Discovery Science TV kanalında üzvi molekulların mənbəyi kimi kosmos göstərilərkən həyatın mənbəyinin da başqa planetlər ola biləcəyi iddiasına yer verildi. Bu yazımızda sözügedən kimyəvi maddələrin mövcudluğunun həyat mənasına gəlməyəcəyi üzərində dayanacaq, həyatın mənşəyini izah etməkdən uzaq olan təkamülə dair bir təhrifi daha nümayiş etdirəcəyik.
Kosmosda karbohidrata bənzəyən kimyəvi maddələrin olması nə mənaya gəlir?
Kimyəvi maddələr kainatın hər yerində yarana bilər. Xüsusilə böyük ulduzlar və dumanlıqlar (nebulalar) ağır metalların əmələ gələ bildiyi yüksək enerjiyə malik xüsusi şəraitlərdir. Kosmosda toz və qaz buludları da var. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxırlar. Təkamülçülər “həyat kosmosdan gəldi” iddiasına əsas kimi bu faktı istifadə edirlər.
Yüksək enerjili ulduzlar və dumanlıqlar (nebulalar) canlılarda da istifadə olunan molekulların təbii mənbəyidir. Bu molekulların meteoritlərlə Yerə daşınması isə təbii bir prosesdir. 1969-cı ildə Avstraliyaya düşən Merçison (Murchison) meteoriti tədqiq olunarkən üzərində bir çox kimyəvi maddə müəyyən olunmuşdur. Bunlar arasında karbohidrata bənzəyən sadə kimyəvi maddələr də tapılmışdır. Ancaq “poliol” kimi səciyyələndirilən bu kimyəvi maddələr canlı orqanizmlərin varlığına işarə etmir. Poliol kimyəvi maddələri, hər nə qədər “şəkər spirtləri'' adlandırılsalar da bildiyimiz halda şəkər və ya spirt ehtiva etməzlər.
Merçison meteoriti üzərində araşdırmalar aparan Dr. Corc Kuper (George Cooper) və həmkarları kiçik bir karbohidrat molekulu olan dihidroksiaseton ilə birlikdə yağ molekulu kimi tanınan qliserola da rast gəlmişdirlər.1 Ancaq, bunların canlı orqanizmlərə işarə etdiyini iddia etmək mümkün deyil. Çünki bu sadə molekulların formaldehiddən süni olaraq sintezlənə biləcəyi 1861-ci ildə Aleksandr Butlerov tərəfindən göstərilmişdir.2
Planetlər arası boşluqda formaldehid buludlarının mövcudluğu astronomik bir tapıntıdır. Formoz reaksiyası olaraq adlandırılan bir mexanizmə görə, kosmosda yüksək enerjili formaldehiddən ibarət molekulyar qaz buludları bir əsas və metal atomu ilə kataliz edildikdə həmin karbohidrata bənzər molekullar əmələ gələ bilər.
Canlılar üçün tək başına zəhərli qaz olan formaldehid isə həyat mənşəli deyil. Formaldehid, hər nə qədər üzvi bir molekul olaraq adlandırılsa da, kosmosda olan karbon-monoksid buzları hidrogen atomları ilə reaksiyaya girdikdə ortaya çıxan zəhərli kimyəvi maddədir.
H + CO → HCO, HCO + H → CH2O
Breslou da 1959-cu ildə formoza reaksiyasına aid ətraflı mərhələlər ortaya çıxarmışdır. Buna görə bu zəncirvarı reaksiyadakı keçid məhsullar qlikolaldehid, qliseraldehid, dihidroksiaseton və tetroza karbohidratlarıdır.3
Formoz reaksiyasında ilk olaraq 2 formaldehid molekulu kəskinləşərək Qlikolaldehid formalaşdırır (1), sonra aldol reaksiyası ilə Qliseraldehid meydana gəlir(2). Aldoza-ketoza izomerləşməsi ilə 2 Dihidroksiaseton (3), bu da 1-ci mərhələ ilə təsirə girərək Ribuloza (4), sonra yenə təkrar izomerləşmə ilə Riboza (5) yaranır. 3 nömrəli molekul formaldehid ilə təkrar reaksiyaya girərək Tetruloza (6) və daha sonra da Aldol-tetroza (7) yaranır.
Göründüyü kimi, sözü gedən molekullar canlıların olmadığı, cansız vəziyyətdə molekulların bir-birilə elektron mübadiləsi nəticəsində ortaya çıxan cansız birləşmələrdir. Bunların arasında riboza karbohidratı da var. Hansı ki, bu hal sırf canlılarda RNT-nin quruluşunda da var deyə “RNT kosmosdan gəlib” deyə şərh oluna bilməz.
