“Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı”
(“Ənkəbut” surəsi, 29/14).
Nuh peyğəmbərin xalqının başına gəlmiş tufanın hekayəti praktiki olaraq bütün dünya millətlərinin mədəni irslərində əsas yer tutur.
Bu süjet Qurani-Kərim ayələrində də xüsusi qeyd edilir. Bir çox ayələrdə Nuh peyğəmbərin onun öyüdlərinə və xəbərdarlıqlarına baxmayan xalqından, bu xalqın peyğəmbərin gəlişinə reaksiyasından, həmçinin sonralar bu xalqın başına gəlmiş hadisələrin gedişatından ətraflı bəhs edilir.
Uca Allah Yeganə Yaradana inanmayan, özünə yeni tanrılar seçən xalqı qorumaq, onun səhvlərini dərk edib tək Allaha səcdə etməsi üçün Nuh peyğəmbəri göndərdi. Nuhun onları gözləyən cəza haqda dəfələrlə xəbərdarlıq etməsinə və həqiqi dinin ardınca getmək çağırışlarına baxmayaraq insanlar öz günahlarında israrlı idilər. Bu haqda Qurani-Kərimdə belə şərh edilir:
Qövmünün kafir başçıları dedilər: “Bu, sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!”.
Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” (“Muminun” surəsi, 23/23-26).
Bu ayədə adı çəkilən dəstələr, yəni aristokratiya Nuhu tamahkarlıqda, cəmiyyətdə tanınmaq və zənginləşmək arzusunda günahlandırıb onu “ağılsız” damğası ilə ləkələyərək xalqın arasından qovmağa çalışırdı.
Bunun ardınca Allah belə buyurmuşdur: “Biz Nuha belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir” (“Muminun” surəsi, 23/27). Nuh peyğəmbərə bildirdi ki, onun xalqının bədəməl, cinayətkar və zülmkarları su altında qalaraq cəzalandırılacaq, ona inananlarsa xilas olacaqlar.
Son xəbərdarlıqdan və xalq tövbə etməkdən imtina edəndən sonra tezliklə hesab saatı yetişdi, yer su püskürdü, onlar şiddətli yağışlarla birlikdə irimiqyaslı selə səbəb oldular. Allah Nuh peyğəmbərə buyurdu: “Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar” (“Hud” surəsi, 11/40).
Nuhun gəmisinə qalxanlardan savayı hamı, o cümlədən atasını atıb dağda gizlənərək xilas olmağı güman edən Nuhun oğlu da sel sularında boğuldular. Qurana görə, “sular çəkildikdə” tufandan sonra “əmr icra olundu”, gəmi əl-Cudi dağına endi.
Aparılmış geoloji, tarixi və arxeoloji tədqiqatlar bu hadisələrin bu cür - məhz Quranda xəbər verildiyi kimi baş verdiyini sübut edir. Yerlərin coğrafi və insanların adlarındakı müəyyən fərqlərə baxmayaraq qədim mədəniyyətin tarixi sənədləri tufandan heyrətamiz uyğunluqla bəhs edir, “yolunu azmış xalqın başına gələnlər” isə onların müasirlərinə nəsihət kimi göstərilir.
Bu tufan haqqında İncil və Tövratla yanaşı Şumer, Assuriya, Babil yazılarında, qədim yunan əfsanələrində, Satapath Brahmanın, Mahabharatanın qədim hind eposlarında, Qalle vilayətinin (Böyük Britaniyada) bəzi əfsanələrində, skandinav xalqlarının Eddesində, Litvanın xalq dastanlarında və hətta Çin mənşəli mənbələrdə də bəhs edilir.
Bir-birindən və tufanın güman edildiyi coğrafi rayondan bu qədər uzaq olan şifahi və yazılı mədəni abidələrdə tufan haqda bu cür qəribə oxşar və təfsilatlar necə əmələ gələ bilər?
Bu sualın cavabı aydındır: eyni hadisənin heç bir əlaqəsi olmayan müxtəlif mədəni abidələrdə qeyd edilməsi onu sübut edir ki, insanlar bu bilgiləri ilahi mənbələrdən alırdılar. Uca Allahın əksər xalqlara göndərdiyi peyğəmbərlər Nuh peyğəmbərin xalqının tarixini və onun qorxulu taleyini ibrətamiz nümunə kimi söyləyirdilər, tufan haqda xəbər bu mədəniyyətlərə məhz bu yolla çatdı.
Nuh peyğəmbər və tufan haqda rəvayətlərə bir çox kulturoloji və dini mənbələrdə rast gəlinir, ancaq zaman keçdikcə süjet ya səhv rəvayət edildiyindən, ya da kafir və mürtəd xalqın ölüm şəraitinin bilərəkdən təhrif edilməsi ucbatından öz orijinallığını itirdi. Arxeoloji tədqiqatlar göstərir ki, əslində eyni hadisədən bəhs edən bütün rəvayətlərdən yeganə elmi inandırıcı və müasir faktlara uyğun olan hekayə yalnız Qurani-Kərimin bəhs etdiyidir.
Ümumdünya daşqınından Quranın bir çox ayələrində bəhs edilir. Hadisəni təsvir edən ayələr aşağıda xronoloji ardıcıllıqla verilir.
“Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!” (“Əraf” surəsi, 7/59).
“Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Artıq Allahdan qorxun və mənə itaət edin!”” (“Şuara” surəsi, 26/107-110).
“Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?”” (“Muminun” surəsi, 23/23).
“Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (“Hud” surəsi, 11/39).
“Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!” (“Hud” surəsi, 11/26).
Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”” (“Hud” surəsi, 11/32).
“Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq” (“Hud” surəsi, 11/38).
“Nuh qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!” (“Muminun” surəsi, 23/24-25).
“Bunlardan əvvəl Nuh qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: “Divanədir!” - demişdilər. Ona qadağan edilmişdi” (“Qəmər” surəsi, 54/9).
“Tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!” (“Hud” surəsi, 11/27).
“Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” - dedilər. Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm! Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir! Və mən iman gətirənləri qovan da deyiləm! Mən yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm!”” (“Şuəra” surəsi, 26/111-115).
“Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!”” (“Hud” surəsi, 11/36).
“Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” - dedi” (“Qəmər” surəsi, 54/10).
“O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı” (“Nuh” surəsi, 71/5-6).
“Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”” (“Muminun” surəsi, 23/26).
“Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!” (“Saffat” surəsi, 37/75).
“Nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barədə mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar!” (“Hud” surəsi, 11/37).
“Sonra yerdə qalanları suda boğduq!” (“Şuəra” surəsi, 26/120).
“Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı” (“Ənkəbut” surəsi, 29/14).
“Gəmi onları dağlar kimi yüksək dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” Belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (“Hud” surəsi, 11/42-43).
“Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik” (“Şuəra” surəsi, 26/119).
“Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik” (“Ənkəbut” surəsi, 29/15).
“Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi” (“Hud” surəsi, 11/40).
“Gəmi onları dağlar kimi yüksək dalğaların içi ilə apardığı zaman Nuh gəmidən aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (“Hud” surəsi, 11/42).
“Biz belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar” (“Muminun” surəsi, 23/27).
“Ey yer! Suyunu ud! Ey göy! Saxla!” - deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalimlər məhv olsun!” - deyildi” (“Hud” surəsi, 11/44).
“Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq. Ona görə ki, bunu sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlasın!” (“Haqqə” surəsi, 69/11-12).
“Bütün aləmlər içərisində Nuha salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (“Saffat” surəsi, 37/79-81).
Tarixçilər tufan faktını inkar edərək öz iddialarını sübut etmək üçün Yer miqyasında qlobal selin real olmaması haqda dəlillər gətirirlər. Bundan əlavə, bu iddia Quran ayələrinin və Allahın göndərdiyi bütün Müqəddəs Kitabların həqiqiliyini tənqid etmək məqsədilə irəli sürülür. Bir sıra alimlərin iddialarına görə, ümumdünya tufanının reallığından bəhs edən və onu təsdiqləyən Müqəddəs Kitablar, o cümlədən Quran insanları aldadırlar.
Bu iddialar insanların təhrifinə məruz qalmamış yeganə müqəddəs mənbə və birbaşa Allahın vəhyi olan Qurani-Kərim ayələrinə münasibətdə tam əsassız və tutarsızdır. Quranın tufan haqda bəhs etdiyi hekayət Tövratda və digər mədəniyyətlərdə olan versiyalardan köklü surətdə fərqlənir.
Əhdi-ətiqin ilk beş kitabı olan Tövrat iddia edir ki, bütün dünyanı bürüyən tufan qlobal xarakterli idi. Quranda isə bu cür məlumat yoxdur. Əksinə, tufan haqda bəhs edən ayələrdən aydın olur ki, tufan məhəlli (lokal) xarakter daşıyırdı və o, bütün dünya üçün deyil, yalnız Nuh peyğəmbərin xəbərdar etdiyi xalqa cəza olaraq göndərilmişdi.
İzahlardakı bu fərqi Tövrat və Quran rəvayətlərinin müqayisəli təhlilində asanlıqla izləmək olar. Tarix boyu bir çox ixtisar və əlavələrlə təhrif edilmiş Tövrat tufandan belə bəhs edir:
“Və Rəbb gördü ki, yer üzündə insan pisliyi çoxalır, hər gün insan düşüncəsi daha da pozulur. Və Rəbb dedi: “Mən insanı yaratdığıma təəssüfləndim”. Və Rəbb dedi: “Yaratdığım adamı, heyvanları, sürünənləri və göylərin quşlarını torpağın üzərindən siləcəyəm. Çünki yaratdığıma təəssüfləndim”. Fəqət Nuh hidayətə çatdı” (“Təkvin”, 6/5-8).
Quran isə Uca Allahın bu cəzanı bütün dünyaya deyil, yalnız Nuh xalqının üzərinə düşdüyünü xəbər verir. Eyni Ad qövmünə göndərilmiş Hud peyğəmbər kimi (“Hud” surəsi, 11/50) və ya Səmud xalqına göndərilən Saleh (“Hud”surəsi, 11/61) və yaxud başqa peyğəmbərlər kimi Nuh da yalnız öz xalqına göndərilmişdi. Və tufan da yalnız Nuhun xalqını məhv etdi.
“Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”” (“Hud” surəsi, 11/25-26).
Nuh peyğəmbərin çağırışına etinasız yanaşan və Allaha qarşı üsyan edən xalq məhv edildi. Bu haqda bəhs edən Quran ayələri bu iddianın həqiqiliyinə heç bir şübhə yeri qoymur.
“Buna görə onlar Nuhu yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrmizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər” (“Əraf” surəsi, 7/64).
“Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik” (“Əraf” surəsi, 7/72).
Bundan əlavə, Allah Quranda bizi xəbərdar edir ki, O, dəfələrlə insanlara peyğəmbərlər göndərərək onları törətdikləri pozğunluqlar barədə xəbərdar edəcək və onlara nəsihətlər verəcək, ancaq küfr və peyğəmbərləri təhqir etmək, günahları yumaq nəsihətlərindən və haqq yola gəlməkdən imtina etmək Allahın qəzəbini dayandırmaq gücündə olmayan həddə gətirib çıxara bilər. “Qəsəs” surəsinin ayələrindən biri:
“Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalim olan məmləkətləri yox etdik!” (“Qəsəs” surəsi, 28/59).
Allah dəfələrlə öz peyğəmbərlərini göndərərək xalqları xəbərdar edir, indi heç də bütün dünya deyil, yalnız Nuh peyğəmbərin xalqı məhv edildi, çünki onlara Rəbbin elçiləri göndərilməmişdi.
Qurani-Kərim ayələrindən aydın olur ki, daşqın qlobal fəlakət xarakteri daşımırdı, o, yalnız məhəlli təbii fəlakət idi. Təxmin edilən fəlakət zonasında aparılmış arxeoloji qazıntılar Quranın dediklərini təsdiq edir: tufan dünyəvi deyil, yalnız Mesopotamiyanın bir hissəsinin başına gələn irimiqyaslı fəlakət idi.
Əhdi-cədidin şərhçiləri güman edirlər ki, Nuh tikdiyi gəmisinə hər növ heyvanları götürdü və beləliklə, heyvanat aləmi məhv olmaqdan xilas oldu. Bu fərziyyəyə görə, gəmiyə Yer üzündə məskunlaşmış bütün növ heyvanlar toplanmışdı. Ancaq bu iddianın tərəfdarları çox çətin vəziyyətə düşür və bununla bağlı yaranan bir çox suallara cavab verə bilmirlər: gəmiyə götürülən heyvanlar nə ilə qidalanırdı? Qısa müddət ərzində onlar gəmiyə necə toplandılar? Onlara necə qulluq edilirdi? Onlar bir-birindən necə təcrid edilmişdilər? Əlbəttə, bu suallara cavab vermək mümkün deyil. Bundan əlavə müxtəlif qitələrdən olan heyvanların bir yerə necə toplanması tam aydın deyil. Məsələn, qütb zonasının məməliləri, Avstraliya kenqurusu və ya Amerika qitəsi üçün xarakterik bizonlar. Sonra suallar bir-birinin ardınca düzülür: vəhşi, yırtıcı və insan həyatı üçün təhlükəli zəhərli heyvanlar (ilanlar, əqrəblər və s.) necə tutulmuşdular? Bu heyvanlar daşqın qurtarana qədər öz təbii yuva şəraitlərindən kənarda necə qaldılar?
