Qarışqalar çox "yaxşı təşkilatlanmış" nizamla koloniyalar adlanan dəstələr şəklində yaşayırlar. Dəstələr şəklində yaşadıqları üçün koloniyanın müəyyən nizam daxilində hərəkət etməsi, qarışıqlıq yaranmaması baxımından çox mühümdür.
Kollektiv iş, hərbi strategiya, inkişaf etmiş ünsiyyət şəbəkəsi, nümunəvi və şüurlu iyerarxiya, intizam, qüsursuz şəhər planlaşdırmaları ...
Yuxarıda oxuduğunuz cümlə torpağın üzərində yalnız giriş hissəsini gördüyünüz qarışqa yuvalarındakı həyatın kiçik hissəsidir. İnsanların belə hər zaman kifayət qədər bacarıqlı olmadığı bu sahələrdə qarışqalar son dərəcə bacarıqlıdırlar. Torpağın altındakı yuvalarında qarışqalar bir tərəfdən qida tədarük edir, balalarını qoruyur, digər tərəfdən isə koloniyalarını qoruyur və döyüşürlər. "Dərzilik" edib, "əkinçilik"lə məşğul olan, "heyvan yetişdirən" qarışqa koloniyaları belə vardır. Aralarında çox güclü ünsiyyət şəbəkəsi olan bu canlıların həyatı ictimai təşkilatlanma və işlərində ixtisaslaşma baxımından araşdırıldıqda heç bir canlı ilə müqayisə edilməyəcək üstünlüyə sahib olduqları ortaya çıxır.
Qarışqa dəstələrində hər bir fərd öz üzərinə düşən vəzifəni yerinə yetirir. Hər bir fərd üçün mühüm olan öz istəkləri deyil, koloniyanın yaşamasıdır.
Allah Quranda canlılardakı ibrətamiz xüsusiyyətlərə diqqət çəkərək bunlar üzərində düşünməyimizi istəyir. Allahın aşağıdakı ayədə diqqət çəkdiyi və üzərində düşünülməli olan canlılardan biri də qarışqalardır:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti inanan insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)
Quruluşuna görə hər hansı bir məskəndən heç bir fərqi olmayan yuvalarını hazırlayarkən qarışqalar heç bir təlim görmürlər. Yumurtadan çıxdığı andan hər qarışqa öz vəzifəsini bilir və vaxt itirmədən vəzifəsini yerinə yetirir. Yuvanı necə hazırlayacağını da bilir, yeməyi necə tapacağını, sürfələrə necə baxacağını, qısası, nə edəcəyini çox yaxşı bilir və bir-bir tətbiq edir. Bu vəziyyət qarışqaların bu məlumatlara hələ dünyaya gəlmədən sahib olduqlarını göstərir. Daha doğrusu, bütün bu məlumatlar ortaya çıxdıqları andan onları yaradan Uca Allah tərəfindən qarışqalara ilham edilir.
Qarışqalar görünüşlərinə görə nə qədər bir-birlərinə bənzəsələr də, yaşayış tərzinə və fiziki xüsusiyyətlərinə görə təxminən 8000 növə ayrılırlar. Hər növün də özünəməxsus xüsusiyyətləri vardır.
Qarışqa növləri arasında ən maraqlılarından biri yarpaqkəsən qarışqalar kimi bilinən atdalardır. Atdalar kəsdikləri yarpaq hissələrini başlarının üstündə yuvalarına daşıyırlar. Qarışqalar böyük yarpaq hissələrini möhkəm quruluşlu çənələrində tutaraq daşıyırlar. İşçi qarışqaların gün boyu çalışdıqdan sonra yuvaya dönmələri çox maraqlı mənzərə yaradır. Belə bir mənzərə ilə qarşılaşan insana elə gəlir ki, meşənin yer hissəsi “canlanıb” və “hərəkət edərək harasa gedir”. Atdaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların bunları göbələk istehsalında istifadə etdiklərini heyrətlə kəşf etmişlər.
Qarışqalar yarpaqları yeyə bilməzlər, çünki bədənlərində bitkilərdə olan sellülozanı həzm edən fermentlər yoxdur. İşçi qarışqalar yarpaqları çeynəyərək yuvanın yer altındakı otaqlarında saxlayırlar və yarpaqların üzərində göbələk yetişdirirlər. Bu yolla böyüyən göbələklərin tumurcuqlarından özləri üçün lazım olan zülalı əldə edirlər.
Atdalarla göbələklər arasındakı ortaq həyat sayəsində qarışqalar qida ehtiyacı duyduqları zülalı yarpaqların üzərində yetişdirdikləri göbələk tumurcuqlarından alırlar. Yandakı şəkildə qarışqaların yetişdirdikləri göbələk bağçasını görürsünüz.
Burada atdaları təhlükə gözləyir. Onlara lazım olan göbələyi yetişdirərkən bağçalarında zərərli göbələklərin törəməsi ehtimalı da var. Bəs bağçalarını yalnız oktyabr ayının əvvəlində təmizləyən atdalar zərərli göbələklərdən necə qorunurlar? Bunun sirri yarpaqları çeynədikləri vaxt istifadə etdikləri tüpürcək mayesindədir. Tüpürcəkdə lazım olmayan göbələklərin meydana gəlməsinin qarşısını alan antibiotik və lazım olan göbələyin inkişafını sürətləndirən maddə var.
Bu cür möcüzəvi bir hadisəni qarışqaların necə etdiklərini düşündükdə insanın qarşısına yüzlərlə "niyə?” və “necə?" sualları çıxar. "Niyə qarışqalar digərləri kimi normal yollarla qidalanmaq əvəzinə bağbanlıq edərək göbələk yetişdirməyi seçiblər? Bağbanlığı, göbələk yetişdirməyi haradan öyrəniblər? Yarpaqları çeynəyərək göbələk hazırlamağı necə kəşf ediblər və bunu sonrakı nəsillərə necə öyrədiblər?"
Bu sualların bir cavabı var:
Qarışqalar bütün işləri bacara biləcək şəkildə yaradılmış və proqramlaşdırılmışlar. Bu cür kompleks davranışlar müəyyən zaman ərzində mərhələlərlə inkişaf edən bəsit hadisələr deyil. Hərtərəfli elmin və çox üstün bir ağılın əsəridir. Bu məlumatları yarandıqları ilk gündən etibarən qarışqalara verən, onları bütün heyrətverici xüsusiyyətləri ilə yaradan aləmlərin Rəbbi olan Allahdır.
Atdaların çox maraqlı müdafiə üsulları var. Yarpaqkəsən qarışqa koloniyasının orta boylu işçilərinin demək olar ki, bütün günləri yarpaq daşımaqla keçir. Bu daşıma zamanı özlərini qoruya bilmirlər. Çünki onları qoruyan çənələri ilə yarpaq daşıyırlar. Bəs onları kim qoruyur?
Yarpaq daşıyan işçi qarışqalar yanlarında daha kiçik boylu işçilərlə birgə gəzirlər. Qarışqaları araşdıran elm adamları əvvəllər bunun təsadüf olduğu zənn edirdilər. Sonradan bu hərəkətin səbəbi tədqiq edildi. Uzun tədqiqatlar təəccüblü bir əməkdaşlığı ortaya çıxardı.
Yarpaq daşıyan ortaboylu qarışqalar onların düşməni olan milçək növünə qarşı maraqlı bir müdafiə üsulundan istifadə edirlər. Düşmən milçək yumurtalarını qoymaq üçün son dərəcə fərqli bir yer seçib, hər qarışqanın başına bir yumurta qoya bilər. Qarışqanın başında inkişaf edən bala milçək həşəratın beyninə qədər irəliləyərək onun ölümünə səbəb ola bilər. İşçi qarışqalar yanlarında kiçik köməkçiləri olmadan hər an hücum etməyə hazır olan bu milçək növünə qarşı müdafiəsiz qalırlar. Normal vaxtda üzərlərinə qonmaq istəyən milçəkləri qayçıya bənzəyən iti çənələri ilə dərhal uzaqlaşdırmağı bacaran işçi qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Buna görə də onları müdafiə edən başqa qarışqanı daşıdıqları yarpağın üzərində yerləşdirirlər (sağda). Milçəyin hücumu zamanı bu kiçik qoruyucular yarpağın üzərindən düşmənlə mübarizə aparırlar.
Bir neçə xüsusiyyətini izah etdiyimiz atda qarışqaları yer üzündəki minlərlə qarışqa növündən yalnız biridir. Hər növün özünəməxsus xüsusiyyətləri olduğunu düşünsək, Allahın yaratma sənətindəki bənzərsizliyin bir daha şahidi olarıq.
Aləmlərin Rəbbi olan Allah hər şeyi Onu tanımağımız üçün yaratmışdır.
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan insanlar üçün dəlillər vardır. (Yunus surəsi, 6)