“Bu, məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə-yeksan olmuşdur. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi, əksinə, yalnız ziyanlarını artırdı”
(“Hud” surəsi, 11/100-101)
Allah-Təala insanı ona ruh və can bəxş edərək yaratdı, ona müəyyən bir müddətə qədər həyat verdi və şübhəsiz ki, hər birimizin bu dünyanı tərk edəcəyi və yenidən öz Yaradanının qarşısında duracağı gün yetişəcək. Allah insanı yaratdı və bizim haqqımızda hər şey yalnız Ona məlumdur, bizim bütün gizli niyyətlərimizi və əməllərimizi də yalnız O bilir. Rəbbimiz insanlara düşünmək, həqiqəti dərk etmək və öz ehtiyaclarını ödəmək qabiliyyəti bəxş etdi. Görün Allah-Təala Qurani-Kərimin ayələrindən birində nədən xəbər verir: “Məgər yaradan bilməzmi?!” (“Mülk” surəsi, 67/14).
Bu dünyada hər bir insanın yeganə həqiqi məqsədi Həqiqət axtarışı, Allahın Uca Hikmətini dərk etmək və Uca Yaradana Onun insanlara xəbər verdiyi ehkamları yerinə yetirərək qulluq etməkdir. Allahın insanlara Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə göndərilmiş vəhyini və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini hər insan əsl həyat kodeksinə çevirməlidir.
Qurani-Kərim Allah Təalanın bəşəriyyətə göndərdiyi sonuncu Kitabı və Yaradanın yeganə düzgün açıqlamasıdır.
Quran bizə həyatda Yüksək Harmoniya mənbəyi kimi bəxş edilib və yalnız bu müqəddəs öüyüdlərin mənasını dərk etdikdən sonra bəşəriyyət bu həyatda sülh və harmoniyaya nail olacaq, insanlar arasında əlaqənin əsas prinsiplərindən olan qardaşlığın və ehtiramın hökm sürəcəyi ədalətli və rəhmli cəmiyyət yarada biləcək. Qurani-Kərimdə bizə göndərilən elmdə həm bu, həm də qarşıdakı dünyalarda xilas olmağın açarı gizlənir.