Ancaq bunlar Tövratın şərhçilərinin qarşılaşdığı çətinliklərdir. Quranda bütün növ heyvanların gəmiyə götürülməsi haqda məlumat yoxdur. Əvvəl qeyd etdiyimiz kimi, Quranda daşqının müəyyən coğrafi məkanda lokallaşdığı haqda xəbər verilir, buna görə də gəmiyə götürülən heyvanlar məhz Nuhun yaşadığı coğrafi arealın sakinləri olmalı idilər.
Amma hətta bu rayonda məskunlaşmış heyvanları belə bir gəmiyə toplamağın mümkün olmasını da güman etmək olmaz. Nuh peyğəmbərin və onun dünyanın dörd bir yanına səpələnib yüzlərlə heyvanların cütlərini toplayan bəzi davamçılarını (“Hud” surəsi, 11/40) təsvir etmək çətindir. Bu coğrafi arealın faunası o qədər zəngin və çoxsaylıdır ki, dişi və erkək zatının seçiminin vacibliyini də nəzərə alsaq, yalnız bu rayonun həşəratlarını yığmaq belə mümkün deyil.
Buna görə də yalnız asanlıqla tutulub saxlanıla bilən, xüsusən insanların əhlilləşdirdiyi heyvanların, yəni ev heyvanlarının - dəvələrin, atların, davarın və mal-qaranın, bir sözlə, tufan ucbatından bütün canlılarını itirmiş rayonda yeni həyat qurmaq üçün insana vacib olan heyvanların gəmiyə toplandıqlarını güman etmək məntiqli olardı.
Burada qeyd etmək lazımdır ki, Uca Allahın Nuh peyğəmbərə heyvanları toplamaq halda əmrinin müdrikliyi və mənası heyvan nəsillərinin qorunmasında deyil, tufandan sonra insanların həyatını davam etdirmək və ehtiyaclarını təmin etməkdədir, çünki lokal tufan nəticəsində bütün heyvan nəslinin yox olması həqiqətəuyğun deyil. Axı sular çəkildikdən sonra qonşu arealların heyvanları bura köçəcək və bu məskənə yenə əvvəlki rəngarənglik və canlılıq verəcək.
Allahın buyurduqlarında tufandan sonrakı həyat üçün şərtlərin qorunması əsas məsələ idi və heyvanlar bu məqsədlə toplanmalı idilər.
Nuh tufanının şərhinin daha bir mübahisəli məqamı var: sular hansı hündürlüyə qalxmışdı? Sular dağları örtəcək qədər qalxmışdımı? Məlum olduğu kimi, Qurani-Kərimdə deyilir ki, tufan bitəndə Nuhun gəmisi ən hündür nöqtə olan əl-Cudi dağına endi. Ərəb dilindən tərcümədə “əl-Cudi” “ucaldılmış yer, yüksəliş” deməkdir. “Əl-Cudi” sözü Quranda dağın coğrafi adı deyil, yalnız Nuh gəmisinin endiyi yüksək yeri ifadə etmək üçün işlədilir. Bundan əlavə, Quranda istifadə edilmiş “əl-Cudi” sözünün mənasından belə nəticə çıxarmaq olar ki, su müəyyən yüksək səviyyəyə qədər qalxıb, ancaq yenə də dağların təpəsinə çatmayıb. Yəni daşqın suları Tövratda da deyildiyi kimi, bütün dağları deyil, yalnız müəyyən yeri basmışdı.
Nuh Tufanı'nı tasvir eden bir illüstrasyon |
Daha çox ehtimal olunan daşqın rayonu Mesopotamiya ovalığı hesab edilir, çünki burada qədim dünyanın iri sivilizasiyaları var idi. Ovalığın Dəclə və Fərat çayları arasındakı coğrafi vəziyyətini nəzərə alsaq, belə məntiqi nəticə çıxarmaq olar ki, sel məhz göstərilən yerdə baş verib. Mesopotamiyanın iki iri çayının daşaraq sahillərindən çıxması çox güman ki, daşqının miqyasını artıran amillərdən biri olub.
Üstəlik, daşqının məhz bu coğrafi rayonda olmasına işarə edən tarixi sübutlar da var. Qədim sivilizasiyanın bizim günümüzə qədər qorunmuş salnamələri arasında o dövrdə baş vermiş daşqını sübut edən sənədlər tapılıb. Nuh xalqının həlak olmasının şahidləri olmuş sivilizasiyalar hadisələrin gedişatını və bu təbii kataklizmin kədərli nəticəsini təsvir ediblər. Həmçinin məlumdur ki, daşqın haqda rəvayətlərin əksəriyyəti Mesopotamiya mənşəlidir. Ancaq ən parlaq sübutlar arxeoloji qazıntılar nəticəsində əldə edilən faktlardır. Onlar bu regionda yaşayan xalqları və mədəniyyətləri məhv edən böyük selin baş verdiyini göstərirlər.
Mesopotamiyada aparılan qazıntılardan aydın olur ki, bu regionda Dəclə və Fəratın öz məcrasından çıxması nəticəsində yaranan gur sellər və fəlakətlər dəfələrlə baş verib. Məsələn, eramızdan 2000 il əvvəl Mesopotamiyanın cənubunda yerləşən Ur şəhərində çar İbbisin hakimiyyətinin bir ili “yerlə göy arasındakı sərhədi götürmüş daşqından sonrakı zaman” kimi xarakterizə edilir1. Babil hökmdarı Hammurapinin hakimiyyət dövrünün (bizim eradan əvvəl 1700-ci illər) bir ili isə “Eşnunna şəhərinin bir sellə dağılması” kimi tanınır.
Eramızdan əvvəl X əsrdə - Nabumukinapalın hakimiyyət dövründə Babilistanda böyük sel baş verdi2. Bu rayonda güclü sellər həmçinin eramızdan əvvəl VII, VIII, X, XI və XII əsrlərdə baş vermişdi. Belə daşqınlar XX yüzillikdə də - 1925, 1930 və 1954-cü illərdə də baş vermişdi3. Görünür, bu ərazilər daşqınlara coğrafi cəhətdən daim meylli idi və Quranda bildirildiyi kimi Nuh peyğəmbərin daşqınının olması gümanı tam məntiqidir.
