Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)
Allah ayələrində şeytana iman edənlərin Allah’a təvəkkül edənlər üzərində heç bir təsirinin ola bilməyəcəyini xəbər vermişdir. Möminlər həyatlarını Allah’ın Quranda bildirdiyi hökmlər üzərində qurduqları üçün, "Ey iman edənlər, Allah’dan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər…" (Ənfal surəsi, 29) ayəsində bildirildiyi kimi, şeytanın hiylələrini, onlara hansı yollarla yaxınlaşacağını Allah’ın izni ilə, çox yaxşı görə bilirlər. Şeytana əsla fürsət vermir, hər zaman hər mövzuda vicdanlarına görə hərəkət edirlər.
Şeytanın hiyləsinin zəif olması və məcburedici bir gücünün olmaması, Allah’ın insanlar üçün yaratdığı bir rəhmət və asanlıqdır. Çünki din əxlaqını yaşayan insanın qarşısında mənfi güc olaraq şeytan var. Onun zəif və gücsüz olması isə möminlərin Quran əxlaqını yaşamaqda onlara çətinlik törətməyəcəyinin bir göstəricisidir. Ancaq bunun üçün səmimi iman lazımdır. Allah’a təslim olmuş, səhər-axşam Onu zikr edən, yer üzündəki hər hadisənin Allah’ın nəzarətində olduğunu bilən və ixlasla Rəbbimizə yönələn möminlər şeytanın təsirlərinə qarşı güclüdürlər.
Ayənin davamında bildirildiyi kimi, şeytanın təsiri ancaq Allah’a şərik qoşan və inkar edən şəxslər üzərindədir. Şeytan insanları Allah yolundan döndərmək üçün and içmişdir. Bu səbəbdən iman etməyən, insanları Allah’ın yolundan döndərməyə çalışan, Allah’a və din əxlaqına qarşı olan, insanlara Allah’ı, axirəti, din əxlaqını unutduran hər insan şeytanın köməkçisi və dostudur.
Unudulmamalıdır ki, şeytan Allah’dan kənar müstəqil güc deyil. Şeytanı da Allah yaratmışdır və ancaq Allah dilədiyi üçün insanlara düşmən olmuşdur. Allah istəmədikcə insanlar üzərində müstəqil gücü ola bilməz. Allah şeytanı da insanlar üçün bir imtahan vasitəsi olaraq yaratmışdır. Ona qulaq asanlar doğru yoldan uzaqlaşacaq, vicdanlarının səsini eşidənlər isə Allah’ın razılığına uyğun hərəkət edərək əbədi qurtuluşa çatacaqlar.