Yer kürəsində və kainatda böyük uyğunluq var. Pəncərədən çölə nəzər saldıqda belə, bu uyğunluğun bir çox dəlili ilə qarşılaşırıq. Göy üzündəki buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz nizam və simmetriya var.
Təbiətə baxdıqda hər bitkinin və heyvanın özünəməxsus rəng və naxışlarının olduğunu görürük. Üstəlik, bu rəng və naxışların hər birinin canlılar üçün müxtəlif mənaları var. Cütləşməyə çağırma, qəzəb, təhlükədən xəbərdarlıq və bunun kimi bir çox məfhum heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.
Hər şeyin kortəbii təsadüflər nəticəsində əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi təbiətdəki sənət, rəng müxtəlifliyi və uyğunluğu açıqlaya bilmir. Təkamülçülərin canlılardakı dizaynı açıqlamaqda çarəsiz olduğunu nəzəriyyənin banisi olan Çarlz Darvin də etiraf etmişdir. Darvin canlılardakı rənglərin nə üçün xüsusi mənalarının olduğunu anlamadığını belə ifadə edir:
“Çətinlik çəkdiyim cəhət budur: nə üçün bəzi sürfələrin olduqca gözəl və estetik rəngləri var? Bəziləri təhlükələrdən qorunmaq üçün rənglənib. Sadəcə fiziki şərtlər üçün bu cür parlaq rənglərinin olmasını çətinliklə anlaya bilirəm... Əgər biri: “Erkək kəpənəklər cinsiyyət seçimi ilə gözəl görünüş almalarına baxmayaraq, nə üçün sürfələri qədər gözəl deyil?” -deyə soruşsa, necə cavab verərsən? Mən buna cavab verə bilmərəm...”1
Sürfələrin üstündəki naxış və rənglər təkamülün olmadığına dəlildir.
Çarlz Darvin başqa bir yazısında nəzəriyyəsinin ziddiyyətini belə ifadə edir:
“Parlaq rənglər, erkək balıqların kürt yatması, əlvan dişi kəpənəklər... bu gözəlliyin təbii seçmə yolu ilə əmələ gəldiyini düşünə bilmirəm”.2
Əlbəttə, təbiətdəki rənglərin, nizam və simmetriyanın təbii seçmə yolu ilə əmələ gəlməsi qeyri-mümkündür. Burada təkamülün irəli sürdüyü “təbii seçmə” məfhumunu təhlil etməkdə fayda vardır: məlum olduğu kimi, təbii seçmə təkamül nəzəriyyəsinin xəyali mexanizmlərindən biridir. Buna əsasən, təbiətdəki canlılardan yaşadığı mühitə ən yaxşı uyğunlaşanlar həyatda qalır, zəiflər və ətraf mühit şərtlərinə uyğunlaşmayanlar məhv olur. Təkamülçü iddiaya görə, bir canlı üçün faydalı olan dəyişiklik digər dəyişikliklərin arasından seçilərək canlıda həmişəlik qalır və bu yolla sonrakı nəslə ötürülür.
Belə bir mexanizmlə təbiətdəki canlıların rənglərinin, naxışlarının, naxışlarındakı simmetriyanın əmələ gəlməsi, əlbəttə, mümkün deyil. Bu, açıq-aydın həqiqətdir. Nəzəriyyənin banisi olmasına baxmayaraq, Darvin də xəyali təbii seçmə mexanizminin belə bir nizamı əmələ gətirə bilmədiyini etiraf etməli olmuşdur. Bundan başqa, C. Houks (J.Hawkes) “New York Times Magazine”də dərc olunan “Nine Tantalizing Mysteries of Nature” adlı məqaləsində təbii seçmənin mənasızlığını belə açıqlayır:
Quşların, balıqların, çiçəklərin və s. göz qamaşdıran gözəlliyin sadəcə təbii seçmə ilə əmələ gəldiyinə inana bilmirəm. Habelə, insan şüuru belə bir mexanizmin məhsulu ola bilərmi? Necə olur ki, sivilizasiya nemətlərinin yaradanı olan insan beyni, Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimiləri ölümsüzləşdirən yaradıcı təxəyyül “yaşamaq uğrunda mübarizə” adlanan meşə qanununun bizə hədiyyəsi olsun?3
Təkamülçülərin bu etiraflarından da başa düşülür ki, öz nəzəriyyələrinin nə qədər əsassız olduğunu özləri də bilirlər. Yer üzündə şimşəklərin çaxması, yağışların yağması nəticəsində təsadüfən əmələ gəlmiş bir hüceyrənin tədricən rəngarəng canlılara çevrilməsi iddiası heç bir ağıllı insanın müdafiə edəcəyi iddia deyil. Düşünün ki, bir elm adamı bir hüceyrəni, məsələn, bir bakteriyanı götürsə, ən uyğun laboratoriya şərtlərini təmin etsə, hər cür lazımi maddədən istifadə etsə, milyon illər (bu mümkün deyil, ancaq fərz edək ki, mümkündür) gözləsə, bu hüceyrənin təkamül keçirməsi üçün çalışsa, nəticədə nə əldə edər? Bir bakteriyanı al-əlvan rəngli tovuz quşuna, yaxud qüsursuz naxışları olan bəbirə, yaxud məxməri ləçəkləri olan gözəl qırmızı gülə çevirə bilərmi? Əlbəttə, ağıllı insanlar belə bir şeyi nə düşünər, nə də iddia edərlər. Ancaq təkamül nəzəriyyəsi məhz bunu iddia edir.
Təkamül nəzəriyyəsi rəngləri açıqlaya bilmir
Canlıların rənglərinin və rəng dəyişdirmə sistemlərinin təbii seçmə yolu ilə əmələ gəlməsi qeyri-mümkündür. Bunu bir nümunə ilə izah edək. Buqələmunu götürək. Buqələmun olduğu məkanın rənglərinə uyğunlaşan, həmin məkana uyğun rənglərini dəyişdirən canlıdır. Yaşıl yarpağın üstündə yaşıl rəng alır, qəhvəyi budağın üstündən keçdikdə dərisi qısa müddətdə qəhvəyi rəngə çevrilir. Rəng dəyişdirmə prosesinin necə əmələ gəldiyini birlikdə düşünək.
Bir canlının dərisinin rəngini dəyişdirməsi bədənində meydana gələn mürəkkəb reaksiyalar nəticəsində baş verir. Bir insanın öz rəngini və ya başqa canlının rəngini dəyişdirməsi mümkün deyil. Çünki insan orqanizmində buna uyğun sistemlər yoxdur. Belə bir sistemi insan öz-özünə də əmələ gətirə bilməz. Çünki sistem istehsal olunub canlı orqanizminə yerləşdiriləcək alət deyil. Qısası, bir canlının rəngini dəyişdirməsi üçün həmin canlı rəng dəyişdirmə mexanizmi ilə birlikdə var olmalıdır.
Yer üzündəki ilk buqələmunu düşünək... Əgər bu canlıda rəng dəyişdirmə xüsusiyyəti olmasaydı, nələr baş verərdi? Əvvəla, buqələmun gizlənə bilməyəcəyi üçün asanlıqla yırtıcılar tərəfindən ovlanardı. Bundan başqa, asan görüləcəyi üçün özünə yem ovlaması da çətinləşərdi. Bu da qorunma sistemi olmayan buqələmunun ölməsinə, ac qalmasına və bir müddət sonra nəslinin kəsilməsinə səbəb olardı. Ancaq bu gün dünyada hələ də buqələmunların olması belə bir hadisənin olmadığını göstərir. Deməli, buqələmunlar ilk dəfə var olduqları andan etibarən bu qüsursuz sistemə malikdirlər.
Təkamülçülər buqələmunun orqanizmində bu sistemi tədricən əmələ gəldiyini deyirlər. Bu təqdirdə, bəzi suallar doğur: buqələmun rəngini dəyişdirmək üçün bu qədər mürəkkəb sistem əvəzinə nə üçün daha sadə qorunma sistemi əmələ gətirməyib? Nə üçün bu qədər çox müdafiə metodu var ikən rəng dəyişdirməyi seçib? Rəng dəyişdirmək üçün lazımi kimyəvi proseslərdən ibarət mexanizm buqələmunun bədənində necə əmələ gəlib? Belə bir mexanizmi bir sürünənin düşünərək tapması və bədənində əmələ gətirməsi mümkündürmü? Bundan əlavə, bir sürünən hüceyrələrindəki DNT-lərdə rəng dəyişikliyi üçün lazımi informasiyanı şifrləyə bilərmi?
Şübhəsiz ki, belə bir şey əsla mümkün deyil. Bu suallara verilən cavablardan bir nəticəyə gəlirik: bir canlıda rəngini dəyişdirmək üçün lazımi kompleks sistem öz-özünə əmələ gələ bilməz.
Kəpənəyin hər iki qanadının simmetrik olması təsadüflə açıqlana bilməz.
Təkcə rəng dəyişikliyi sistemləri deyil, canlılardakı rəng və naxış müxtəlifliyi də düşündürən mövzudur. Tutuquşuların parlaq rənglərinin, balıqların zəngin rəng müxtəlifliyinin, kəpənəklərin qanadlarındakı simmetriyanın, çiçəklərdəki əlvan rənglərin və digər canlıların rənglərinin öz-özünə əmələ gəlməsi qeyri-mümkündür. Bu cür qüsursuz naxışlar, canlıların həyatında xüsusi funksiyaları olan rənglər və formalar açıq-aydın yaradılış dəlilidir. Ətrafımızdakı rənglərin əmələ gəlməsində üstün yaradılış olduğu göz qabağındadır.
Bunu bir nümunə ilə aydınlaşdıraq: hər hansı məhsulu dizayn etdiyinizi və bu dizaynın da kvadratlardan ibarət olduğunu düşünək. Bu kvadratlardan təkcə birini çəkmək üçün kiçik hesablama aparmalıyıq: kvadratın dörd tərəfi də bərabər olmalı, dörd bucağı da 90 dərəcə olmalıdır. Kvadratı ancaq bu hesablamalardan sonra çəkə bilərik. Göründüyü kimi, bircə kvadratın çəkilməsi üçün də ağıl tələb olunur.
Eyni məntiqi ətrafımızdakı canlılara tətbiq edərək düşünək. Canlılarda qüsursuz uyğunluq, nizam və plan var. Bir kvadratın çəkilməsi üçün ağıl tələb olunduğunu anlayan insan kainatdakı nizamın, uyğunluğun, rənglərin, formaların əmələ gəlməsində üstün ağılın olduğunu dərhal anlayar. Deməli, kainat kimi bir sistemin təsadüfən əmələ gəlməsini iddia etmək ağıl və elmi cəhətdən əsassızdır. Bütün kainat sonsuz qüvvət sahibi Allah tərəfindən yaradılmışdır. Allah hər şeyi ən gözəl surətdə yaratmışdır.
1. Francis Darwin, Life and Letters,Vol.II, s. 275 uparrow
2. Francis Darwin, Life and Letters,Vol.II, s. 305 uparrow
3. J. Hawkes, Nine Tentalizing Mysteries of Nature, New York Times Magazine, 1957, s.33uparrow