Təbii ki, digər ulduzlar və qalaktikalar yer üzündəki bir çox kimyəvi elementin mənbəyidir. Lakin planetimiz digər göy cisimlərindən fərqli olaraq bu cansız molekulların canlı orqanizmlər içində həyat tapdığı xüsusi yerdir.
Meteoritdə aminturşuların olması nə deməkdir?
Merçison meteoriti maraqlı digər bir təsbitə də imkan yaratdı. Bu meteoritin tərkibində müxtəlif turşulara da rast gəlindi. Çünki meteoritin tərkibindəki aminturşular laboratoriya şəraitindəki molekulların reaksiya girməsi ilə əldə edilə bilən aminturşuların eynisidir. Xüsusi qapalı vakuum şəraitində metan, azot, su və ammonyak molekullarına elektrik verildikdə əmələ gələn bütün kimyəvi maddələr eyni şəkildə bu meteoritdə də mövcuddur. Belə ki, həm meteoritdə, həm də laboratoriyada əldə edilən turşu qarışığı rasemat qarışıq olub, bərabər miqdarda L- və D-izomer aminturşulardan ibarətdir.4 Canlıların quruluşu məhz L-izomer aminturşuların varlığına söykəndiyindən, sözü gedən aminturşuların canlı orqanizmlər tərəfindən istifadə edilməsi qeyri-mümkündür.
Bundan başqa və ən vacib bir məqam var ki, təkcə aminturşuların varlığı canlı həyat mənasına gəlmir. Aminturşular nano-maşınlar olan zülalların təməl maddəsi olan kimyəvi maddələrdir. Canlı orqanizmlərdə bu aminturşular da öz aralarında seçilməyə məruz qalmalıdır. Zülalların sintezində istifadə edilən aminturşular hər zaman L-izomer olmaq məcburiyyətindədir. Onların içində D-izomer aminturşularına qətiyyən yer yoxdur. Zülalların sintezi bu baxımdan səhv qəbul etməyən bir prosesdir. Zülallarda istifadə edilən aminturşuların yalnız L-izomer olması bu gün hələ də tam olaraq aydın olmayan çox həssas atomar incəlikdir. Bununla yanaşı, bir zülalın istehsalı yüz ədəd başqa zülalın varlığına bağlıdır. Bu zülalların köməyi olmadan aminturşuların birləşib zülalları meydana gətirməsi mümkün deyil. Zülal istehsalı üçün DNT-dəki şifrə və bir zavod olaraq ribosom lazımdır. Ribosom, onsuz da, zülal və RNT-dən ibarətdir. Buna görə də, zülalları təşkil edən zavodun da zülallardan əmələ gəlməsi həqiqəti darvinistlərin meteorit nəzəriyyəsini tamamilə alt-üst edir. Ribosomdakı zülal istehsalı zamanı aminturşular genetik kodlarla müəyyən olunmuş sıraya görə seçilib bir-birilərinə bağlanır. Nəticə etibarilə, DNT-si, zülalları və bütün orqanoidləri ilə bütöv və qüsursuz hüceyrə olmadan həyatdan danışmaq mümkün deyil.
Meteoritlə bir aminturşu molekulunun dünyaya gəldiyi fərz edilsə belə, bu molekul mühitdəki karbohidratlar və olduqca dağıdıcı xüsusiyyətdəki sərbəst radikallara bağlanaraq yox olub gedəcək.
Hüceyrədən əvvəl “proto-hüceyrə” iddiası
Təkamülçülər də fərqindədirlər ki, aminturşuları bir-birilə birləşdirən peptid rabitələr Günəşdən gələn ultrabənövşəyi şüalara məruz qalmamalıdır. Bunun üçün darvinistlər xəyali ilk hüceyrənin Günəşdən uzaq, qorunaqlı, amma kifayət qədər də enerji ehtiva edən şəraitdə yarandığını uydururlar. Bu səbəbdən okeanların dərinliklərindəki geotermal isti su mənbələrinin (geotermal qələvi bacalar) əlverişli mühit olduğuna inanırlar. Digər bir izahda isə, hüceyrələr üçün sığınacaq kimi səthdə olan, Günəşdən uzaq olub kölgədə qala bilmiş geotermal hovuzlar təsvir edilir. Bu uydurmaya görə, “sərbəst yağ molekulları” birləşərək qabarcıqlar meydana gətirmiş, beləliklə, ilk “proto-hüceyrələr” yaranmışdır.