Tufan Bölgesi | ||
1. Bağdat | 3. Tigris
| 5. Fırat |
Yakın tarihte yapılan arkeolojik çalışmalar Nuh Tufanı'nın Mezopotamya ovasında gerçekleştiğini doğrulamıştır. Tufan'ın gerçekleştiği tarihte Dicle ve Fırat nehirleri körfezi henüz bugünkü kadar doldurmamıştı. Kesik çizgilerle belirtilen bölge alüvyonların doldurduğu bugünkü sınırları göstermektedir. |
Məhv olması haqda Qurani-Kərimdə bəhs edilən xalqların mövcudluğu izlərinin bizim dövrümüzdə aşkar edilməsi təsadüfi deyil. Arxeoloji tədqiqatların təcrübəsindən çıxış etsək, hər hansı bir xalqın kökünün kəsilməsi və ya məhvi ani olaraq, qəfildən baş veribsə, bu xalqın izlərini aşkar etmək ehtimalı çoxdur.
Təbii fəlakətin, müharibənin və ya sürətli köçürülmənin nəticəsi ola bilən hər hansı bir sivilizasiyanın qəfildən yox olması onun izlərini daha yaxşı qoruyub saxlayır. Bu halda evlər və əşyalar qum və gil qatı ilə örtülmüş olur, beləliklə, uzun zaman ərzində heç bir ciddi dəyişikliklərə məruz qalmır və arxeoloqlara uzaq keçmişin məhv olmuş sivilizasiyaları haqda həddən artıq vacib informasiyaları çatdırırlar.
Müasir arxeoloqlar daşqınla bağlı bir çox faktları məhz bunun sayəsində aşkar edə biliblər. Mesopotamiyanın təxminən eramızdan əvvəl 3000-ci ildə məruz qaldığı Nuhun tufanı bütün sivilizasiyanı bir göz qırpımında məhv etdi və yer üzündən silinmiş xalqların yerində yalnız sonralar yaranan yeni mədəniyyətlərin təbəqələri aşkar edilir. Beləliklə, yer özü daşqının aşkar sübutlarını bütün bəşəriyyətə ibrət olsun deyə minilliklər ərzində saxladı.
Daşqın hadisəsini öyrənmək məqsədilə xeyli qazıntılar və arxeoloji ekspedisiyalar aparılmış, onların gedişatında Mesopotamiya düzənliklərindəki dörd iri şəhərin - Ur, Uruk, Kiş və Şuruppakın məruz qaldığı irimiqyaslı daşqının izləri aşkar edilmişdir. Aparılmış qazıntılar göstərir ki, bu şəhərləri b.e.ə. təxminən 3000-ci ildə sel bürümüşdü.
Ur şəhərində aparılmış qazıntılardan başlayaq. Ur şəhərində (indiki Tell-əl-Mükəyyər) aşkar edilmiş qədim sivilizasiya qatları e.ə. 7000-ci illərə aiddir. Ur şəhəri Mesopotamiya mədəniyyətinin yaranmasının və inkişafının mərkəzlərindən biridir. Bu rayonu bir-birini tarixən əvəz edən müxtəlif sivilizasiyalar məskunlaşdırmışdı.
Aparılan arxeoloji qazıntıların nəticələri göstərir ki, bu rayonun mədəniyyəti qəfildən böyük daşqın nəticəsində yox olub və xalqlar burada yalnız müəyyən müddətdən sonra yenidən məskunlaşıblar. Bu regionu öyrənməyə başlayan ilk arxeoloq Britaniya Muzeyindən Riçard X.Xoll oldu. Xollu əvəz edən ser Leonard Vulley Britaniya muzeyinin himayəsi altında Pensilvaniya Universiteti ilə birgə aparılmış arxeoloji ekspedisiyanı davam etdirməyə başladı.
Vulley tərəfindən aparılan və dünya miqyasında sensasiyaya səbəb olan qazıntılar 1922-ci ildən 1934-cü ilə qədər davam etdi. Ekspedisiya Bağdad və Fars körfəzi arasındakı səhranın arasında işləyirdi. Sonralar Ur şəhərinin yarandığı bu yerin ilk sakinləri Mesopotamiyanın şimalından gələn və özlərini ubaydulu adlandıran insanlar idi. Bu xalq haqda məlumat axtarmaq üçün son dərəcə dəqiq qazıntılar başlandı. “Readers Digest” jurnalı bu haqda belə danışır:
“Qazıntılar rayonunda dərinə getdikcə çox böyük tapıntı - Ur çarlarının qəbristanlığı aşkar edildi. Tədqiqatçılar Şumer çarlarının və onlara yaxın aristokratiyanın uyuduğu bu qəbristanlıqda çoxsaylı nadir incəsənət əsərləri ilə qarşılaşdılar. Bahalı daşlardan və qızıldan düzəldilmiş dəmir qapaqlar, qılınclar, musiqi alətləri. Bundan əlavə, preslənmiş saxsı lövhəciklər üzərində heyrətamiz məharət və ustalıqla düzəldilmiş qiymətli tarixi yazılar, mixi yazılar tapılmışdır. Tədqiqatçılar Ur çarlarının mətnlərinin xatırlatdığı həmin adları tapdılar: onların arasında Ur sülaləsinin banisinin də adı var idi. Vulley belə nəticəyə gəldi ki, qəbristanlıqdakı cəsədləri ilk sülalədən əvvəl basdırmağa başlayıblar: yüksək inkişaflı bu sivilizasiya ilk sülalədən əvvəl olmalı idi.
Vulley bu faktı diqqətlə öyrəndikdən sonra qəbirlərin dərinliyinə gedərək qazıntıları davam etdirmək qərarına gəldi. İşçilər yarısı saxlanılmış kərpiclərin daha bir metrinə irəlilədilər və saxsı qabı və əşya qalıqlarını çıxarmağa başladılar. Vulley belə yazırdı:
“Qəfildən hər şey dayandı. Biz artıq nə saxsı qab, nə də kül tapırdıq, yalnız açıq-aşkar suyun gətirdiyi lil və palçıq çıxarırdıq”.
Vulley qazıntıları davam etdirdi. İşçilər ikimetrlik “təmiz palçıq” qatından keçdilər və birdən son daş əsrinin adamlarının hazırladığı saxsı qab parçalarına və çaxmaq daşından hazırlanmış alətlərə rast gəldilər. Palçıq qatı təmizlənəndən sonra bir zamanlar yüksək inkişaf etmiş sivilizasiyanın izləri göründü. Bu isə bilavasitə Mesopotamiya rayonunda daşqının baş verməsi haqqındakı tezisi təsdiqləyir. Lil nümunələrinin mikroskopik analizi təmiz palçığın qalın qatının bura bütün qədim Şumer sivilizasiyasını məhv etməyə qadir olan güclü daşqın tərəfindən gətirildiyini göstərdi. Mesopotamiya düzənliyində qazılmış quyuda Gilqameş dastanı və Nuh peyğəmbər haqda rəvayətlər birləşirdi”4.
