Bir ayə bir açıqlama: “Ənam” surəsi, 116
ucgen

Bir ayə bir açıqlama: “Ənam” surəsi, 116

2037
Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! (Ənam surəsi, 116)

 Quran əxlaqına uyğun yaşamayan insanların ortaq xüsusiyyətləri onların kütləvi şəkildə yanılmalarıdır. Bu ayədən də məlum olduğu kimi, bu cür cəmiyyətin fərdlərinin bir çoxunun eyni düşüncə tərzinə malik olması bir növ sürü psixologiyası meydana gətirir və onsuz da mövcud olan xətanı daha da gücləndirir. Allahın və axirət həyatının varlığını qavramayan bu cür cəmiyyəti Allah Quranda cahil cəmiyyət adlandırır. Çünki cəmiyyətin fərdləri nə qədər fizika, tarix, biologiya və ya başqa bir elm sahəsi ilə məşğul olsalar da, Allahın gücünü və böyüklüyünü tanıyacaq ağıl və vicdana malik deyillər. Ona görə, bu cəhətdən cahildirlər.

Bu cür cəmiyyətin fərdləri Allaha bağlı olmadıqlarına görə, Onun göstərdiyi yoldan müxtəlif vasitələrlə azırlar. Eynilə, özləri kimi aciz qul olan insanlara tabe olur, o insanlardan nümunə götürür, o insanların düşüncələrini mütləq doğru qəbul edirlər. Getdikcə, öz-özünü korlaşdıran, ağıl və vicdandan uzaqlaşan fərdlərə çevrilirlər. Ən nəzərəçarpan xüsusiyyətlərindən biri bu insanların dinsizliyin təlqinləri ilə hərəkət etmələridir.

Dinsizlik sisteminin hökm sürdüyü cəmiyyətdə haqq din haqqında saysız-hesabsız ön mühakimə əmələ gəlir. Lakin din əxlaqını anlamağa çalışarkən əsas kriteriya başqalarının din haqqında dediklərii deyil, insanın öz vicdanı olmalıdır. İnsanların əksəriyyətinə tabe olmağın insanı doğru yola aparmayacağı Quranda bu ayə ilə açıq şəkildə ifadə edilmişdir.

Cəmiyyət və ya başqa sözlə, sürü psixologiyasından xilas olub öz vicdanı ilə düşünməyə başlayan insan bu Quran ayəsində vurğulanan həqiqəti görər. O, artıq insanların böyük əksəriyyətindən fərqli olaraq yeni bir dünyaya addım atmışdır. Bu addımı onu əvvəlki dünyanın qaranlığından, sıxıntısından, darlığından uzaqlaşdırıb, Allahın iznilə, din əxlaqının qazandırdığı sonsuz gözəlliklərə və dərin hikmətlərə aparar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo