Müəyyən bir mövzu barədə məlumatı az olan insanın və ya həmin mövzu ətrafında çox düşünməyən insanın həmin mövzu barədə yanlış təsəvvürü ola bilər. Yaxud da o, başqaları tərəfindən səhv yönləndirilə bilər. Məsələn, bir televizorun iş prinsipi, mexanizminin hansı hissələrdən təşkil olunması haqqında dərin biliyə malik olmayan və ya bu sahə ilə maraqlanmayan bir insan üçün televizor sadəcə olaraq filmlərə baxdığı, xəbərləri izlədiyi bir vasitədir. O, televizora təsvirin və səsin çatdırılması, təsvirin ekranda yaranması, peyk əlaqələrinin təmin edilməsi, başqa ölkədən gələn təsvirin əvvəlcə kosmosa qalxması, sonra evindəki televizor cihazının içərisinə heç bir əngəl olmadan, səsi və rəngi ilə birlikdə necə çatdırıldığını, içindəki mexanizmlərin, istehsalında istifadə edilən materialların funksiyasını, pult idarəetməsinin hansı məntiqlə işlədiyini bilməsə və bunlar haqqında fikirləşməsə, bu cihazdakı texnoloji xariqələri də qiymətləndirib dərk edə bilməz. Televizoru sadəcə olaraq istədiyi proqramları seyr edə bildiyi elektrik cihazı kimi görəcək.