Çox az neft ehtiyatına malikdir, təbii qazı isə ümumiyyətlə yoxdur. Bu çatışmayan cəhət Türkiyənin dünya enerji sektorunda mühüm mövqeyə yiyələnməsinə mane olmadı. Beynəlxalq münasibətləri və strateji mövqeyi Türkiyənin dünyanın ən mühüm enerji layihələrinin mərkəzində dayanmağına səbəb oldu.
Ukraynada baş verən qarışıqlıqlar Türkiyənin mövqeyini daha da gücləndirdi. Avropanın enerji ehtiyacı Ukraynadan keçən boru kəmərləri və Rusiyanın təbii qazı vasitəsi ilə ödənilir. Rusiya ilə Ukrayna arasındakı hətta müharibə həddinə çatan gərginlik bu xəttin təhlükəsizliyini, davamlılığını risk altında qoyur. Müharibə təhlükəsi ortadan qalxsa belə, Ukraynanın aldığı təbii qazın pulunu ödəyə bilməmə ehtimalı Rusiyanın bu ölkəyə təbii qaz ixracını hər an dayandıra bilər. Sabit və güclü, həm Avropaya, həm də Rusiyaya yaxın bir ölkə olan Türkiyə bu şəraitdə Ukrayna üçün ən uyğun seçimdir.
Şimali İraqla Bağdaddakı mərkəzi hökumət arasındakı səlahiyyət və büdcə müzakirələri də Türkiyənin lehinə nəticələnir. Şimali İraq neft ixracı ilə gəlir əldə etmək istəyir. Bunun üçün ən müvafiq marşrut Türkiyəyə uzanan boru xətləridir. Suriyada vətəndaş müharibəsi gedir. Cənuba, yəni Bəsrə körfəzinə yönəlmək isə həm bahalı, həm də təhlükəsizlik baxımından risklidir. İrana yönəlmək isə bu ölkənin qərbə uzaqlığı və embarqoları səbəbindən təhlükəli addım olar. Bu vəziyyətdə Şimali İraq, hətta İraq mərkəzi hakimiyyəti üçün ən yaxşı alternativ Türkiyədir.
Türkiyənin adı hallanan digər enerji layihəsi isə Kiprlə bağlıdır. Adanın cənubunda "12-ci parseldə Afrodita" adlı zəngin təbii qaz yataqları mövcuddur. Bu qazın ixracı və satışı nəticəsində rumlar asanlıqla iqtisadi böhrandan xilas ola bilərlər. Ancaq təbii qazın nəqli böyük problemdir. Belə ki, qaz boru xətti ilə Krit və Yunanıstandan keçərək Avropaya ixrac oluna bilər. Ancaq belə bir layihənin həyata keçirilməsi külli miqdarda vəsait tələb edir və yunanların buna gücü çatmır. Daha asan və münasib yol isə qazın Şərqi Aralıq dənizi və Türkiyə üzərindən Avropaya ixracıdır.
Türkiyənin qazın ixarcında rolunu labüdləşdirən digər təbii qaz yatağı isə İsrailin “Leviathan” dəniz bölgəsində yerləşir. İsrail təbii qazı mayeləşdirib tankerlərlə də sata bilər. Ancaq bu tankerlərin təhlükəsizliyini təmin etmək baha başa gəlir. Digər tərəfdən Livan Hizbullahı İsraili Livanın təbii qazını oğurlamaqda günahlandırır. Buna görə də yola düşən tankerlərin hücuma məruz qalma ehtimalı olduqca yüksəkdir. İsrailin dəniz qüvvələri hava və quru qüvvələrinə nisbətən çox zəifdir.
İsrail donanmasının Planlama naziri İlan Lavi təbii qazın tankerlərlə daşınmasının İsrail donanmasına 700 milyon dollara başa gələcəyini, eyni zamanda da hər il əlavə 100 milyon dollar vəsait tələb edəcəyini bildirmişdir. Belə olduqda həm Cənubi Kipr, həm də İsrail üçün ən uyğun marşrut Kipr-Türkiyə boru xəttidir. Bu xəttin xərcləri dörddə bir nisbətində azaldacağı güman edilir. Layihəni həyata keçirmək üçün Kiprdə sülh və birliyin bərqərar olunması əsas şərtdir.
Azərbaycanın Şahdəniz-2 hövzəsindən çıxarılacaq təbii qaz Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi və Trans-Adriatik Boru Kəməri (TAP) ilə əlaqədar son investisiya razılaşmaları dünən Azərbaycanda təntənəli surətdə imzalandı. Beləliklə 35 milyard dollarlıq investisiya ilə dünyanın ən böyük enerji layihəsində tikinti prosesi də başlamış oldu.
Bununla yanaşı Türkiyədə mövcud Bakı-Tbilisi-Ceyhan (BTC), Cənubi Qafqaz (SCP), Kərkük-Yumurtalıq və Mavi Axın boru xətləri böyük strateji əhəmiyyətə malikdir.
Bütün bu layihələr Türkiyəyə və bölgəyə necə təsir edəcək? Hər şeydən əvvəl istər TAP və TANAP, istərsə də digər layihələrin reallaşması bölgədəki dövlətlərin təhlükəsizlik və stabilliyə qovuşmasına səbəb olacaq. Boru xətlərinin keçdiyi ölkələr Ukraynanı nümunə götürərək sülhün qorunub saxlanmasında daha ciddi səy göstərəcəklər. Kipr Rum Respublikası, İsrail və Türkiyə aralarındakı anlaşılmazlıqları aradan qaldırıb uzlaşmaq məcburiyyətində qalacaq.
Bu layihələrin digər cəhəti isə beynəlxalq arenada Türkiyənin əhəmiyyətini və gücünü artırması olacaq. Bölgədə sabitliyini qoruyan, demokratiyasını gücləndirmiş, qərbə yaxın olan Türkiyənin Yaxın Şərqə müsbət təsir göstərəcəyi şübhəsizdir.
Bəzi qarşıdurmaların səbəbi kimi görünsə də, Türkiyə üzərindən keçən boru xətləri yaxın gələcəkdə Yaxın Şərqə sülh, əmin-amanlıq və dinclik gətirmək üçün böyük fürsət ola bilər.
Adnan Oktarın "MBC Times"-da nəşr olunan məqaləsi:
http://www.mbctimes.com/english/turkey-a-country-at-the-center-of-energy-corridors