Keçən həftə Səudiyyə Ərəbistanı aralarında şiə azlıqların dini liderlərindən Ayətullah Nəmr Bəkir ən Nəmrin də olduğu 47 nəfəri edam etdiyini açıqladı. İran uzun müddətdir şiə Ayətullahın edamının qarşısını almağa çalışırdı, ancaq cəhdləri nəticə vermədi. Edam şiələrdə böyük qəzəb doğurduğuna görə kütlələr nəzarətdən çıxdılar. Səudiyyə Ərəbistanının Tehran və Məşhəd şəhərlərindəki binaları hücuma məruz qaldı, yandırıldı. Müsəlman dünyasının iki böyük gücü - iki köklü müsəlman dövlət arasında ağır gərginlik meydana gəldi. Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı, vətəndaşlarının İrana getməsini qadağan etdi. Son olaraq da İranla bütün ticarət əlaqələrini dondurduğunu açıqladı.
Bu prosesdə İran tərəfindən gərginliyi azaltmaq məqsədilə ardıcıl addımlar atıldı. Prezident Həsən Ruhani bölgədəki bütün ölkələrlə qardaşlıq, dostluq və yaxşı münasibətlər istədiklərini dedi. İran məhkəmələrini Səudiyyə Ərəbistanı səfirliyinə hücum edən cinayətkarları məhkum etməyə çağırdı. Xarici işlər naziri Cavad Zərif isə İranın bölgədə yeni gərginlik istəmədiyini və bölgə ölkələrinin xüsusilə terrora qarşı birləşməsini irəli sürdü. Səudiyyə Ərəbistanı uzun müddətdir edamı təxirə salmışdı. Əslində edamı dayandırmalı və ya ömürlük həbs cəzası verməli idi.
Bu gün iki ölkə arasında qarşılıqlı qəzəb alovlanıb. İnsanlar təmkinlərini itiriblər. Bu qəzəb hər iki ölkəyə bərpa edilməsi çətin olan zərərlər verəcək. Şübhəsiz ki, hər iki tərəf də ziyan çəkib. Ancaq artıq olan olub, geriyə qayıdıb baş verənləri dəyişdirmək mümkün deyil. Bizim üzərimizə düşən baş verən hadisələrin xeyirli tərəflərini görməkdir. Münaqişələrin miqyasını böyüdüb bölgəni daha da qarışdırmağın müsəlmanlara faydası yoxdur.
İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Rusiya qürurlu, millətçi ölkələrdir. Görünür ki, dünya dərin dövlətləri bu xüsusiyyətimizi bizim əleyhimizdə istifadə edir. Məlum olduğu kimi, buna bənzər gərginlik Türkiyə və Rusiya arasında da baş verib. Bu tələyə düşməməyin yolu məsələyə soyuqqanlı yanaşmaqdır. Bu gərginliklər asanlıqla bir-iki ay dondurula bilər. Tərəflər 40 gün sonra görüşüb məsələni yenidən dəyərləndirə bilərlər. Hələ hadisələr yeni başlamış ikən tələsik verilən qərarlar çox təhlükəli olar. Peyğəmbərimiz (səv) qəzəbləndikdə dərhal dəstəmaz almağı, namaz qılmağı tövsiyə edir. “Ali-İmran” surəsinin 134-cü ayəsində uca Allah iman gətirənlərin qəzəblə imtahan olunduqlarını, ancaq qəzəblərini cilovlayaraq insanları bağışlayadıqlarını bildirir.
O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.
(Ali-İmran surəsi, 134)
Bəzi gizli dairələrdə yeni Yaxın Şərq xəritələri çəkilir, ölkələr məhv edilib yeni dövlətlər qurulur. Liviya, Suriya, İraq, Fələstin, Livan, Yəmən fiziki cəhətdən bölünmüş vəziyyətdədir. Misir, Əlcəzair, Tunis və İordaniya isə vətəndaş müharibələrinin astanasındadır. Buna bənzər parçalanma təhlükəsi İran və Səudiyyə Ərəbistanına da aiddir. Hər iki ölkənin vətənpərvərləri bu tələnin qarşısını almaq üçün var gücləri ilə mübarizə aparmalıdırlar.
Sünni, şiə, vəhabi olan bütün müsəlmanlar dünyada və axirətdə bir-birlərinin qardaşlarıdır. Allah birləşməyimizi, həmrəy hərəkət etməyimizi əmr edir. Sünni dünyası İranı təcrid etməməli, bağrına basmalıdır. İran da şiə-sünni ayrı-seçkiliyi etmədən bütün müsəlmanların himayədarı olmalıdır. Məzhəb təəssübkeşliyi müsəlmanların birləşməsinin qarşısında duran ən böyük maneədir. Şiələr sünnilərin, sünnilər də şiələrin düşməni deyil. Bir-iki radikalın sevgisizliyi bütün sünnilərə aid edilməməlidir. Səudiyyə Ərəbistanı da müsəlman məfhumunu dəqiqləşdirməlidir. “Lə İlahə İlləllah” deyən hər kəsi müsəlman qəbul etdiyini, bektaşiləri, ələviləri, şiələri qardaş hesab etdiyini bildirməlidir. Gərginlik davam etdiyi müddətcə sünni hakimiyyəti altındakı şiə azlıqlar və şiə hakimiyyəti altındakı sünnilər narahat olacaqlar. İranda 6 milyon sünni, Səudiyyə Ərəbistanında 4.5 milyon şiə yaşayır. Məzhəblərarası münaqişələr hər iki dövləti həm daxildən, həm də xaricdən gücdən salacaq. Bu münaqişənin uduzanı hər iki halda məsum müsəlmanlar olacaq.
İraq və Rusiya Səudiyyə Ərəbistanı-İran böhranının aradan qaldırılmasında vasitəçi olmağa könüllüdürlər. Türkiyə də bu məsələdə vasitəçi olmaq üçün ən uyğun ölkələrdəndir. Baş verənlər iki ölkəni deyil, bölgəni, hətta dünyanı yaxından əlaqələndirir. Yaxın Şərqdə qaynar müharibə gedir. İki ölkə arasında münaqişənin qızışdırılması dünyanı daha təhlükəli vəziyyətə salacaq. Dünya neft ehtiyatlarının 25%-i bu iki ölkənin torpaqlarındadır. İxtilafın təsiri dünya siyasəti qədər iqtisadiyyatına da təsir edəcək. Suriya və İraqda sülhün və asayişin bərpa edilməsi üçün hər iki ölkənin həmrəyliyinə ehtiyac var. Gərginliyin artması sülhü gecikdirəcək. Bu da daha çox beynəlxalq terror, daha çox qaçqın, daha çox məsum qanı deməkdir.
Gərginliyi sakitləşdirməyə ABŞ, Avropa İttifaqı və ya Rusiyanın təkbaşına gücü çatmayacağı aydındır. Müsəlmanların fəal dəstəyinə ehtiyac var. Bu müharibənin qarşısını almaq fərzdir, Allah bizə möminlərin arasını düzəltməyimizi əmr edir. Müsəlmanlar münaqişənin tərəfdarı olmalı deyil, sakitləşdirən olmalıdırlar. Hər iki tərəf təqvalı müsəlmandır. Bu fitnənin nəyə səbəb olacağını bu gündən təxmin etmək qeyri-mümkündür. Müsəlman alimlər hər kəsi və dünya müsəlmanlarını sülhə çağırmalıdırlar.
Nə edamları, nə də səfirliyə hücumları doğru hesab etmək mümkün deyil. Ancaq artıq olan olub və Allah bir xeyirlə bunlara icazə verib. Hər iki ölkənin rəhbərləri, öndə gedən ziyalıları, dini liderləri, ictimai xadimləri qəzəbi və müharibəni qızışdıran üslubdan çəkinməlidirlər. İslam dünyasının əsas ehtiyacı həmrəylik və birlikdir. Müsəlman liderlər bu barədə bir-birlərinə dəstək olmalıdırlar. Unutmaq olmaz ki, müsəlmanların bir-birləri ilə mübarizəsi ancaq şeytanı sevindirir. Möminlərə isə qardaşlarını barışdırmaq əmr edilmişdir. Allah ayədə belə bildirir:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Adnan Oktarın “Iran Daily”, “The Hans India” və “Riyadh Vision”da dərc olunan məqaləsi:
http://newspaper.iran-daily.com/Newspaper/Page/5262/3/49484/0
http://www.riyadhvision.com.sa/2016/01/20/iran-saudi-reconciliation-need-of-the-day/