Kitabın buraya qədər olan hissələrində pislərin tarix boyunca yer üzündə fitnə-fəsad törətdiklərindən, insanlara müxtəlif şəkillərdə zülm etdiklərindən, yaşadıqları cəmiyyətlərə narahatçılıq, etibarsızlıq, böhtan, dava, çəkişmə, qısqanclıq kimi pislikləri gətirdiklərindən bəhs edildi. Həmçinin pislərin bütün bu pisliklərin cəmiyyət içində inkişaf edib yayılması üçün əl-ələ verdikləri və bir şər ittifaqı qurduqları da ifadə edildi. Amma bu izah edilənlərdən ortaya çıxan nəticəyə baxaraq bunun keçmişdən indiyə qədər bu şəkildə inkişaf etdiyini və bunu dəyişdirəcək bir şey olmadığını düşünmək, son dərəcə pessimist və mənfi bir yanaşma olar.
Quran'a tabe olan, Quran əxlaqını qazanmış bir insan heç bir zaman belə bir ümidsizliyə qapılmaz və ya ətrafındakı çirkinliklərə heç bir şərtdə göz yummaz. Vicdanlı və ağıl sahibi bir müsəlman ətrafındakı insanları, içində yaşadığı cəmiyyəti, hətta bütün insanları zülmdən, çəkişmələrdən, savaşlardan, fitnə-fəsaddan, əxlaqsızlıqdan və vicdansızlıqdan qurtarmaq üçün səy göstərər. Bu çox açıq bir həqiqətdir ki, səmimiyyət, vicdan, dürüstlük, mərhəmət, şəfqət, sevgi, hörmət kimi mənəvi dəyərlər pislərin əxlaqsızlıqlarını əridəcək və aradan qaldıracaq. Digər bir sözlə yaxşıların bir yerə gəlmələri və birlikdə davranmaları ilə pislərin ittifaqı dağılacaq, pislikləri əriyib yox olacaq. Allah bir ayəsində bu həqiqəti belə müjdələyir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allah'a aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Bu səbəblə, pislərin ittifaqının insanlıq baxımından təhlükələrini gözlər önünə sərməklə yanaşı əsil əhəmiyyətli olan, yaxşıların, vicdanlı və səmimi insanların pislərə qarşı bir-birlərinə dəstək olmaları, zülmə uğrayan məzlumları qorumaları, haqsızlığa uğrayanları müdafiə etmələridir. Bu, Allah'ın razı olduğu və Quran'da bir çox ayəsi ilə möminlərə əmr etdiyi əhəmiyyətli bir ibadət və gözəl davranışdır:
O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. (Şura surəsi, 39)
... Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quran'ın) ardınca gedənlər isə nicat tapanlardır. (Əraf surəsi, 157)
Əraf surəsindəki bu ayədə Allah möminlərin elçilərinə dəstək olub müdafiə etməli və ona kömək etməli olduqlarını bildirir. Möminlər eyni şəkildə bir-birlərini də dəstəkləyib müdafiə etməli və bir-birlərinə kömək etməlidirlər.
Allah Quran'ın bir çox ayəsində möminlərin bir-birlərinin vəliləri olduqlarını bildirir. Bu ayələrdən biri belədir:
Mömin kişilərlə mömin qadınlar bir-birinin vəliləridir. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allah'a və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)
“Vəli” sözünün mənası, dost, qoruyucu, köməkçi və dəstəkçidir. Elə isə möminlər; vicdan sahibi, gözəl əxlaqlı, dürüst və səmimi insanlar bir-birlərini dəstəkləməli, bir-birlərinə dost, köməkçi və qoruyucu olmalıdırlar.
Allah, Quran'da bildirdiyi peyğəmbər hekayələrində bu mövzuda nümunələr verir. Hz. Musa (ə.s) şəhərdə dava edən bir adama çətin vəziyyətdə qaldığı üçün kömək edərkən, səhvən bir adamın ölməsinə səbəb olmuşdur. Daha sonra da Fironun və şəhərin öndə gələnlərinin zülmündən və özünə haqsızlıqla davranmalarından xilas olmaq üçün şəhərdən uzaqlaşmışdır. Ayələrdə bu hadisə belə bildirilir:
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!” Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!” – dedi. (Qəsas surəsi, 20-21)
Hz. Musa (ə.s) ona xəbər verərək yaxşılıq edən bu adamın köməyi ilə şəhərdən çıxdıqdan sonra Mədyən kənarındakı bir quyuya çatmış və orada çobanlar olduğu üçün suyun kənarına gedərək heyvanlarını sulamaqdan çəkinən iki qadına kömək etmişdir. Qadınlar isə evlərinə qayıtdıqda olanları atalarına danışmışlar və ataları olan hz. Şueyb (ə.s), hz. Musa (ə.s)-ı evinə dəvət etmişdir. Hz. Şueyb (ə.s)-ın hz. Musa (ə.s) ilə söhbəti ayələrdə belə bildirilir:
Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!” (Qəsas surəsi, 25)
Hz. Şueyb (ə.s) hz. Musa (ə.s)-ın yaxşı və etibarlı bir insan olduğunu anladığı üçün ona çətinliyə düşdüyü vaxt dəstək olmuş, evində qalıb yanında işləməsinə icazə vermişdir. Bu, yaxşı insanların bir-birlərini çətinlik anlarında qorumalarına, bir-birlərinə qol qanad gərmələrinə bir nümunədir. Allah bir ayəsində Peyğəmbərimiz (s.ə.v)-ə “Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!” (Şuəra surəsi, 215) deyə buyurmuşdur. Möminlərin üzərinə qoruyucu qanadları gərmək, onları təhlükələrə qarşı, çətinliklərə qarşı qorumaq Rəbbimizin bir əmri və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir.
Birlik, bərabərlik, həmrəylik, dostluq, fədakarlıq, köməkləşmə, qoruma və oxşar xüsusiyyətlər Quran əxlaqının təməlini meydana gətirən gözəlliklərdən bəziləridir. İslam dinində insanlar həmişə tolerant, sevgi və sülh dolu, insanların bir-birlərinə qarşı anlayış göstərdikləri, hüzurlu bir mühitdə yaşayarlar. Bu xüsusiyyətlərə sahib cəmiyyətlər isə hər zaman üçün daha sürətli inkişaf edə bilər və güc qazana bilərlər. Çünki, birlik və bərabərlik təmin edildiyində, cəmiyyətin fərdləri güc və enerjilərini mübahisələrə, davalara, ziddiyətlərə, qarşıdurmalara, döyüşlərə deyil, həmişə xeyir və gözəllik dolu işlərə yönləndirəcəklər. Həmçinin hər kəsin əməyini, gücünü, şövqünü qatdığı, bir-birinə maddi və mənəvi istiqamətdən dəstək olduğu işlərdə böyük bir bərəkət və gözəllik meydana gələcək.
Ancaq hər şeydən əhəmiyyətlisi birlik və bərabərlik içində xeyir üçün çalışan insanlara Allah qatından bir kömək, bir dəstək və güc veriləcəyi müjdələnmişdir. Bu səbəblə, Allah bəzi ayələrində möminlərə bir-birləriylə çəkişməmələrini, yoxsa güclərinin gedəcəyini və zəif düşəcəklərini xatırlatmışdır. Bu ayələrdən biri belədir:
Allah'a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Yaxşılar və dostlar arasında birləşdirici rol boynuna götürmək Allah'ın tövsiyə etdiyi bir əxlaqdır. Xüsusilə pislərin azğınlıqlarının artdığı bir dövrdə möminlər arasında inciklik, dəymədüşərlik, küsəyənlik, çəkişmə kimi şeytandan olan pisliklərin kök salmasına yol verilməməlidir. Bu cür vəziyyətləri aradan qaldırmaq üçün səy göstərən, birləşdirici və uzlaşdırıcı bir rəftar sərgiləmək gözəl bir ibadətdir. Allah bunu bir ayədə belə bildirir:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah'dan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Çəkişmək, didişmək, düşmənçilik, kin, nifrət kimi duyğuların hamısı şeytanın insanlar üzərindəki təlqini ilə yaranan pis əxlaq xüsusiyyətləridir. Saleh müsəlmanlar heç bir zaman bu hisslərlə hərəkət etməzlər, daim ixlaslı, təvazökar, dostanə və bir-birlərinə qarşı qayğıkeş və sevgi doludurlar. Saf niyyətli olmayan insanlar ən yaxın yoldaşlarının, hətta öz qardaşlarının belə müvəffəqiyyətlərinə, gözəlliklərinə həsəd edərək düşmənlik göstərə bilərlər. Ancaq saleh bir müsəlman digərlərinin müvəffəqiyyətləriylə və gözəllikləriylə iftixar duyar, bunlara özününküymüş kimi sevinər, Allah'a həmd edər. Hətta bu adamın gözəlliklərinin və müvəffəqiyyətlərinin daha da artması üçün ona kömək edər, lazım olsa yol göstərər. Bu əxlaqa sahib olmayan insanlar isə əksinə müvəffəqiyyətinin yollarını kəsməyə çalışarlar. Rəqabət, qısqanclıq kimi hisslər isə xeyir yolunda edilən işlərdəki ixlası qırar, bu da davamında o işin bərəkətini və gözəlliyini qaçırar.
XX əsrin ən əhəmiyyətli İslam alimlərindən olan və yazdığı əsərlərdəki səmimiyyəti ilə diqqət çəkən Bədiüzzaman Səid Nursi Quran'ın təfsiri mahiyyətində hazırladığı Risalə-i Nur Külliyyatında bu mövzuların üzərində çox təfərrüatlı olaraq dayanmışdır. Bədiüzzaman möminlərin etdikləri işlərə rəqabət kimi nəfsin pisliklərinin qarışmaması lazım olduğunu bir sözündə belə ifadə etmişdir:
“Haqqa xidmət böyük və ağır bir xəzinəni daşımaq və mühafizə etmək kimidir. O xəzinəni çiynində daşıyanlara nə qədər qüvvətli əllər köməyə qaçsalar daha çox sevinər, məmnun olarlar. Qısqanmaq bir yana dursun, çox səmimi bir məhəbbətlə o gələnlərin özlərindən daha çox olan qüvvələrini və daha çox təsirlərini və yardımlarını iftixarla alqışlamaq lazım gələrkən, niyəsə rəqabətlə o həqiqi qardaşlara və fədakar yardımcılara baxılır və o hal ilə ixlas qaçır. Vəzifənizdə şübhəli olub, əhli-i dəlalətin nəzərində, sizdən və sizin peşənizdən yüz dərəcə aşağı olan, din ilə dünyanı qazanmaq və elmi həqiqətlə məişəti təmin etmək, tamah və ehtiras yolunda rəqabət etmək kimi müdhiş ittihamlara məruz qalırsınız. Bu mərəzin çarə-i yeganəsi: Nəfsini ittiham etmək və nəfsinə deyil, daim qarşısındakı məsləkdaşına tərəfdar olmaq...” (Lemalar, s. 157-158)
Bədiüzzaman Səid Nursinin də ifadə etdiyi kimi Quran əxlaqına xidmət inananların çiyinlərində daşıdıqları bir xəzinə hökmündədir, son dərəcə qiymətlidir. Hər kəsin bu qiymətli xidmətdə fədakarca bir köməyi və dəstəyi olmalıdır. Bu qiymətli xidmətdə şövq və həyəcanla işə can atan bir mömini qısqanmaq ya da özünə rəqib olaraq görmək saleh bir müsəlmana yaraşmaz. Qısqanmaq bir yana onun bu əzmi ilə qürur duymalı və dəstəkləməlidir.
Qısqanclıq şeytanın ittifaqının bir xüsusiyyətidir. İxlasla işin içində belə bir pisliyin yer alması ittifaqın gücünü azaltmaqdan başqa bir şeyə yaramaz. Gücün getməsi də yalnız pislərin ittifaqına fayda verəcək. Bədiüzzamanın da söylədiyi kimi bu xəstəliklərin tək çarəsi nəfsin tərəfində yox, daim dostun tərəfində olmaqdır.
Bədiüzzaman “İxlas risaləsi” -də isə, möminlərin eyni bir fabrikin çarxları kimi bir-birləriylə son dərəcə uyğun və bir-birlərini tamamlayıcı istiqamətdə hərəkət etmələri lazım olduğunu, bir-birlərinin qibtə damarlarını təhrik edəcək rəftar və danışıqlardan uzaq durmalı olduqlarını belə izah etmişdir:
“Bu, xidmət-i Quraniyədə olan qardaşlarınızı tənqid etməmək və onların üstündə özünü fəzilətli göstərməyə çalışmaq kimi qibtə damarını təhrik etməməkdir. Çünki necə ki, insanın bir əli digər əliylə rəqabət aparmaz, bir gözü bir gözünü tənqid etməz, dili qulağına etiraz etməz, qəlb ruhun ayıbını görməz. Bəlkə bir-birinin nöqsanını düzəldər, qüsurunu örtər, ehtiyacına kömək edər, vəzifəsinə edər; yoxsa o vücud-u insanın həyatı sönər, ruhu qaçar, cismi də dağılar. Həm də necə ki, bir fabrikin çarxları bir-biriylə rəqabət içində işləməz, bir-birinin önünə keçib təzyiq göstərməz, bir-birinin qüsurunu görərək tənqid edib şövqünü qırıb ətalətə uğratmaz. Bəlkə bütün istedadları ilə, bir-birinin hərəkətini ümumi məqsədə çatdırmaq üçün kömək edərlər, həqiqi birlik və ittifaq ilə yaradılış məqsədlərinə çatarlar. Əgər zərrə qədər bir hücum, bir təkəbbür qarışsa o fabriki qarışdıracaq, nəticəsiz axın buraxacaq. Zavod sahibi də o zavodu bütünlüklə qırıb dağıdacaq. Məhz ey Risalə-i Nur şagirdləri və Quran'ın xidmətçiləri! Sizlər və bizlər elə bir insan-ı kamil adına layiq bir şəxsi-mənəvinin üzvləriyik ... və həyat-ı əbədiyyə içindəki səadət-i əbədiyyədən nəticə verən bir zavodun çarxları hükmündəyik ... və sahil-i salamatlıq olan Dar-üs Selama ümmət-i Məhəmmədiyəyi (s.ə.v.) çıxaran bir səfinə-i rəbbaniyədə işləyən xadimələrik. Əlbəttə dörd fərddən min yüz on bir qüvvət-i maneviyəyi təmin edən sirri-ı ixlası qazanmaq ilə, birlik və ittihad-ı həqiqiyə möhtacıq və məcburuq." (Lemalar, səh. 160-161)
Bu nümunədə də olduğu kimi, necə fabrikin çarxları bir-biriylə uyğun, rəqabətdən uzaq işləyirsə və heç biri digərinin önünə keçmirsə və ancaq bu şəkildə istehsal qüsursuz, nöqsansız və vaxtında əldə edilə bilirsə, Allah rizası üçün xeyir yolunda səy göstərən möminlər də eyni uyğunlaşma içində hərəkət etməlidirlər. Bir-birlərinin əskiklərini araşdırmadan, qüsurlarını görmədən, hətta biri digərinin əskiyini tamamlayaraq səy göstərməlidirlər. İnkarçıların şiddətlə ittifaq halında olduğu, möminlərə qarşı kin və nifrətlərinin ağızlarından daşdığı, çarəsiz insanlara, qadınlara, uşaqlara və yaşlılara zülm edildiyi bir mühitdə bu məzlum insanlar vicdan sahibi kəslərin köməyinə ümid edirlər. O halda səmimilərin, vicdanlıların, dürüstlərin, ağıl sahiblərinin, saleh insanların güclərini bir-birlərinə qarşı istifadə etmələrinin Allah qatında böyük bir məsuliyyəti ola bilər. Möminlərin bir-birləriylə ittifaqı, köməkləşmələri, aralarındakı dostluqları, həmrəylikləri, məhəbbətlərini artırmaları və heç vaxt ittifaqlarını zəiflədəcək bir ixtilafa düşməmələri son dərəcə əhəmiyyətlidir.
Heç bir dünyəvi ehtirası olmayan, xeyir olaraq gördüyü hər davranışı, hər əsəri, hər fəaliyyəti özünə bir pay çıxarmadan, mənim sənin ayrımı etmədən xeyir üçün istifadə edən, qısqanclıq, rəqabət kimi nəfsin pisliklərindən çəkinən insanların həmrəylikləri pis niyyətli şər ittifaqını mütləq məyus edəcək.
Pislər mütləq yaxşıların arasına nifaq salmaq, onları bir-birlərinə qarşı qaldırmaq, birlik və bərabərliklərini pozmaq üçün hərəkət edəcəklər. Küfrün ən bilinən xüsusiyyətlərindən biri daha əvvəlki hissələrdə də bəhs edildiyi kimi, möminləri böhtan və yalanla ləkələməyə, onları xalqın gözündə hörmətdən salmağa, etibarlarını yox etməyə çalışmalarıdır. Ancaq cəmiyyət içində yaxşıların, vicdan və sağlam düşüncə sahibi insanların qarşılaşacaqları rəftar, böhtançıların və şər üçün yaşayanların bu səylərini boşa çıxardacaq. Çünki əgər böhtançıların qarşısında onların sözlərini dinləməyən, onların sıraladığı böhtanlara qulaq asmayan və bunlara inanmadıqlarını söyləyən insanlar olsa, bu böhtanlar zərər çəkmiş vəziyyətdəki kəslərə heç bir zərər gətirməz və pislər əməllərinə çata bilməmiş olarlar.
Necə ki, keçmişdə Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)-in şərəfli və müttəqi xanımına da böhtan atılmışdır. Allah böhtançılara qarşı vicdan sahibi insanların necə bir rəftar göstərməli olduqlarını Quran'da belə bildirmişdir:
O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!” – demədiniz? (Nur surəsi, 15-16)
Bu qəti bir həqiqətdir ki, Allah'a inanmayan və ya Allah'dan qorxub çəkinməyən bir insan asanlıqla yalan söyləyə bilər, yanlış xəbər yaya bilər, insanları nə qədər çətin vəziyyətdə buraxacağını, onlara necə çətinliklər verəcəyini heç düşünmədən böhtanlar ata bilər. Bu səbəblə, Allahdan qorxmayan, dini inancları zəif, etdiklərindən ötrü heç kimə hesab verməyəcəyini zənn edən bir insanın dediklərinə güvənmək, o adamın sözünə görə hərəkət etmək doğru və məntiqli bir rəftar olmaz. Allah bir ayəsində bu cür vəziyyətlərdə möminlərin nə etməli olduqlarını belə bildirir:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. (Hucurat surəsi, 6)
Fasiq günahkar, Allahın əmrlərinə zidd hərəkət edən kimsə deməkdir. Elə isə vicdan sahibi, haqq sahibi və ədalətli insanlar bu xarakterdəki insanlardan gələn xəbərləri əvvəl ətraflıca araşdırıb, sonra qərar verməlidirlər.
Pislərin, insafsız və təcavüzkar insanların sayca çox olmalarını və ya maddi baxımdan güclü kimi görünmələrini bəzi zəif və məlumatsız insanlar səhv dəyərləndirə bilərlər. Onların təsirlərini gözlərində böyüdüb, layiq olduqlarından daha çox dəyər verə bilərlər. Halbuki, Allahın dinindən uzaq insanların gücü zahiri və keçicidir. Bütün gücün və mülkün sahibi Allahdır. Və Allah bu insanlara güc və mülkü müvəqqəti bir müddətə, onları sınamaq üçün verər. Heç bir insan mal və mövqe sahibi olduğu üçün bir digərinə zərər verməyə, ona üstün gəlməyə güc yetirə bilməz. Ancaq Allah insanları sınamaq üçün bu hadisələrin hər birini insanların taleyində yaradar.
