Quranda keçmişdə yaşayan peyğəmbərlərin və müsəlmanların həyatından nümunələr verilməsinin çox əhəmiyyətli bir hikməti var. Allah Quranda: "Hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır..." (Yusif surəsi, 111) deyə bildirərək bu hikməti açıqlayır. Yəni keçmişdəkilərin başına gələnlər müasir insanların üzərində düşünüb ibrət götürəcəyi hadisələrdir.
Məsələn, Allah Quranda peyğəmbərlərə və müsəlmanlara atılan böhtanlardan nümunələr vermişdir. Bunları bilən hər bir müsəlman yaşadığı dövrdə də dindən uzaq insanların müsəlmanlara böhtan atacağını bilir. Özünə və ya başqa bir müsəlmana böhtan atılanda çaşmır və ya müsəlman qardaşına şübhə ilə baxmır, baş verənləri, inkarçıların söz və əməl şəklindəki təcavüzlərini Quranda bildirilən nöqteyi-nəzərdən dəyərləndirir. Allah`ın göndərdiyi elçilər keçmişdə məruz qaldıqları böhtanlara qarşı necə gözəl bir səbir nümayiş etdirirdisə, bu günün mömin insanları da onlar kimi davranmağın lazımlılığını başa düşür.
Həmçinin keçmişdə yaşanan hadisələrlə günümüzdə baş verənlər arasında böyük oxşarlığın olduğunu, dindən uzaq insanların müsəlmanlara həmişə eyni məntiqlə, hətta eyni kəlmələrlə iftira atdığını görmək müsəlmanlar üçün şövq və həyəcan qaynağıdır. Çünki Allah bir ayəsində: "...Sən Allah`ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!" (Əhzab surəsi, 62) deyə vəd etmişdir. Keçmişdə olan hadisələrin insanın yaşadığı həyatda da həqiqətə çevrilməsi Allah`ın bu ayəsinin bir təsdiqidir. Bu hadisələr müsəlmanın səmimiyyətinin təzahürlərindən biridir. Ancaq şübhəsiz ki, buradakı ən mühüm məqam böhtanla üzləşmiş insanın mütləq Allah`ın elçilərinin və əməlisaleh möminlərin keçmişdə göstərdiyi üstün əxlaqı göstərməsidir. Müsəlmanların keçmişdə üzləşdiyi böhtanlar və bunların müqabilində göstərdikləri səbir, təvəkkül, xoş rəftar, ağıllı davranış məhz bu səbəbdən əvvəlki səhifələrdə söz edilməkdədir. Burada məqsəd müasir dövrün müsəlmanlarına bənzər hadisələrlə qarşılaşdıqları zaman onlara necə münasibət bəsləmək məsələsində Quran ayələri işığında yol göstərməkdir.
İsrailoğullarına peyğəmbər göndərilən hz. Musa digər peyğəmbərlər və səmimi möminlər kimi inkarçıların bir çox hücumlarına məruz qalmışdı.
Hz. Musanın dünyaya gəldiyi dövrdə Misirin hökmdarı olan firon xalqın böyük bir hissəsini incidir, hətta nəsillərini məhv edəcək bir zülmə məruz qoyurdu. Fironun bu zülmü Quranda belə göstərilir:
Həqiqətən, firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi! (Qəsəs surəsi, 4)
Fironun əsgərlərinin onun uşağını da öldürəcəyindən əndişələnən hz. Musanın anası qorxuya düşmüş, Allah`dan ona gələn vəhylə hz. Musanı Nil çayına atmışdı. Quranda bildirildiyi kimi, uşağı sahibsiz görən fironun ailəsi onu özünə götürmüşdü. Bu hadisələrin nəticəsində fironun sarayında böyüyən hz. Musa Allah tərəfindən peyğəmbərliklə mükafatlandırıldıqdan sonra fironun hücumlarına məruz qalmışdı.
Allah`ın əmri ilə fironun yanına gedərək ona Allah`ın varlığını və haqq dini anladan hz. Musa fironun inkarçı və azğın hücumlarına məruz qalmışdı. Firon həm hz. Musanı, həm də onun ətrafındakıları işgəncə verməklə və öldürməklə hədələmişdi. Onun bu təhdidindən qorxuya düşən xalq hz. Musanın bildirdiyi həqiqətə inanmaqdan və onunla birlikdə olmaqdan qorxub çəkinmişdi. Ayələrdə də bildirildiyinə görə, ancaq çox az sayda gənc ona iman gətirmişdi:
Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki firon o yerdə hakim idi. O, həddi aşmışdı (Yunus surəsi, 83)
Əlbəttə, bu mübarizədə qalib gələcək tərəfin Allah`ın əməlisaleh qulları olduğu "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" (Nisa surəsi, 141) ayəsində bildirildiyi kimi, daha əvvəlcədən bəllidir. Ancaq möminlərin imanının, təvəkkülünün və səbrinin yoxlanılması üçün onların əvvəlcə çətin imtahanlardan keçirilməsi, insanlar tərəfindən yalanlara, böhtanlara məruz qalması Allah`ın qanunudur. Hz. Musanın özü və onunla birlikdə iman gətirənlər üçün də eyni vəziyyət olmuşdur.
Firon özünü, adətən, bir tanrı kimi görür, bütün Misirin və Misir üzərindəki bütün insanların yeganə sahibi və hakimi olduğunu zənn edirdi. Firon öz xalqının tək həqiqi Tanrının, tək gücün və insanların tək sahibinin Allah olduğunu öyrənəcəyi halda, özünün əvvəlki kimi yenə tanrılıq iddiasında ola və insanlara məcburi şəkildə boyun əydirə bilməyəcəyinin də fərqində idi. Bu məqsədlə, xalqının hz. Musaya inanmaması üçün müxtəlif yollara əl atırdı. İşgəncə və ölümlə hədələmə fironun ən çox istifadə etdiyi üsullardan biri idi. Başqa bir üsulu isə hz. Musaya və qardaşı hz. Haruna böhtan atmaq olmuşdu. Fironun fikrinə görə, onları insanların gözündə kiçiltmək, lazımsız və dəyərsiz insanlar kimi göstərmək üçün işlətdiyi böhtanları belə açıqlaya bilərik:
İnkarçıların möminlərə atdığı böhtanları araşdırarkən ən vacib çıxış nöqtəsi onların sahib olduğu pis əxlaq və dünyaya baxışları olmuşdur. Məsələn, Allah`ın əmr etdiyi əxlaqı yaşamayan insanların qorxunc bir böyüklənmə, təkəbbür göstərmə, lovğalanmaq arzusu və dünya həyatına yönəlmiş hüdudsuz bir hərisliyi var. Firon bu insanların tipik bir nümunəsidir. Bütün Misirin üzərindəki insanlarla birlikdə onun özünə məxsus olması hərisliyinə qapılan firon bu hərisliyi uğrunda günahsız insanlara əzab verməkdən və hətta onları öldürməkdən belə çəkinməmişdi. Bu azğın inancı səbəbindən özü kimi digər insanların da gözünün dünyaya hərisliklə örtüldüyünü zənn edirdi. Bu səbəblə də hz. Musanın və hz. Harunun Allah dərgahındakı yerlərini və nə məqsədlə bu yerə gəldiklərini anlayıb dəyərləndirə bilmirdi.
Hz. Musa da insanlardan özlərinə qarşı təbii olmalarını istəmişdi. Ancaq hz. Musanın buradakı məqsədi onlara Allah`ın varlığını və sonsuz qüdrətini tanıtmaq, dini öyrətmək və onların hidayət tapmasına vəsilə olmaq idi. Firon və ətrafı isə hz. Musanın mənsəbpərəst olduğunu, yer üzündə böyüklük əldə etməyə çalışdığını düşünmüş və onu öz hakimiyyət və vəzifələrinə bir rəqib kimi görmüşdülər. Allah bir ayədə fironun ətrafının hz. Musanı və hz. Harunu necə ittiham etdiyini belə göstərir:
Onlar: "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" - dedilər (Yunis surəsi, 78)
Halbuki, hz. Musa və hz. Harun bütün digər peyğəmbərlər və səmimi müsəlmanlar kimi əsla dünyəvi mövqe və mənfəətlərin arxasınca getməmişlər. Onlar insanlardan heç bir əvəz və təmənna gözləmədən, sadəcə Allah`ın razılığını, rəhmətini və cənnətini istəyərək insanları Allah`ın yoluna çağırmış və insanlara axirət dünyasını xatırlatmışlar. Allah "Kitabda Musanı da yad et! Həqiqətən, o, çox səmimi və göndərilmiş bir peyğəmbər idi." (Məryəm surəsi, 51) ayəsində hz. Musanın yalnız Onun rizasını arayan bir qul olduğunu xəbər vermişdir. Hz. Musanın və hz. Harunun Allah`ın əməlisaleh qullarından olması başqa ayələrdə belə xəbər verilir:
Biz Musa və Haruna də nemət bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər. Onların hər ikisinə açıq-aydın o kitabı verdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. Musaya və Haruna salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi (Saffat surəsi, 114-122)
Fironun işlətdiyi üsullardan biri də hz. Musanı ilə hz. Harunu hər fürsətdəcə ölkə və xalq üçün mühüm təhlükə kimi göstərməsi idi. Bu cür böhtanları ilə xalqı hz. Musanın əleyhinə qaldırmağa çalışırdı. Belə ki, firon hz. Musanı insanları "yurdlarından məcburən çıxarmaq istəyində" günahlandırmışdı. Allah bir ayədə fironun öz xalqının öndə gələnlərinə belə səsləndiyini bildirir:
(Firon) ətrafındakılara dedi "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! O, öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?" (Şüəra surəsi, 34-35)
Başqa bir ayədə isə fironun hz. Musanı və onun ətrafındakıları xalqı yurdundan məcburən çıxarmaq üçün plan qurmaqda günahlandırdığı bildirilir:
Firon dedi: "Mən sizə izn vermədən əvvəl siz ona iman gətirdiniz? Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz!" (Əraf surəsi, 123)
Fironun bu böhtanla xalqın və öndə gələnlərin hz. Musaya və yanındakılara qarşı cəbhə açmaq, onları xalqın gözündə xain kimi göstərmək istəyi açıq şəkildə görünür. Ancaq Allah`ın vəd etdiyi kimi, möminlərə qarşı qurulan bütün planlar necə pozuldusa, fironun bu planı da pozulmuşdur:
Beləliklə, Allah onu onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı (Mumin surəsi, , 45)
Firon hz. Musanın haqq dinini özünü hər kəsdən üstün tutması səbəbi ilə qəbul etməmişdi. Hz. Musa Allah`ın varlığını və özünün də Allah`ın elçisi olduğunu göstərmək üçün - Allah`ın izni ilə - firona bir çox möcüzə göstərmişdi. Firon buna baxmayaraq, özü inanmadığı kimi, xalqın da inanmasına mane olmaq üçün hz. Musanı cadugərlikdə və sehrbazlıqda günahlandırdı. Beləliklə, firon hz. Musanın söylədiklərinin və etdiklərinin doğru olmadığını, bunların sadəcə olaraq insanları təsirləndirmək və inandırmaq üçün istifadə edilən yalançı bir sehr olduğunu əsaslandırmağa çalışırdı. Bu mövzu ayələrdə belə bildirilir:
Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: "Bu sehrbazdır, yalançıdır!" dedilər. (Mumin surəsi, 23-24)
Hz. Musanın isə fironun və öndə gələnlərin bu böhtanlarına belə cavab verdiyi xəbər verilir:
Musa onlara belə dedi: "Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar nicat tapmazlar!" (Yunis surəsi , 77)
Cadugərlik böhtanı hz. Musadan əvvəl və sonra bir çox möminə atılmış böhtanlardan biridir. "Cadugərlik" böhtanına rast gəlmiş müsəlmanlarla bağlı Quranda bildirilən məlumatlar sonrakı fəsillərdə də xatırlanacaq.
Musa açıq-aşkar ayələrimizlə yanına gəldikdə onlar: "Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!" dedilər. Musa dedi: "Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar!" Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, ora qalxıb, bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!" (Qəsəs surəsi, 36-38)
Fironun hz. Musaya və onun təbliğ etdiyi dinə qarşı davranışı son dərəcə qafil və qəddar idi. İnkarçılıqda bu qədər irəli getmiş bir insanın gələn elçini ləkələyib qaralamaq və onu təkzib edib yalanlamaq üçün olmazın ittihamlarla günahlandırması və ona qarşı istehzalı davranması heç də heyrətamiz və gözlənilməz bir iş deyil. Firon hz. Musanı zəiflədib onun anlatdığı həqiqətlərin insanlar arasında yayılmasına mane olmaq üçün bütün bunların yalan olması iftirasını da çəkinmədən atırdı. Halbuki, Allah`ın elçilərini yalanlayanların və onlara öz böhtan və yalanları ilə əzab və sıxıntı verməyə çalışanların aqibəti Quranda açıq və qəti şəkildə bildirilir:
Biz hər ümmətə: "Allah`a ibadət edin, Tağutdan çəkinin!" deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!(Nəhl surəsi, 36)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah`ın səmimi, dürüst, Allah`dan qorxan və Allah`ı çox sevən qullarına qarşı edilən bu haqsızlıqlar dünyada və axirətdə qarşılıqsız qalmayacaq. Fironun və ətrafının dünyada qarşılaşdığı bəlalar və ən sonunda ölümlər buna ən bariz nümunələrdən biridir. Allah insanlara fironun və onun yaxınlarının qarşılaşdığı aqibətdən dərs almağı xatırlatmışdır. Buna görə də Quranda verilən bu hadisələr hər insan üçün ibrət dərsi olmalıdır:
O və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar! Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. Bir gör zalımların axırı necə oldu! (Qəsəs surəsi, 39-40)
İnsanların unutmamalı olduğu ən önəmli məsələlərdən biri də fironun və onun yolu ilə gedən inkarçıların dünyada qarşılaşdığı əzabın axirətdəki böyük sıxıntı ilə müqayisədə çox kiçik olmasıdır. Dünyada olarkən Allah`ın ayələrinə qarşı çıxan, Allah`ın elçilərinə və əməlisaleh qullarına əziyyət verən, onlara iftiralar atan, pusqular quran, dini şərləyən, Allah`ın əmr etdiyi əxlaqı bəyənməyərək öz çirkin əxlaqlarını yaymağa çalışan insanları axirətdə çətin bir əzab gözləməkdədir:
Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir! Bu dünyada onlara lənət damğası vurduq, qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar. (Qəsəs surəsi, 41-42)
Hz. Yusif uşaq yaşlarından etibarən bir çox böhtanlara məruz qalmış və ona qarşı həmişə planlar qurulmuş peyğəmbərlərdən biridir. Uşaqlıq illərindən etibarən çox təmiz və gözəl əxlaqlı bir insan olmasına baxmayaraq, hətta ən yaxın adamları tərəfindən zülm görmüşdür.Hətta öz doğma qardaşları belə ona qarşı olan qısqanclıqları səbəbi ilə onu öldürməyə çalışmışdılar. Allah`dan qorxan, daim Allah`ın rizasını gözləyən bu təmiz insan oğurluq və zina kimi günahlarla ittiham edilmiş, günahsız olmasına baxmayaraq, böhtan üzündən illərlə həbsdə qalmışdır. İnkarçıların böhtanlarının hz. Yusif dövründə necə ortaya çıxması qarşıdakı səhifələrdə Quranda bildirilən ayələrin işığında anladılır.
Hz. Yusif hələ kiçik yaşda olarkən Allah`ın elm verdiyi peyğəmbərlərdən biridir. Onu qısqanan qardaşları tərəfindən uşaq yaşında olarkən bir quyuya atılmış, hz. Yusifi tapan bir karvan onu ucuz bir qiymətə misirli bir vəzirə satmışdı. Yetkinlik yaşına çatanda yanında qaldığı vəzirin həyat yoldaşı hz. Yusifdən ayədəki ifadə ilə desək, “murad almaq” istəmişdi. Ancaq hz. Yusif imanı və Allah qorxusu səbəbi ilə qadının bu istəyini rədd etmişdi. Rədd edilən qadın ondan qaçmaq istəyən hz. Yusifə arxadan yetişərək köynəyini tutub dartmış və bu anda hz. Yusifin köynəyi arxadan cırılmışdı. Bu zaman qadının əri olan vəzirlə qarşılaşmışdılar, qadın öz günahını gizlətmək üçün hz. Yusifə böhtan atmış, onu ondan "murad almaq" istəyində günahlandırmışdı. Mövzu ilə bağlı ayələr Quranda bu şəkildə bildirilir:
Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq! Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" dedi. Yusif isə: "Mən Allah`a sığınıram. Axı o, mənim ağamdır. O, mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!" deyə cavab verdi. Doğrudan da ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyil edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir! Hər ikisi qapıya tərəf cumdu. Qadın onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası ilə rastlaşdılar. Qadın dedi: "Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!" (Yusif surəsi, 22-25)
Hz. Yusif qadının bu ittihamı qarşısında özünü: "O, məni tovlayıb mənimlə yaxınlıq etmək istədi!..." (Yusif surəsi, 26) deyərək müdafiə etmiş, bunun üçün qadının yaxınlarından biri aralarında şahidlik etmişdi:
"...Əgər köynəyi öndən cırılmışsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır" (Yusif surəsi, 26-27)
Ayədə bildirildiyi kimi, köynəyinin arxadan cırılmış olması hz. Yusifin doğru söylədiyinin bir dəlilidir. Ancaq namusluluğuna dair dəlillərinin çox açıq olmasına baxmayaraq, hz. Yusif zindana atılmışdı.
