• 1. Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” – deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.

  • 2. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

  • 3. Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.

  • 4. Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!

  • 5. Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!” – deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən.

  • 6. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz.

  • 7. Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.

  • 8. Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!” – deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.

  • 9. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.

  • 10. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

  • 11. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.