Cənubi Asiya ölkələrindən Myanmanın Arakan əyalətində yaşayan müsəlman rohincaların uzun illərdir məruz qaldıqları zorakılıq və zülm bütün dünyanın gözü qarşısında artaraq davam edir.
Buddist Myanma dövləti müsəlman rohincaların varlıqlarını və hüquqlarını qəti şəkildə tanımır. Myanma dövləti rohincaları fərqli etnik qrup yox, qanunsuz miqrant kimi qəbul edir və hər cür təzyiqə əl ataraq onları assimilyasiya etməyə çalışır. 1982-ci ildə hərbi xuntanın təşəbbüsü ilə rohincaların şəxsiyyət vəsiqələri rəsmi şəkildə yox sayıldı. Ölkədəki bütün etnik qruplar vətəndaş qəbul edildiyi halda, müsəlman rohincalar etnik azlıq kimi qəbul edilmədi və vətənsiz xalq oldular.
Vətəndaşlıq hüququ olmayan müsəlman rohincalar dövlətin heç bir imkanından istifadə edə bilmirlər. Xəstələndikdə dövlət xəstəxanalarına qəbul olunmur, dövlət və ya özəl müəssisələrdə pulsuz işlədilirlər. Dövlət məmuru olmaq hüququna malik deyillər. Bir kənddən başqa kəndə getmək üçün də dövlətə vergi vermək məcburiyyətindədirlər. Telefon, mobil telefon və ya mühərrikli nəqliyyat vasitəsinə sahib olmaq hüquqları yoxdur. Betondan ev tikmələri belə qadağandır. Ancaq taxta evlərdə yaşaya bilərlər. Üstəlik, onların mülkiyyəti də dövlətə məxsusdur. Bir cinayətdə ittiham edildikdə özlərini müdafiə etmək hüquqları yoxdur, birbaşa həbs edilirlər. Polis və ya əsgər əsassız olaraq evlərinə basqın edə bilərlər. Bundan başqa, heç bir səbəb olmadan həbs oluna bilərlər.
1942-ci ildən davamlı tətbiq edilən etnik təmizləmə siyasəti, soyqırım və deportasiyalar nəticəsində 4 milyon müsəlman əhalidən yalnız 800 min nəfər qalıb. Bu günə kimi 3 milyon müsəlman qonşu ölkələrə getməyə məcbur edilib, yüz minlərlə insan şəhid edilib, on minlərlə qadın təcavüzə məruz qalıb. Yaşayış məntəqələri yandırılaraq məhv edilib, yüzlərlə məscid və mədrəsə dağıdılıb.
Son aylarda yenidən alovlanan hücumlarda müsəlman kənd, məscid və mədrəsələrə od vuruldu, müsəlmanlar evlərində diri-diri yandırıldı. 2017-ci ilin avqust ayının son həftəsində isə separatçı Arakan Rohinca Qurtuluş Ordusunun həyata keçirdiyi hücumlarda 2-3 min müsəlman öldürüldü. Avropa Rohinca Şurasının nümayəndəsi dr. Anita Şuqun bildirdiyinə görə, Arakanın Rathedaung şəhərinin Saugpara kəndində bütün kişilər öldürülmüş, təkcə bir oğlan uşağı sağ qalmışdı. [1] Əbdül Fayazın Əl-Cəzirə kanalına bildirdiyinə görə, ordu mənsubları tərəfindən qadınlara təcavüz edilmiş, hər yer dağıdılıb yandırılmışdır. [2]
Rohincalar bu dəhşətli zülmdən qaçaraq Banqladeşə sığınmaq istədi, lakin 600 min insan günlərlə sərhəddə gözlədildi. Üstəlik ac-susuz halda yağışın altında.
