Quranda həyatlarından nümunələr verilən elçilər Allah`ın sevdiyi, onlardan razı olduğunu xəbər verdiyi və cənnətlə müjdələdiyi qullardır. Elə isə Allah`ın razılığını və sevgisini əldə etmək istəyən hər mömin o mübarək insanların əxlaq və davranış tərzini özünə nümunə götürməlidir. Allah Quranda: "Həqiqətən, Allah`ın Rəsulu Allah`a, qiyamət gününə ümid bəsləyənlər və Allah`ı çox zikr edənlər üçün gözəl nümunədir!" (Əhzab surəsi, 21) deyə bildirmişdir. Bu kitabda bu günə qədər möminlərə atılan böhtanlardan bəhs edərkən əsas məqsəd keçmişdə peyğəmbərlərin və onların ətrafındakı möminlərin, həmçinin yaxın tariximizdəki İslam alimlərimizin yaşadıqları çətinliklərin və onların bu çətinliklər qarşısında göstərdiyi təvəkkülün, səbirli halın görülməsi və nümunə götürülməsidir.
İmansız və ya imanı zəif biri üçün böhtana məruz qalmaq məhv olmaq deməkdir. Xüsusilə Allah`ın elçilərinə atılan böhtanları düşünsək, bunlardan hər hansı biri ilə qarşılaşan dinsiz və ya zəif imanlı birisinin bütün həyatı alt-üst olur. Məsələn, belə bir adam namusla əlaqədar bir böhtana məruz qalsa və ya etmədiyi halda oğurluqda günahlandırılsa, şiddətli bir sarsıntı keçirər. Cahiliyyə anlayışı içində öz sözləri ilə desək, "həyatdan küsər, yasa qapılar, sıxıntıya düşər". Hətta ən kiçik böhtanla qarşılaşsa belə, dərhal ümidsizliyə qapılar. Çoxlu sayda böhtanlara məruz qalması bu insanda ruhi tənəzzülə və süquta səbəb olar. "Bu böhtanların hansını təmizləyəcəyəm" və ya: "Milyonlarla insan bunları bu cür öyrəndi, bunların doğrusunu insanlara necə başa salacağam" deyə həyəcan keçirə bilər.Bu iftiralar səbəbindən gələcəklə bağlı əndişələnə bilər. Haqlı olduğu ortaya çıxsa belə, insanlar arasında "palçıq at, izi qalsın" məntiqinin işlədiyini, insanlar tərəfindən hər zaman bu böhtanlarla xatırlanacağını düşünərək təlaşa düşə bilər.
Allah`a iman edən təvəkküllü insanların vəziyyəti isə bu məntiqdəki insanlardan tamamilə fərqlidir. Saleh müsəlmanlar nə ilə qarşılaşırsa qarşılaşsın, yuxarıda qeyd etdiyimiz kimi, ağılsız davranışlar göstərməzlər. Həqiqi imanla meydana gələn təvəkkülə və Allah`ın insanlar üçün yaratdığı qəzavü-qədərə olan təslimiyyətə sahib bir müsəlmanla Qurana görə yaşamayan insanlar arasındakı fərq xüsusilə belə çətin vaxtlarda ortaya çıxır.
Möminlər bir böhtana məruz qaldıqda onlar buna Allah`ın bir imtahanı deyə səbir göstərib təvəkkül etsələr, Allah`ın onlardan razı olacağını və onları bu böhtanlardan təmizləyəcəyini bilirlər. Möminlərə atılan böhtanların onlar üçün, əslində, bir xeyir olduğu Qurani-kərimdə belə bildirilir:
Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir! (Nur surəsi, 11)
Qurana tabe olan insanlar hər şeydən əvvəl bütün hadisələrin Allah`ın bilgisi və nəzarəti altında həyata keçdiyinə, Allah`ın hər hadisəni onlar üçün ən gözəl və ən xeyirli şəkildə yaratdığına dəqiq bir bilgi ilə iman edirlər. Buna görə də ən şiddətli və amansız görünən böhtanla qarşılaşsalar da, bunun ardınca özləri üçün mütləq bir xeyir gələcəyini bilirlər. Əlbəttə ki, möminlər özləri haqqında deyilən əsassız sözlərdən uzaq olduqlarını göstərmək və həqiqəti üzə çıxarmaq üçün düzgün üsullara əl atırlar. Bunu da Allah`ın onlar üçün xeyir və gözəllik dilədiyini bilərək edirlər.
