Televizor izləyərkən, qəzet oxuyarkən, ya da hər hansı bir yerdən keçərkən, görmək və ya eşitmək istəmədiyiniz bir çox şeylə qarşılaşarsınız. Kasıb insanlar, cinayətlər, qətliamlar, açıqca haqsızlığa uğrayan, amma haqlarını tələb edə bilməyən kəslər, dava-dalaşlar, sataşmalar, söyüşlər, incidici və alçaldıcı sözlər, çəkişmələr, müxtəlif mənfəətlər uğruna yaradılan narahatlıqlar, zorakılıqlar və daha bir çox şey.
Əlbəttə, siz də hamı kimi hüzurlu və təhlükəsiz, heç kimin bir digərinə zərər və ya narahatlıq vermədiyi, insanların sülh və dostluq içində yaşadıqları, bir-birlərindən daim gözəl, tərifləyici, hörmət və sevgi dolu sözlər eşitdiyi bir cəmiyyətdə yaşamaq istəyərsiniz. Əlbəttə, digər insanlar kimi siz də televiziya kanallarını dəyişəndə, qəzetin səhifələrini çevirəndə və ya işinizdə, evinizdə, ailənizlə birlikdə ikən həmişə gözəl əxlaqa sahib, şən, səmimi, dürüst, hörmətcil, sevgi dolu, xoşsöhbət insanlar görmək, həmişə xoş və gözəl xəbərlər eşitmək istəyərsiniz.
Ancaq bu gözəl mühitin öz-özünə yaranacağı bir günün gələcəyini düşünmək və heç bir şey etmədən bu günün gəlməsini gözləmək kifayət deyil. Bu səbəblə də sülhün, əmin-amanlığın və təhlükəsizliyin hakim olduğu bir cəmiyyətdə yaşamağı səmimi olaraq istəyənlər bir an əvvəl hərəkətə keçməli və bəzi fədakarlıqlar etməlidirlər.
Ətrafınıza diqqətlə baxıb hadisələri ağıl, vicdan və sağlam düşüncə ilə dəyərləndirmiş olsanız, yuxarıda sadaladığımız bütün bu gözəlliklərin insanlar arasında hakim olması üçün çalışan, bütün vaxtını, imkanlarını və enerjisini buna həsr edən insanların olduğunu görəcəksiniz. İnsanlar arasında yaxşılığın və gözəlliyin yayılması üçün ciddi bir səy göstərən bu insanların vaxtaşırı yaxşılıq və gözəllik əleyhdarlarının haqsız müdaxilə və maneələri ilə qarşılaşması sizi qorxutmasın. Çünki Allah'ın izni və təqdiri ilə yaxşılıq üçün çalışanlar mütləq pislik istəyənlərə üstün gələcəklər. Elə isə siz də bu “yaxşı insanlara” qoşulun, siz də yaxşı əməl sahibləri, səmimi, şəfqətli, mehriban və ədalətli insanlarla, dürüst, mərhəmətli, tolerant, vicdanlı, nikbin, xeyriyyəçi, bağışlayıcı, təvazökarlarla birlik olun, onlara bütün dəstəyinizi verin.
Ətrafınıza baxdıqda yaxşılar kimi pislərin də kimlər olduqlarını və necə bir cəmiyyət modeli meydana gətirməyi məqsədlərinə qoyduqlarını görə bilərsiniz. İndiki vaxtda “pislər” gözəl əxlaqı müdafiə edən insanları müxtəlif üsullarla susdurub yox edən bir ittifaq qurmuşlar. Bu ittifaq ilk baxışda “güclü” görünə bilər. Məhz ətrafınızda görmək istəmədiyiniz halda gördüyünüz bütün çirkinliklərin, zalımlıqların, degenerasiyanın, sevgisizliyin, nifrətin, mərhəmətsizliyin, pis sözlərin, haqsızlıqların, kasıblığın, dedi-qoduların, insanları üzən, sıxan, gərginliyə salan hər cür hadisənin səbəbi pislərin bu şiddətli ittifaqıdır.
Bu ittifaqın fərqinə varan yaxşı və vicdan sahibi insanlar ətraflarında baş verən bu hadisələrə qarşı laqeyd qalmamalıdırlar. Əgər ətrafınızdakı pisliklərdən bir az olsun narahatlıq duyur və dünya üzərindən bir an əvvəl yox olmalarını tələb edirsinizsə, bu sizin vicdan sahibi, qayğıkeş bir insan olduğunuzu göstərir. Bu səbəblə də, vicdanı kor olan pisliklərdən narahatlıq duymayan bir insan olmamışdan əvvəl mütləq yaxşılardan olmağınız, həyatınızın bundan sonrakı hissəsini onların sırasında keçirməyiniz şərtdir. Unutmayın ki, zülmə razılıq göstərmək, dayanmaq bilməyən pisliklərə qarşı səs çıxarmadan tamaşaçı olmaq, zülmün tam özüdür.
Heç kim “mənim köməyimdən nə çıxar?” deməməlidir, çünki əhəmiyyətli olan hər kəsin öz səmimi niyyəti və göstərdiyi səmimi səyidir. Allah hər insanın əlindən gələnin ən çoxunu etməsini, yaxşıların yanında olmasını bütün bu pisliklərin əriməsinə və meydana gətirdikləri ittifaqın darmadağın edilməsinə vəsilə edəcə 6k. Allah bir ayəsində insanların arasında yer üzündəki fəsadçılığı aradan qaldıracaq fəzilət sahibi kəslərin olmasının mütləqliyini belə buyurur:
Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular. (Hud surəsi, 116)
Bu kitab, yaxşılığın hakim olmasını istəyənlərə yaxşılıq etmələri və digər yaxşılarla ittifaq etmələri üçün yazılmış bir çağırış mahiyyətindədir. Ancaq bu çağırış hər hansı birinə və ya bəzilərinə deyil, birbaşa sizə edilir. Hətta indiyə qədər pislərlə ittifaq etmisinizsə belə, bu kitab sizi tövbə etməyə və ölənə qədər yaxşıların yanında yer almağa və onlarla birlikdə gözəl əxlaqı yaşamağa dəvət edir.