Allah hz. Hudu Ad qövmünə elçi olaraq göndərmişdir. O da qövmünə Allah'ın göndərdiyi etibarlı bir elçi olduğunu, etdiyi təbliğ qarşılığında heç bir qarşılıq gözləmədiyini ifadə edərək insanları Allah’dan qorxub çəkinməyə çağırmışdır.
Əvvəlki elçilərdə olduğu kimi, qövmünə təbliğ edərkən hz. Huda da müxtəlif böhtanlar atılmışdır. Məsələn, qövmü hz. Hudun “ağılsız” olduğunu iddia etmişdir. Hz. Hud, bu çirkin böhtanı atan qövmünə qarşı əxlaqi üstünlüyünün göstəricisi olaraq son dərəcə alicənab və şəfqətli bir üslubla cavab vermişdir.
Hud dedi: ”Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.” (Əraf Surəsi, 67-68)
Hz. Hud qövmünə təbliğinin əvəzi üçün heç bir mükafat gözləmədiyini söyləmişdir.
Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız? (Hud Surəsi, 51)
Mən bunun müqabilində sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! (Şuəra Surəsi, 127)
Bu vaxta qədər bəhs edilən bütün elçilərin təbliğ edərək insanlardan heç bir mükafat gözləməməsi mömin xüsusiyyətlərindəndir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə birlikdə olursa olsun insanları Allah’ın bəyəndiyi əxlaqa çağırmaqla, onlara yaxınlaşmaqda olan hesab gününü xatırlatmaqla cavabdehlik daşıyır. Buna görə də heç kimdən mükafat gözləmir, yalnız vəzifəsini yaxşı şəkildə yerinə yetirməyi və Allah’ın özündən razı olmasını istəyir.
Qövmünü Allah’a qulluq etməyə çağırarkən, onları dəhşətli əzaba qarşı xəbərdar etmişdir
Hz. Hud da digər elçilər kimi qövmünə yalnız Allah’a qulluq etmələrini, əks halda əzaba düşmələrindən qorxduğunu söyləmişdir.
Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allah’dan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi. (Əhqaf Surəsi, 21)
Bundan başqa onlara dünya həyatında dəyər verdikləri şeylərin keçici olduğunu da xatırlatmışdır. Hz. Hudun bu mövzuda qövmünə etdiyi təbliğ ayədə belə bildirilmişdir:
Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? (Şuəra Surəsi, 128-129)
Bunun ardından da qövmünə Allah’dan qorxmalarını, Onun əmrlərini yerinə yetirmələrini, insanlara zorbaca davranmamalarını xatırlatmışdır. Əgər belə etsələr əzaba düşə biləcəklərini söyləyərək onları xəbərdar etmişdir:
(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı? Allah’dan qorxun və mənə itaət edin! Bildiyiniz nemətləri sizə verəndən qorxun. O sizə heyvanat və oğul-uşaq verdi, (üstəlik) bağlar və çeşmələr də əta etdi. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram.” (Şuəra surəsi, 130-135)
Hz. Hud qövmünə Allah’ın onlara verdiyi nemətləri xatırlatmışdır
Allah’ın insanlara verdiyi nemətlər Nəhl Surəsinin 18-ci ayəsində deyildiyi kimi, "ümumiləşdirsələr" belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insan bu nemətləri verənin Allah olduğunu və bunlar üçün Allah’a şükr etmələrini xatirlamazlar. Allah’ın, dilədiyi anda bunları geri ala biləcəyini də düşünməzlər. Buna görə Rəsullar getdikləri qövmlərə Allah’a yönəlib dönmələrini, sahib olduqları hər şeyin Allah’dan bir nemət olduğunu və bunlar üçün Ona şükr etmələrini xatırlatmışlar. Hz. Hud da qövmünə Allah’ın verdiyi nemətləri xatırlatmış, onları Ondan qorxub çəkinməyə çağırmışdır:
Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allah’ın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız.” (Əraf Surəsi, 69)
Hz. Hud qövmünü bundan başqa, Allah’dan bağışlanma diləməyə də dəvət etmişdir və Allah’a sığınıb tövbə etsələr, buna qarşılıq Allah’ın üzərlərindəki nemətləri artıracağını xəbər vermişdir:
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin.” (Hud Surəsi, 52)
Hz. Hud qövmünü cahillərdən olmamaları üçün xəbərdar etmişdir
Quranda keçən anlayışlardan biri olan "cahil" anlayışı din əxlaqını bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni, məsələn bir insan yüksək təhsil almış ola bilər, amma Allah’ı tanımırsa, Allah’ın kitabını bilmir və tətbiq etmirsə Qurana görə cahildir. İnsan, bir çox məlumata sahib olsa da, kim olduğunu, nə üçün yaradıldığını düşünmür, Yaradanı tanımır və Allah’ın ondan istədiklərini yerinə yetirmirsə cahillər arasındadır.
Bu insanlardan soruşduqda çox vaxt dinə tabe olduqlarını söyləyirlər. Halbuki onların nəzərdə tutduqları din, atalarından gördükləri, ətraflarındakı şəxslərdən öyrəndikləri cahiliyyə dinindən başqa bir şey deyil. Bu dinin Allah’ın kitabı ilə heç bir əlaqəsi yoxdur.
Allah’ın Quranda bildirdiyi kimi, tarix boyunca rəsullar, belə cahil qövümlərə haqq dini izah etmişlər. Ancaq bu qövümlərin çoxu vicdani olaraq doğrunu gördükləri halda içində olduqları cəhalətdən xilas olmaq istəmirdilər. Xəbərdarlıqlara baxmayaraq çox az insan istisna olmaqla öz batil dinlərini müdafiə etməyə davam edirdilər.
Hz. Hudun qövmü də, alışdıqları cahiliyyə sistemini buraxıb elçiyə tabe olmağı rədd etmişdilər. Buna görə də hz. Hud qövmünə bu vəziyyətin cahillik olduğunu belə xatırlatmışdır:
(Hud) dedi: “(Bu haqda) bilgi ancaq Allah’a məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm.” (Əhqaf Surəsi, 23)
Hz. Hud, qövmünün inkarçılarına onlardan qorxmadığını və Allah’a təvəkkül etdiyini bildirmişdir
Bütün bu çağırışlara baxmayaraq qövmü hz. Huda qarşı gəlmiş, onun çağırdığı yola tabe olmağı qəbul etməmişdilər. Tarix boyunca bütün inkarçıların etdiyi kimi, onlar da peyğəmbərlərindən möcüzə istədiklərini, əks halda iman etməyəcəklərini söyləyirdilər:
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq. (Hud surəsi, 53)
Bundan sonra hz. Hud onların Allah’a şirk qoşmalarından uzaq olduğunu, quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:
Biz ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allah’ı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. (Hud Surəsi, 54-55)
Hz. Hud Allah’ın seçdiyi peyğəmbər olaraq hər şeyi Allah’ın yaratdığını və Allah’ın səmimi qullarını qoruyacağını bilirdi. Buna görə də böhtanların, qurulan tələlərin boşa çıxacağından əmin şəkildə Allah’a qarşı olan etibarını belə dilə gətirmişdir:
Mən, Rəbbim və Rəbbiniz olan Allah’a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud Surəsi, 56)