Dünyanın harasında olursa olsun, uşaqların məruz qaldığı çətinliklər günbəgün artır. Məsələn, münaqişələrlə keçirdiyimiz 2017-ci ildə ən çox əziyyəti yenə uşaqlar çəkdi. Hətta bu hal təkcə Suriya və ya Yəmən kimi münaqişə bölgəsi olan ölkələrlə məhdudlaşmadı. Bir çox ölkədə çox sayda uşaq istismarı baş verir. Mərkəzi Afrika Respublikası, Ukrayna və ya Cənubi Sudanı nə qədər insan xatırlayır? Bu və digər bir çox ölkə uşaqların münaqişə cəbhəsinə sürükləndiyi yerlər halına gəldi.
YUNİCEF-in Fövqəladə Hallar üzrə direktoru Manuel Fonten (Manuel Fontaine) "Uşaqlar evlərində, məktəblərdə və oyun sahələrində təcavüzə və zorakılığa məruz qalırlar. Bu hücumlar davam etdiyi müddətcə biz bunlara laqeyd qala bilmərik. Bu insanlıqdan kənar vəziyyət vərdiş halına gəlməməlidir"- deyə bildirir.
Lakin bu vəhşilik mənzərəsi dünyada bir çox insan üçün adiləşib. Yəməndə 1000 gün davam edən qarşıdurmalar zamanı ən az 5000 uşaq həyatını itirdi və ya yaralandı. Hazırda 11 milyon uşaq humanitar yardım gözləyir. 385 min uşaq müalicə almasa, qida çatışmazlığından ölüm təhlükəsi ilə üz-üzə qalacaq. Bu mənzərə tarixin ən ağır virus xəstəliyi kimi tanınan vəbanın ortaya çıxması ilə daha da acınacaqlı hala çevrildi. YUNİCEF-ə görə, xəstəlik orta hesabla hər 35 saniyədə bir uşağa yoluxur. Eyni təşkilatın yaydığı başqa bir hesabatda 2 milyon yəmənli uşağın məktəbə getmədiyi, 3 milyon uşağın isə müharibə vaxtı doğulduğu göstərilir.
Suriyada illərdir davam edən zorakılığa görə 3 milyon uşaq digər ölkələrə sığınmaq üçün ölkələrini tərk etmək məcburiyyətində qaldı. Minlərlə uşaq köç edərkən həyatını itirdi, Avropa və digər yerlərdə insan alverçilərinin qurbanı oldu. Canlı qalxan kimi istifadə olunmayan, yaxud snayperlərə hədəf olmayan uşaqlar istisna olmaqla, təxminən 6 milyon uşaq humanitar yardıma möhtacdır. Əfqanıstan, Şərqi Ukrayna, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Somali və Myanma kimi bir çox ölkədə də uşaqlar eyni zülmlə qarşı-qarşıyadırlar.
Dünya XXI əsrdə uşaqlarımız üçün daha etibarlı yer olmalı və iki dünya müharibəsi kimi dəhşətli günlərin baş verdiyi XX əsrə oxşamamalıdır. Uşaqların Suriyada snayperlərlə hədəfə alınmasını, Mərkəzi Afrika Respublikasında kəsilərək öldürülməsini, yaxud da Myanmada diri-diri yandırılmasını heç bir vicdan qəbul etməz.
Qəbul edilməsi mümkün olmayan, düşüncəsi belə tükləri ürpərdən bu hadisələr çox təəssüf ki, baş verir və ən məsum, qorunmağa ən çox möhtac, cəmiyyətin ən dəyərli üzvləri bu cür vəhşiliyə məruz qalır. Liderlər tədbir görməli və bu zülmə dərhal son qoymalıdırlar. Unutmamalıyıq ki, tədbir görmədən keçirdiyimiz hər saniyə dünyada uşaqlar zərər görür və ya öldürülür.
Adnan Oktarın “Hindustan Times” (Hindistan), “Afghanistan Times” (Əfqanıstan) və “MENA FN”də (İordaniya) yayımlanan məqaləsi:
https://www.hindustantimes.com/analysis/why-the-world-has-become-a-more-dangerous-place-for-children/story-BzTqseq5b1xcDLJ0XRuXIN.html
http://afghanistantimes.af/atrocities-committed-children/
http://menafn.com/1096696951/Atrocities-committed-against-children?src=RSS