Kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq hər insanın özünə görə bir xəyalı var. Həyatda qalmaq və xoşbəxt olmaq üçün xəyallar lazımdır. Yaşadığımız dünya artıq sülh yeri deyil. Hər yerdə qarşıdurmalar və təbii fəlakətlər var. Az inkişaf etmiş ölkələrdə doğulanlar Avropa və Amerika kimi rifah səviyyəsi yüksək ölkələrdə doğulanlardan daha ağır həyat şəraitinə sahibdir. Bu yoxsul insanlar ya Burma kimi üçüncü dünya ölkələrində ciddi təzyiq altındadır, ya da Suriya, Liviya kimi yerlərdə daima müharibə qorxusu ilə səfalət içində yaşayır. Hər gününü ölüm təhdidi altında keçirən bu insanlar azacıq müstəqil ola bilmək üçün vətənlərini tərk etməyin yollarını axtarırlar. Ailələrinin yaxşılığı üçün hər şeyi arxada buraxmaqdan başqa çarələri yoxdur.
İnsan alverçiləri bu kimi hallarda sanki anidən ortaya çıxıb vəziyyətdən istifadə etməyə çalışan kərkəs ordusu kimidirlər...
Ümidlərini itirmiş bu insanları saxta xəyallarla aldadıb sahib olduqları hər şeyi əllərindən alırlar. Xeyir, səhv eşitmədiniz. Özlərinin etibarlı insanlar olduqlarını deyərək bu insanların xəyalları ilə oynayır, zülmdən xilas olmağın tək yolunun bu olduğuna onları inandırırlar. Başqa çıxış yolu olmayan bu yardıma möhtac insanlar da xəyallarının gerçək olması üçün hər şeylərini satıb onlara verirlər.[1]
Bu məzlum insanların «ölüm səyahəti» insan alverçilərinə ödəniş etmələri ilə dərhal başlamır. Xəyallarına qovuşmalarına səbəb olacaq gəmiyə minə bilmək üçün gələn telefon zəngini gözləmələri və o sevindirici zənglə müəyyən edilən tarixdə həmin gəmiyə çatmaları lazımdır.
Gözlənilən telefon zəngi gəldikdə isə yeni həyatlarına gedən çətin səyahətləri də başlamış olur. Xəyallarının arxasınca gedən bu insanların arasında çoxlu uşaq, hətta hamilə qadınlar və xəstə yaşlılar da var. Suriyalı bir qaçqının sözlərinə görə, təkcə dəniz səyahəti belə heç bir insanın tab gətirə bilməyəcəyi şəkildə, sanki üzən həbsxana kimi idi…
Təəssüf ki, son iki il ərzində ölkələrini tərk edərək Avropaya qayıqlarla getməyə çalışan qaçqınların bir çoxu yenə dənizdə həyatını itirdi. Təkcə ilk üç ay ərzində bu səyahətlərdə ölənlərin sayı keçən ilə nisbətlə 10 dəfə daha çoxdur.[2] Daha da acınacaqlısı bu ayların qış mövsümü olduğundan qaçqınlar tərəfindən ən az tərcih edildiyi aylar olmasıdır. Sonrakı aylarda bu rəqəmlər daha da artır.
