“Müharibə həmişə diqqətimi cəlb edib, böyük generallar tərəfindən planlanan manevrlər mənasında müharibə yox… ancaq diqqətimi cəlb edən müharibənin, öldürməyin, əslində, nə olduğu idi. Austerlits və Borodinoda orduların necə tənzim edildiyini bilməkdən daha çox bir əsgərin digərini necə və hansı duyğularla öldürdüyünü bilmək istəyirdim”. (Lev Tolstoy)
“Nyu-York Tayms” qəzeti 2009-cu ildə Tolstoyun şah əsəri olan “Hərb və sülh”ü ən yaxşı 100 kitab siyahısına daxil edib. Krım müharibəsinin veteranı kimi Tolstoy 6 cildlik romanını yazanda təcrübələrindən də istifadə etmişdi. Əxlaqi və estetik duyğuları ilə tanınan məşhur yazıçı romanda ağılsız insanların ortasında bir insanın necə əxlaqlı həyata sahib ola biləcəyindən bəhs edir. Baş obraz olan Pyerin dilindən tez-tez müharibənin məntiqsizliyini vurğulayır. Tolstoy, eyni zamanda, insanın şiddət və bölünmədən daha çox birliyə və qardaşlığa ehtiyacının olduğunu vurğulayır.
Tolstoyun dövründən indiyə qədər çox şey dəyişməyib. Müharibə bəşər tarixinin başlanğıcından bəri mövcuddur. Son 5600 il ərzində 14600-dən çox müharibə baş verib ki, bu ildə orta hesabla 2,6 müharibə deməkdir. Bu nisbət insanların sülhdən daha çox müharibə və şiddətə meyilli olduğunu göstərmirmi? Bu ürküdücü statistikaya baxmayaraq, cavab “xeyr”-dir. Ümumiyyətlə, heç bir tərəf müharibədən fayda qazanmayıb və gələcəkdə də qazanmayacaq. Müharibə sözünün mənasını dərindən düşünsək, insanlar bir-birlərini qətlə yetirməklə sülhün əldə olunacağını gözləyirlər, ancaq bu da mənasızdır.
Müharibələr üçün çəkilən xərclər də olduqca təəccübləndiricidir, məsələn, dünya hərbi müqavilələr üçün ildə 1 trilyon dollar xərcləyir ki, bu ağlasığmaz rəqəmdir. Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (Stockholm International Peace Research Institute) görə, ən çox xərc çəkən 15 ölkə bu xərcin ümumilikdə 81%-ni təşkil edir. 2012-də xərclər 175 trilyon dollara çatdı ki, bu qlobal olaraq adam başına 249 dollara bərabərdir. [1]
Maddi mənfəətlərlə yanaşı, bəzi psixoloji faktorlar da insanları müharibəyə sövq edir. Bunlardan biri də insanların qürur duyğularına əsaslanan vətənpərvərlik hislərindən istifadə edilməsidir. Ancaq bu o demək deyil ki, vətənpərvərlik hissi lazımsızdır. İnsanlar, əlbəttə ki, öz vətənlərini sevməlidir, vətəninə xidmət etmək və onu qorumaq üçün var gücü ilə çalışmalıdırlar. Lakin bu hisdən bəzən yanlış yöndə istifadə edilir. İfrat dərəcədə vətənpərvər, kasıb, işsiz və savadsız biri belə bu cür təbliğatın qurbanı olur. Hərbi təşkilatlar vətənpərvərlik adı altında rəsm, şeir və sənədli film kimi müsabiqələr keçirirlər. Məsələn, Əfqanıstanda müharibədə iştirak etmək üçün peşəsindən imtina edən məşhur amerikalı futbolçu Pat Tillmanın hekayəsini, yəqin ki, hamınız eşitmisiniz. Onun faciəvi ölümü bir çox mübahisələrə səbəb olub, onun hekayəsi insanlarda yanlış vətənpərvərlik anlayışının yaranmasına və ailələrin dəhşətli qərarlar verməsinə gətirib çıxarıb.