Vulley ekspedisiyanın iştirakçısı, Yel Universiteti tarix fakültəsinin dosenti A.Maks Mallouen Leonard Vulleyin fikirlərini belə dilə gətirir:
“Vulley qeyd etdi ki, müəyyən bir zaman kəsiyində əmələ gəlmiş bu qədər böyük palçıq və gil kütləsi yalnız güclü daşqının nəticəsi ola bilər. O, tapılmış şirəli saxsı qablardan istifadə edərək əl-Übeydə xalqının tikdiyi şəhəri və Şumer Urunu ayıran bu palçıq və lil qatını əfsanəvi daşqının izləri kimi xarakterizə etdi”5.
Bu əsaslar Ur şəhərinin daşqının yayıldığı ərazidə yerləşdiyini göstərdi. Alman arxeoloqu Verner Keller aparılmış qazıntıların əhəmiyyətini belə xarakterizə edirdi:
“Mesopotamiyada aparılmış qazıntılar zamanı lil qatı altında şəhər xarabalıqlarının aşkar edilməsi burada həqiqətən selin baş verdiyini sübut etdi” 6.
Tufanın sel izləri aşkar edilmiş daha bir şəhər qədim Şumer şəhəri Kiş (hazırkı Tell-Əl Ühaymer və ya Oheymir) idi. Qədim Şumer mixi yazılarında Kiş şəhəri “böyük daşqından sonra hakimiyyətə gəlmiş sülalənin paytaxtı” kimi qeyd edilirdi 7.
1. Mezopotamya Ovası | 3. Çamur Tabakası |
Sir Leonard Woolley'in Mezopotamya Ovası'nda yaptığı kazı bu bölgede toprağın derinliklerinde 2.5 metre kalınlığında bir çamur tabakasının varlığını ortaya koydu. Bu çamur-kil tabakası, Tufan anında suların taşıdığı kil kütleleriydi ve dünyada sadece Mezopotamya Ovası'nın altında vardı. Bu tespit, Tufan'ın yalnızca Mezopotamya Ovası'nın bir bölümünde gerçekleştiğinin önemli bir kanıtını oluşturdu. |
Cənubi Mesopotamiyada (hazırkı Tell-Əl-Fara) yerləşən Şuruppak şəhəri də özündə daşqının aşkar izlərini saxlayıb. 1920-ci ildən 1930-cu ilə qədərki müddətdə burada Pensilvaniya Universitetindən Erik Şmidtin rəhbərlik etdiyi arxeoloji ekspedisiya işləyib. Yerin müxtəlif qatlarında aparılmış qazıntılar zamanı e.ə. 3000 və 2000-ci illərdə olan sivilizasiyanın inkişafı və əmələ gəlməsi asanlıqla görünürdü. Şumerlilərin mixi xəttlərinin üzərindəki yazılarından aydın oldu ki, Şuruppak rayonunda yüksək inkişaflı xalq yaşamışdır 8.
Ancaq ən əsası aydın oldu ki, e.ə. 2900 və 3000-ci illərdə burada böyük daşqın baş vermişdir. Şmidtin işləri haqda danışan Maks Malloun xəbər verir:
“Şmidt 4-5 metr dərinliyində gil və lil qarışığı olan sarı yer qatına çatdı (bu qat sellə bərabər əmələ gəlib). Təpənin kəsiyinə nisbətən bu qat düzənliyə yaxın bir səviyyədə yerləşir və bütün təpənin kəsiyində görünürdü. Şmidt Cəmdət Nəsrə dövrünü qədim çarlıq dövründən ayıran gil və lil qatını “sırf çay mənşəli qum” kimi təsvir etdi və onu daşqınla əlaqələndirdi” 9.
Beləliklə, e.ə. 2900 və 3000-ci illərə təsadüf edən selin izləri Şuruppak şəhərindəki qazıntılar zamanı da aşkar edilmişdir. Görünür, Şuruppak da daşqına məruz qalmışdır 10.
Mixi yazılarının sübutlarından alınmış əsaslara görə, daşqının əhatə dairəsində olmuş son məntəqə Şuruppakın cənubunda yerləşən Uruk şəhəri (müasir Tell-Əl-Vərəqə) idi. Urukun yaxınlığında aparılmış qazıntılardan da aşkar olundu ki, lil qatını sel gətirib. Başqaları kimi bu qat da e.ə. 3000-2900-cu illərə uyğun gəlir 11.
Məlum olduğu kimi, Dəclə və Fərat çayları bütün Mesopotamiya ərazisi boyunca axırlar. O da bəllidir ki, sel zamanı bu çaylar bütün kiçik və iri mənbələrlə birləşərək məcrasından çıxdı və şiddətli yağışlarla birlikdə irimiqyaslı daşqına səbəb oldular. Quranda bizə belə xəbər verilir:
“Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu” (“Qəmər” surəsi, 54/11-12).
“Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq” (“Haqqə” surəsi, 69/11).
Əslində, tufanın yaranmasına səbəb olan tərkib hissələr əsl təbii kataklizm xarakteri daşıyır, ancaq Nuh peyğəmbərin gözlənilən tufan haqqında son xəbərdarlığından sonra bütün səbəblərin bir yerə yığılması ilahi qüvvə haqda gümanı təşkil edir.
Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş bütün faktları analiz edərkən aydın olur ki, tufan ölçüləri qərbdən şərqə təxminən 160 km və şimaldan cənuba 600 km təşkil edən bir ərazidə baş vermişdir. Bu o deməkdir ki, tufanın suları bütün Mesopotamiyanı basmışdı. Daşqının izlərini saxlayan Ur, Uruk, Şuruppak və Kiş şəhərlərinin yerləşdiyi ərazini öyrəndikdə bu şəhərlərin dördünün də eyni ox üzərində yerləşdikləri aydın oldu. Beləliklə, tufan bu dörd şəhəri və onların ətraflarını əhatə etməli idi. Bir faktı qeyd etmək lazımdır ki, Mesopotamiya düzənliklərinin e.ə. 3000-ci illərdəki relyefi ilə müasir relyefi fərqli idi. O vaxtlar Fərat çayının yatağı indikindən şərqdə idi və Uruk, Ur, Şuruppak və Kiş şəhərlərini birləşdirən ox boyunca keçirdi. Quranda açılmış “yer və göy mənbələrinin” birləşməsi haqda danışılır. Görünür, elə bundan idi ki, Fərat çayı öz sahillərindən çıxaraq adıçəkilən şəhərləri yerlə-yeksan edib dağıtdı.
Peyğəmbərlər Nuhun xalqının tufanda həlak olması haqda rəvayətləri inama və Allaha səcdə etməyə çağırdıqları bütün xalqlara danışırdılar. Ancaq bu rəvayətlər zaman keçdikcə xeyli uydurma və əlavələrlə təhrif edilmiş və hər hansı bir reallıqdan məhrum olaraq əfsanəyə çevrilmişdir.
Allah-Təala yolunu azmışlara nəsihət olsun deyə müxtəlif xalqlara göndərilmiş peyğəmbərlər və vəhylər vasitəsilə insanları Nuh peyğəmbər dövrünün tufanı haqda xəbərdar edirdi. Ancaq onların məzmunu rəvayət söyləyənlər tərəfindən hər dəfə təhrif olunur və tufan barədəki hekayətlərə mistika və mifologiya elementləri əlavə edilirdi. Müasir arxeologiyanın kəşfləri ilə təsdiq edilmiş Allahın tufan haqda vəhylərinin yeganə düzgün mənbəyi Qurani-Kərimdir. Axı Allah-Təala bizə Quranda insanlara nazil etdiyi bu son Kitabı dəyişilməz halda saxlayacağını və Onun sözlərinin təhrif olunmasına yol verilməyəcəyini xəbər verib: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (“Hicr” surəsi, 15/9).
Nuh peyğəmbərin xalqının başına gəlmiş tufandan bəhs edən bu bölümün sonunda müqayisə üçün Tövratda və başqa xalqların mənbələrində 3000 il əvvəlki hadisələr haqda təhrif edilmiş bir neçə məlumatlar gətirək.
Məlum olduğu kimi, Tövrat Musa peyğəmbərə göndərilmiş həqiqət kitabı olaraq zaman keçdikcə öz həqiqiliyini itirdi. Onun bəzi hissələri yəhudi cəmiyyətinin din xadimləri və üzünü köçürənlər tərəfindən öz mənfəətləri naminə dəyişdirilmişdir. Allahın İsrail oğullarına Musa peyğəmbərdən sonra da göndərdiyi bütün nəsihət və xəbərdarlıqların taleyi də eyni oldu, Allahın sözləri təhrif edildi. Beləliklə, “dəyişdirilmiş Tövrat” İlahi Həqiqətdən çox tarixi kitab kimi nəzərdən keçirilməlidir. Təhrif edilmiş Tövratın bu xüsusiyyəti və ondakı ziddiyyətlər öz əksini Nuh peyğəmbərin xalqı haqda deyilənlərdə də tapır. Eyni zamanda bəzi məqamlar Quranda deyilənlərlə uyğunlaşır. Məsələn, Tövratda deyilir ki, bütün bəşəriyyət “yer üzündə nə varsa, hamısı həyatdan məhrum olacaq” əmri ilə bu, ona ibrət olsun deyə cəzalandırılmışdır.
Tövrata görə, Allah Nuh peyğəmbəri xəbərdar edir ki, yer pis əməllərlə doludur və buna görə O, möminləri çıxmaq şərti ilə bütün bəşəriyyəti məhv edəcək. O, Nuha gəmi tikməyi əmr edir və onu necə düzəltmək lazım olduğunu müfəssəl şəkildə təsvir edir. Həmçinin Allah ona üç oğlunu xanımları ilə birlikdə, eləcə də bütün heyvanlardan bir cüt və bir az azuqə götürməyi tapşırır.
Yeddi gündən sonra, müəyyən edilmiş hesab saatı yetişdikdə yerin bütün su qaynaqları aralandı, göy qapıları açıldı və qırx gün, qırx gecə davam edən böyük tufan başladı. Gəmi bütün yüksəklikləri və dağları örtmüş su ilə üzürdü. Nuhun yanında olanlar bu cür xilas oldular. Qalanlarını isə tufan tərəfindən yaxalanaraq intəhasız sularda batdı. Qırx gün, qırx gecə keçdikdən sonra sular sakitləşdi, yüz əlli gün keçdikdən sonra isə suyun səviyyəsi endi. Yeddinci ayın on yeddinci günündə gəmi Ağrı dağına endi. Suyun səviyyəsinin enib-enmədiyini öyrənmək üçün Nuh gəmidən göyərçin buraxır. Göyərçin dönmür, aydın olur ki, sular xeyli çəkilib. Allah Nuha hər kəsin gəmidən yerə enməsini əmr edir.
Tövratın bu hekayədəki ziddiyyətlərindən biri odur ki, Yəhvistə (Tövratın variantlarından biri) görə, Tanrı gəmiyə yeddi cüt “təmiz” və yalnız bir cüt “natəmiz” heyvanlardan götürməyi əmr edir. Bu isə yuxarıda göstərilən mətnə ziddir.
Bundan əlavə, Tövratda həmçinin tufanın müddəti müxtəlifdir. Yəhvist variantına görə, suyun səviyyəsi qırx gün ərzində artdı, başqa varianta görə isə yüz əlli gün ərzində. Tövratın tufandan bəhs edən bölümlərindən bəziləri:
“Və Allah Nuha dedi: “Qarşıma bütün bəşərin sonu gəldi. Çünki onlara görə yer üzündə özbaşınalıq oldu. Mən onları yer üzü ilə birlikdə yox edəcəyəm. Özünə qofer ağacından bir gəmi düzəlt. Mən, bəli Mən, göylərin altında həyat nəfəsi olan bütün kainatı yox etmək üçün yer üzünə tufan göndərirəm. Yer üzündə onların hamısı öləcəkdir. Ancaq səninlə əhdimi sabit saxlayacağam. Sən, səninlə birlikdə oğlanların, sənin xanımın və oğlanlarının xanımları gəmiyə minəcəksiniz. Və səninlə birgə sağ qalmaq üçün hər yaşayan, bütün bədən sahibi olanlardan hər növündən iki-iki gəmiyə gətirəcəksən. Erkək və dişi olacaqlar. Və Nuh Allahın ona əmr etdiyi kimi etdi”” (“Təkvin”, 6/13-22).
“Və gəmi yeddinci ayda, ayın on yeddinci günündə, Ararat dağları üzərinə oturdu” (“Təkvin”, 8/1-19).
“Bütün yer üzündə üzərində zürriyyətlərinin sağ qalması üçün, özünə hər təmiz heyvandan, erkək və dişili olaraq yeddi cüt və təmiz olmayan heyvanlardan erkək və dişili olaraq iki cüt...” (“Təkvin”, 7/1-24).
“Və sizinlə əhdimə sadiq qalacam və bəşəriyyət tufanın suları ilə məhv edilməyəcək və məhv üçün yer üzündə bir tufan olmayacaqdır” (“Təkvin”, 9/11).
Təhrif olunmuş Tövrata görə, Allah-Təalanın “yer üzündə hər şey həyatdan məhrum olacaq” əmri ilə göylərin cəzası bütün bəşəriyyəti bürüdü, tufandan sonra isə yalnız Nuh peyğəmbərlə gəmiyə minənlər sağ qaldı.
Bizə çatan İncil də müqəddəs vəhyin əsl variantı deyil. Əhdi-cədid İsa peyğəmbərin davamçılarının tərtib etdiyi İncilin dörd mətni ilə başlayır və bizim İsa peyğəmbərin nitqlərindən və əmrlərindən bəhs edir. Matfey, Mark, Luka və İohanna görə olan İncil İsa peyğəmbərin çarmıxa çəkilməsindən təxminən 30-50 il sonra onun davamçıları və tələbələri tərəfindən tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, müxtəlif İncillərin mətnlərindəki ziddiyyətlər tam aydındır. Məsələn, İohanın İncili yuxarıda adı çəkilənlərdən öz məzmununa görə kəskin surətdə fərqlənir, lakin eyni zamanda Nuh tufanı haqda deyilənlər həmin kitablarda bir-birinə süjet şərhinə görə yaxındır. Əhdi-cədidin başqa kitabları isə İsa peyğəmbər çarmıxa çəkildikdən və yüksəldiləndən sonra həvarilərin əməllərindən bəhs edir və həvarilərin məktublarından və ya həvari Pavelin (Pavel Tarsuskiy) məktublarından ibarətdir.
Beləliklə, İncil ilahi əhdi-ətiq deyil, həvarilərin və İsa peyğəmbəri görənlərin xatirələrindən tərtib edilmiş tarixi əsərdir.
İncildə Nuh peyğəmbərin xalqının tufanda həlak olması belə təsvir edilir: Nuh peyğəmbər azğın və dinsiz xalqa göndərilmişdi, ancaq xalqı onun ardınca getmədi və günah etməyə davam etdi. Buna görə Tanrı onları tufanla cəzalandırdı, Nuh peyğəmbəri və onun ardınca gedənləri isə gəmidə xilas etdi. Hadisə ilə bağlı İncildən bəzi parçalar:
“Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də elə olacaqdır. Çünki Nuhun gəmiyə girdiyi günə qədər tufandan əvvəlki günlərdə insanlar yeyir, içir, evlənir, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğlunun gəlişi də bu cür olacaqdır” (“Matta”, 24/37-39).
“O, qədim dünyaya da rəhm etmədi. Lakin allahsızlar dünyası üzərinə tufanı gətirərkən salehlik təbliğçisi olan Nuh da daxil olmaqla səkkiz nəfərin canını saxladı” (“Peterin 2-ci məktubu”, 2/5).
“Nuhun günlərində necə oldusa, İnsan Oğlunun günlərində də elə olacaqdır. Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyir, içir, evlənir, ərə gedirdilər. Sonra tufan gəlib hamısını məhv etdi” (“Luka”, 17/26-27).
“Bunlar bir zaman Allah Nuhun günlərində səbrlə gözlədiyi vaxt, gəmi tikilərkən itaətsiz idilər. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı” (“Peterin 2-ci məktubu” 3/20).
“Belə düşünənlər bilmirlər ki, göylər qədim zamanlarda Allahın kəlamı ilə yarandı, yer də sudan və su vasitəsilə təşkil edildi. O zamankı dünya da həmin sularda boğulub məhv oldu” (“Peterin 2-ci məktubu”, 3/5-6).
Şumerlərdə tufan haqda rəvayət: Enlil adlı Tanrı insanlara qalan tanrıların bəşəriyyəti məhv etmək qərarı haqda və özünün insanları xilas etmək istəyindən xəbər verir. Rəvayətin əsas personajı Sippar şəhərinin Ziusudra adlı hökmdarıdır. Tanrı Enlil Ziusudraya onun tufan zamanı xilas olması üçün nə etməli olduğundan danışır. Mətnin qayığın tikintisindən bəhs edilən hissəsi itib, ancaq bu hissənin olması Ziusudranın xilası və tufandan danışılan bölümlərdən aydın olur. Rəvayətin Babil variantına arxalanaraq belə qənaətə gəlmək olar ki, hadisənin tam Şumer versiyasında tufanın səbəbi və gəminin tikilməsi haqda daha inandırıcı təfsilatlar var.
Babillilərdə Nuhun tufanı haqda rəvayət: Ziusudranın Babil analoqu Utnapiştim idi. Digər əsas qəhrəman isə Gilqameşdir. Əfsanəyə görə, Gilqameş ölməzliyin sirrini əldə etmək üçün atasını tapmaq qərarına gəlir. Onu bu yolun çətinlikləri və təhlükələri haqda xəbərdar edirlər: indiyə qədər yalnız tanrı Şamaşın (Günəş Allahı) keçməyə nail olduğu “Maşu dağlarını və Ölüm suyunu” keçmək lazımdır. Necə olsa da Gilqameş bu tikanlı yolu fəth edir və sonunda uğurla Utnapiştimə çatır.
Mətn Gilqameş və Utnapiştimin görüşündən danışılan yerdə qırılır. Sonra mətnin daha aydın oxunan hissəsində Utnapiştim Gilqameşə söylədi ki, “ölüm və həyat sirrini tanrılar özləri üçün seçiblər” (yəni insana verməyiblər). Sonra Gilqameş və Utnapiştimdən soruşun ki, o, ölməzliyin sirrini öyrənməyə necə nail olub: cavab olaraq Utnapiştim ona tufan haqda əfsanəni danışır. Tufan haqqındakı rəvayət Gilqameş dastanının məşhur “on iki lövhəciklərinin” əsas süjetidir.
Utnapiştim öz nitqini onun danışmağı “tanrıların sirridir” təshihi ilə başlayır. Sonra bildirir ki, o, Akkad ölkəsinin ən qədim şəhəri olan Şurumakdandır. Onun danışığına görə, tanrı Ea ona komanın qamış divarından müraciət edərək tanrıların tufanla bütün “həyat toxumlarını” məhv etmək qərarını bildirdi. Ancaq tanrıların bu qərarının səbəbi Şumer variantında olduğu kimi Babil təfsirində də məlum deyil. Utnapiştimin rəvayətinə görə, Ea ona gəminin tikintisi haqda deyir, Utnapiştim hər canlının toxumunu gətirməlidi. O, həmçinin Utnapiştimə gəminin formasını və ölçülərini göstərir, onlara görə gəminin hündürlüyü və uzunu bir-birinə bərabərdir.
Fırtına altı gün altı gecə davam etdi. Təbii hadisə yeddinci gün sakitləşir və Utnapiştim ətrafda hər şeyin “palçıq olduğunu” görür. Gəmi Nissir dağına enir.
Şumer-Babil mənbələri: Şumer və Babil yazılarına görə, Ksisutros və ya Hasisatr, onun ailəsi, dostları quşlarla və heyvanlarla birlikdə 925 metrlik gəmidə tufandan xilas oldular. “Sular göyə yönəlirdilər, okeanlar sahilləri örtdü və çaylar yataqlarından çıxdılar”. Sonra gəmi Hordinov dağına endi.
Assur-Babil mənbələri: Yazılı Assur və Babil mənbələrindən məlumdur ki, Ubar-Tutu (və ya Hasisatr) adlı mömin, öz ailəsi, xidmətçisi və öz sürüləri və vəhşi heyvanlarla birlikdə 600 qulac uzunluğunda, 60 qulac enində və hündürlüyündə gəmidə xilas oldular. Tufan altı gün altı gecə davam etdi. Gəmi Nizar dağına yanaşıb bağlandıqda göyərçin və qarğa buraxıldı. Yalnız göyərçin döndü.
Bəzi Şumer, Assuriya və Babil yazılarına görə, Utnapiştim ailəsi ilə bu tufanı yaxşı keçirdilər. “Yeddinci gün Utnapiştim çölə baxırdı, ətrafda sakitlik hökm sürürdü. İnsan oğlu yenə gölə döndü” deyə sonra bildirilir. Gəmi Nizar dağına endikdən sonra, Utnapiştim göyərçin, qarğa və qaranquş göndərir. Qarğa leş yemək üçün qalır, digər iki quş isə dönmürlər.
Hind əfsanələri: Hind Satapathı Brahman və Mahabharata əfsanələrində Manu adlı personaj Rişizlə birgə tufandan xilas olur. Əfsanəyə görə, Manunun tutduğu, sonra isə azadlığa buraxdığı balıq qəfildən böyüyür və Manuya deyir ki, o, gəmi tiksin və onun buynuzlarına bağlasın. Bu balıq həmçinin tanrı Vişinunun mücəssəməsi sayılır. Balıq gəmini nəhəng dağlardan aşıraraq onu şimala aparır və Himavat dağında qoyur.
İngilis əfsanələri: Böyük Britaniyanın Uels qraflığında saxlanılmış əfsanələrə görə, Dvifan və Dvifah böyük fəlakətdən gəmidə xilas olurlar. “Dalğalar gölü” adlanan Linlayon gölünün partlamasından yaranmış qorxunc sellər sakitləşdikdən sonra Dvifan və Dvifah Britaniya xalqını dirçəldirlər.
Skandinav əfsanələri: Skandinavların Edda eposu Berqalmer adlı qəhrəmanın öz arvadı ilə tufandan böyük gəmidə xilas olduğunu bildirir.
Litva əfsanələri: Litva əfsanələrində bir neçə cüt insanlar və heyvanlar uca dağın üstündə qoz qabığının içində xilas olurlar. On iki gün on iki gecə sürən külək və sellər artıq dağın başına çatanda və orada olanları aparmalı olduqda Rəbb ona nəhəng qoz qabığı atır. Dağda gizlənənlər qoz qabığında səyahət edərək fəlakətdən xilas olurlar.
Çin əfsanələri: Çin mənbəli əfsanələrdə Yao adlı biri və yeddi nəfər (başqa versiyaya görə isə Fa Li, onun arvadı və uşaqları) sel və zəlzələlərdən yelkən gəmisində xilas olurlar. “Yer darmadağın edildi... Sular yerdən qalxdı və bütün ətrafı bürüdü...” - bu əfsanələrdə belə deyilir.
Yunan mifologiyası tufan haqda: Tanrı Zevs günahkar insanları tufanla məhv etmək qərarına gəlir. Bu seldən yalnız Devkalion və xanımı Pirra xilas olurlar, çünki Devkalionun atası - Prometey oğluna gəmi tikməyi buyurur. Tufanın doqquncu günü ər və arvad Parnas dağına qədəm basırlar.
Bütün bu mənbələr konkret bir faktı təsdiqləyir. Nuh peyğəmbərin xalqının tufanı haqda bilgilər tarixin gedişatı boyunca Allahın yerdə yaratdığı bütün xalqlara çatıb. Ancaq insanların müqəddəs vəhyin həqiqətindən yayınması ciddi dəyişikliklərə səbəb oldu və tufan haqda məlumat əfsanə və miflərə çevrildi.
Nuh peyğəmbərin və onun murdar xalqının əsl tarixi həqiqi mənbə Quranda - ilahi vəhyin yeganə təhrif edilməmiş mənbəsində keçir. Məhz buna görə də Quran tək tufan haqda deyil, başqa tarixi hadisələr və xalqlar haqda da həqiqi məlumatların mənbəyidir. Sonrakı bölümlərdə biz bəşəriyyətə nazil edilmiş Qurani-Kərimdə tarixin həqiqi hadisələri haqda bəhs etməkdə davam edəcəyik.
1. Max Mallowan, Nuh’s Flood Reconsidered, Iraq:XXVI-2, 1964, p.66
3. Muazzez Ilmiye Cig, Kuran, Incil ve Tevrat’in Sümer’deki Kökleri (The Roots of Qur’an, Old Testament and New Testament in Sumer), 2.b., Istanbul: Kaynak, 1996
4. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Confirmation of the Book of Books), New York: William Morrow, 1964, pp. 25- 29
5. Max Mallowan, Nuh’s Flood Reconsidered, Iraq:XXVI-2, 1964, p. 70
6. Werner Keller, Und die Bibel hat doch recht (The Bible as History; a Confirmation of the Book of Books), New York: William Morrow, 1964, pp. 23- 32
7. Kish, Britannica Micropaedia, Volume 6, p. 893
8. Shuruppak, Britannica Micropaedia, Volume
9. Max Mallowan, Early Dynastic Period in Mesapotamia, Cambridge Ancient History 1-2, Cambridge: 1971, p. 238