İnsan ağılla düşündüyü zaman istənilən mövzunu ən doğru şəkildə şərh etmək qabiliyyətinə malikdir. Amma ümumiyyətlə insanlar səthi düşünməyə meyllidirlər. Bir hadisə ilə qarşılaşdıqları zaman mövzunu bütün incəliyi ilə ağıllı tərzdə qiymətləndirməkdənsə, ani mühakimə edirlər. İnsanlar haqqında da dərhal qənaətə gəlirlər. Halbuki xaricdən görünənlər çox vaxt aldadıcıdır...
Cəmiyyətdə bir çoxlarının etinasız yanaşdığı insanlar var. Bəzisi qonşusunun, bəzisi məktəbdəki bir şagirdin, bəzisi iş yerindəki həmkarının, bəzisi televiziyada gördüyü tanınmış bir sənətçi və ya siyasətçinin həyatını heyranlıqla izləyir. Öz həyatı ilə onların həyatını müqayisə etdiyi zaman o insanın həyatının daha yaxşı, gözəl və xoş olduğunu düşünür. Belə ki, həmin adamın yerində olmaq istəyir. Bu insanların sahib olduqları şərtləri əldə etsə daha xoşbəxt olacağını, bir çox probleminin həll olacağını, hər şeyin tam istədiyi kimi olacağını zənn edir.
Halbuki, kənardan görünənlər çox vaxt aldadıcıdır. Bəzən dəbdəbəli, həyatlarıyla ətraflarında heyranlıq oyandıran insanlar dünyanın ən bədbəxt insanlarıdır. Bəzən bir çoxlarının “onun əlindəki imkanlar məndə olsaydı, mən nələr edərdim” deyərək izlədikləri insanların sahib olduqları şeylər əslində o adamı uçuruma aparır. Bəzən bir insanı digərlərindən üstün etdiyi zənn edilən nemətlər əslində sadəcə göz qamaşdırır. Nə sahibinə, nə də başqalarına heç bir faydası yoxdur. Əsl dəyərli olan, insanları xoşbəxt edəcək nemətlər bunlar deyil.
Allah bir nəfərə dünyada "nemət" olduğu düşünülən hər cür gözəlliyi verə bilər. Sağlamlıq, səhhət, gözəllik, sevimlilik, simpatiya, mal, mülk, ehtişam, etibar, möhtərəmlik və s. bir çox nemət... Bu şəxs ətrafındakı insanlar tərəfindən ən çox sevilən, hörmət edilən, sözünə ən çox etibar edilən, ən xoşgörüşlə baxılan, ən müsbət dünyagörüşüylə yaxınlaşılan, ən yaxın hesab edilən, dostluğu ən çox istənən insan ola bilər.
Kənardan baxan biri bu adamın məqamında olmağı çox istəyər. "Həqiqətən onun vəziyyətində mən olsam, bəlkə nə qədər xoşbəxt olardım" deyə düşünər. Ya da "yəqin ki, o, bu yaşadıqlarına görə çox xoşbəxtdir" deyə düşünür. Bəzən də "bu adam Allahın nə qədər sevdiyi bir quludur ki, Allah ona bu qədər gözəl nemətlər vermiş və bu qədər gözəl bir həyat yaşadır" deyə düşünər. Bəzən isə "demək ki, Allahın sevgisini o qədər qazana bilmədim ki, mənə bu cür nemətlər nəsib olmadı" kimi Quran əxlaqına tamamilə əks, tamamilə səhv bir zənnə qapılar (Allahı tənzih edirik).
Halbuki, Allah hər şeyi saysız hikmətlərlə, saysız sirlərlə yaradandır. İnsan isə çox məhdud bir ağıla malikdir. Həmişə nəyin özü üçün xeyirli, nəyin isə zərərli olacağını bilməz. Eyni şəkildə bir başqasının xeyir, yoxsa şər olduğunu bilməz. Bunu bilən tək güc onu yaradan Allahdır. Allah bu sirri Quranda belə açıqlamışdır:
... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz. (Bəqərə Surəsi, 216)
(Bir gün Qarun) faxir libas geyib öz zinəti (ehtişamı) içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!" (Qəsəs Surəsi, 79)
Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara (İsrail oğullarına) qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: "(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!" (Qəsəs Surəsi, 76)
"Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" (Qəsəs Surəsi, 77)
Allahın hər şeyi hikmətlə yaratdığını, hər neməti və əskikliyi insanları sınamaq üçün yaratdığını bilən insanlar isə Qarunun vəziyyətini belə səhv bir düşüncə ilə dəyərləndirməyiblər. Ona və sahib olduqlarına qarşı heyranlıq bəsləməyiblər. Onların sözü "dünya nemətinin müvəqqəti olduğunu, daimi olan əsl gözəlliklərin isə axirətdə olduğunu" xatırladan şəkildə olmuşdur:
Elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!" (Qəsəs Surəsi, 80)
Əvvəlcə Qaruna həsəd aparanlar Allahın nankorluq etdiyi üçün Qaruna verdiyi nemətləri əlindən aldığını gördükləri zaman bütün bunların sınaq məqsədiylə ona verildiyini anlamışlar:
Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O, özü də özünə heç bir kömək edə bilmədi.
Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: "Vay! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!"
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir! (Qəsəs Surəsi, 81-83)
Allah dünya həyatında hər bir insan üçün fərqli imtahan yaradır. İnsanlar həyatlarının müxtəlif dövrlərində bəzən nemətlərlə, bəzən çatışmamazlıqlarla, bəzən çətinliklərlə, bəzən də gözləmədikləri yaxşılıqlarla sınanırlar. Kənardan baxaraq bir insanın yaşadıqlarının digərinə görə daha üstün və ya o adamın daha lehinə olduğunu insanlar bilməzlər. Bunun elmi Allah Qatındadır. Bəzən bütün ömrünü yoxluq içində, çətinliklərlə, xəstəliklərlə mübarizə apararaq, tək qalaraq, ömrünü cəmiyyət tərəfindən təcrid edərək keçirən insan dünyada da, axirətdə də hamıdan daha çox qazana bilər. Eyni şəkildə başqalarıyla müqayisə edildiyi zaman həmişə nemətlərin ən çoxuna sahib olan insan dünyada və axirətə ən çox itkiyə uğramış olan insan ola bilər. Əlbəttə, nemət içində yaşayıb dünyada da, axirətdə də gözəl qarşılıq alacaq insanlar da var. Ancaq əhəmiyyətli olan bunların heç birinin çöldən baxılaraq təxmin edilə bilməməsidir.
Səmimi Allah sevgisi, Allah eşqi insanın qəlbində olur. İnsan istər yoxluq, istər bolluq içində olsun həyatını Allah eşqiylə yaşayırsa, o insan hər zaman qazanclıdır. Eyni şəkildə ürəyi qatılaşmışsa, Allahı təqdir edə bilməmişsə, belə insan da istər nemət içində, istəsə də çətinliklər içində həyat sürsün nəticə mütləq hüsrandır. Dünyada, ya da axirətdə əvvəl axır onu gözləyən nəticə bədbəxtlik və peşmanlıq olacaq.
Buna görə də insanların kənardan necə göründüyünə, ya da həyatının necə qəbul edildiyinə baxıb aldanmamaq lazımdır. Bir insan nemət sahibidirsə bu, onun Allah Qatında üstünlük qazanmış olduğunu göstərməz.
Allah bu həqiqəti Quranda belə açıqlamışdır:
Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Müminun Surəsi, 55-56)
Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə Surəsi, 55)
Allah Qatında üstün olan, insanların baxıb qibtə etmələri, həsəd aparmaları, heyranlıq duymaları lazım olan kəslər isə Quranda belə bildirilmişdir:
Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər; Rəbbinin ayələrinə inananlar; Rəbbinə şərik qoşmayanlar; Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər – Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər. (Müminun Surəsi, 57-61)
... Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır... (Hucurat Surəsi, 13)
Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf Surəsi, 46)
Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir. (Ali İmran Surəsi, 157)
De: "Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu, onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!" (Yunus Surəsi, 58)
İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir. (Yusuf Surəsi, 57)