Verdiyimiz nümunələrdə olduğu kimi, insanlar müxtəlif üsullarla müharibəyə sövq edilir. Ancaq daha dəqiq məlumat əldə etmək üçün əsgər və veteranların psixoloji təcrübələrini öyrənmək lazımdır. Xəbərlərdə daha çox müharibələrdə ölənlərin, yaralananların, dağılan şəhərlərin sayı kimi bəzi statistik məlumatlara diqqət çəkilir. Ancaq müharibələrin insanlara psixoloji cəhətdən necə təsir etdiyini heç yerdə vurğulamırlar.
9 sentyabrdan sonra FTB, NMİ (Narkotiklərlə Mübarizə İdarəsi) kimi bir çox təhlükəsizlik təşkilatının oxunmalı kitab siyahısında yer alan mühüm kitablardan biri də “On killing” (Öldürmə barəsində) kitabdır. Bu kitab müharibənin əsgərlər üzərindəki psixoloji təsirini doğru şəkildə təhlil edir. Bəzi insanlar əsgərlərin sadəcə başqa əsgərləri öldürmək istədiklərini düşünürlər. Bunun əksinə, bu kitabda əsgərlərin həmişə qarşı tərəfi qəsdən yayındırmaq üçün əllərindən gələni etdiklərinə diqqət çəkir. Bu təəccübləndirici fakt da heç vaxt mətbuatda dilə gətirilmir. Bəs niyə əsgərlər qəsdən hədəflərini yayındırmağa çalışırlar?
Tədqiqatlar göstərir ki, insanlar başqalarını öldürmək istəmirlər. Təbii olaraq, insanlar düşmənlərin bir-birlərini öldürmək istədiyini düşünürlər, ancaq tədqiqatlar bunun əksini sübut edir. Öldürməyə məcbur edilən əsgərlərdə daha sonra ciddi problemlər yaranır. Müharibədən sonra əsəb pozğunluğu başda olmaqla, 15 fərqli psixi pozğunluq saya bilərik. “On Killing” kitabındakı bu vəziyyəti çox aydın izah edir:
“Bir çox əsgərin müharibəyə getməmək üçün intihar etdiyi, ya da özlərinə ciddi xəsarətlər yetirdiklərini müşahidə edirik. Onları belə etməyə sövq edən sadəcə ölüm, ya da ağır yaralanmaq qorxusu deyil, eyni zamanda, qəddar bir dünyada nifrətlə qarşılanmaqlarıdır”. [2]
“Təəssüf ki, səbəbi nə olmasından aslı olmayaraq, nifrət və müharibələrlə dolu dünyada yaşayırıq. Milyonlarla insanın kütləvi qətliamına şahid oluruq. Müxtəlif dövlətlər öz təhlükəsizliyini və maraqlarını qorumağa çalışır, bir çox lider terrorizmdən insanları qorumaq, ya da böyük böhranın qarşısını almaq üçün müharibə edəcəyini bildirir. İnsanları öldürən əsgərlərin müharibədən necə təsirlənəcəklərini düşünmürlər. İkinci dünya müharibəsi veteranı Qlen Qrey müharibənin dəhşətli təəssüratlarını belə bildirir: “Mən də bu növə aidəm. Sadəcə öz əməllərimdən və xalqımın əməllərindən yox, ümumiyyətlə, insanların etdiklərindən utanıram. İnsan olduğum üçün utanıram”. [3]
Veteranlar və onların ailələri üzərində müharibə elə mənfi təsir yaradır ki, onlar çox çətinliklə normal həyatlarına qayıda bilirlər. Onların travmalarını müalicə etmək üçün tikilən xəstəxanalara milyonlarla dollar vəsait xərclənir. Niyə bu insanlar psixoloji problemlər yaşasınlar və normal həyata uyğunlaşa bilmək üçün bu problemlərə vaxt sərf etsinlər? Əgər müharibələri başlatmasaq, bunların heç birinə ehtiyac qalmaz. İnsanlara müharibə yox, sevgi ilə problemlərinin həll ediləcəyini izah etsək, bu sıxıntılar heç vaxt yaşanmaz. Problemi həll etmək üçün insanlar müharibəyə yox, sevgiyə və sülhə təşviq edilməlidir.