Sülhün və əmin-amanlığın qarşısındakı maneə: Xurafat
ucgen

Sülhün və əmin-amanlığın qarşısındakı maneə: Xurafat

1739
Küçədə kimdən soruşsanız sizə dünya səviyyəsində sülhü və əmin-amanlığı bərpa etməyin demək olar ki, qeyri-mümkün olduğunu söyləyəcəkdir. Hara baxsaq,  vətəndaş müharibələri, daxili çəkişmələr, qarşıdurmalar və ciddi təzyiqlərin olduğunu görürük...
 
Əslində isə sülhü və sakitliyi bərpa etmək Allah'ın diləməsi ilə çox asandır. Bunun üçün əvvəlcə  dünyada baş verən  müharibə və qarşıdurmaların əsl səbəbini ortaya çıxartmaq lazımdır.
 
İstər qəbul edək, istərsə də yox, orta şərq ölkələri çox acınacaqlı vəziyyətdədir. İsraildə, İraqda və ya Pakistanda dəhşət saçan intihar bombaçılarını, İraqdakı məzhəb qarşıdurmalarını, Əfqanıstanda, Suriyada bitmək bilməyən qanlı vətəndaş müharibələrini və get-gedə şiddətlənən siyasi və dini qarışıqlıqları görməmək mümkün deyil.
 
Bu baş verənlər təkcə bir əraziyə deyil, bütün dünyaya təsir edir. Müsəlman ölkələrindəki  bu qarşıdurmaların əsas səbəblərindən biri radikalizm və ya xurafatdı.
 
Xurafatı isə həqiqi İslamla qarışdırmamaq lazımdır. Çünki bəzi dindar olduğunu söyləyən  və Müsəlmanlıq adı altında müharibə başladan, qan tökən insanlara görə İslamı xurafatla qarışdırırlar. Əslində, bu qan tökən sistemin həqiqi İslamla heç bir əlaqəsi yoxdur, hətta bu vəziyyət İslama tamamilə ziddir, çox yanlış bir ideologiyadır.
 
Xurafatçılar Quranda əksini tapmayan qadağalarla insanların azadlığını əlindən almaq istəyirlər. Onların düşüncə tərzinə görə, gülmək, musiqiyə qulaq asmaq, stol arxasında yemək yemək, çəngəldən, bıçaqdan istifadə etmək günahdır. Namaz qılmayanları öldürür, zəkat verməyənləri döyür, oruc tutmayanları da həbs edirlər. Hətta bəzi Müsəlman ölkələrində İslamı tərk edib başqa dini qəbul edən insanları ölümlə cəzalandırırlar.
 
Xurafatçıların uydurduqları din dəhşətli dindir. Heç kim düşüncələrini açıq-aydın bildirə bilməz. Hər kəsdən sadəcə onların fikirlərini qəbul etməyi istəyirlər, qəbul etməyənləri isə cəzalandırırlar. Halbuki Allah bizlərə Quranda "Dində məcburiyyət yoxdur" deyə bildirmişdir. (Bəqərə surəsi, 256)
 
İslam dinində fikir azadlığı vardır, ibadətlərdə məcburiyyət yoxdur, həmçinin heç kəsin haqqı tapdalanmır. Ən vacibi isə bütün bunlar insanın dinindən fərqli olmayaraq hamı üçün eynidir. Belə bir cəmiyyətdə nəinki müsəlmanlar, həm də xristianlar, musəvilər, buddistlər və ateistlər də daxil olmaqla hər kəs sülh, sevgi və əmin-amanlıq içində yaşaya biləcəklər.
 
