Allah "Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik" (Əhzab surəsi, 45) ayəsində Peyğəmbərimizin (səv) bir müjdəçi və xəbərdar edən olduğunu bildirir. Peyğəmbərimiz (səv) insanları həm cəhənnəm əzabına qarşı xəbərdar edib qorxutmuş, həm də onları dünyada yaxşıların daim üstün gələcəyi, axirətdə isə sonsuz cənnət həyatı ilə müjdələmişdir. Peyğəmbərimizin (səv) bu xüsusiyyəti Quran ayələrində belə bildirilir:
“(Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə və (kafirləri) qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.”. (Bəqərə surəsi, 119)
“Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu. Səni də yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik.” (İsra surəsi, 105)
“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi).” (Şuəra surəsi, 192-194)
“(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!” (Səba surəsi, 28)
Peyğəmbərimizi (səv) nümunə götürərək onun sünnəsinə itaət edənlər də onun kimi insanları xəbərdar edən və onlara müjdələr verən şəxslər olmalıdırlar. Peyğəmbərimiz (səv) də ümmətinə müjdə verənlərdən olmalarını belə buyurmuşdur:
"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin"
Müjdə vermək möminlərin şövq və həyəcanlarını artırır, etdikləri yaxşı işlər daha çalışqan və müvəffəqiyyətli olmalarına vəsilə olur. Etdiyi işi, qarşılığını cənnətdə bir gözəllik olaraq alacağını ümid edən insan, əlbəttə ki, işini monotonluq içində, bir vərdişlə və yaxud məcburiyyətdən edən insandan daha fərqli bir ruh halı yaşayacaq olacaq. Allah bu səbəbdən Peyğəmbərimizə (səv) "Möminləri də (döyüşə) təşviq et!" (Nisa surəsi, 84) şəklində buyurmuşdur.
Allah başqa ayəsində isə, "Möminlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!" (Əhzab surəsi, 47) şəklində bildirir. Allahın əmrinə və Peyğəmbərimizin (səv) əxlaqına uyğun olaraq hər mömin bütün müsəlmanları müjdələmək və onları təşviq edərək şövqləndirməklə məsuldur. Mənfi danışmaq, asan olan işləri çətin kimi göstərib möminləri döndərməyə çalışmaq, gözəllikləri, Allahın Quranda verdiyi müjdələri unutduraraq müsəlmanları qəflətə salmaq müsəlmana yaraşan bir rəftar deyil. Quran əxlaqına uyğun olan, Peyğəmbərimiz (səv) kimi Allahın müsəlmanlara vəd etdiyi gözəllikləri tez-tez xatırlatmaq və onları həmişə canlı və şövqlü saxlamaqdır.
Peyğəmbərimizə (səv) müjdələməsi əmr edilən mövzulardan biri Allahın günahları bağışlayan olmasıdır:
... (Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)
“Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”. (Ənam surəsi, 54)
Digər bir müjdə mövzusu isə cənnətdir:
De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 15)
“(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.” (Bəqərə surəsi, 25)