Banqladeşə daxil olduqda isə yenə rahatlıq tapmadılar. Onlar üçün yaradılan düşərgələrdə saysız-hesabsız problemlə qarşı-qarşıya qaldılar. Cenevrədə baş tutan Rohinca Qaçqın Böhranı İanə Konfransında danışan "Sərhədsiz Həkimlər" təşkilatının sədri dr. Joanne Liu düşərgələrin sağlamlıq baxımından saatlı bombadan fərqlənmədiyini deyərək oradakı şəraiti belə təsvir etdi: "Rohincalar palçıqdan və neylon örtüklərdən düzəldilmiş, bambuklarla bərkidilmiş kiçik təpələr üstündə qırıq-salxaq sığınacaqlarda yaşayırlar. Yaşayış sahəsinin içərisinə doğru irəlilədikcə yolu olmayan meşəlik sahəyə daxil olursunuz. Demək olar ki, heç bir şərait yoxdur. Yaşayış şəraiti heç yerdə olmadığı qədər çətindir. İnsanlar palçığın üstündə, sel təhlükəsinə açıq sahədə neylon örtüklərin altında yaşayırlar. Yanlarında çox az əşyaları var və hər an fillərin hücumuna məruz qalma təhlükələri var. Təmiz su, tualet, ərzaq, səhiyyə xidmətlərindən məhrumdurlar". [3]
Banqladeşin rohincaları Myanmaya geri göndərmədə israrlı mövqeyi nəticəsində ötən günlərdə iki ölkə arasında müqavilə imzalandı. Müqaviləyə görə, Rohinca müsəlmanları 2 ay sonra Myanmaya geri göndəriləcəklər. Bəs getdikləri yerdə evlərini tapa biləcəklərmi? Əlbəttə ki, yox. Ordunun yerlə-yeksan etdiyi bölgədə nəinki evlərini, kəndlərini belə tapa bilməyəcəklər.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseyn dekabrın 5-də BMT-nin Cenevrədə keçirilən növbədənkənar iclasında rohincaların on illərdir vətənsiz olmalarının, ayrı-seçkiliyə məruz qalmalarının, vəhşicəsinə yurdlarından məhrum edilmələrinin və yaşadıqları bölgələrin sistematik şəkildə dağıdılmasının açıq-aşkar soyqırıma işarə etdiyini bildirdi. "Belə bir vəziyyətdə soyqırım əlamətlərinin olmadığını iddia edə biləcək biri varmı" deyə soruşan Əl-Hüseyn Rohinca mövzusunda beynəlxalq istintaqın aparılmasının zəruri olduğunu bildirdi.
Şahidlərin ifadələrinə əsasən Myanma təhlükəsizlik qüvvələrinin rohincalara vəhşicəsinə davrandığını qeyd edən Əl-Hüseyn bütün bunların nəzərə alınmasının zəruri olduğunu vurğuladı və evlərin qəsdən yandırıldığı, qadın və qız uşaqlarının təcavüzə məruz qaldığı, böyük-kiçik demədən insanların öldürüldüyü, qaçan insanların vurulduğu bir zamanda Banqladeşə sığınan rohincaların Myanmaya geri göndərilmələrinin yanlış olacağını xatırlatdı. Digər tərəfdən Əl-Hüseyn böhranın əsl səbəblərinin vurğulanmasının və insan hüquqlarına riayət edilməsinə nəzarətin vacibliyini qeyd etdi. [4]
Əl-Hüseynin bəyanatı çox vacibdir. Myanma rəhbərliyi zalım siyasətini dəyişdirmədən rohincaların oraya geri göndərilmələri qəbuledilməzdir. Myanma müsəlmanlara tətbiq etdiyi təzyiq və zorakılığı dərhal durdurmalıdır. Müsəlman rohincalar da buddistlər kimi Myanma vətəndaşıdır və orada gözəl və keyfiyyətli yaşamaq hüququna malikdirlər. Myanma rəhbərliyi ancaq bu ədalətli münasibəti göstərdiyi təqdirdə sivil dövlətlər arasında yer ala bilər.
[1] http://www.yenisafak.com/en/world/nearly-3000-rohingya-muslims-killed-in-the-last-three-days-2787305
[2] https://www.youtube.com/watch?v=3Aac-LcAxok
[3] http://www.msf.org/en/article/bangladesh-opinion-rohingya-refugees-people-are-survival-mode
[4] http://www.dw.com/tr/bm-rohingyalara-soyk%C4%B1r%C4%B1m-yap%C4%B1l%C4%B1yor-olabilir/a-4166301
Adnan Oktarın “BERNAMA”da (Malayziya) yayımlanan məqaləsi:
http://www.bernama.com/bernama/v8/fe/newsfeatures.php?id=1424762