Canlılar yaşamaq, qidalanmaq və qorunmaq üçün müxtəlif xüsusiyyətlərlə yaradılmışlar. Onlara məxsus olan xüsusiyyətlərdən biri də özlərini gizləmə sənətidir, yəni kamuflyajdır. Ağıl və sənət əsəri olan kamuflyaj, həm də döyüş strategiyasıdır. İnsanlar tarix boyu döyüşlərdə bu üsulla özlərini və təchizatlarını gizlətmiş və müvəffəqiyyət qazanmışlar. Bu döyüş taktikası ağıl, təlim, bacarıq və təcrübə tələb edir. Beləliklə, hər insanın bacaracağı üsul deyil.
Halbuki bir çox canlı çox yaxşı kamuflyaj olunur. Üstəlik bunu insanlarla müqayisə olunmayacaq dərəcədə ustalıqla yerinə yetirir. Canlılar kamuflyaj üçün bəzən bədənlərinin rəngini və ya formasını dəyişdirir, bəzən sadəcə uyğun yerdə dayanır, bəzən də qoxudan istifadə edirlər.
Cənubi Amerikada yaşayan sarı zolaqlı kiçik Amazon qurbağası qoxu kamuflyajından istifadə edən canlılardan biridir.
Sarı zolaqlı Amazon qurbağasının qoxu kamuflyajının sirri açıldı
Braziliya Amazon Araşdırmaları Beynəlxalq İnstitutunun professoru Andre Barros tədqiqat apararaq sarı zolaqlı kiçik Amazon qurbağası ilə yarpaq kəsən qarışqalar arasındakı əlaqənin sirrini açmışdır. Bu araşdırma “Behavioral Ecology and Sociobiology” jurnalında dərc olunmuşdur.
Sarı zolaqlı Amazon qurbağası (Lithodytes lineatus) Cənubi Amerikanın Amazon ovalığında yaşayır. Bu qurbağa Atda qarışqaları arasında sülh şəraitində yaşayır, çoxalır və yuva qurur. Həm də qarışqaların hücumuna məruz qalmadan... Bəs qurbağa bunu necə bacarır?
Yarpaq kəsən qarışqalar koloniyanın digər üzvlərini tanımaq və onlarla xəbərləşmək üçün feromon kimi kimyəvi qoxudan istifadə edirlər. Tədqiqatçıların açıqlamasına görə, bu qurbağanın qarışqalar arasında rahat yaşamasının sirri qurbağa dərisinin buna bənzər kimyəvi maddə ilə örtülməsidir. Həmin kimyəvi maddə yarpaq kəsən qarışqaları aldadır və Amazon qurbağası onların arasında rahat yaşayır.
Tədqiqatçılar qoxu kamuflyajını sınaqdan keçirmək üçün iki təcrübə aparmışlar. Əvvəlcə, sarı zolaqlı Amazon qurbağasını və ona oxşar dörd qurbağa növünü 10 dəqiqə ərzində yarpaq kəsən qarışqalarla birlikdə şüşə qabın içərisində saxlamışlar. Sarı zolaqlı Amazon qurbağası qaçmamış, digər qurbağa növləri isə qarışqaların hücumuna məruz qaldıqları üçün tullanmağa və yuxarı dırmaşmağa çalışmışlar.
İkinci təcrübədə tədqiqatçılar Amazon ovalığında geniş yayılmış 20 ədəd Rhinella qurbağasından 10-nun üzərini sarı zolaqlı Amazon qurbağasının dəri konsentratı ilə, digər 10-nun üzərini isə adi su ilə örtmüş və müşahidə etməyə başlamışlar. Dəri konsentratı ilə örtülmüş 10 qurbağa hücuma məruz qalmamışlar. Adi su ilə örtülmüş digər qurbağalara isə qarışqalar hücum etmişlər.
Hər iki təcrübə ortaya çıxardı ki, sarı zolaqlı Amazon qurbağasının dərisi qarışqa hücumlarından qorunmaq üçün kimyəvi maddə ilə örtülmüşdür. Bu, qarışqalar və qurbağaların bir yerdə problemsiz yaşamasının səbəbini açıq şəkildə izah edirdi. Bu kimyəvi maddələr səbəbindən qarışqalar həmin qurbağanı zərərsiz görürdülər. Bəs kamuflyaj qurbağaya nə üçün vacibdir? Əlbəttə ki, daha əlverişli şəraitdə yaşamaq üçün. Çünki qarışqa yuvaları qurbağanı sabit mikroiqlim və yüksək rütubətlə təmin edir. Bu da qurbağaların çoxalması və yumurtalarının inkişaf etməsi üçün vacibdir.
Aparılan tədqiqat qurbağaların qoxu kamuflyajının mükəmməl quruluşda olduğunu göstərmişdir. Şübhəsiz, qurbağa növünün qoxu kamuflyajını yaratması və özünü bu cür qoruması darvinizmin əsas fərziyyələrini çürüdür. Çünki Atda qarışqalarına aid qoxuların təhlili ancaq kimya laboratoriyasında analizlər nəticəsində əldə edilə bilər. Ağılı və şüuru olmayan qurbağanın heç bir kimyəvi təcrübə keçirmədən feromenləri bilib öz bədənində istehsal etməsi, bu qoxu sayəsində qarışqalar arasında rahat yaşayacağını dərk etməsi mümkün deyil. Bu canlıların göstərdikləri ağıllı davranışlar darvinizmin iddia etdiyi təsadüflərlə izah edilə bilməz. Təbiətdəki canlı-cansız bütün varlıqlar kimi, sarı zolaqlı Amazon qurbağasının bu xüsusiyyəti də Uca Rəbbimizin incəliklərlə yaratdığı qüsursuz sənətinin nümunəsidir. Belə ki, Uca Rəbbimiz bir Quran ayəsində canlılarda insanlar üçün açıq dəlillər olduğunu belə bildirmişdir:
"Sizin yaradılışınızda və (Allahın Yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 4)
ATDA QARIŞQALARININ QEYRİ-ADİ MÜDAFİƏ ÜSULLARI
Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri, demək olar ki, bütün günlərini yarpaq daşımaqla keçirirlər. Bu zaman onlar özlərini qoruya bilmirlər. Çünki onları qoruyan çənələri ilə yarpaq daşıyırlar. Bəs özlərini qoruya bilmədiklərinə görə onları kim qoruyur?
Yarpaq daşıyan işçi qarışqaların yanında daim kiçik boylu işçilər olur. Əvvəllər bunun adi hal olduğu düşünürdü. Ancaq sonralar araşdırmalar aparılmış, nəticədə ortaya təəccüb doğuran işbirliyi çıxmışdır.
Normal zamanlarda üzərlərinə qonmaq istəyən milçəkləri qayçıya bənzəyən iti çənələri ilə dərhal uzaqlaşdıran işçi qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Buna görə də müdafiə olunmaq üçün kiçik boylu işçi qarışqaları daşıdıqları yarpağın üzərində yerləşdirirlər. Kiçik qoruyucular milçəyin hücumu zamanı yarpağın üzərindən düşmənlə mübarizə aparırlar.
Mənbə:
Springer. (2016, October 20). Amazonian frog has its own ant repellent: Chemicals presented on skin allow tiny frog to live and breed unhindered among leaf-cutting ants. ScienceDaily. www.sciencedaily.com/releases/2016/10/161020102644.htm