Təkamül nəzəriyyəsi məlum olduğu kimi canlılar aləminin təsadüflər nəticəsində meydana gələn bir hüceyrə ilə başladığını iddia edir. Daha sonra bu hüceyrə çoxalaraq yeni hüceyrələri meydana gətirmiş, bu hüceyrələr də birləşərək ibtidai canlı növlərini meydana gətirmişlər. İbtidai növlər də zamanla inkişaf etmiş növlərə doğru təkamül keçirərək bugünkü müasir canlıları meydana gətirmişlər. İnsan da bu təkamül zəncirinin ən son halqasıdır.
Əgər bu hekayəyə inanırsınızsa, aşağıda danışacağımız buna bənzər bir hekayəyə də inanmamaq üçün bir səbəb yoxdur... Bu, bir şəhərin hekayəsidir:
Bir gün quraqlıq bir ərazidə qayaların arasındakı bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq gün çıxanda quruyub qatılaşır və içinə qarışan bəzi mineralların da təsiri ilə bərkiyir. Daha sonra qəlibləşmiş qayalar qopub dağılır və ortaya düzgün formalı, möhkəm bir kərpic çıxır. Bu kərpic illərlə, eyni təbii şərtlərlə yanında eynilə özü kimi bir ikincisinin meydana gəlməsini gözləyir. Daha sonra, oxşar bir üçüncünün yanlarında meydana gəlməsi üçün birlikdə gözləyirlər. Bu vəziyyət eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə meydana gəlməsinə qədər davam edir. Hər kərpicin uyğun yerdə və uyğun şəkildə meydana gəlməsi üçün bəlkə minlərlə il gözlənilir. Bu arada böyük bir təsadüf nəticəsində əvvəl meydana gəlmiş kərpiclərdən heç bir itki olmur. Minlərlə il fırtınalara, yağışlara, küləyə, yandırıcı-qovurucu günəşə, dondurucu soyuğa məruz qalan kərpiclər qırılmır, parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpicləri gözləyirlər. Bundan əlavə, bu kərpiclərin meydana gəldiyi mühitdəki gil və palçıq eyni təbii şərtlərlə bunların da üzərinə yapışıb qatılaşaraq kərpicləri kobud, şəkilsiz və istifadəsiz kütlələrə çevirmir. Bir təhər, bütün kərpiclər eyni forma və mövqelərini qoruyurlar.
Kərpiclər kifayət saya çatdıqda külək, fırtına, qasırğa kimi təbii hadisələrin təsiri ilə sovrulub yan-yana və üst-üstə planlı bir şəkildə düzülüb bir bina qururlar. Bu vaxt, əlbəttə ki, kərpicləri bir-birinə yapışdıran sement, əhəng kimi vəsaitlər də çox uyğun zaman ərzində təbii şərtlərlə meydana gəlib qüsursuz bir plan içərisində kərpiclərin arasına girir və bunları bir-birlərinə birləşdirirlər. Əlbəttə, bütün bu əməliyyatlar başlayarkən torpağın altındakı dəmir filizləri də təbii şərtlərlə şəkillənib torpağın xaricinə uzanaraq kərpiclərin meydana gətirəcəyi binanın bünövrəsini qoyurlar. Nəticədə, hər cür vəsaiti, emalı, qurğusu ilə qüsursuz bir bina ortaya çıxır.
Əlbəttə ki, bina yalnız bünövrədən, kərpicdən və əhəngdən ibarət deyil. Elə isə digər əskiklər necə tamamlanmışdır? Cavab çox sadədir: binanın ehtiyacı olan hər cür vəsait üzərində yüksəldiyi torpaqda mövcuddur. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis və tirlər, sütunlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur. Taxta doğrama problemi də yaxın bir meşədəki ağacların baş verən qasırğa və fırtınalar nəticəsində sökülüb yonularaq binada istifadə edilməyə ən uyğun şəkildə sel suları ilə inşaat yerinə sürüşdürülməsi ilə həll edilir. Artıq bütün bu materialların binanın içinə yerləşmələri də təbii şərtlərin öhdəsinə götürülmüşdür. Əsən külək, yağan yağış, bir az da fırtınanın köməyi ilə bütün qurğular, emal, aksesuarlar kərpiclərin arasında yerli yerinə oturur. İşlər o qədər yerində getmişdir ki, kərpiclər gələcəkdə təbii şərtlərlə şüşə deyə bir şeyin meydana gələcəyini bilirlərmiş kimi tələb olunan pəncərə boşluqlarını buraxaraq düzülmüşlər. Hətta irəlidə yenə təsadüflərlə meydana gələcək su, elektrik, qızdırıcı qurğularının içlərindən keçə biləcəyi boşluqları buraxmağı da unutmamışlar. Dediyimiz kimi, işlər o qədər yerində getmişdir ki, bu fəaliyyət əsnasında tək bir çatışmazlıq, əskiklik, çoxluq, zamansızlıq, uyğunsuzluq meydana gəlməmişdir. Hər hansı bir mərhələdəki çatışmazlıq binanın çökməsinə, parçalanmasına, ya da heç bir işə yaramayan bir kərpic yığınına çevrilməsinə səbəb ola bilərdi. Lakin “təsadüflər” və “təbii şərtlər” həm ağıllı, dəqiq bir mühəndis, həm intizamlı, məsuliyyət sahibi bir usta, həm də çalışqan, məharətli bir işçi kimi çalışıb möhtəşəm bir uyğunlaşma və əməkdaşlıq göstərmişlər...
Əgər bu hekayəyə inandınızsa, bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, səkilərin, infrastruktura, xəbərləşmə və nəqliyyat sistemlərinin necə meydana gəldiyini də siz düşünüb tapa bilərsiniz. Hətta əgər bir az texniki məlumatınız varsa və mövzu ilə də bir az əlaqəniz varsa, məsələn, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud strukturlarla uyğunlaşması” haqqındakı nəzəriyyənizi göstərərək bir neçə cildlik son dərəcə “elmi” bir əsər belə hazırlaya bilərsiniz. Bu işlərinizə görə, akademik bir mükafata belə layiq görülə bilər, özünüzü insanlıq tarixini işıqlandıracaq bir dahi olaraq görə bilərsiniz. Ancaq belə bir vəziyyətin insanın öz ağılsızlığını qeyd etməkdən başqa bir mənası yoxdur.
Əgər bir şəxs canlılar aləminin təkamülün qarşıya qoyduğu kimi ibtidai dünya şərtlərində, təsadüflərlə yaranan bir hüceyrədən başladığına inanırsa, yuxarıdakı şəhərin hekayəsinə də rahatlıqla inana biləcək dərəcədə ağılsızdır. Çünki tək başına bir hüceyrə bütün iş sistemləri, xəbərləşməsi, nəqliyyatı və rəhbərliyi ilə böyük bir şəhərlə bənzər bir kompleksliyə malikdir.
Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar, həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər, istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeydiyyatda olduğu bir məlumat bankı, bir bölgədən digərinə xammalları və məhsulları nəql edən kompleks daşıma sistemləri və boru kəmərləri, xaricdən gələn xammalları faydalı parçalara ayıran inkişaf etmiş laboratoriya və təmizləyicilər, hüceyrənin içinə alınacaq və ya xaricinə göndəriləcək vəsaitlərin giriş-çıxışına nəzarət edən ixtisaslaşmış hüceyrə pərdəsi zülalları bu kompleks quruluşun sadəcə bir hissəsini əmələ gətirirlər.
Hüceyrənin nəinki ibtidai dünya şərtlərində meydana gəlməsi, dövrümüzün ən qabaqcıl texnologiyaya sahib laboratoriyalarında belə süni olaraq sintez edilməsi mümkün olmamışdır. Hüceyrənin əsası olan amin turşularından və bunların meydana gətirdiyi zülalları əsas alaraq nəinki hüceyrə, heç mitoxondri, ribosom və s. kimi hüceyrənin tək bir orqanoidi belə əmələ gətirilə bilməz. Bu səbəbdən, təkamülün təsadüfən meydana gəldiyini iddia etdiyi ilk hüceyrə yalnız bir xəyal gücü və fantaziya məhsulu olaraq qalmışdır.
Hüceyrə elm dünyasının ortaq fikri qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş ünvanını qoruyur. Hələ də kəşf edilməmiş bir çox sirri içində saxlayan hüceyrə təkamül nəzəriyyəsinin də ən böyük müəmmalarından birini təşkil edir. Necə ki, məşhur rus təkamülçüsü Oparin bu həqiqəti belə ifadə edir:
Təəssüf ki, hüceyrənin meydana gəlməsi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir.42
Bu etirafdan təkamülün qarşısının hələ ilk mərhələdə tıxandığı və daha çox irəli getmə şansının qalmadığı rahatlıqla aydın olur. Çünki bilindiyi kimi, canlı orqanizminin başlıca elementi hüceyrədir. Bu səbəbdən, hüceyrənin, hətta hüceyrəni meydana gətirən zülalların və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənin dünyadakı canlıların ortaya çıxması haqqında bir izah gətirməsi mümkün deyil.
Əksinə, hüceyrə insanın yaradılmış olduğunun ən möhtəşəm dəlillərindən biridir.
Həqiqətən də hüceyrənin həyatını davam etdirə bilməsi üçün müxtəlif funksiyalara malik olan bütün əsas parçalar bir yerdə olmalıdır. Bu səbəbdən, əgər hüceyrə təkamül nəticəsində meydana gəlsəydi, milyonlarla parçasının eyni anda və eyni yerdə mövcud olması, bunların da eyni anda müəyyən bir nizam və plan içində bir yerə gəlmələri lazım idi. Belə bir hadisənin təsadüfən reallaşa bilməsi isə ehtimal sərhədlərinin çox kənarında olduğundan haqqında danışılan quruluşun varlığının yaradılış xaricində heç bir izahı ola bilməz.
Hüceyrənin təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gələ bilməsi, nəşriyyat evindəki bir partlayışla təsadüfən bir ensiklopediyanın nəşr edilməsindən daha aşağı bir ehtimala malikdir.
Buna bənzər başqa bənzətməni ingilis riyaziyyatçısı və astronomu S.F.Hoyl (Sir Fred Hoyle) 12 noyabr, 1981-ci ildə “Nature” jurnalına verdiyi bir müsahibədə etmişdir. Özü də bir təkamülçü olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində canlı bir hüceyrənin meydana gəlməsi ilə bir dəmir yığınının başına gələn qasırğanın apardığı parçalarla təsadüfən bir “Boeing 747”nin meydana gəlməsi arasında bir fərq olmadığını bildirir.
Hüceyrənin içindəki minlərlə kiçik orqanoid hər saniyə minlərlə kompleks əməliyyat həyata keçirir. Tək bir canlı hüceyrəsində enerji istehsalından bədəndə istifadə edilən zülalların və fermentlərin sintezinə, kənardan alınan kimyəvi maddələrin seçilib fərqləndirilməsindən istifadə edilə biləcək hala gətirilməsinə, hüceyrə içində istifadə ediləcək maddələrin növlərinə görə toplanmasına qədər bir çox kompleks əməliyyat və bu əməliyyatlar üçün lazım olan minlərlə başqa əməliyyat və proses hər an davam edir.
Bu əməliyyatlarda son dərəcə mürəkkəb və ixtisaslaşmış orqanoid adlı mikroskopik hüceyrə işçiləri vəzifə yerinə yetirir. Nə qədər mikroskopik olsalar da, hər biri ən azı bir fabrik və ya laboratoriya qədər kompleks və xüsusiləşmiş bu orqanoidlərin etdikləri əməliyyatların bir çoxu dövrümüzün texnologiya möcüzəsi olan laboratoriyalarında belə həyata keçirilə bilmir. Məsələn, hüceyrədə olduqca kompleks bir əməliyyat nəticəsində çıxarılan fermentlərin və zülalların çoxunu bu gün süni üsullarla istənilən səmərədə və müvəffəqiyyətdə əldə etmək mümkün deyil. Bitki hüceyrələrində aparılan fotosintez əməliyyatı süni üsullarla reallaşdırıla bilinmədiyi kimi, bu əməliyyatın bitki hüceyrəsində meydana gələn bir çox mərhələsi də bu gün hələ kəşf edilə bilməmişdir.
Buna baxmayaraq, təkamülçülər ibtidai dünya şərtləri kimi ola biləcək ən nəzarətsiz mühitdə canlılar aləminin təsadüflərlə ortaya çıxdığını hələ də iddia edirlər. Halbuki, bu, heç vaxt elmi məlumatlarla uyğunlaşmayan bir iddiadır. Həmçinin ən sadə ehtimal hesabları belə, nəinki canlı bir hüceyrənin, o hüceyrədəki milyonlarla zülaldan birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi olaraq sübut etmişdir.