Tarixin və cəmiyyətin təkamülə uğraması hiyləsini irəli sürənlərin bir başqa yanlışlığı da cəmiyyətlərin ən vacib dəyəri olan dinin də təkamülə uğraması iddiasıdır. Bu iddia 19-cu əsrdə irəli sürülmüş, materialist və ateistlər tərəfindən coşqunluqla müdafiə edilmiş, lakin bu iddianı dəstəkləyən heç bir arxeoloji dəlil əldə edilmədiyi üçün bir spekulyasiya olaraq qalmışdır.
İnsanlığın daha qədim dövrlərdə guya ibtidai, yəni çoxtanrılı və qəbiləyə məxsus dinlərə inandığı, tək Allah`a inanma və əsası bütün insanlara xitab etmək olan haqq dinin -belə ki, bu din ilk insan olan hz. Adəmdən başlayaraq Rəbbimizin bəşəriyyətə vəhy etdiyi haqq dindir- sonradan ortaya çıxdığı iddiasının heç bir əsası yoxdur. Lakin bəzi təkamülçülər bu iddianı həqiqət kimi göstərməyə çalışır, bu hərəkətləri ilə böyük səhvə yol verirlər. Darvinin bioloji təkamül nəzəriyyəsinin yalan olduğu kimi, ondan ilhamlanaraq inkişaf etdirilən dinlərin təkamülü nəzəriyyəsi də bir hiylədir.
Charles Darwin
Təqribən yüz əlli il bundan əvvəl Çarlz Darvinin (Charles Darwin) “Növlərin mənşəyi” adlı kitabının hələ ilk nəşri hazırlandığı dövrdə təkamül anlayışı materialist və ateist çevrələrdən dəstək almağa başlamışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafında baş verən bütün proseslərin təkamüllə izah edilə biləcəyini hesab edirdi. Bu yanlışlığa görə, hər şey guya ibtidaidən və sadədən başlayır, daha sonra inkişaf edərək aliyə doğru inkişaf edirdi.
Bu yalan bir çox sahəyə tətbiq edilməyə cəhd göstərilirdi. Məsələn, iqtisadiyyat sahəsində marksizm təkamülə xas bir inkişafın qaçılmaz olduğunu və sonunda bütün millətlərin kommunizmi qəbul edəcəyi iddiasını irəli sürürdü. Bunun sadəcə bir xəyaldan ibarət olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman içərisində həyata keçən təcrübələrlə sübuta yetirildi.
Psixologiya sahəsində Freyd (Freud) insanın təkamülə xas olaraq ali bir növ olduğunu, lakin psixoloji olaraq hələ guya ibtidai əcdadlarının sahib olduğu instinktlərlə hərəkət etdiyini deyirdi. Bu böyük yanlışlıq aparılan psixoloji tədqiqatlarla elmi cəhətdən tamamilə yerlə yeksan edildi. Freydizmin əsas fərziyyələrinin demək olar ki, heç bir elmi əsası olmadığı ortaya çıxdı.
Eyni şəkildə sosiologiya, antropologiya, tarix kimi elm sahələrində də təkamül nəzəriyyəsinin təsiri olmuş, lakin son yüz ildə əldə edilən bilik və tapıntılar bu təsirin nə dərəcə yanlış olduğunu göstərmişdir.
Bütün bu təkamülü müdafiə edən nəzəriyyələrin ortaq nöqtəsi isə Allah inancına qarşı olmaqdır. Dinlərin təkamülü yanlışlığı da bu məqsədlə və bu fəlsəfi əsaslar üzərində irəli sürüldü. Bu yanlışlığın aparıcı müdafiəçilərindən biri olan Herbet Spenserin həqiqətdən uzaq iddialarına görə, bəşəriyyətin ilk dövrlərində heç bir dini inanc yox idi. Guya ilk dinlər isə ölülərə sitayiş etməklə başlamışdı. Dinlərin təkamülü hiyləsini müdafiə edən başqa antropoloqlar daha fərqli hekayələr irəli sürdülər. Bəzilərinə görə, dinin qaynağı animizmə (təbiətə canlılıq aid edilir, onda ruh olduğuna inanc duyulur), bəzilərinə görə isə totemizmə (simvol olaraq seçilən bir insan, qrup və ya əşyaya sitayiş etmə) əsaslanırdı. Başqa bir antropoloq olan E.B Teylora görə, tarixi proses ərzində sıra ilə animizm (təbiətə canlılıq aid etmə), manizm (əcdadlar kultu), politeizm (çoxtanrılıq) və son olaraq da monoteizm (təktanrılıq) yer alır.
Halbuki, 19-cu əsrin ateist antropoloqları tərəfindən stol arxasında yazılmış ssenarilərlə ortaya atılan və sonra da daima gündəmdə saxlanılan bu nəzəriyyə yalandan başqa bir şey deyildi. Arxeoloji və tarixi tapıntıların da göstərdiyi kimi, sözü gedən şəxslərin irəli sürdüyü iddiaların əksinə, tarixin ilk günündən bəri Allah`ın peyğəmbərləri vasitəsi ilə insanlara vəhy etdiyi haqq din var olmuşdur. Lakin demək olar ki, hər dövrdə haqq dinlə birlikdə batil və azğın inanclar da mövcudluğunu davam etdirmişdir. Hazırkı dövrdə də Allah`ın bir və tək olduğuna iman edən, Rəbbimizin nazil etdiyi dinə tabe olan insanlar olduğu kimi, daşdan, taxtadan düzəldilmiş bütlərə, bir sıra ruhlara, şeytana, müxtəlif heyvanlara, əcdadlarına, Günəşə, Aya, ulduzlara sitayiş etmə yanlışlığına düşən insanlar da vardır. Bundan əlavə, bunların əhəmiyyətli bir hissəsi geridə qalmış deyil, tam əksinə, olduqca müasir şərtlərdə yaşayan insanlardır.
Digər tərəfdən, tarix boyunca Allah`ın nazil etdiyi haqq dinlərin əmrlərini, tətbiq etdiklərini və əxlaqi dəyərlərini pozmaya çalışan insanlar da olmuşdur. Quranda bəzi insanların bir sıra batil inanc və əməlləri dinə daxil etməyə çalışdığı, dolayısilə, özlərinə göndərilən haqq dini dəyişdirib pozduqları xəbər verilmişdir:
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah`ın vəhyidir!” -deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)
Bu vəziyyət Allah`ın varlığına və birliyinə inanan və Rəbbimizin bildirdiyi hökmlərinə tabe olan bəzi insanların zaman keçdikcə haqq dindən uzaqlaşıb azğın inanclara, batil hərəkətlərə meyil etmələrinə səbəb olmuşdur. Beləliklə, bir sıra azğın inanc və batil hərəkətlər meydana gəlmişdir. Digər sözlə, bəzi insanların irəli sürdüyü kimi, dinlərin təkamülü deyə bir proses əsla olmamış, lakin haqq dinin müəyyən dövrlərdə insanlar tərəfindən pozulması ilə azğın dinlər ortaya çıxmışdır.
20-ci əsrdə dinlərin mənşəyi haqqında ciddi araşdırmalar aparılmağa başlandı. Belə araşdırmaların sayəsində dinlərin təkamülü iddiasının heç bir elmi dəyərinin olmadığı və xəyal məhsulu ssenari olduğu çox keçmədi ki, ortaya çıxdı. Andryu Lanq, (Andrew Lang), Vilhelm Şmit (Wilhelm Schmidt) kimi antropoloqların rəhbərliyi altında dünyadakı dinlərin tədqiqi ilə əldə edilən nəticələr dinlərin təkamül keçirmədiyini, əksinə, bəzən təhrif edildiklərini göstərdi. Şmitin rəhbərliyi ilə nəşr edilən və dinlərin mənşəyi mövzusunu araşdıran “Anthropos” adlı jurnalda bu məlumatlar xırdalıqlarına qədər analiz edildi.
Xüsusən 1900-1935-ci illər arasında aparılan araşdırmalarda dinlərin təkamülü iddialarının tamamilə yalan olduğunun aşkara çıxarılması bir çox antropoloqun təkamülçü fikirlərini tərk etməsinə yol açdı. Lakin bütün bu elmi və tarixi həqiqətlərə baxmayaraq, bəzi radikal ateistlər bu süqut etmiş ssenarini müdafiə etməyə davam etdilər.
Şəkildə şumerlərin saxta ilahlarından biri olan “ildırım tanrısı” görünür. Bu saxta ilahlar haqq olah tək ilah inancının zaman içində insanlar tərəfindən pozulması ilə ortaya çıxmışdır.
Mesopotamiya ovalığı tarixi qaynaqlarda sivilizasiyaların beşiyi olaraq adlandırılır. Mesopotamiya ovalığına çox da uzaq olmayan bir yerdə isə qədim Misir sivilizasiyası var idi.
Bu sivilizasiyalarla əlaqədar aparılan arxeoloji qazıntılarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri bu xalqların dini etiqadına dair əldə edilən tapıntılar idi. Əldə edilən kitabələrdə çoxsaylı saxta ilahların gördüyü işlər izah edilirdi. Daha çox tapıntı əldə etdikcə və tədqiqatçılar bunları oxumaq üçün daha uğurlu vasitələrdən istifadə etdikcə bu sivilizasiyaların inancları ilə əlaqədar bəzi təfsilatlar ortaya çıxmağa başladı. Diqqəti çəkən ən əhəmiyyətli məqam isə bu qövmlərin inandığı batil ilahların hamısından daha vacibi tək bir ilah inancının olması idi. Əldə edilən tarixi qeydlər və tapıntılar tarix boyunca haqq dinin var olduğunu göstərirdi.
Növbəti səhifələrimizdə araşdıracağımız Mesopotamiya, Misir, hind, Avropa mədəniyyətlərindən başqa, astek, ink, mayyalar kimi Amerika mədəniyyətlərinə də tək İlah inancının məlum olduğu, özlərinə haqq dini təbliğ edən xəbərdar edicilərin gəldiyini göstərən dəlillər əldə edilmişdir. Çoxtanrılı inancın içində tək Tanrı inancının gizli olduğunu aşkar edən ilk tədqiqatçılardan biri Oksford Universitetindən Stiven Lenqdon (Stephen Langdon), 1931-ci ildə əldə etdiyi məlumatların elm dünyasına agah edərkən əldə etdiyi məlumatların çox gözlənilməz olduğunu deyirdi, çünki bu tapıntıların daha əvvəlki təkamülçü izahlara tamamilə zidd olduğunu başa düşürdü. Lenqdon tapıntılarını belə şərh edirdi:
Mənim zənnimcə, insanın ən qədim tarixi tək Tanrı inancından (sözdə) çoxlu sayda tanrının və şər qüvvələrin varlığının inancına doğru çox tez bir pozulmanı göstərir...63
Lenqdon 5 il sonra “The Scotsman” adlı jurnalda isə aşağıdakıları yazırdı:
... Bütün dəlillər, qəti olaraq başlanğıcda bir tək Tanrı inancının mövcud olduğunu göstərir. Sami mənşəli xalqların arxeoloji və ədəbi tapıntıları da ən qədim zamanlarda belə tək Tanrı inancının var olduğunu göstərir. Yəhudi dininin və digər Sami mənşəli dinlərin totemistik, bütlərə əsaslanan bir mənşəyə malik olması nəzəriyyəsinin tamamilə əsassız olduğu bu gün qəbul edilmişdir.64
Hazırkı dövrümüzdə Tel-Əsmər adlandırılan e.ə. 3000-ci ilə aid bir şumer şəhərində aparılan qazıntılarda da Lenqtonun dediklərini tamamilə təsdiqləyəcək tapıntılar əldə edildi. Qazıntılara rəhbərlik edən Henri Frankfort rəsmi hesabatında belə yazırdı:
Qazıntılarımız bütün dəyərli tapıntılara, əlavə olaraq, Babil dinləri haqqında bəzi çox vacib həqiqətləri aşkarladı. Bir sosial sistem içində dini dəyərlərin necə yerləşdirilmiş olduğuna ilk dəfə şahid oluruq.
Bir məbəd və bu məbəddə ibadət etməkdə olan insanların evlərinin qalıqları tapıldı. Bu səbəbdən, ayrı-ayrılıqda bir məna ifadə etməyən tapıntıları bir bütün olaraq qiymətləndirə bilirik.
Məsələn, möhürlərin üzərindəki rəsmlərdə ümumi olaraq ilahlara sitayiş əks olunur. Lakin bu rəsmlərin hamısında həmin məbəddə sadəcə bir Tanrı inancının olduğu görünür. Bu səbəbdən də ən qədim zamandakı Şumer-Akkad etiqad sistemi içərisində bu tək İlahın fərqli xüsusiyyətləri ayrıca ilahlar hesab edildiyi aydın olur.65
Şumer yazılarının tərcümə edilməsi ilə ortaya çıxan həqiqət budur ki, Babil inanc sistemində çox sayda saxta ilah mövcud olmuş və insanlar zaman ərzində tək bir ilahın sifətlərini yanlış izah etmişlər.
Babil inanc sisteminə Marduk adlandırılan saxta ilah
Frankfortun tapıntıları çox vacib bir həqiqəti göstərirdi: batil, çoxtanrılı etiqad sisteminin meydana gəlmə forması. Birdən çox ilaha sitayiş azğınlığı dinlərin təkamülü nəzəriyyəsinin iddia etdiyi kimi, insanların təbiət güclərini təmsil edən bəzi şər qüvvələrə sitayiş etmələri ilə meydana gəlməmişdi. Bir və tək olan İlahın fərqli sifətləri insanlar tərəfindən müəyyən müddət ərzində müxtəlif cür şərh edilmişdir və tək İlah etiqadında pozulmalar meydana gəlmişdir. Tək bir İlahın fərqli sifətləri müəyyən müddətdə çoxtanrılıq etiqadına çevrilmişdir.
Lenqdonun Şumer lövhələrinin tərcümələrini nəşr etdirməsindən bir müddət əvvəl Fridrix Deliç adlı tədqiqatçı da buna bənzər kəşfə imza atmışdı. Bu tədqiqatçı Babil etiqad sistemi içərisindəki çox saylı ilahın həqiqətdə həmin dövrdə Marduk olaraq adlandırılan tək bir İlahın fərqli xüsusiyyətlərindən irəli gəldiyini aşkar etmişdir. Aparılan araşdırmalar Marduk inancının da haqq olan tək İlah etiqadının zaman içərisində pozulması ilə əmələ gəldiyini göstərirdi.
Marduk adlandırılan tək İlahın müxtəlif adları var idi. Bunlardan bəziləri Ninib (güc sahibi), Nergal (müharibə Tanrısı), Bel (tək İlah), Nebo (xəbər gətirən İlah), Sin (gecəni aydınlaşdıran), Şamaş (ədalət Tanrısı), Addu (yağış Tanrısı) idi. Müəyyən müddət ərzində Mardukun bu xüsusiyyətləri sanki Mardukdan əlaqəsi olmadan güclənmiş kimi müxtəlif tanrılara çevrilmişdi. Eyni şəkildə, Günəş Tanrısı, Ay tanrısı kimi bir çox batil ilahlar xəyal gücünün təsiri ilə yaradılmışdır. Göründüyü kimi, həm Marduk inancı, həm də bu saxta ilahın digər adları bu inancın, əslində, Allah inancının zaman içərisində bəzi insanlar tərəfindən pozulması ilə ortaya çıxdığını göstərir.
Misir kralı Akheneton tək tanrıya inandığını açıqlamış və bütün bütləri qırdırmışdır. Allah’a olan inancını belə dilə gətirmişdir: Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Birdir. Odur hər varlığı yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh...Başlanğıcda vardı Tanrı. Tək varlıq Odur. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı...
Buna bənzər pozulma izlərini qədim Misirdə də görmək mümkündür. Tədqiqatçılar qədim Misirin, əvvəlcə, təktanrılı bir etiqad sisteminə sahib olduğunu, daha sonra bu təktanrılı etiqadın bəzi insanlar tərəfindən təhrif edilərək Günəşə sitayiş edən sabiliyə çevrildiyini aşkar etmişdilər. Antropoloq M.De Ruj bu barədə aşağıdakıları demişdir:
Misir dininin əmələ gəlməsi çoxsaylı tanrının ələnərək tək Tanrıya çevrilməsi ilə olmamışdır. Əksinə, Misir dininin tək Allah inancına yaxın olduğu zamanlar bu sivilizasiyanın təsdiq edilən qədim zamanları ilə üst-üstə düşür. Misir dininin son mərhələləri isə bütün Misir dininin ən çox pozulmuş dövrü olmuşdur.66Antropoloqların apardıqları araşdırmalar çoxtanrılı batil inancların təktanrılı tovhid inancını daşıyan dinlərin zaman ərzində təhrif edilməsi ilə ortaya çıxdığını göstərir. Bu da təkamülçülərin iddia etdiyi kimi dinlərin təkamülü deyə bir mərhələnin mövcud olmadığının açıq dəlillərindəndir.
Antropoloq Sir Flinders Petri də çoxtanrılı batil inancların təktanrılı tövhid inancını daşıyan dinlərin zaman içərisində təhrif edilməsi ilə meydana gəldiyini demişdir. Bundan başqa, bu pozulma prosesi sadəcə keçmişdə yaşamış cəmiyyətlərdə deyil, günümüzdə də müşahidə edilir. Petri belə demişdir:
Qədim zamanlardakı dinlərdə bir çox sinfə aid edilən tanrılara rast gəlinir. Lakin günümüzdəki bir çox mədəniyyətdə də belə bir yanaşma nümayiş olunur. Məsələn, bir hindu sayları getdikcə artan tanrı və tanrıçalar arasında yaşamaqdan zövq alır... Digərləri isə tanrılara belə sitayiş etməzlər, animistik ruhlara, şeytanlara sitayiş edirlər...
Əgər ruhlara sitayiş tək bir İlaha sitayişə qədər gedib çıxan təkamül prosesinin ilk pilləsi olsaydı, belə olan halda, çoxtanrılığın getdikcə təktanrılığa təkmilləşməsinin dəlillərini görməli idik... Bunun tam əksinə, görə bildiyimiz tək Allah inancının hər zaman ilk pillədə olmasıdır...
Çoxtanrılı etiqadın ilk əmələ gəlməsinə qədər müşahidə edə bildiyiniz hər yerdə bunun tək Allah inancının bir müxtəlifliyi olduğunu görürük…67
Batil hindu dini bir çox saxta ilaha malikdir. Ancaq aparılan araşdırmalarda hind mədəniyyətinin erkən dövrlərində tək bir ilah inancının hakim olduğu anlaşılır.
Hind mədəniyyəti Yaxın Şərq mədəniyyətləri qədər qədim olmasa da, dünyanın qədim sivilizasiyalarından biri sayılır.
Hindistanda saysız-hesabsız tanrılara tapınan batil inanclar var. Bu batil dinləri araşdıran tədqiqatçılardan biri Endru Lenqdir (Andrew Lang). Lenq uzunmüddətli tədqiqatlar nəticəsində çoxtanrılı dinlərin Yaxın Şərqdə meydana gəlməsinə oxşar prosesin Hindistanda da baş verdiyini üzə çıxarmışdır.
Edvard Makkreydi (Edward McCrady) də hindlilərin “Veda” adlı kitablarını tədqiq edərkən hind mədəniyyətinin erkən dövrlərində tanrıların bir üstün İlahın müxtəlif xüsusiyyətləri kimi şərh edildiyini yazır.68 Veda kitabındakı ilahilərdə də açıq şəkildə təktanrılı tövhid inancının pozulmasının izlərini görmək mümkündür. Mövzunu təhlil edən tədqiqatçılardan Maks Müller (Max Müller), əvvəlcə, tək İlah inancının olduğunu qəbul edir:
Vedada tək Allah inancının çoxtanrılı inancdan daha əvvəl olduğunu görürük. Saysız-hesabsız tanrıya dualarında belə, tək və sonsuz Tanrının zikri göyü duman kimi örtmüş bütpərəst anlayışın arasından mavi səmanın görünməsi kimi üzə çıxır.69
Buradan bir daha məlum olur ki, dinlərin təkamülü baş verməmişdir, əksinə, insanların haqq dinə bəzi batil inanclar əlavə etməsi və ya bəzi əmr və qadağalara etinasız yanaşması ilə dini inanclar zaman ərzində təhrif edilmişdir.
Qədim Yunan batil inancları üzərində araşdırmalar aparan Axel W. Persson “Eradan əvvəlki Yunanıstan” adlı əsərində “İlk başdan bəri mövcud olan tək tanrı inancı daha sonra yunan dini miflərində gördüyümüz saysız-hesabsız tanrı şəxsiyyətlərinə çevrilmişdir." deyir.
Tarixi Avropa xalqlarının inanclarında da bənzər pozulmanın izini görürük. Məsələn, qədim yunan batil inancları üzərində tədqiqat aparmış (Axel W. Persson) Aksel V. Persson “Tarixdən əvvəlki Yunanıstan” adlı əsərində belə yazır:
Əvvəl mövcud olan tək Allah inancı daha sonra yunan dini miflərində gördüyümüz çoxsaylı əhəmiyyətsiz tanrı şəxsiyyətlərə çevrilmişdir. Mənim fikrimcə, bu bir çox ilahın varlığı tək və bir olan Allah`ı tərif edən müxtəlif isimlərin zaman ərzində müxtəlif cür şərh olunmasına bağlıdır.70
Eyni pozulmanın izlərini İtaliyada da görmək mümkündür. Arxeoloq Rozenzveyq (Rosenzweig) qədim Etrusk dövrünə uyğun gələn “İkviun lövhələri” (İguine tablets) üzərində apardığı təhlillərdə: “İlahlar ilk olaraq sifətlərin müxtəlif cəhətlər kimi şərh olunması nəticəsində meydana gəlir”, -deyir.71
Qısaca desək, təqribən bir əsr ərzində əldə edilən bütün antropoloji və arxeoloji tapıntılar tarix boyu xalqların, əvvəlcə, tək Allah inancına sahib olduğunu, ancaq zaman ərzində bu inancın təhrif edildiyini göstərir. Əvvəlcə, hər şeyi yoxdan yaradan, hər şeyi görən və bilən, bütün aləmlərin sahibi olan Allah`a inanan xalqlar zaman keçdikcə Rəbbimizin isimlərini ayrı-ayrı ilahlar kimi düşünmüş və birdən çox batil ilaha tapınmağa başlamışlar. Haqq və gerçək din bir və tək ilah olan Allah`a ibadət edilən dindir. Çoxtanrılı dinlər isə Rəbbimizin hz. Adəmdən etibarən insanlara vəhy etdiyi haqq dinin insanlar tərəfindən təhrif edilməsi nəticəsində meydana gəlib.
Yer üzündə müxtəlif yerlərdə yaşayan və yaşamış xalqların dini dəyərlərinə və mədəniyyətlərinə nəzər saldıqda ortaq inanca malik olduqlarını görürük. Aralarında mədəni mübadilənin baş verməsinin qeyri-mümkün olduğu xalqların dinlərində mələk, cin və şeytan kimi insanla eyni məkan ölçüsündə yaşamayan varlıqlardan axirət inancına, insanın palçıqdan yaradılmasından tutmuş edilən ibadətlərə qədər bir çox ortaq cəhət var. Məsələn, Nuh tufanı haqqında məlumatlar şumer qaynaqlarından başlayaraq Uels etiqadına, Çin yazılı mənbələrindən antik Litva inanclarına qədər bir çox müxtəlif xalqların mədəni irsində mövcuddur.
Bu həqiqət din əxlaqını bir və tək olan uca İlahın, yəni aləmlərin Rəbbi olan Allah`ın vəhy etdiyini göstərən dəlillərdən biridir. Dünyanın hər tərəfindəki müxtəlif xalqlar eyni uca məqamdan gələn, bənzəri olmayan bir tək İlahın varlığını xəbər verən dinlərlə tərbiyə ediliblər. Rəbbimiz hər dövrdə üstün etdiyi bəzi seçilmiş qulları vasitəsilə Özünü insanlara tanıtmış və insanlar üçün seçdiyi dini bildirmişdir. Allah`ın son vəhyi olan Quranda hər qövmün bir doğru yolgöstərən rəhbəri olduğu (Rəd surəsi, 7) xəbər verilmişdir. Başqa ayələrdə isə Allah`ın hər xalqa xəbərdar edən göndərdiyi belə bildirilir:
Biz heç bir məmləkəti onu xəbərdar edənlər olmadan məhv etmədik. (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım deyilik! (Şüəra surəsi, 208-209)
Bu mübarək elçilər xalqlarına bir və tək olan Allah`a iman gətirməyə və qulluq etməyə dəvət etmiş, yaxşılığı əmr edib pislikdən çəkindirmişlər. İnsanlar Rəbbimizin qatında seçilmiş müqəddəs elçilərə və onların miras qoyduğu ilahi kitablara tabe olmaqla xilas ola bilərlər. Rəbbimizin aləmlərə rəhmət olaraq göndərdiyi son peyğəmbər hz. Muhəmməd (səv) və Allah`ın əbədi olaraq qoruduğu son ilahi kitab Qurani-kərim də bəşəriyyətin ən doğru yol göstəricisidir.
63. Stephen H. Langdon, "Semitic Mytology of All Races", Vol. V, Archaeol. Instit. Amer., 1931, s. xviii
64. Stephen H. Langdon, The Scotsman, 18 Kasım 1936
65. H. Frankfort, Third Preliminary Report on Excavations at Tell Asmar (Eshnunna): Quoted by P.J. Wiseman in New Discoveries in Babylonia about Genesis, Marshall, Morgan and Scott, sf. 24.
66. P. Le Renouf, "Lectures on the Origin and Growth of Religion" as illustrated by the Religion of Ancient Egypt, Williams and Norgate, London, 1897, s. 90
67. Sir Flinders Petrie, The Religion of Ancient Egypt, Constable, London, 1908, sf. 3-4
68. Edward McCrady, Genesis and Pagaan Cosmogonies, Trans. Vict. Instit. 72 (1940), sf.55
69. Max Muller, History of Sanskrit Literature: Quoted by Samuel Zwemer, sf. 87
70. Axel Persson, The Religion of Greece in Prehistoric Times, University of California Press, 1942, sf. 124
71. Book review, American Journal of Archaeology, 43 (1939): sf. 170-171