Hətta bəzən dünya həyatındakı imtahanın bir parçası olaraq bir mömin üçün böhtanla birlikdə bir sıra çətinliklər də gələ bilər. Bu çətinliklər şiddətli bir xəstəlik, ailənin və yaxınların ağır vəziyyətə düşməsi, maddi çatışmazlıq şəklində ola bilər. Həqiqi müsəlman bütün bunların Allah tərəfindən bir sınaq olduğunu, hər çətinliklə birlikdə bir rahatlıq yaradıldığını və səbir edənlərin cənnətlə müjdələndiklərini bilərək qərarlı, cəsur və şövq dolu bir davranış göstərər. Əsla sıxıntı duymaz, ümidsizliyə qapılmaz, üzülməz, başına gələn bütün çətinlinləri Quranda əmr edilən ağıllı davranışla və gözəl üslubla qarşılayar.
Möminlərə atılan böhtanların axirət qazancının yanında dünya həyatında yaşayan müsəlmanlara gətirəcək xeyirlər də var. Daha əvvəlcə danışdığımız hz. Yusifə atılan böhtanın nəticəsi buna gözəl bir nümunədir.
Hz. Yusif heç bir günahının olmadığına baxmayaraq, ona atılan böhtan nəticəsində həbs edilmiş və illərlə zindanda qalmışdı. Orada qaldığı müddətdə yanındakılara Allah`ın varlığını anladaraq təbliğ etmək imkanı tapmışdı. Taleyinə yazılmış olan müddəti həbsxanada imtahan olaraq keçirən hz. Yusifin etibarlılığı və yuxu yozumu biliyinə sahib olması zindan dostunun vasitəsilə hökmdarın qulağına çatmışdı. Buna görə də hökmdar hz. Yusifi hüzuruna çağırmış və gördüyü bir yuxunun yozulmasını istəmişdi. Hz. Yusif bundan əvvəl ona atılan böhtanlardan qurtarmaq istədiyini bildirmiş və ona böhtan atan qadından və ətrafındakılardan işin əsl səbəbinin soruşulmasını tələb etmişdi. Hökmdar tərəfindən həyata keçirilən bu sorğu-sual nəticəsində isə hz. Yusifin tamamilə günahsız olduğu ortaya çıxmış və üzərindəki bütün şübhə və şayiələr də aradan qaldırılmışdı. Bu hadisələr nəticəsində hz. Yusifin etibarlılığı, dindarlığı, namusluluğu gedib hökmdara qədər çatmışdı. Bu hadisələr Quranda belə anladılmışdır:
Hökmdar: "Onu mənim yanıma gətirin!" dedi. Elçi yanına gəldikdə o: "Ağanın yanına qayıdıb soruş ki, "əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!" Hökmdar soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi? " Qadınlar: "Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!" - deyə cavab verdilər. Vəzirin övrəti dedi: "Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!" Yusif dedi: "Bu qadınlara həqiqəti etiraf etdirməyim ona görədir ki, vəzir evdə olmadıqda mənim ona xəyanət etmədiyimi və Allah`ın xainlərin hiylələrinə yol vermədiyini bilsin!" (Yusif surəsi, 50-52)
Göründüyü kimi, hz. Yusifə atılan böhtanın faydasız olduğu dünyada da ortaya çıxmış və onun məsum, etibarlı bir insan olduğu anlaşılmışdı. Bu sınaqda göstərdiyi təvəkkülün ardından Allah hz. Yusifə səbrinin və gözəl əxlaqının əvəzi olaraq həm dünyada, həm də axirətdə nemətlər vermişdir. Bu nemətlər ayələrdə belə bildirilir:
Hökmdar dedi: "O Yusifi yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm!" Sonra onunla söhbət etdikdə: "Sən bu gündən yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!" - dedi. Yusif dedi: "Məni bu yerin xəzinələrinə məmur təyin et, çünki mən qoruyanam, işləri idarə etməyi bilənəm!" Beləliklə, Yusifi o yerdə ixtiyar sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir (Yusif surəsi, 54-57)
Keçmişdəki möminlər haqqında düşünəndə qarşımıza çox önəmli bir nöqtə də çıxır: iftiraya məruz qalmış müsəlmanın səbri və təvəkkülü sınağa çəkilərkən bununla paralel olaraq bu olaya şahid olan digər müsəlmanların da böhtana uğramış möminlərə qarşı hüsnü-zənni və səmimiyyəti sınanır.
Möminlərin bir-birinə hüsnü-zənli olması, həqiqətən də, son dərəcə önəmli bir mövzudur. Tarixdəki nümunələrdən də göründüyü kimi, dinə düşmənçilik edənlər ortaya bir iddia atarkən bunu özlərinə uyğun şəkildə gücləndirməkdə, böhtanlarını saxta dəlillərlə və yalançı şahidlərlə aydın və inandırıcı hala gətirmək üçün bir çox cəhdlər göstərməkdədirlər. Bunu edərkən böhtan atdıqları insanları müsəlmanların gözündə kiçiltmək, müsəlmanların arasını vurmaq istəyirlər. Əvvəlki bölümdən də gördüyümüz kimi, yaxın tariximizdə Bədiüzzamanın məruz qaldığı sui-qəsdlər bunun bir nümunəsidir. Bədiüzzaman dininə və mənəvi dəyərlərinə son dərəcə bağlı bir insan olsa da, onu dinə qarşı qeyri-səmimi göstərən iftiralara məruz qalmışdı. Burada inkarçıların xəyanətkar bir planı yer alır: müsəlmanların arasını vurmaq, onların bir-birinə dəstək olmasını əngəlləmək. Halbuki, Quranda müsəlmanlara həmişə bir-birinə dəstək olmaları əmr edilmişdir:
Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (Ənfal surəsi, 73)
O halda, bir müsəlman mömin bir insan haqqında pis bir xəbər eşidərsə, əvvəlcə, o işin səbəbini araşdırmalıdır. Əgər qarşıdakı insanın iman gətirən, Allah`dan qorxan, Qurana tabe olan bir insan olduğu bəllidirsə, bu halda, tarix boyunca müsəlmanlara atılan böhtanları düşünərək iftiraya uğramış möminə hüsnü-zənn etmək şərtdir.
İnkarçıların möminlərə qarşı kin və düşmənçilikləri o qədər şiddətlidir ki, böhtanlarında zatən məqsədləri iman edənləri tamamilə təsirsiz hala gətirmək və onları batil dinlərinə döndərməkdir. Yəni dindən uzaq insanlar Allah`ın saleh qullarını hər zaman əsassız ittiham və günahlarla qaralamaq, ləkələmək istəyəcəklər. Odur ki, bu, müsəlmanların ayıq-sayıq olmalı olduğu bir mövzudur.