Ötən həftələrdə baş verən oxşar bir hadisədə italyan və fransız donanmaları 1400 qaçqını Aralıq dənizində xilas etməyə nail oldu.[3] Ən son 800 qaçqının dənizdə can verməsindən sonra Aralıq dənizində belə uğurlu xilas etmə əməliyyatlarının həyata keçirildiyini görmək həqiqətən çox sevindiricidir.[4] Siciliyanın Katania şəhərindəki «Save the Children» təşkilatının nümayəndəsi Sarah Teylor bu şəkildə demişdi: “...bu demək olar ki, Titanikdə ölənlərin sayına bərabərdir və Kosta Konkordiada ölənlərdən 31 dəfə çoxdur.”[5]
Bu insanlıq fəciəsi bütün dünyanın gözü önündə baş verir. Təkcə 2014-cü ildə 3000 qaçqın daha yaxşı həyat şəraiti əldə etmək üçün Avropaya getməyə çalışarkən ya öldü ya da itkin düşdü. Son iki ildə ölülərin sayındakı bu artım Avropa dövlətlərinin xilas etmə tədbirlərini azaltmasından irəli gəlir. Bu şəkildə Avropaya sığınma tələblərinin də zaman keçdikcə azalacağını düşünürlər. İtaliya donanması 2013-cü ildə ayda 10 milyon dollarlıq Mare Nostrum (Bizim Dənizimiz) adlı xilas etmə tədbiri həyata keçirdi. Amma bu məbləğin yüksək olduğunu görən Avropa bu dəfə 3 milyon dollarlıq yeni xilas etmə əməliyyatı olan «Triton»u həyata keçirdi.[6]
Avropa Birliyi üzvü olan hər dövlət həyatı təhlükədə olan bu qaçqınların xilas edilməsindən məsuliyyət daşıyır. Öz mənfəətlərini bir kənara buraxıb birlik içində hərəkət etmələri lazımdır. Bütün dünyanın gözü önündə hazırda çox böyük faciə baş verir. İnsan hüquqları baxımından da bu qəbuledilməzdir. Avropa İttifaqı üzvləri təklif edilən həll yolları qrşısında fərqli davranırlar. Çox güman ki, qaçqınlarla bağlı da həll yolu irəli sürməyəcəklər. Avropa İnsan Hüquqları Məhkəməsindən hakim Pinto de Albukerke Avropanın bu hərəkəti ilə bağlı bu açıqlamanı verdi: “Afrikadan qaçmağa çalışan qaçqınların Avropaya qəbul edilmək üçün hüquqi tələbləri yoxdur. Ancaq insan hüquqları və hüquq sisteminin beşiyi olan Avropanın zülmdən qaçan ümidsiz insanlara qapılarını bağlamamasını istəyirlər. Bu Avropa İnsan Hüquqları Bəyyannaməsinə uyğun bir tələbdir. Bunu qulaq ardına vura bilmərik”.[7]
İnsan həyatının dəyəri heç bir şeylə müqayisə edilə bilməz. Dolayısilə dünya üzərindəki hər bir fərd digər insanları qorumaq üçün əllərindən gələnin ən yaxşısını etmək məcburiyyətindədir. Bu hamımızın üzərinə düşən əxlaqi və vicdani məsuliyyətdir. Bəzi Avropa ölkələrinin bu qaçqınları qəbul etmək üçün kifayət qədər maddi imkanı olmaya bilər. Ancaq artıq ümidlərini itirmək üzrə olan bu insanların müstəqil və rifah içində olacaqları bir həyata qovuşa bilmələrinə öncülük etmə zamanı gəldi. Çoxu ölümlə nəticələnən dəniz səyahətlərinin əvvəli və sonrası üçün bir çox tədbir almaq lazımdır. Bu insanlar istədikləri yerə çatdıqdan sonra da onlara yad insan kimi davranılmamalı, onları qarşılamaq və öz evlərində hiss etmələrini təmin etmək lazımdır. Dünyanın bir çox yerində bir çox boş sahə var və bu ərazilər qaçqınların yaşaya biləcəyi təhlükəsiz sahələrə çevrilə bilər. Bu insanlar üçün iş imkanları yaradıla bilər və bu xüsusi ərazilərdə məktəblər açıla bilər. Seçdikləri yol asan yol deyil və xəyallarını həyata keçirmək üçün çox böyük çətinliklərlə qarşılaşırlar. Onlara xəyalını qurduqları həyatı təmin etmək üçün güclərimizi birləşdirməyin əsl vaxtıdır.
[1] http://edition.cnn.com/2015/04/23/opinions/smuggled-syrian-migrant/
[2] http://www.amren.com/news/2015/04/record-number-of-migrants-expected-to-drown-in-mediterranean-this-year/
[3] http://www.nytimes.com/2015/05/03/world/europe/1400-migrants-rescued-at-sea.html?smid=nytcore-ipad-share&smprod=nytcore-ipad&_r=0
[4] http://www.theguardian.com/world/2015/apr/20/italy-pm-matteo-renzi-migrant-shipwreck-crisis-srebrenica-massacre
[5] https://flipboard.com/topic/titanic/aid-agency-compares-migrant-deaths-to-titanic-tragedy/f-2d3e96674d%2Fapnewsarchive.com
[6] http://www.aljazeera.com/indepth/opinion/2014/12/does-europe-remember-geneva-con-201412189019976228.html
[7] http://www.eepa.be/wcm/dmdocuments/publications/Report_Human_Trafficking_in_the_Sinai_Final_Web.pdf
Adnan Oktarın «Tehran Times»da nəşr olunan məqaləsi: