El arasında qısa və müvəqqəti dünya həyatı haqqında bəzi ifadələr var: “ölümlü dünya”, “üç günlük dünya”, “fani dünya”. Bu qəlibləşmiş sözlər, əslində, insanların səmimi fikirlərini əks etdirmir. Bu cür sözlər cəmiyyətdə bir ənənə kimi, insanların öz aralarında etdiyi söhbət və hətta zarafat mövzusudur. Belə ki, bu qədər mühüm mövzunun ardınca dərhal dünya ilə bağlı planlara başlayırlar. Məsələn, “ölümlü dünya”, “dünyaya bir dəfə gəldik” sözlərinin ardınca “təbii ki, dünyadan bacardıqca çox zövq almaq lazımdır” şəklində dayaz məntiq irəli sürürlər. Halbuki həyatın qısa olması, ölümlü olmaq və dünyaya bir dəfə gəlmək hər bir insan üçün mühüm həqiqətlərdən biridir.
Heç düşünmüsünüz ki, 70 yaşlı insan keçmişə dair nələr fikirləşir?
Bu insan kim olsa da, yaşadığı 70-80 ilin necə keçdiyini anlamadığını düşünür. Hətta özündən soruşsanız: “Bir göz qırpımında keçdi, heç nə anlamadım”, - deyər.
20 yaşında olarkən bəlkə o da yaşlanacağını heç düşünməmişdi. Ancaq hal-hazırda çox uzaq gördüyü o dövrdədir və bu anı uzaq görməklə nə qədər yanıldığını anlamışdır.
Həyatı boyu etdiklərini yazmağını və ya danışmağını xahiş etsəniz, ən çox bir dəftəri doldura bilər və ya beş-altı saat danışa bilər. “70 il” dediyi müddət bu qədərdir...
Bu düşüncələrlə yaşayan insanın ağlında bəzi mühüm suallar var:
- Bir göz qırpımında keçib-gedən bu həyatın məqsədi nədir?
- Mən bu 70 ili nə üçün yaşamışam?
- Bəs bundan sonra nə olacaq?
Yuxarıdakı suallara bir-birindən fərqli cavablar verən iki cür insan qrupu var. Bunlardan biri Allaha inanmayan, digəri isə könüldən səmimi imanla Allaha bağlanan insanlardır.
Boş məqsəd üçün yaşayanlar
Böyük ehtimalla, yuxarıdakı suallar haqqında belə düşünər: “Həyatım bu günə qədər boş məqsəd uğrunda keçib getdi. 70 il yaşadım, ancaq nə üçün yaşadığımı heç anlaya bilmədim. Əvvəlcə: “Atam-anam üçün yaşayıram”, - dedim, sonra həyat yoldaşım, sonra uşaqlarım... İndi isə ölüm yaxınlaşıb. Öləcəyəm və bu dünyadan yox olub gedəcəyəm. Sonra? Sonra nə olacağını bilmirəm, ancaq hər halda, hər şey bitəcək!”
Bu insanın düşdüyü boşluğun səbəbi bütün kainatın, canlıların və insanların müəyyən məqsədi olduğunu qavramamasıdır. Bu məqsəd bütün bu varlıqların yaradıldığından qaynaqlanır. Ağıllı insan kainatın hər yerində və canlılarda böyük plan, nizam və ağıl olduğunu görər və bunları üstün ağıl sahibi Yaradanın yaratdığını anlayar. Bunlar yaradıldıqlarına, təsadüfən və şüursuz proseslə əmələ gəlmədiyinə görə, mütləq bir məqsədi var. Bu məqsəd isə bizə üstün Yaradanın, yəni Allahın yol göstərici kimi nazil etdiyi Quranda bildirilir.
Bu həqiqətləri nəzərə alan və Allaha iman gətirən insan yuxarıdakı suallara doğru cavab verib belə deyər: “Məni hər şeyin sahibi olan Allah yaradıb və bu dünyaya göndərib. Dünyada olduğum müddətdə məni yaradan Allaha qulluq etməklə əmr olunmuşam və bunu ən gözəl şəkildə edib-etməməklə sınanmışam. Dünyanın çox qısa olduğunu, bir göz qırpımında keçəcəyini bilirdim. Ona görə də Allaha qulluq etmişəm, dünya həyatının müvəqqəti bər-bəzəyinə aldanmamışam. Sonra? Həyatım boyu yaxşı işlər görmüşəm və Allahın razılığını qazanmağa çalışdığım üçün əbədi səadət yurdu olan cənnətə qovuşmağı ümid edirəm. Rəbbimə qovuşacağım günü səbirsizliklə gözləyirəm”.
Yuxarıda bəhs etdiyimiz iki insan arasındakı fərqi daha da dəqiqləşdirmək üçün bir cəhətə diqqət çəkməliyik: Allahın varlığını qəbul edən hər kəs həqiqi iman gətirməmişdir. Bu gün bir çox insan kainatı bir Yaradanın yaratdığını qəbul edir, ancaq bu həqiqətin onun həyatı üçün nə qədər böyük əhəmiyyəti olduğunu qavramır. İnsanların əksəriyyəti Allahın kainatı yaratdığını və daha sonra insanları özbaşına buraxdığını düşünür.
Bu yanlış inanca görə, insanların çoxu gündəlik həyatla onları yaradan Allah arasında əlaqə qura bilmir. Düşünürlər ki, bu dünyada yaşayacaq, öz prinsiplərinə əsasən, yaxşı işlər görəcək və öldükdən sonra əgər günahları varsa (!) bir müddət cəzalarını çəkib cənnətə gedəcəklər. Hətta əksəriyyəti bunu belə düşünmür, “bu dünyada yaşadığımız hər gün mənfəətdir, Allah nemət verib, dadını çıxaraq” şəklində Allahın nemətlərinin qədrini bilməyən cahil üslubla danışır və bu məntiqlə heç nə etmədən yaşayırlar.
Halbuki həqiqət çox fərqlidir...
Əslində isə, reallıq bu deyil. Allahı tanımayan və ya Onu unutmuş bütün insanlar çox yanılırlar. Qurandakı ifadə ilə desək: “Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər”. (Rum surəsi, 7)
Bu qafil insanlar dünya həyatının həqiqi üzünü və məqsədini qavramırlar. Müvəqqəti olduğunu, “bir göz qırpımında” bitəcəyini isə heç düşünmürlər. Bu həqiqəti ətrafımızda asanlıqla görə bilərik.
Halbuki həyatın qısa olması, ölüm, dünyaya bir dəfə gəlmək hər insan üçün mühüm həqiqətlərdəndir. Müəyyən yaşa qədər insan bu mühüm həqiqəti dərk etməyə bilər, ancaq bunu anladıqda dərhal bütün həyatını gözdən keçirməli və Allahın ondan istədiyi şəkildə yenidən həyatını qaydaya salmalıdır. Çünki həyat qısadır, ancaq insan ruhu, Allahın istəyi ilə, əbədi yaşayacaq. Əbədiyyətlə müqayisədə 3-5 günlük həyatın heç bir dəyəri yoxdur. Dünyada bir az zövq almaq üçün sonsuz həyatı fəda etmək, şübhəsiz ki, ağılsızlıqdır.
Ancaq bu həqiqəti qavramayan inkarçılar bütün ömürlərini Allahı unudaraq boş məqsədlər üçün sərf edirlər. Əslində, heç bu boş məqsədlərinə də çatmırlar. Heç nədən məmnun qalmayaraq yaşayır və hər an bir az artığını arzulayırlar. Həmin şeyə nail olduqda daha artığını arzulayır və təmin olunmayan bu istəklərlə ölənə qədər yaşayırlar. Arzuladıqları gözəllik və zənginliyiə dünyada qovuşmaları qeyri-mümkündür. Çünki həmişə əldə etdiklərindən daha yaxşısı qarşılarına çıxacaq.
Labüd reallıq: ölüm
Daha gözəlini və yaxşısını axtarmaq... Buna nail olduqda əvvəlkinin əhəmiyyətinin qalmaması... Bir müddət sonra, yeninin də köhnəlməsi. İnsanların tarix boyu yaşadığı həyat budur. Ağıllı insan dünyaya aludə olmağın heç bir fayda vermədiyini anlamalı və: “Bu düşüncə tərzinin kökündə problem var”, - deyə düşünməlidir. Lakin insanların əksəriyyəti ağılsızlıqla əsla nail ola bilməyəcəkləri xəyalların ardınca qaçmağa davam edirlər.
Halbuki heç kim növbəti anını zəmanət altına ala bilməz. Qəzaya düşmək, yaralanmaq, şikəst qalmaq və ya ölmək çox asandır və adi səbəblərdən asılıdır. Ölümü hər an xatırlayan insan isə torpağın altında nə mal-mülkün, nə də ətrafındakı insanların heç bir dəyərinin olmayacağını açıq-aşkar görər. Varlı və ya kasıb, gözəl və ya çirkin hər insan bir neçə m