Lakin, güclü bir imana sahib olmayanlar zalım insanlardan qorxub çəkinərlər. Hətta buna görə onlara yaranmağa, özlərini onlara yaxşı göstərib, onların razılığını qazanmağa səy göstərirlər. Hər danışıqlarında, davranışlarında onların tərəfində olduqları imicini verməyə çalışar və öz aləmlərində bu kəslərin dəstəyi ilə güclənəcəklərini zənn edərlər. Lakin bu onları Allah'ın və Allah'ın səmimi qullarının gözündə hörmətdən salan bir davranışdır. Bu, oğrudan qorxan bir insanın oğruya yaranmağa və ya qatildən qorxan bir insanın özünü qatilə sevdirmək, hətta bir qatil kimi davranmağa çalışmasına bənzəyər.
Əsil əhəmiyyətli olan isə insanın özünü hər şeyin Yaradıcısı və sahibi olan Allah'a sevdirməsidir. Bu səbəblə, belə bir zəiflik və ağılsızlıq edən kəslərə Allah sevgisi və Allah qorxusu izah edilməli, pislərin isə Allah qatında əzabla müjdələnən, əslində heç bir şeyə güc yetirə bilməyən, aciz, yazıq varlıqlar olduqları ifadə edilməlidir.
Allah yaxşıların yalnız Özündən çəkinməli olduqlarını və yalnız Özündən çəkinənlərlə birlikdə olmalı olduqlarını bir ayəsində belə bildirmişdir:
Ey iman gətirənlər! Allah'dan qorxun və düz danışanlarla birlikdə olun. (Tövbə surəsi, 119)
Təqva sahibi insanlar yalnız Allah'dan qorxarlar və bütün gücün sahibinin Allah olduğunu bilərlər. Bu insanlar hər an hesab gününü düşünərlər və bütün həyatları boyunca hesab verəcəkləri bu gün üçün hazırlıq görərlər. Bu səbəblə, iman sahibi insanları dünyəvi hər hansı bir şeylə qorxutmaq, onları ruhdan salmaq, onlarda qorxu, hüzn, narahatlıq, ümidsizlik, bədbinlik yaratmaq qeyri-mümkündür. Bu insanlar dünya həyatında hər nə olursa olsun, başlarına nə gəlirsə gəlsin bütün bunları təslimiyyətlə, sevinc və şövqlə qarşılayarlar. Çünki onlar Allahın dostudurlar, hər işlərində sonsuz mərhəmətli, sonsuz şəfqət sahibi və bağışlayan olan Allah'ı özlərinə vəkil etmişlər. Hər qarşılaşdıqları hadisədə, hər çətinlik anında, özlərinə əleyhlərində deyilən hər söz və böhtanda, əleyhlərinə qurulan tələlər əsnasında Allah'ın yanlarında olduğunu, onları və pislik edənləri gördüyünü, eşitdiyini, izlədiyini bilirlər. Allah Xəbir (biləndir) olandır. Bu səbəblə, inanmayanlar üçün fəlakət sayıla biləcək hadisələr iman edənləri qorxutmaz və ruhdan salmaz. Allah belə üstün bir əxlaqa və güclü imana sahib olan qullarından Quran'da bir çox ayədə bəhs etmişdir. Allah'ın keçmişdə yaşamış və hər cür çətinliyə sinə gərmiş belə insanlardan bəhs etdiyi ayələrdən bir neçəsi belədir:
Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur. Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 146-148)
Allah'ın sevdiyi, dünyada və axirətdə köməyiylə dəstəklədiyi bu saleh insanların bir digər xüsusiyyəti isə qınayanın qınağından qorxmamalarıdır. Allah bu mövzunu Hz. Nuh (ə.s)-ın öz qövmünə verdiyi bir cavabla bizə belə xəbər vermişdir:
Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin. (Yunis surəsi, 71)
Allah'ın sevdiyi, razı olduğu, axirətdə yaxşılarla və salehlərlə birlikdə cənnətində qonaq edəcəyi saleh insanlardan biri olmaq üçün yaxşılıq və dürüstlükdə qətiyyətli, əzmli və qərarlı olmaq lazımdır. Səmimi bir qul ən şiddətli haqsızlıqlarda və ya pislərin ən ağır təhdidləri qarşısında belə haqqı və gözəl olanı söyləməkdən və müdafiə etməkdən çəkinməməlidir. Allah'ın Quran'da bütün insanlara nümunə olaraq göstərdiyi peyğəmbərləri üstün edən xüsusiyyətlərindən biri onların ən çətin anlarda belə haqqı müdafiə etməkdən imtina etməmiş olmalarıdır. Onların bu qərarlı və cəsur rəftarları güclü imanları sayəsindədir. Ayədə xəbər verildiyi kimi, hz. Şüeyb (ə.s)-ın özünü ölümlə təhdid edən qövmünə verdiyi cavab möminlərin qərarlılığına və əzminə gözəl bir nümunədir:
“Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”. (Hud surəsi, 93)
Müsəlmanların, vicdanlı və hüsnü-zənn sahibi insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri insanlar arasında heç bir ayrı-seçkilik etməmələri, insanları qruplarına, cinsiyyətlərinə, adət-ənənələrinə, sosial statuslarına və ya başqa bir dünyəvi xüsusiyyətlərinə görə ayırd etməmələridir. Məsələn, özünün iman sahibi bir müsəlman olduğunu söyləyən bir insana heç kimin “sən müsəlman deyilsən, çünki bunu etmirsən” demək haqqı ola bilməz. “İman edirəm” deyən hər insana hüsnü-zənlə baxılar və bir köməyə ehtiyacı olduğu vaxt şövqlə kömək edilər. Allah bir ayədə belə buyurmuşdur:
Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” – deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 94)
Hər insanın təqvasının dərəcəsi, imanı və Allah'a yaxınlığı yalnız Allah qatında bəllidir. Bu səbəblə, səmimi bir müsəlman kimi davranan və yaxşılardan olduğunu söyləyən birinə qarşı mənfi fikirdə olmaq Allah'ın möminlərə qadağan etdiyi bir davranışdır. Yaxşıların ittifaqında yuxarıda yer verdiyimiz Nisa surəsindəki bu ayə də yol göstərici olmalıdır.
İnsanların böyük əksəriyyəti doğrunun, vicdanlı rəftarın, yaxşılığın, xeyir və gözəlliyin harada olduğunu əslində çox yaxşı bilir. Bu səbəblə, yenə insanların böyük bir qismi söhbətlərində həmişə doğru və gözəl olanı söyləyər və daim haqlıdan yana olacaqlarını vurğulayarlar. Ancaq əməldə bir çoxu səssiz və reaksiyasız qalar. Haqdan yana söyləyəcəkləri və haqqı müdafiə edə biləcəkləri bir çox mühit və imkanları olmasına baxmayaraq müxtəlif səbəblərlə bundan çəkinərlər.
Bu səssizliyin bir çox səbəbi vardır. Bunlardan biri dünyəvi maraqları zədələnilib maddi zərərə uğrayacaqlarından qorxmalarıdır. Məsələn, pislərin ittifaqına qarşı yaxşı və zərər çəkmiş vəziyyətdəki bir insanı müdafiə etdikləri zaman pislərin reaksiyası ilə qarşılaşacaqlarını, bəzi mənfəətlərindən əl çəkməli olduqlarını hesablayaraq bundan imtina edə bilər. Bunun nəticəsində inkar edənlərin pislikləri qarşılaşmaqdan, karyera, cəmiyyət içindəki etibarlarını itirməkdən, böhtana uğramaqdan çəkinə bilərlər. Gələcək qorxusuna qapılaraq haqdan yana hərəkət etməzlər.
Ancaq bu insanlar bunu bilməlidirlər ki, Allahın razı olacağı rəftar sözlə deyilənin əməldə də edilməsidir. Allah sözlə yaxşılığın və saleh əməllərin vədini verən, ancaq əməl etməyə gəldikdə geri çəkilən insanların vəziyyətini bir ayədə belə bildirir:
İtaət etsinlər və xoş söz söyləsinlər. Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı. (Məhəmməd surəsi, 21)
Məhz buna görə, Allah'a iman edən, haqq-hesab günündə dünyada etdiyi şeylərin hesabını verəcəyini bilən, səmimi və vicdanlı bir qul olduğunu söyləyən hər insan, yaxşılarla ittifaq etməlidir. Bunu etməyən insanları Allah belə xəbərdar edir:
Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır. (Saff surəsi, 2-3)
İnsanların bir-birlərinə necə zülm etdiklərini görən, hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın əlamətlərini görən və bunlardan ötrü narahatlıq duyaraq sülh, sevgi və hüzur dolu bir cəmiyyət istəyən bir insanın laqeyd qalması böyük bir xəta olar. Hər insan, az və ya çox, gücünün çatdığının ən çoxu ilə pisliklərin tək həlli olan Quran əxlaqının yaşanmasına və yaşadılmasına kömək etməli, yaxşılıq və gözəllik yolunda səy göstərməlidir.
Ancaq, şeytan yaxşılıq yönündə davranmağa niyyət edən hər insana mütləq müsəllət olacaq və onları bu qərarlarından imtina etdirməyə çalışacaq. Şeytanın xeyir üçün səy göstərən insanlara verə biləcəyi vəsvəsələrdən biri də, “Mənim elədiyim işdən nə çıxar ki?” məntiqi ola bilər. İnsan bütün dünyaya yayılmış pisliyi, zülmü, savaşları, qırğınları düşündüyündə özünü çox zəif və heç bir şeyə gücünün çatmayacağını hesab edə bilər. Halbuki, işin əsli tam fərqlidir. Hər şeydən əvvəl dünyaya sülhü, təhlükəsizliyi, hüzuru, sevgini, mərhəməti, tolerantlığı, humanistliyi, dostluğu və anlayışı heç bir insan hakim edə bilməz. Bunu nə bir insan, nə bir cəmiyyət, nə də hər hansı bir güc təmin edə bilməz. Bunu reallaşdıracaq olan, hər şeyə gücü çatan, sonsuz qüdrət sahibi, hər kəsin ürəyindən, düşündüklərindən, söylədiklərindən xəbərdar olan Rəbbimizdir.
İman edənlərin bu yolda çalışması isə onların saleh və təmiz niyyətlərinin bir göstəricisidir. Bəlkə birinin söylədiyi gözəl bir söz, bir digərinin tolerant rəftarı, bir başqasının səbri və əzmi digərlərinə nümunə olacaq və onların qəlbini Quran əxlaqının gözəlliyinə isindirəcək və yaxşıların sayı beləcə artacaq. Bunlar iman edənlərin Rəbbimizə olan qulluq vəzifələrini yerinə yetirmək üçün göstərdikləri səyin bir hissəsidir. Ancaq unudulmamalıdır ki, yaxşıları gücləndirəcək, yer üzünə gözəlliyi hakim edəcək olan Allah'dır. Bu səbəblə, “Mənim səylərimdən nə olar?” demək şeytanın bir vəsvəsəsidir və bu səsə uyanlar məsuliyyətdən boyun qaçırmış olarlar.
Hər insanın gözəl əxlaqlı və vicdanlı bir insan olduğu müddətcə yaxşılıq və xeyir üçün edə biləcəyi bir çox gözəl şey vardır. Məsələn, çox ağır bir yük qaldırılacağı zaman yükün ətrafında olan on beş nəfərdən sadəcə dördü yükün altına girsələr və digərləri “biz onsuz da zəif, çəlimsiz adamlarıq, bizim yardımımızdan nə olar” deyə kənarda dursalar məqsədəuyğun bir qərar olmayacağı bəllidir. Ancaq on beş nəfərin on beşi də yükün altına girsə və hər biri gücünün çatdığı nisbətdə yükü qaldırsa, o dörd adamın çiynindəki ağırlıq çox yüngülləşəcək. Kimin nəyi nə qədər etdiyi deyil, gücündən nə qədər istifadə etdiyi əhəmiyyətlidir.
Allah Quran'da heç kimə gücünün çatdığından artıq bir yük yükləməyəcəyini bildirərək, onsuz da hər yaxşı insan üçün bir asanlıq yaratmışdır:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 61-62)