantların tələblərinə laqeyd yanaşan hökumət nümayəndələri belə göz yaşları içində və alqışlarla suriyalı miqrantları ölkələrinə qəbul etdiklərini açıqlamışdılar. Bu kədərli hadisə yaşadığımız bu amansız dünyada mərhəmətin və humanizmin hələ də var olduğunu nümayiş etdirdiyi üçün əhəmiyyətlidir.

 

 Qonşu ölkələrdəki şərait

 

Suriyadakı müharibədən qaçanların 95%-i üç qonşu ölkəyə - Türkiyə, Livan və İordaniyaya sığındı. Üç ölkə də iqtisadi baxımdan o qədər zəngin olmasalar da, ehtiyac içində olanlara yardım əlinin uzadılmasının dini və insani məsuliyyət olduğunu bilərək qaçqınlara qucaq açdılar. Ancaq müharibə getdikcə qızışdığından, minlərlə insan Suriyanı tərk etməyə davam edir. Burada bunu unutmamaq lazımdır ki, qonşu ölkələrə sığınan qaçqınların problemləri yalnız müharibədən qaçmaqla bitmir. Bir qismi çətin şəraitdə qaçqın düşərgələrində həyatda qalmaq uğrunda mübarizə aparkən, bir qismi də qeyri-sabit və təhlükəli şəraitdə yaşamaq məcburiyyətindədir.

 

 

Məsələn, İordaniyaya sığınan miqrantlar BMT-nin ianələri tükəndiyi üçün yardım almırlar. Bu məqamda həyatda qalmaq və ailələrinə ərzaq və sığınacaq tapmaq ümidi ilə başqa ölkələrə üz tuturlar. Halbuki qaçqınlar məskunlaşdıqları ölkələrdə lazımi yardımı alaraq sabit yaşaya bilərlər. Oranı tərk etməz, Aralıq və Egey dənizində çıxdıqları bu ölümcül səfərləri gözə alaraq Avropaya getmək istəməzlər. Bundan başqa, həyatlarını təhlükəyə ataraq Suriyaya geri dönməyə üstünlük verən ailələr də var. Hazırda İordaniyadakı yardımlar kəsildiyindən döyüş bölgəsinə qayıdan qaçqınların sayı iki qat artıb.

 

Qaçqınların Avropada qarşılaşdığı çətinliklər

 

Qaçqınların bir ölkədən digərinə keçərkən gözə aldıqları uzun və çətin səyahət Avropa torpaqlarına salamat çatacaqları zəmanətini heç vaxt vermir. Son iki ildir ki, Avropaya getmək üçün qayıqla yola çıxan miqrantların çoxu həyatlarını itirdilər. Çatmağa müvəffəq olanlar isə bəzi Avropa ölkələri tərəfindən heç də xoş qarşılanmadı.

Son zamanlar sosial şəbəkələrdə paylaşılan videolarda bu məzlum insanların bəzi avropalılar tərəfindən məruz qaldıqları sərt münasibətə də şahid oluruq. Məsələn, Macarıstanda bir qadın operator qucağında oğlu ilə gedən suriyalı miqrant kişiyə badalaq vuraraq yerə yıxdıqda cəmiyyətdə böyük reaksiya görmüş, etdiyi hərəkətə görə üzr istəyərək iş yerindən də çıxarılmışdı. Əlbəttə ki, bu media vasitəsilə xəbərdar olduğumuz utanc verici hadislərdən sadəcə biridir. Yüzlərlə miqrant Serbiya sərhədindəki polislərin müşaiyəti ilə düşərgələrə məcburi şəkildə yönləndirilir və barmaq izləri alınır. Macarların miqrantlara sendviç tullayan və bir boşqab yemək üçün bir-birlərilə mübarizə aparan insanları göstərən video materiallar ehtiyac içindəki bu insanlara göstərilən pis münasibəti göz önünə sərir. Avropadakı bəzi ölkələr – Yunanıstan, Bolqarıstan, Macarıstan və Fransa – miqrantların ölkələrinə girişinin qarşısını almaq üçün sərhədlərə tikanlı məftil çəkməyə başladılar. Halbuki həyatda qalmaqdan başqa istəkləri olmayan bu insanlar təhlükəli terrorist və ya qatı cinayətkar deyillər. Məruz qaldıqları davranışa da əsla layiq deyillər. Bu məqamda hər kəs vicdanının səsini dinləməli və özünü onların yerinə qoyaraq hərəkət etməlidir.