Ancaq burada unudulan –ya da qəsdən etinasız yanaşılan– fundamental bir həqiqət var. Yağ molekullarının mənbəyi hər zaman ancaq və ancaq canlı hüceyrədir. Yağ təbiətdə özbaşına meydana gəlmir, yalnız canlı hüceyrədəki zülallar tərəfindən istehsal oluna bilər. Hüceyrə qılafını təşkil edən fosfolipidlər, hüceyrədə endoplazmatik şəbəkəyə bitişik sitozolda istehsal olunur. İstehsalı üçün isə onlarla xüsusi zülala ehtiyac var. Bunlardan bəziləri QFAT və LFTAT asiltransferazaları, fosfataza, xolin-fosfotransferaza, flippaza və floppazadır. Yer kürəsindəki yağ molekullarının mənbəyi ilk olaraq dəniz yosunları, daha sonra quru bitkiləri olmuşdur. Yağ molekullarını qeyri-üzvi, sadə kimyəvi maddələr kimi qiymətləndirmək çox yanlış olar. Göründüyü kimi, yağ molekulları üçün də, əvvəlcə, zülallara və zülalların fəaliyyət göstərə biləcəyi canlı hüceyrəsinə ehtiyac var.
Həyat kosmosdan gəldi iddiası
Xəyali təkamül mexanizmlərinin əsassız olduğu bir-bir üzə çıxdıqca təkamülçülər çarəni çox uzaqlarda, kosmosda axtarırlar. “Həyat ilk dəfə kosmosda başladı” ritorikası “həyatın öz-özünə başladığı” yalanının elmi olaraq məhv edilməsindən sonra ortaya atılan başqa yalandır. Dəlillərə və ya kəşflərə əsaslanan açıqlama deyil. Darvinistlərin “panspermiya” adlandırdıqları bu iddia ilk hüceyrələrin kosmosdan gəldiyini, “kosmik nəqliyyat” adlandırılan meteoritlərin yer səthini bu orqanizmlərlə bombardman etdiyini izah edir. Yenə bu nağıla görə, həyat əvvəlcə Marsda başlamış, Mars səthinə enən şiddətli zərbə içi bakteriya ilə dolu qayaları kosmosa atmış, o qayalar da meteoritlər şəklində həyatı Yerə daşımışdır!
Meteoritlərlə həyatın dünyaya daşındığı nağılının heç bir elmi dəyər daşımadığını əvvəlki başlıq altında izah etmişdik. Bundan başqa, biz darvinistlərdən başqa elmi cavab və izahlar gözləyirik. Biz təkamülçü alimlərdən cansız kimyəvi maddələrin kainatın harasında olursa olsun, hansı mexanizmlə canlandığını dəlilləri ilə ortaya qoymalarını gözləyirik. Ancaq buna dair hər hansı bir elmi açıqlama verilmir. Onsuz da, verilməsi mümkün deyil. Bu cür bəyanatlar ancaq təkamülçülərin fantaziyasını göstərir. Müşahidə və eksperimentə əsaslanmalı olduğu halda, elmdən uzaq olan bu iddialar ancaq vaxt qazanma məqsədi daşıyıb, süquta gedən təkamül nəzəriyyəsini ayaq üstə saxlamaq cəhdidir. Bunlar əyləncəli nağıllardan başqa bir şey deyil.
Sənədli filmin son hissəsində isə belə etirafa yer verilmişdir:
“Həyatın Marsda da ilk dəfə necə ortaya çıxdığını bilmirik, yəni ilk sual yenə də cavabsız qalır. Həyat necə başladı? Hazırda həyatın kosmosdanmı gəldiyini, yoxsa dünya okeanlarının dərinliklərindəmi başladığını bilmirik”.
Nəticə
Həyat ancaq həyatdan gəlir. Cansız maddələr milyonlarla il də keçsə öz-özlərinə bir yerə gəlib canlı hüceyrə meydana gətirə bilməz. Dünya isə bu kimyəvi birləşmələrə can verilmiş planetdir. Həyat o atomları və molekulları hərəkət etdirib idarə edən, sonsuz güc sahibi uca Allahın yaratması ilə meydana gəlir. Nə qədər ki, bu həqiqəti görməyi rədd edirlər, darvinistlərin bu yumoristik izahatları daim onları gözdən salmağa davam edəcək.
Rəbbimiz ayələrdə bu şəkildə bildirir:
Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz. (Ənam surəsi, 1-2)
Mənbələr:
1. https://science.nasa.gov/science-news/science-at-nasa/2001/ast20dec_1
2. A. Boutlerow, “Formation synthétique d'une substance sucrée” Comptes rendus 53: 145-147. Reprinted in German as: Butlerow, A., 1861
3. Breslow, R. (1959). “On the Mechanism of the Formose Reaction”. Tetrahedron Letters. 1 (21): 22–26
4. Miller SL. et al, Nonprotein amino acids from spark discharges and their comparison with the murchison meteorite amino acids, Proc Natl Acad Sci U S A. 1972 Apr;69(4):809-11