Ancaq çox önəmli bir həqiqət də var ki, Allah bunu bir ayəsində belə bildirir:
Onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir! Allah`ın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət, intiqam sahibidir! (İbrahim surəsi, 46-47)
Ayələrdə də bildirildiyi kimi, nəticə olaraq Allah inkarçıların məkrli planlarını pozacaq, hz. Yusifdə və digər nümunələrdə olduğu kimi möminlərə gözəl bir aqibət verəcəkdir. Ancaq inkarçıların planları pozulana qədər bütün müsəlmanlar bir-birinə dəstək olmağa, böhtana uğrayan mömin qardaşlarına hüsnü-zənn etməyə, yəni onlara əvvəlcədən güvənməyə və gözəl gözlə baxmağa borcludur. Böhtana qarşı digər möminlərin davranışının necəliyini Allah “Nur” surəsində bildirmiş və möminlərə böhtan atıldığı halda yanlış bir davranış göstərənləri belə xəbərdar etmişdir:
Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir! Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allah`ın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız. Halbuki, bu Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Aman! Bu, çox böyük bir böhtandır!" - deməli deyildinizmi? Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz(Nur surəsi, 11-17)
Müsəlmanlar hər şeydən əvvəl bunu unutmamalıdır: inkarçıların möminlərə böhtan atması, onların əleyhinə qəlbə toxunan sözlər söyləməsi və bunun Allah`ın dəyişməyən bir qanunu olması Quranda bizə xəbər verilmiş bir həqiqətdir. Bu vəziyyətdə bütün müsəlmanların ayıq-sayıq olması, sui-zənnə qapılaraq başqa bir insana haqsızlıq etməkdən qaçması son dərəcə önəmlidir. Hətta müsəlmanlar bir insanın iftiraya uğramasını o insanın səmimiyyətinin bir təzahürü kimi də qəbul edə bilərlər.
Bəzi kimsələr isə "od olmayan yerdən tüstü çıxmaz" və ya "niyə ona deyilir, mənə deyilmir?" kimi Quranda anladılan gerçəklərə uyğun gəlməyən həyəcana qapıla bilərlər. Ancaq bu insanlar önəmli bir xətaya düşmüşlər. Çünki Qurandan kənarda cahil insanlara bənzər, onların məntiqlərini daşıyan izahlar vermək, onlar kimi davranmaq Quranda bildirilən həqiqətləri unutmaq deməkdir. Allah`a iman gətirən mömin bir insanın belə bir xətaya düşməkdən var gücü ilə çəkinməsi lazım gəlir.
Müsəlmanların atılan böhtanlara əhəmiyyət verməməsi, hətta böhtançılara da bu böhtanlara inanmadıqlarını və heç etibar etmədiklərini söyləməsi böhtançıların planlarını pozacaq və beləcə, böhtanlar yerini tapmayacaqdır.
Bunu da unutmaq olmaz ki, insanların böyük bir hissəsinin böhtanda iştirak edərək müsəlmanların qarşısında olması isə əsla böhtanın həqiqət olduğunu göstərən bir vəziyyət deyil. Çünki Allah bir ayəsində insanların əksəriyyətinə uymanın sapdırıcı ola biləcəyini bildirir:
Əgər sən yer üzündə olanların çoxusuna itaət etsən, onlar səni Allah`ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! (Ənam surəsi, , 116)
Həmçinin müsəlmana qarşı yönələn ittiham bir fasiqdən, yəni Allah`a qarşı üsyankar bir insandan gəlirsə, bunun Quranda bildirildiyi kimi, ətraflı araşdırılması və lazımi dəlillər tapıldıqdan sonra diqqətə alınması gərəkdir. Böhtanlara inanan insanların da qərar vermədən öncə Quranın bu hökmünə görə hərəkət etməsi, bunu sübut edəcək dəlilləri görməsi və ya göstərməsi vacibdir. Bu vəziyyət Quranda Allah`ın bütün müsəlmanlara əmr etdiyi bir hökmdür:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!(Hücurət surəsi, 6)
Möminlərin dünyada və axirətdə peşmanlıq və vicdan əzabı duymaması, daim haqqı və ədaləti üstün tutması üçün yolgöstərici Quranda bildirilən bu gerçəklər olmalıdır.