Tez-tez xəbərlərdə eşitdiyimiz intihar hücumlarının və bombalamaların əsas səbəblərindən biri Kitab Əhlini özünə düşmən hesab edən xurafatçı zehniyyətdir. Halbuki Quranda Kitab Əhlinə qarşı qətiyyən nifrətdən bəhs edilmir. Əksinə, Müsəlmanlara, Kitab Əhlinə qarşı sevgi və şəfqətlə davranmaq, onları qorumaq məsləhət görülür. Allah, Müsəlmanların xristian və musəvilərin hazırladıqları yeməklərdən yeyə biləcəklərini və onlardan olan xanımlarla evlənə biləcəklərini Quranda açıq-aydın bildirmişdir. (Maidə surəsi, 5)
 
Buna misal olaraq, Malaziya məhkəmə qərarının Müsəlman olmayanlara "Allah" adını çəkmələrinə qadağa qoymasını göstərmək olar. Əslində, bu qərar məntiqsiz bir qərardır və dinlə də əlaqəsi yoxdur, İslama tamamilə ziddir. Yəni bu qərar dərhal ləğv olunmalıdır.
 
Həqiqi İslamla xurafat dolu İslam arasındakı digər vacib fərq isə xurafatçıların sənətdən, estetikadan və gözəllikdən  zövq almamaları, hətta bütün bunları günah hesab etmələridir. Quranda isə sənət, estetika və gözəllik tez-tez vurğulanır. Həmçinin, Müsəlmaların bir yerə yığışdıqda ən gözəl paltarlarını geyinmələri və ən gözəl aksesuarlardan istifadə etmələri Quranda əmr edilir. Cənnət isə sənət, estetika, gözəllik və ehtişamın olduğu ən gözəl yerdir. Qısası, Quranda bildirilən və Allah'ın cənnətdə olacağını xəbər verdiyi keyfiyyət və gözəllik anlayışı İslam dünyasında hakim olmalıdır.
 
Xurafatçılar qadınları yarı insan hesab edirlər. Halbuki bir cəmiyyətin keyfiyyəti və müasirliyi həmin cəmiyyətdəki qadına göstərilən hörmətlə ölçülür.
 
Quranda Qadın və kişinin bütün haqları bərabərdir. Peyğəmbərimizin (s.ə.v) dövründə qadınlarla kişilər hər sahədə birlikdə işləyirdilər. Hz. Məhəmmədin (s.ə.v) həyat yoldaşı hz. Xədicənin (r.a) ticarətlə məşğul olması qadınların ictimai  həyatda da çox aktiv ola biləcəyinin bir dəlilidir. O dövrdə qadın və kişi səhabələr, İslam dini ilə təzə tanış olanlara dini təbliğ etmək və sülhü təmin etmək üçün bərabər haqlara sahib idilər.
 
İnsanlar Qurandakı sevgi anlayışını mənimsəyərlərsə, Allah'ın izni ilə İsrail-Fələstin müharibəsi də sona çatar. Üç səmavi dinin mənsubları eynilə keçmişdə olduğu kimi, indi də Qüdsdə barış, sevgi, birlik və qardaşlıq içərisində  yaşaya biləcəklər.
 
Bu məsələ olduqca əhəmiyyətlidir. Radikal qüvvələrə hərbi güclə cavab vermək onları daha da gücləndirir. Əgər insanlar bunun əvəzinə İslam və Quran haqqında düzgün məlumatlandırılsa, bu terror qruplarına dəstək dayandırılar, xurafatçıların yanlış düşüncələri aradan qalxar və fikrən məğlub olarlar.
 
Xüsusilə, Qərbdə müsəlman olmayan insanlar müsəlmanların xurafatçılığa qarşı apardıqları fikri mübarizəyə dəstək olmalıdırlar. Xurafatçılıqla mübarizə aparan müsəlman təşkilatlar dəstəklənməli və təsirlərini daha da artırmalıdırlar.
 
Müsəlmanlar xurafatı aradan qaldıraraq əsl Quran əxlaqına görə yaşamağa başladıqda dünyadakı bütün insanlar Allah`ın izni ilə ən qısa zamanda xoşbəxtliyə, sülhə və əmin-amanlığa qovuşacaqlar.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr