Kiber dünyanın qaranlıq üzü
ucgen

Kiber dünyanın qaranlıq üzü

1333

Bir neçə on il əvvələ qədər ölkələr arasındakı qonşuluq münasibətləri yalnız coğrafi yaxınlıqlarla məhdud idi. Ancaq kompüter və kommunikasiya texnologiyalarının ağlasığmaz sürətlə inkişaf etməsi və internet şəbəkəsinin qlobal səviyyəyə çatması bütün dünya ölkələrini bir-biri ilə sanki "kiber qonşu" halına gətirdi. Yaşadığımız "informasiya erasının" əsas ünsürləri olan kompüter, rabitə və internet texnologiyalarının istifadə edilməsi dövlətlərin idarə edilməsi və beynəlxalq münasibətlər baxımından zəruri hala gəldi.

 

İntensiv olaraq 21-ci əsrin əvvəllərindən başlayaraq dövlət idarələri vətəndaşlarına daha sürətli və keyfiyyətli xidmət göstərmək üçün internet sistemini hər sahədə istifadə etməyə başladılar. Bank xidmətləri internet və mobil cihazlarla vətəndaşların ovuclarının içinə qədər gəldi. Ancaq bir çox faydalarına baxmayaraq, internet, dövlətləri və şirkətləri hər cür kiber hücuma və informasiya oğurluğuna da açıq hala gətirdi.

 

Bir kiber hücumla elektrik şəbəkələri, təbii qaz daşıyan borular, qatarlar, su anbarları, liftlər sıradan çıxa bilər. Aviasiya sistemləri, surətçıxarma maşınları, maliyyə sistemləri və daha bir çox struktur iflic halına gələ bilər. Radar sistemlərinin, raketlərin, yəni bir sözlə adi silahların bu hücumlar qarşısında heç bir gücü yoxdur.

 

Dərin dövlətlər və ya radikal fikirləri müdafiə edən təşkilatlar qarşı olduqları dövlətlərə, qruplara və ya qurumlara internet üzərindən zərər verə bilər, interneti bir təbliğat vasitəsi kimi istifadə edərək ictimai fikir yarada bilər. Qısası, "virtual terror hadisələri" həyata keçirə bilərlər.

 

Belə ki, internet texnologiyalarından pis niyyətlə istifadə edən dərin dövlət mexanizmlərinin və radikal qrupların verdiyi zərər hazırda milyardlarla dollarla ifadə edilir. 2015-ci ildə təkcə şirkətlər kiber hücumlara görə 400 milyard dollar məbləğində zərər görüb. [i] Bu zərərin qarşısının alınması üçün internet təhlükəsizliyi sektoru ildən-ilə inkişaf edir. 2016-cı il kiber təhlükəsizlik üçün xərclənən məbləğ 100 milyard dollardır. 2020-ci ildə isə bu rəqəmin 170 milyard dollara qədər qalxacağı proqnozlaşdırılır. [ii]

 

Qısası, kiber dünyada çox böyük güvənsizlik və bu güvənsizlikdən irəli gələn geniş miqyaslı gəlir sektoru mövcuddur. Nəticəsi qeyri-müəyyən olan çoxşaxəli və dəyişkən münaqişələrin və müharibələrin davam etdiyi dünyada təəssüf ki, bunların davamı olan kiber müharibələr və onlardan qorunmaq üçün xərclənən pullar da artmağa davam edir. Texnologiyanın inkişaf sürətini nəzərə aldıqda, kiber hücumların miqyasını və gücünü artıracağını və bunların yol açacağı maddi itki və zərərlərin də artacağını proqnozlaşdırmaq heç də çətin deyil.

 

Eynilə hərbi döyüşlərdə olduğu kimi, kiber müharibələri və hücumları təşkil edən dövlətlərin, təşkilatların və mexanizmlərin da həmişə müəyyən məqsəd və ideologiyalarının olduğu məlumdur. Bunlar kommunizm, faşizm, kapitalizm, neo-nasizm kimi ideologiyalar və ya hər hansı bir dinin içindəki şiddət tərəfdarı ifrat radikal fikirlərdən ortaya çıxır.

 

Məsələn, səs gətirən kiber hücumların arxasında duran qruplardan birinin üzvləri özlərini "azadlıqsevər" və "anti-kapitalist" kimi tanıdır, ancaq ifadələrinin əksinə istifadə etdikləri metodlar və kiber sahədəki qeyri-qanuni fəaliyyətləri radikal kommunist düşüncəyə malik olduqlarını ortaya qoyur.