Almaniya və digər ölkələrə nisbətən daha az sayda miqrantı ölkələrinə qəbul edəcəyi gözlənilən Orta Avropa dövlətləri isə Avropa İttifaqının qərarından məmnun deyillər. Macarıstan Baş naziri Victor Orban bu böhranı “qanunsuz miqrantların üsyanı” deyə şərh edərkən, Slovakiya Baş naziri Robert Fiko isə miqrantlardan yalnız xristian dininə mənsub olanları qəbul edəcəklərini açıqladı. Halbuki keçmişdə baş verən müharibələr Avropada da miqrant məsələsini gündəmə gətirmişdi. Avropalılar suriyalı məzlum insanların yaşadıqları çətinlikləri keçmişdə özlərinin də yaşamalarına baxmayaraq, hazırda sanki bunu unudublar. Məsələn, Otuz il müharibəsində Çexiya torpaqlarında əhalinin üçdə biri Avropanın müxtəlif bölgələrinə köç etməyə məcbur qalmış, Birinci və İkinci Dünya müharibələrində bir çox insan yerini-yurdunu tərk etmişdi.

Miqrantlar üçün sülhyönümlü çözüm təklifi

Bu problemi əlbəttəki sülh yolu ilə həll etmək lazımdı. Miqrantları qəbul etməmək üçün ölkə sərhəddinə divar hörmək və ya tikanlı məftil çəkmək məntiqli həll yolu deyil. İctimai mənada uzlaşmanın təmin edilməsi vacibdir. Çünki əsil fərq yaradacaq olan dövlət rəhbərlərindən çox, o ölkələrdə yaşayan xalqlardır.

Sosial şəbəkələr vasitəsilə müşahidə etdiyimiz İngiltərə misalında olduğu kimi… İlk öncə ingilis hökuməti miqrantları ölkəyə qəbul etmək istəməmiş, ancaq ictimaiyyətin təzyiqi ilə siyasətini sürətlə dəyişdirmək məcburiyyətində qalmışdır. Artıq cəmiyyətlər onları idarə edən siyasətçilərə demokratik yollalarla təsir edə bilirlər. Dolayısilə cəmiyyətlərdə insani və vicdani şüurlanmanın artırılması çox vacibdir. Sığınacaq verilməsinə dair beynəlxalq akt nəzəri baxımdan məntiqli görünsə də, praktikada belə olmadığı görünür. Çünki Avropa İttifaqına üzv olan hər ölkə bir-birindən fərqli münasibət göstərə bilir və tutarlı əməkdaşlıq olmadıqda da, köklü həll yolları irəli sürülmür.

Miqrantlara müntəzəm yardım və qoruma təmin edəcək lazımi qanunları qəbul etmək üçün rəsmi görüşlər təşkil edilməli, daha da önəmlisi və vacibi bunun insanlıq vəzifəsi olduğu unudulmamalıdır. Miqrantlar əsla dövlətlərin üzərində yük kimi yox, Allahın bizi onlardan məsul etdiyi qonaqlar olaraq qəbul edilməlidir. Çünki bu insanlar təkcə həyatlarını xilas etmək üçün sahib olduqları hər şeyi geridə qoyub qaçırlar.  

Digər tərəfdən dövlətlərin BMT-yə maddi yardım etməsi də çox önəmlidir. Bu şəkildə qonşu ölkələrə sığınan miqrantlar ehtiyacları olan yardımı ala bilərlər. Bununla yanaşı bu insanları işlə təmin edərək həyatlarını davam etdirmələrinə də dəstək olunmalıdır. Əsla unudulmamalıdır ki, əgər miqrantlar sabit həyata qovuşa bilsələr, əsla sığınacaq tapdıqları ölkələri tərk etməyəcək, həyatlarını təhlükəyə atacaq səyahətlərə çıxmayacaqlar. Nəticə etibarilə hamımız bu vətəndaş müharibəsini durdurmaq adına- xüsusilə də Yaxın Şərqdə- güclərimizi birləşdirib sülhü təmin etmək üçün cəhd etməliyik.

 

Adnan Oktarın «Tehran Times»da dərc edilən məqaləsi:

http://www.tehrantimes.com/index_View.asp?code=249534

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr