Son bir neçə həftədir bütün dünyanın gözü önündə insanlıq faciəsi yaşanır. Mövzu yenə qaçqınlar, yenə Arakan və yenə ölümə tərk edilən minlərlə müdafiəsiz, məzlum insandır. Myanma və Banqladeşdən qaçan, aralarında arakanlı müsəlmanların da olduğu 8 mindən çox qaçqın cənub-şərqi Asiya sularında Tailand, İndoneziya və Malayziyaya daxil ola bilmək üçün dənizdə gözlədilir. Günlərlə ac və susuz qalan bu insanların bir hissəsi İndoneziyadakı müvəqqəti düşərgələrdə və Malayziyadakı idman zallarında saxlanılır. Dənizdə gözləyən minlərlə köçkün isə aclıq və xəstəlik təhlükəsi ilə qarşı-qarşıyadır. Bir anlıq özünüzü bu insanların yerinə qoyun. Vətən dediyiniz torpaqlarda vətəndaşlıq hüququna malik deyilsiniz. Öz doğulduğunuz torpaqlarda qaçqın kimi düşərgələrdə yaşamaq məcburiyyətindəsiniz. Uşağınızı məktəbə göndərə bilmirsiniz. Qızlarınıza, həyat yoldaşınıza hər an təcavüz edilə bilər, amma onları qoruya bilmirsiniz. Evlənmək üçün və ya doğulan hər uşağınız üçün vergi vermək məcburiyyətindəsiniz. Xəstələndiyinizdə müalicə ala bilmirsiniz. Sırf müsəlman olduğunuz üçün zülm görür, həbsə atılır, öldürülürsünüz. Onların yerində siz olsanız, nə edərdiniz?
Əlbəttə ki, qurtuluşu başqa ölkəyə sığınmaqda görərdiniz. Orada həm ailənizə, həm də özünüzə normal şərait tapmağa çalışardınız. Bəs yoxsulluq içərisində, min cür əziyyətlə yığdığınız pulu bu zülmdən xilas olmaq üçün insan alverçilərinə verib, mindiyiniz gəmi dənizin ortasında tərk edilsəydi, nə edərdiniz? Ətrafınız sularla əhatə olunub, amma bir damcı su içə bilmirsiniz. Yeməyiniz də yoxdur. Gecə vahiməli okean dalğaları, gündüz qızmar günəş şüaları ilə mübarizə aparsaydınız, insanla dolu gəmilərin batmaması üçün hərəkət etmədən günlərlə okeanda qalsaydınız, nə edərdiniz? Artıq ölümə yaxınlaşdım deyərkən qurunu görsəniz "xilas olduq" ümidi ilə qəlbiniz sevinclə dolduqda "sizi qəbul edə bilmərəm" deyilsə, nə edərdiniz? Arakanlı müsəlmanların məruz qaldıqları vəziyyət eynilə bu şəkildədir…
Dünyada ucsuz-bucaqsız torpaqlar bomboş qalıb, amma bütün dünya bu bir ovuc insanı yerləşdirəcək bir yer tapa bilmir. Daha da acınacaqlısı bu insanlara zooparkdakı canlılara verilən tərzdə helikopterlərdən qida və yardım ləvazimatlarının atılmasıdır. Günlərdir ac və susuz qalan insanlar ərzaqı götürmək üçün soyuq suyun içinə girməlidirlər ... Gəmiləri batarkən xilas olunan və İndeneziyanın Lanqsa limanındakı ambarlarda qalmalarına izin verilən köçkünlər bir tikə yemək üçün bir-biri ilə mübarizə aparır. Bu utancverici yarışın nəticəsində isə 100 nəfər həyatını itirir… Bu hansı tərəfdən baxılırsa-baxılsın, insanın içini titrədən bir vəziyyətdir. Artıq dünyanın bu vəziyyətə dur deməsi və bir həll yolu axtarıb tapmasının vaxtı gəlmədi? Malayziya və Tailandın irəli sürdüyü kimi, «arakanlı müsəlmanları gəldikləri yerə göndərəlim» demək həll yolu ola bilərmi? Əlbəttə ki, yox. Əksinə bu düşüncə tərzi onları ölümə göndərmək mənasını verir. Heç kim belə bir cinayətə ortaq olmamalıdır. Əslində geri göndərmək əvəzinə bu insanlara boş ərazi versələr, əkəcək torpaq və bəsləyəcək heyvanları olsa, heç kimə yük olmadan həmişə yaşadıqları kimi səssiz şəkildə həyatlarını davam etdirə bilərlər.
Hər hansı bir ölkədə insan hüquq və azadlıqları məhdudlaşdırıldıqda bir çox Qərb ölkəsi bu vəziyyətə sərt reaksiya verir. Ancaq çox acınacaqlı vəziyyətdə olan arakanlı müsəlmanlar üçün elə bir səy göstərdiklərini görmürük.
Təbiətə hər hansı bir zərər dəydikdə dünyanı ayağa qaldıran, bir delfin sahilə çıxsa, onu xilas etmək üçün hər bir texniki imkandan istifadə edən, yaşıllığı qorumaq üçün maksimum dərəcədə həssas olan Qərb ictimaiyyəti söhbət insan həyatından getdikdə daha həssas və vicdanlı hərəkət etməlidir. Burma kimi ölkələrdəki zalım rəhbərlər əgər dünya ictimaiyyətdən siyasi və ya ictimai təzyiq görməsələr, zülm və təzyiqlərini daha da artıracaqlar. Buna ilk mərhələdə əngəl olmanın yolu hər kəsi baş verənlər barədə məlumatlandırmaqdır. Dünya ictimaiyyətinin vicdanını ön plana çıxaran, zülmləri hər kəsə ətraflı və obyektiv şəkildə izah edən bir fəaliyyətin Qərb ictimaiyyətini hərəkətə keçirə biləcəyi və bunun da (Myanma) Burma kimi rejimləri çox narahat edəcəyi ortadadır.
İslam dünyası da Arakan probleminin həlli üçün birlik ruhu içində ciddi səy göstərməlidir. Qardaşlarının göz görə-görə həyatını itirməsini heç bir müsəlman qəbul edə bilməz. İslam ölkələri bu məsələyə həssas yanaşmalı və bu insanlıq faciəsinin dərhal aradan qaldırılması üçün (Myanma) Burma rəhbərliyinə təzyiq göstərməlidirlər. İran, Türkiyə, Pakistan, Misir kimi ölkələrin birləşmiş donanma ilə cənub-şərqi Asiya sularına doğru yola çıxması (Myanma) Burma hökuməti üçün çəkindirici ola bilər. Belə ki, ötən günlərdə (Myanma) Burma hərbi təyyarəsindən düşən bombanın dörd nəfər çinlinin ölümünə səbəb olmasından sonra Çin həmin hadisə təkrarlanacağı təqdirdə Myanmaya sərt hərbi müdaxilə edəcəyini açıqlaması çox çəkindirici olmuşdu. Arakanlı müsəlmanlara Myanma rəhbərliyinin sərt davranmasının səbəbi də məhz budur. Heç kim bu zülmə dur demir, heç kim arakanlı müsəlmanlara dəstək olmur. Müsəlmanlardan çəkindirici reaksiya görmədikləri üçün bu məzlum insanları incitməkdən çəkinmirlər. Bu məsələdə müsəlman ölkələr arakanlı bacı-qardaşlarına sahib çıxmalı və Burma rəhbərliyinə ictimai, siyasi və iqtisadi təzyiq göstərməlidirlər.
Müsəlman ölkələrin başçılığı ilə qaçqınlara humanitar yardım çatdırılması və xəstələrin oradan çıxarılaraq çox yaxşı qulluq ediləcəkləri xəstəxanalara yerləşdirilmələri şərtdir. Əks təqdirdə ölənlərin sayı daha da artacaq.
Qərb ölkələrinin də Burma üzərindəki səlahiyyətlərindən istifadə edib oradakı məzlum insanların xilas olmasına səbəb olacaq işlər görməsi çox önəmlidir.
Arakan problemi əsla regional bir məsələ olaraq görülməməlidir. Məzlum insanların ac, susuz, dərmansız, yaşamağa bir qarış torpaq sahəsi tapa bilməmələrini heç bir vicdan qəbul edə bilməz. Dünyanın hər hansı bir bölgəsində zəlzələ və yaxud sel kimi təbii fəlakət baş verdikdə hər ölkə əlindəki imkanlarla zərərçəkənlərə kömək edir. Bunun nümunələrini keçmişdə dəfələrlə gördük. Hətta münasibətləri soyuq olan ölkələr belə oxşar hadisə baş verdikdə bir-birlərinə kömək əli uzadırlar.
Deməli insanlar və dövlətlər istədikləri zaman bu dəstəyi verə bilirlər. İndi belə bir yardımlaşma və dəstəyin edilməsinin tam zamanıdır.
İnsanlar, təşkilatlar, dövlətlər birlikdə səslərini yüksəltdikcə Burma rəhbərliyi dərhal geri addım ataraq ya arakanlı müsəlmanlar üzərindəki təzyiqi aradan qaldırıb onlara vətəndaşlıq statusu verəcək ya da təzyiqini azaldacaq. Bu ictimai rəyin formalaşması üçün lazımi məsuliyyəti almaq və həssaslığı göstərmək hamımızın üzərinə düşən insanlıq borcudur.
Adnan Oktarın «Burma Times»da nəşr olunan məqaləsi:
http://burmatimes.net/what-if-you-didnt-have-even-an-inch-of-land-to-live-on-in-this-world/