 

Vladimir Leninin kommunist partizanlara aid etdiyi sözlərdə olduğu kimi kiber quldurların aktları ancaq zərərverməyə istiqamətlənib :

 

«Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar çıxarmaq… Dövlətin xəzinələrini talamaq...İnqilabçı kommunist qüvvələr yenilməz silahlı güc kimi ortaya çıxmalıdır. İnsanları öldürmək, bombalamaq, binaları partlatmaq və bu yolla qorxu yaratmaq, cəmiyyət üzərində kommunist diktatorluğu qurmağın və iqtidarı ələ keçirməyin əhəmiyyətli ünsürlərindəndir.» («Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında», Homizuri G.P., Moskova 2005) 

 

Dövrümüzdə kiber piratlar da eynilə Leninin sözlərində olduğu kimi, dövlətlərin və vətəndaşların gizli məlumatlarını aşkara çıxararaq bunu hədə, qorxu və zərər vermə vasitəsi kimi istifadə edirlər. Bankların pullarını kiber hücumlar vasitəsilə oğurlayır, özəl təşkilatlara, dövlət qurumlarına, firmalara, banklara, maliyyə mərkəzlərinə əllərindən gələn ən böyük zərəri verməyə çalışırlar. Bir tərəfdən də bu cür hərəkətləri güc nümayişi və meydan oxuma vasitəsi kimi istifadə edib cəmiyyətdə panika və hiddət formalaşdırmağı qarşılarına məqsəd qoyurlar. Üstəlik kiber piratlıqla məşğul olan qruplar internet mühitində kiber müharibə üsullarını öyrədir, hətta üzvlərinə bu barədə hazır proqramlar da təqdim edirlər. Qısası, kiber müharibə səfərbərliyi başladılıb.

 

Bu sonu gəlməyəcək problemin həlli isə açıqdır: eynilə fiziki müharibələrdə olduğu kimi, kiber hücumları dayandırmağın yolu da bunların arxasındakı azğın ideologiyaları ifşa edərək, əsassız etməkdir. İnsanların məlumatlandırılması, bunun yanlışlığı və zərərlərinin izah edilməsi mövcud güvənsizlik mühitinin aradan qalxmasında vasitə ola bilər. Eyni zamanda bu məqsədlə israf edilən resursları, texnoloji imkanları bəşəriyyətin rifah və faydasına istiqamətləndirilməsi təmin oluna bilər.

 

Yalnız Afrika qitəsindəki aclığı dayandırmaq üçün 10 milyard dolların yetərli olacağı nəzərə alınarsa, kiber müharibələrin trilyon dollarlara başa gələn zərər və xərclərinin aradan qaldırılmasının dünya cəmiyyətinin rifahı baxımından hansı mənanı ifadə edəcəyi daha yaxşı başa düşülər.

 

Əks təqdirdə istər fiziki olsun, istər kiber olsun, "müharibəyə qarşı müharibə" üsulu həndəsi olaraq artan qarşılıqlı məğlubiyyətdən başqa bir şey gətirməyəcək. Bu gün döyüşən tərəflərin və blokların demək olar ki, eyni səviyyədə bilik, texnologiya və zəka potensialına malik olduğu nəzərə alınsa, nəticənin heç bir qalibi olmayan qlobal hüsran olacağı açıqdır. Bunun bir növ texnoloji qiyamət olacağını, heç kimə fayda və ya üstünlük verməyəcəyini proqnozlaşdırmaq çətin deyil. O halda bu günə qədər çarəni ancaq müharibədə görən zehinlər artıq ən başından bəlli olan bir fəlakətin içinə heç atılmadan sülh, barışıq və rifahın yollarını axtarmağa cəmlənməldirlər.

 

 


[i] http://www.inc.com/will-yakowicz/cyberattacks-cost-companies-400-billion-each-year.html

[ii]http://www.alixpartners.com/en/Publications/AllArticles/tabid/635/articleType/ArticleView/articleId/815/Cybersecurity-A-compelling-growth-area-for-defense-companies.aspx#sthash.nbbFnr8Z.dpbs

Adnan Oktarın «The Daily Star»da dərc edilən məqaləsi:

http://www.dailystar.com.lb/Opinion/Commentary/2016/Apr-15/347449-the-real-face-of-the-cyber-world-and-the-information-age.ashx

 

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo