İnsanlar yüzillərdir ki, «kainat necə yaranıb?» sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model iddia edilib. Lakin bu nəzəriyyələr incələnəndə bəlli olur ki, hamısı təməldə iki modeldən birinin üzərində qurulub. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan «sonsuz kainat», ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan «böyük partlayış» modelidir. Birinci model kainatın başlanğıc və sonunun olmadığını, ikincisi isə əksinə, böyük bir partlayış nəticəsində yarandığını və fasiləsiz genişləndiyini nəzərdə tutur. Artıq əsaslılığını itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də indiki kimi qalacağını nəzərdə tutur. Bu nəzəriyyə qədim Yunanıstanda yaranmış, daha sonra Avropa intibahı dövründə yenidən gündəliyə gəlmiş, materialist fəlsəfənin əsasını təşkil etmişdi.
Kainatın sonsuzluğu fikri həmişə dinsizliyin və Allahı inkar edən ideologiyaların dayaq nöqtəsi olub. Çünki kainatın başlanğıcının və sonunun olmaması haqqında müddəalar eyni zamanda onu yaradanın da olmaması fikrinə gətirib çıxarırdı. Amma elmin inkişafı materialistlərin bu iddialarının əsassız olduğunu sübut edərək, kainatın «Böyük partlayış» adlandırılan proses nəticəsində yoxdan var edildiyini tutarlı arqumentlərlə ortaya qoydu. Yoxdan var edilmənin isə bir adı var: Yaradılış! Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılıb.
Kainatın genişlənməsi və «Big bang» həqiqəti
XX əsrdə Astronomiya elmi xeyli inkişaf etdi. Əvvəlcə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın durğun (statistik) quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman hesabladı ki, kainat hərəkətdədir və bu hərəkət genişlənmə, yaxud yığılma ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk alim isə Belçikanın ən məşhur səma bilicisi Corc Lemetr (Georges Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kainatın bir başlanğıcı olub və həmin başlanğıcdan üzübəri davamlı şəkildə genişlənir. Belçikalı alimin fikirlərindəki daha bir önəmli məqam isə o idi ki, həmin başlanğıc anındakı partlayışdan «artıq» qalan bir radiasiya olmalıydı və bu hesablana bilərdi. Lemetr əvvəlcə elmi dairələrdə ciddi qarşılanmayan və dəstək almayan bu fikirlərin doğruluğuna əmin idi. Çünki kainatın genişlənməkdə olmasına dair başqa arqumentlər də bir-bir ortaya çıxırdı.
Bu arada Edvin Habbl (Edwin Hubble) adlı amerikalı astronom nəhəng teleskopla səmanı incələyərkən ulduzların uzaqlaşmaları ilə bağlı olaraq qırmızımtıl işıq yaydıqlarını üzə çıxardı. O, Kaliforniyadakı Maunt Vilson (Mount Wilson) rəsədxanasındakı bu kəşfilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərlə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq həmin təsəvvürləri kökündən sarsıtdı. Habblın kəşfi göstərirdi ki, müşahidənin aparıldığı nöqtəyə doğru hərəkət edən işığın spektri bənövşəyi, uzaqlaşan işığın spektri isə qırmızı rəngə doğru dəyişir. Yəni Kaliforniyadakı Maunt Vilson rəsədxanasından izlənən ulduzlar Yer kürəsindən uzaqlaşmaqda idilər. Məntiqi olaraq başa düşmək çətin deyil ki, ulduzlar təkcə bizdən yox, həm də bir-birlərindən uzaqlaşırlar. Bu isə elə… kainatın genişlənməsi deməkdir!
Kainatın genişlənməsilə bağlı faktlar artdıqca yeni iddiaların da ardı-arası kəsilmirdi. Bu həqiqəti əsas tutaraq yola çıxan elm adamları Lemetrin dediyi kimi, «zamanı geriyə fırladanda» getdikcə kiçilən, sonda nöqtə boyda qalan kainat modeli ilə qarşılaşdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin qaynağı olan bu nöqtənin dəhşətli cazibə qüvvəsi səbəbindən «sıfır həcmə» sahib olacağını göstərdi. Demək, kainat sıfır həcmə malik bir nöqtənin partlaması ilə ortaya çıxmışdı. Bu partlayışa «Big bang» (Böyük partlayış) adı verildi.
«Big bang»in göstərdiyi önəmli bir həqiqət vardı: «sıfır həcm» elə yoxluq demək olduğuna görə, kainat yoxdan var olub. Bu isə kainatın bir başlanğıcı olduğu deməkdir! Beləliklə, materializmin «kainat əzəli və əbədidir» iddiası darmadağın edildi.
«Böyük partlayış»ın dəlilləri
Kainatın böyük bir partlayış nəticəsində yaranmağa başladığı həqiqəti təsdiqini tapandan sonra astrofiziklər bu yöndə araşdırmalarını sürətləndirdilər. Corc Qamova (George Gamov) görə, əgər kainat bir partlayışdan yaranıbsa, demək, həmin partlayışdan sonra «artıq qalan» radiasiya fəzaya dağılmalıdır. Bu versiyanın yayıldığı illərdə bütün elmi tapıntılar «Big bang»i təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. 1965-ci ildə Arno Penzias (Arno Penzias) və Robert Uilson (Robert Wilson) adlı iki tədqiqatçı həmin radiasiya dalğalarını kəşf etdilər. «Kosmik fon radiasiyası» adı verilən bu radiasiya fəzadakı bəlli bir qaynaqdan yayılan hər hansı radiasiyadan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləcə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın «Big bang»in ilk dönəmlərindən qaldığı ortaya çıxdı. Üstəlik, bu rəqəm elm adamlarının əvvəlcədən proqnozlaşdırdıqları rəqəmə çox yaxın idi. Penzias və Uilson «Big bang»i təcrübə yolu ilə sübuta yetirən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.
Bir müddət sonra isə Corc Smut (George Smoot) və onun NASA-dakı komandası kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun ölçmələrinin doğru olduğunu təsdiqlədilər. Peykdəki həssas cihazların göstəriciləri «Big bang»in həqiqət olduğunu bir daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar «Big bang»in ilk anlarındakı hərarət və sıxlığının qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE «Big bang»in həqiqət olduğunu aşkar dəlillərlə ortaya qoymuşdu və elmi çevrələr artıq bu açıq həqiqəti etiraf etməyə məcbur idilər.
Bir başqa dəlil isə fəzadakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Belə ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti «Big bang»dən «artıq» qalan hidrogen-helium nisbətinin nəzəri göstəricilərinə son dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması «Big bang»in elm aləmində qəti qəbul olunması ilə nəticələndi. Məşhur elmi jurnal olan «Scientific american» 1994-cü ilin oktyabrında «Big bang» modelinin «əsrimizin qəbul olunmuş yeganə modeli» olduğunu yazmışdı.
Uzun illər boyunca «sonsuz kainat» modelini dəstəkləmiş alimlər də bir-birinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit kainat nəzəriyyəsini müdafiə edən Dennis Şiama (Dennis Sciama) «Big bang» həqiqəti qarşısında düşdüyü aciz durumu belə anlatmışdı:
Bir vaxtlar «sabit kainat» nəzəriyyəsini müdafiə edənlərlə ona qarşı çıxanların arasında çox sərt çəkişmə vardı. Çoxları kimi mən də inandığım üçün deyil, gerçək olmasını istədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim. Modelin yanlışlığını göstərən dəlillər ortaya çıxdıqca həm mən, həm də Fred Hoyl onlara necə cavab verəcəyimizi bilmirdik. Amma dəlillər çoxalınca artıq oyun bitdi və «sabit vəziyyət» nəzəriyyəsini bir tərəfə atdıq.
Allah kainatı yoxdan var edib
Beləliklə, elm inkişaf etdikcə ortaya çıxardığı dəlillər «sabit kainat» nəzəriyyəsini tarixin arxivinə göndərdi. Bunun ardınca isə daha önəmli suallar meydana çıxmağa başladı ki, onların da ən vacibi «böyük partlayışdan əvvəl nə var idi?» sualıdır.
«Böyük partlayışdan əvvəl nə var idi?» sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük nizam içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamasından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək bunları bildirir:
Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir etiraf edəcəyəm: ateizm baxımından «Big bang» modeli olduqca xoşagəlməzdir. Çünki elm faktiki olaraq dinin iddiasını sübuta yetirib ki, kainatın bir başlanğıcı var. Mən hələ də ateizmə inanıram, amma etiraf edim ki, «Big bang»in qarşısında ateizmi müdafiə etmək olduqca çətindir.
Entoni Flu 2004-cü ildə 88 yaşında ateizmi tərk etdiyini açıqlamışdır.
Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.(http://www.biola.edu/anthonyflew/flew-interview.pdf)
İngilis materialist fizik H.P.Lipson kimi bəzi elm adamları isə «Big bang» nəzəriyyəsini istər-istəməz qəbul etmək məcburiyyətində olduqlarını etiraf edirlər:
- Məncə, bu nöqtədən daha da irəliyə getməyə və yeganə izahın yaradılış olması ilə razılaşmağa məcburuq. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunun fərqindəyəm, amma əgər təcrübə ilə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, xoşumuza gəldi-gəlmədi, onunla razılaşmalıyıq.
Nəticədə istəsələr də, istəməsələr də, elm materialist alimlərin qarşısına tək bir həqiqəti qoyur: maddə və zaman sonsuz güc sahibi olan, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz yaradan bir Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılıb.
«Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, hər şeyi öz elmilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar». («Talaq» surəsi, 12)
Quranın işarələri
«Big bang» modeli bəşəriyyətin kainatı tanımasına yardımçı olmaqla yanaşı, çox önəmli bir funksiyanı da gerçəkləşdirib. Əvvəl sitat gətirdiyimiz ateist filosof Entoni Flunun dediyi kimi, «Bing bang»lə birlikdə «elm dinin iddiasını sübuta yetirib». Dini qaynaqların irəli sürdüyü bu həqiqət kainatın yoxdan yaradılmasıdır. Bu elmi kəşfdən minlərlə il əvvəl Allahın insanlara yol göstərmək üçün göndərdiyi müqəddəs kitablarda yazılıb. Tövrat, İncil və Quran kimi ilahi kitabların hər birində kainatın və ümumiyyətlə, bütünlükdə maddənin Allah tərəfindən yaradıldığı xəbər verilib.
Bu ilahi qaynaqlar arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın biçimi ilə bağlı bilgilər verilib. 14 əsr əvvəl vəhy edilən bu bilgilər XX əsrin elmi məlumatları ilə tamamilə düz gəlir.
Hər şeydən əvvəl kainatın yox ikən var edilməsi Quranda belə xəbər verilir:
« O, göyləri və yeri (yoxdan) var edəndir…» («Ənam» surəsi, 101)
Günümüzdən tam 14 əsr əvvəl, insanların kainatla bağlı bilgiləri son dərəcə məhdud olan dönəmlərdə Quranda bildirilən bir başqa həqiqət isə eynilə «Big bang» nəzəriyyəsinin önə çəkdiyi kimi, bütün kainatın çox kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya çıxmasıdır:
«Məgər kafir olanlar göylə yer bir-birinə bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?» («Ənbiya» surəsi, 30)
Bu ayənin ərəbcə orijinalında çox önəmli bir kəlmə seçimi var. Ayədəki «bir-birinə bitişik ikən» şəklində tərcümə edilən «ratk» kəlməsi ərəbcə lüğətlərdə «bir-birilə iç-içə, ayrılmaz halda, qaynayıb-qarışmış» mənalarına gəlir. Yəni tam bir bütün halında olan iki maddəni anlatmaq üçün işlədilir. Ayədəki «ayırdıq» ifadəsi isə ərəbcə «fatk» felidir ki, bu da «ratk» halındakı bir maddəni yarıb, parçalayıb, bayıra çıxarmaq anlamına gəlir. Məsələn, toxumun cücərərək torpağı yarıb çıxması bu fellə ifadə edilir.
Bunu biləndən sonra yenidən ayəyə baxaq. Orada göylə yerin «ratk» halında olduğundan bəhs edilir. Ardınca isə bildirilir ki, onlar «fatk» felilə ayrılıblar. Yəni biri digərini yararaq ayrılıb. Həqiqətən də «Big bang»in ilk anını xəyalımızda canlandıranda «kosmik yumurta» deyilən nöqtənin (gələcək) kainatın bütün maddəsini içinə aldığını görürük. Yəni hər şey, başqa sözlə, «göylər və yer» bu nöqtənin içində «ratk» halındadırlar. Ardınca həmin «kosmik yumurta» şiddətlə partlayıb, bu yolla maddələr «fatk» olub – yəni yumurtanı yarıb bayıra çıxaraq bütün kainatı əmələ gətiriblər.
Quranda bildirilən bir başqa həqiqət isə elm tərəfindən ancaq 1920-ci illərin sonlarında fərq edilən kainatın genişlənməsi faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, ilk dəfə Habblın ulduzların işıq spektrinin qırmızıya doğru sürüşməsinə əsaslanaraq kəşf etdiyi bu həqiqət Quranda belə təsvir olunub:
«Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik». («Zariyat» surəsi, 47)
Qısası, müasir elmin kəşfləri bir tərəfdən materializmin ehkamlarını darmadağın edərkən, digər tərəfdən Quran ayələrində xəbər verilən həqiqətləri bir daha təsdiqləyir. Çünki kainat materialistlərin sandığı kimi, maddi dünyadakı təsadüflərlə deyil, Allahın qüdrətilə yaradılıb və Allahdan gələn bilgi, şübhəsiz ki, kainatın yaradılışı haqqında ən dolğun bilgidir.