"Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq". (Qamər surəsi, 49)
Allah bu ayəsində hər şeyi qədərlə yaratdığını bildirir. Canlı-cansız bütün varlıqlar qədərləri ilə birlikdə yaradılmışdır. Heç bir varlıq Allah’ın təyin etdiyi qədərə kiçicik təsir belə göstərə bilməz. Başına gələn nə yaxşılığa, nə də pisliyə mane olmağa qadir deyil.
Qədər Allah`ın yaratdığı bütün canlıların keçmişini, gələcəyini, hər hərəkətini, düşüncəsini, danışığını ən incə detalına qədər bilməsi və idarə etməsidir. İnsanların dünyaya gəldikləri andan etibarən öləcəkləri ana qədər yaşayacaqları bütün hadisələr, görəcəkləri bütün işlər, bir sözlə həyatlarının hər anı daha onlar doğulmadan əvvəl Allah qatında təyin edilmiş və planlanmışdır. İnsan yalnız Allah’ın dilədiyi və yaratdığı hadisələrlə qarşılaşır və Onun dilədiyi kimi yaşayır. Allah bu həqiqəti Qamər surəsinin 52 və 53-cü ayələrində belə bildirmişdir:
"Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır!" (Qamər surəsi, 52-53)
Ayələrdə bildirdiyi kimi, bütün insanlar Allah`ın təyin etdiyi qədər çərçivəsində, Onun nəzarəti və hakimiyyəti altında həyatlarını davam etdirirlər. Heç bir insanın bu “çərçivədən” kənara çıxması mümkün deyil. Bəzi insanlar qarşılaşdıqları hər hadisəyə təvəkkülsüz, ümidsiz yanaşırlar. Dolayısı ilə, daima bədbin əhval-ruhiyyədə olurlar. Bundan xilas olmağın yeganə yolu isə qədərə təslim olmaq, hadisələrdəki hikmətləri görməyə çalışmaqdır.