Balaca Aylanın bədəni Türkiyə sahillərində tapılanda dünya iki mühüm şeyi xatırlamışdı: miqrant faciəsi və bu faciədən ən çox əziyyət çəkən miqrant uşaqları. Bu fəlakəti dünya tez unutdu. Sanki ölkələrdə, dənizlərdə baş verən faciələr sona çatmış kimi Aylanın yasını tutub öz həyatlarına geri qayıtdılar. Aylandan indiyə qədər bir çox insan dənizlərdə həyatını itirən minlərlə miqrantın, bədəni sahilə vuran minlərlə məsum uşağın fərqində belə olmadı.
Daha əvvəl də bildirmişdik: bizim sərhədimizdə olmaması və ya bizim başımıza gəlməməsi dünyada bu faciənin baş vermədiyi demək deyil. Miqrantlar eyni çətinlikləri yaşamağa davam edirlər. Alınan məhdud tədbirlərdən sonra dəyişən bir şey yoxdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHRC) tərəfindən verilən açıqlamaya görə 2016-cı ilin əvvəlindən 15 iyun tarixinə qədər 2850 miqrant dənizdə boğularaq həyatını itirib. İyun ayında 700 nəfərlik gəminin batması onsuz da dəhşətli faciə ilə başlamışdı. İyun ayının sonlarında dənizdə həlak olanların sayının daha da artdığına şahid oluruq. İronik olan isə 20 iyun tarixinin Ümumdünya Qaçqınlar Günü olmasıdır.
Kifayət qədər qorxunc olan bu mənzərənin detalları isə daha da qorxuncdur. UNHCR-in məlumatlarına görə ilin əvvəlindən 4 iyun tarixinə kimi Avropaya gəlmiş miqrant sayı 206.200-dür. Hər üç qaçqından birini isə uşaqlar təşkil edir. Bir uşaq olaraq bu riskli və sonu bəlli olmayan yola çıxmaq onsuz da kifayət qədər qorxunc olduğu halda, statistika bizə daha da qorxunc mənzərə təqdim edir. Bu ölüm səfərinə çıxan 10 uşaqdan 9-nun yanında heç bir valideyni yoxdur. Tək-tənhadırlar! Bu ilin ilk beş ayında Şimali Afrikadan İtaliyaya getməyə çalışan 7000 uşaq yanında heç kim olmadan yola çıxıb. Bu kimsəsiz uşaqlar yaşları nə qədər kiçik olursa-olsun, bütün səfəri tək başlarına keçirərək sonu bəlli olmayan bir istiqamətə doğru yol alırlar. Əlbəttə ki, ən çox sui-istifadə edilən və ən böyük çətinliklərlə rastlaşanlar da yenə onlardır.
UNİCEF-in son açıqlamasına görə "insan taciri şəbəkələrinin qadınları və uşaqları hədəf seçdiyinə dair əlimizdə güclü dəlillər var. İtalyan sosial xidmət mütəxəssislərinə görə, həm qız, həm də oğlan uşaqları cinsi istismara məruz qalır, qızlar Liviyada fahişəliyə məcbur edilirlər. Belə ki, qız uşaqlarının bir qismi İtaliyaya çatdıqda təcavüzə məruz qaldıqları üçün hamilə idi".
Kimsəsiz qaçqın uşaqların buna müqavimət göstərmələri isə yenə başqa qorxunc zülmlə qarşılıq görür. 16 yaşlı Aimamo bu zülmü belə açıqlayır: "Əgər qaçmağa cəhd etsəniz, sizi döyürlər və ölə bilərsiniz. Əgər işləməsəniz, sizi döyürlər. Bu, sanki kölə ticarəti kimi bir şeydir".
Yenə UNİCEFİN-in rəqəmlərinə görə Şimali Afrikadan İtaliyaya tək gələn uşaqların sayı ötən illə müqayisədə iki qat çoxdur. Bu, miqrantların gəldikləri yerdə vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya qoyan dəyərləndirmədir, əslində. Ailələrini itirən, tək və kimsəsiz qalan uşaq sayı o qədər çoxdur ki, uşaqlar müdafiəsiz qaldıqları bu torpaqlardan tək də olsa qaçmaq istəyirlər. Tarlalarda dəhşətli şəraitdə işləyib, hər cür istismara məruz qalıb özlərini insan tacirlərinə təslim edir və daha qorxunc macəraya doğru gedirlər. Bu yolda həyatını itirənlər tanınmır, bilinmirlər.
Avropaya gələn kimsəsiz uşaqlar üçün isə məskunlaşma yerləri hər zaman təmin edilə bilmir. Müvəqqəti sığınacaqlar və ya idman zalları dünyanı tanımayan bu günahsızlar üçün isti yuva deyil. Ailələri, evləri olmayan, öz ölkələrindən uzaqda olan bu uşaqların psixologiyaları, təhsilləri gündəmdə belə deyil. Yaşadıqları çətinliklər azmış kimi zenofobiklərin hücumları, məruz qaldıqları nifrət sözləri, təcrid etmə və damğalanma onlar üçün vəziyyəti daha da çətinləşdirir.
Gözlərimizin önündəki problem təkcə miqrantlar deyil, bununla birlikdə meydana gələn itkin nəsildir. Bu nəsil daha uşaqlıq nədir bilmədən dünyanın ən dəhşətli əzabları və zalımlıqları ilə qarşı-qarşıya qaldı. Həyatı tanımayan və bütün ailəsini itirən kiçik bir uşağın insan tacirlərinin əlində yaşadığı kabusu, məruz qaldığı sui-istifadə və bunları yaşayarkən düşdüyü dəhşəti gözünüzün qabağına gətirin. Öz uşağını belə bir mənzərə içində xəyal edə bilməyən heç kim başqa bir uşaq üçün bu görüntülərə razı olmamalıdır. Uşaq harada yaşamasından, hansı dildə danışmasından asılı olmayaraq məsumdur və biz -vicdanlı, sağlam düşüncəli insanlar- onlardan məsuluq.
Bəzi Avropa ölkələri sərhədlərini miqrantlara bağlayarkən, İsveçrənin zəngin qəsəbələri cəmi 5 qaçqın almaq əvəzinə vergi ödəyərək bu "yükdən" qurtulmağın hesabını apararkən bütün bunlar baş verir. Əlbəttə, bunları seyr etmək istəməyən insanlar da var dünyada. Amma heç kimin təkbaşına bu zülmlə mübarizə aparmağa gücü çatmır. Deməli birliyə ehtiyacımız var. Problemin qığılcım nöqtəsi olan İslam dünyası və zülmü dayandırmağa əzm etmiş vicdanlı insanların tək bir nəfəs kimi hərəkət etməsi bu itkin nəsli xilas etməyə yetəcək. Yaxşıların ittifaqı dünya tarixində hər zaman qalib gəlib. Sayı az olsa belə yaxşılar birlikdə güclü və təsirlidir. Bunun üçün yaxşılar vaxt itirmədən aradakı süni münaqişələrə son verməli, bütün dünyaya "bir yerdəyik və zülmə qarşıyıq" mesajı verə bilməlidirlər. Xüsusilə İslam ölkələrinin bunu etməsi üçün qarşılarında heç bir maneə yoxdur. Böyük İslam dünyasının birlik halındakı nəhəng gücü dünyada uşağa belə zülm etməyi məqbul sayan təfəkkürü yox etməyə yetəcək. Allah bizim sadəcə olaraq hərəkətə keçməyimizi istəyir.
Mənbə:
http://www.reuters.com/article/us-europe-migrants-children-idUSKCN0Z00XY
Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi: