• 1. And içirəm bu şəhərə (Məkkəyə)!

  • 2. Sən də o şəhərin sakinisən.

  • 3. And olsun valideynə və onun törəməsinə!

  • 4. Biz insanı çətinlik içində xəlq etdik.

  • 5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?

  • 6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

  • 7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir?

  • 8. Məgər ona iki gözü Biz verməmişikmi?

  • 9. Bir dillə iki dodaq verməmişikmi?

  • 10. Onu iki yoxuşlu yola yönəltmədikmi?

  • 11. O isə sərt yoxuşu aşmağa can atmadı.

  • 12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?

  • 13. O, bir kölə azad etməkdir

  • 14. və ya aclıq günündə möhtaca yemək verməkdir –

  • 15. qohumluq əlaqəsi çatan bir yetimə,

  • 16. yaxud aclıqdan yerə uzanmış kasıba!

  • 17. Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

  • 18. Onlar sağ tərəf sahibləridir.

  • 19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

  • 20. Od onların üzərində qapanacaqdır.