Səba hökmdarı – Bəlqis
ucgen

Səba hökmdarı – Bəlqis

1038

Hz. Süleyman Allah`ın lütfü və nemətləri sayəsində çox böyük hökmdarlığa sahib idi. Hz.Süleyman cinlərdən və insanlardan ibarət ordusu ilə çox güclü hakimiyyət qurmuşdu. Hz.Süleymanın sarayı isə dövrün ən inkişaf etmiş texnikasından istifadə edilərək yüksək zövqlə inşa edilmişdi. Səba hökmdarı Bəlqis də hz.Süleymanın hökmranlığı dövründə yaşayan başqa bir ölkənin hökmdarı idi. Quranda hz.Süleymanla Səba hökmdarı Bəlqis arasında iki ölkənin siyasi və iqtisadi əlaqələri ilə bağlı bəzi məlumatlar bildirilmişdir. Şübhəsiz ki, bu məlumatlarda iman gətirənlər üçün bir çox hikmət və öyüd var. Allah Quranda hz. Süleymanın ordusundan olan Hüdhüdün Səba hökmdarı haqqında əhəmiyyətli məlumatlar verdiyini bildirir:

“Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm. Mən onun və tayfasının Allah`ı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər. (Şeytan ona görə belə etmişdir) ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allah`a səcdə etməsinlər.” (Nəml surəsi, 22-25)

Hüdhüd əvvəlcə hz. Süleymana Səba hökmdarının bəzi əhəmiyyətli xüsusiyyətlərini təsvir etmişdir. Bəlqisin Səbaya hökm etdiyini, özünə hər şeydən bol-bol verildiyini və taxtının böyüklüyünü dilə gətirərək onun hökmranlığının və dövlətinin gücünə diqqət çəkmişdir. Hz. Süleyman Hüdhüddən aldığı məlumatlar əsasında Səba hökmdarını Allah`a iman gətirməyə və özünə təslim olmağa dəvət edən bir məktub göndərmişdir. Səba məlikəsi bu məktubun əhəmiyyətini dərhal anlamış və bu məsələni yaxın adamları ilə müşavirə etmişdir. Allah Quranda bu mövzunu belə bildirmişdir:

(Qadın) dedi: “Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı. O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allah`ın adı ilə! Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!” (Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm”. (Nəml surəsi, 29-32)

Bundan əlavə, köməkçilərinin “Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!” (Nəml surəsi, 33) deyə cavab vermələri də onun xalqı üzərində güclü bir rəhbər olduğunu göstərir. Bəlqis məlikəsi də köməkçilərinin “Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər”. (Nəml surəsi, 34) xəbərdarlıqlarını nəzərə almış və “Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam, görüm elçilər nə ilə qayıdacaqlar.” (Nəml surəsi, 35) deyərək təmkinli davranmışdır. Göndərdiyi hədiyyə ilə əvvəlcə hz.Süleymanın məqsədini öyrənmək istəmişdir. Ancaq hz.Süleyman Səba hökmdarının niyyətini anlayaraq hədiyyəsini geri qaytarmış və ona belə xəbər göndərmişdir:

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 37)

Hz. Süleyman bu xəbərdarlığı ilə Səba hökmdarına ordularının gücünü xatırlatmış və onu bir daha təslim olmağa dəvət etmişdir. Hz.Süleyman həmçinin ordusunun qabaqcıllarından Səba ölkəsinin hökmdarlığının rəmzi olan Bəlqisin taxtını sarayına gətirmələrini istəmişdir. Cinlərdən biri göz qırpımında taxtı gətirdikdən sonra hz.Süleyman taxta bəzi dəyişikliklər etmişdir. Səba hökmdarı gəldikdə taxtın ona aid olub-olmadığını soruşmuşdur:

“Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!” Allah`dan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi. (Nəml surəsi, 42-43)

Səba hökmdarı Günəşə sitayiş edən bir qövmdə yaşamasına baxmayaraq, hz. Süleymanın səmimi  üslubla yazdığı məktubundan, ağıllı hərəkətlərindən, güclü hakimiyyətindən və möhtəşəm sarayından çox təsirlənmiş. Bütün bunlar Bəlqisin iman gətirib müsəlman olmasına vəsilə olmuşdur. Quranda Səba hökmdarının Allah`a təslim olduğu belə ifadə olunur:

“Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allah`a təslim oldum!” (Nəml surəsi, 44)

Allah`ın Quranda Səba hökmdarı haqqında bildirdiyi bu məlumatlarda hikmət gözü ilə baxanlar üçün öyüd və hikmətlər vardır. Səba hökmdarı ağılla düşündüyü üçün doğru yolu görüb səmimi hərəkət etmişdir. O haqqı görməmişdən əvvəl fərqli inanca sahib idi, ancaq heç tərəddüd etmədən Allah`a təslim olub iman gətirməsi nümunəvi hərəkətdir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr