Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, Qəyyumdur. (Ali-İmran surəsi, 2)
Bəzi insanlar kainatdakı qüsursuz sistemin bir dəfə yaradıldığını və bundan sonra da özbaşına buraxıldığını düşünürlər. Bu səhv düşüncə həmişə deyilməsə də, insanların şüur altına hakim olan ümumi fikirdir. Bu düşüncə özlərini Allah`a qarşı məsul saymayan, Allah`ın əmrlərinə tabe olmağı qəbul etməyən insanlar arasında bir növ qaçış yoludur. Belə düşündükləri zaman Rəbbimizə qarşı olan məsuliyyətlərinin azalacağını düşünürlər.
Ancaq varlığın təməlində o qədər incə və həssas detallarla nizamlanmış qanunlar, səbəblər var ki, hər an üstün bir gücün idarəsi olmadan fəaliyyətlərini davam etdirmələri mümkün deyil. Görən, eşidən və görüb-eşitdiklərindən bəsirətlə nəticə çıxarmağı bacaran insanlar bu böyük həqiqəti dərhal görürlər. Necə ki, “Fatir” surəsinin 41-ci ayəsində Allah göyləri və yeri Özünün saxladığını belə bildirir:
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)
Yuxarıdakı ayədən də göründüyü kimi, kainatı Allah yaratmışdır və onu hər an nəzarəti altında saxlayır. Kainatdakı həssas tarazlıqların, fövqəladə incəliklərlə dizayn edilmiş sistemlərin davam etməsi Allah`ın idarəsi ilə mümkündür. O diləməzsə, heç nə varlığını davam etdirə bilməz. Allah yoxdan var etdiyi kainatı Qəyyum sifəti ilə qoruyub saxlayır. Bu həqiqəti xəbər verən ayələr belədir:
Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, Qəyyumdur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)
(O gün) üzlər yaşayan, (yaradılanların) Qəyyumu qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111)
Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik. Yeri də Biz döşədik. Döşəyənlər necə də gözəldir! Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız! “Allah`a tərəf qaçın! Mən sizi Ondan açıq-aşkar qorxudan bir Peyğəmbərəm! Allah`la yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan açıq-aşkar qorxudan bir Peyğəmbərəm!” (Zariyat surəsi 47-51)