• 1. Ən Uca Rəbbinin adına təriflər de!

  • 2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;

  • 3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi;

  • 4. O Rəbbin ki, otlağı cücərtdi,

  • 5. sonra da qaralmış samana çevirdi.

  • 6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.

  • 7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.

  • 8. Səni ən asan olana müvəffəq edərik.

  • 9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!

  • 10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.

  • 11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.

  • 12. O kimsə ki, Cəhənnəmə atılacaq,

  • 13. O orada nə öləcək, nə də yaşaya biləcəkdir.

  • 14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.

  • 15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.

  • 16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;

  • 17. Axirət isə daha xeyirli və daha sürəklidir.

  • 18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –

  • 19. İbrahimin və Musanın səhifələrində.