Burada hz. Yusif Allah`dan qorxmayan, mövqe və məqam sahibi olan insanların məkrli planları ilə qarşı-qarşıya qalmışdı. Hz. Yusif qadının istəkləri ilə zindan arasında seçim etmək zorunda qalmışdı. Üstəlik, zindana atıla bilməsi üçün etmədiyi bir günah üstünə yıxılmışdı. İttiham edildiyi günah iş isə xalq tərəfindən təhqir olunacaq, dedi-qodu yaradacaq və üz qızardacaq bir günah olan "zina"dır. Onun belə çirkin bir böhtana məruz qalmasının yeganə səbəbi isə "zina" etməyi rədd etməsi və namuslu, üstün əxlaqlı bir müsəlman olmasıdır. Hz. Yusifə qarşı məkrlə qurulan tələ inkarçıların səmimi müsəlmanları öz yolundan döndərmək və ya onları məcburən dindən uzaqlaşdırmaq üçün tətbiq etdikləri "ənənəvi" üsullardandır.
Bu hadisə ilə əlaqədar digər diqqətçəkən mövzu isə belədir. Qadın hz. Yusifi zinaya məcbur etməklə onu öz inancsız və əxlaqsız həyatına qatılmağa çağırırdı. Amma onun istədiyi kimi davranmadığına görə, müsəlmanlıqda israr edən hz. Yusifi zina böhtanı ilə zindana atdırmışdı. Hz. Yusifin nümunəsində göründüyü kimi, inkarçılar hər zaman öz istəkləri, həyatlarının əsas parçası olan günah və əxlaqsızlıqları ilə möminlərə böhtan atır, bunun da nəticəsində onların cəzalandırılmasını təmin etməyə çalışırdılar.
Hz. Yusif ona bir hiylə qurulduğunu bilmiş, amma Allah`ın razılığını hər şeydən üstün tutan hər müsəlman kimi o da zindanı inkarçıların çağırdığı əxlaqsızlıqdan üstün tutmuş və uzun müddət zindanda qalmışdı. Hz. Yusifin bu mövzuda Allah`a olan duası Quranda belə bildirilir:
(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyil edər və cahillərdən olaram." Rəbbi Yusifin duasını qəbul buyurub qadınların məkrindən qurtardı. Həqiqətən, O, eşidəndir, biləndir!(Yusif surəsi, 33-34)
Bir insanın heç bir maddi dəstəyi olmadan, yaşadığı cəmiyyətin öndə gedən insanlarını qarşısına alaraq sadəcə Allah`ın razı etmək üçün həbsdə yatmağı qəbul etməsi onun nə dərəcədə yüksək bir imana sahib olmasının təzahürüdür.
Bu hadisədəki şərtləri realist bir baxış bucağından bir daha nəzərdən keçirmək faydalıdır. Hz. Yusif böhtanla qarşılaşmış, iftiraya məruz qalmışdı. Etmədiyi günahdan ötrü onu məhkum etmişdilər. Uzun müddət həbsdə qalmışdı. Ətrafındakı insanlardan düşmən münasibəti və ədalətsiz davranış görmüşdü. Məsələnin zahiri tərəflərini nəzərdən keçirəndə onu təmizə çıxaracaq hər hansı bir insandan və ya vəziyyətdən hətta söz gedə bilməz. Günahsız olmasına baxmayaraq, hz. Yusifi həbsə salmaqda qərarlı olmaları o dövrdə həm böyük bir ədalətsizliyin hökm sürməsinin, həm də özünü qorumağa çalışan bir insanın cəmiyyətdən necə münasibət görməsinin təzahürüdür. Diqqət edilərsə, dəlillərin ortaya qoyulmasına baxmayaraq, cəmiyyət içindəki bu zülmə yol verilir, vəziyyəti yaxşı bildikləri halda, insanların heç biri haqlının tərəfində dayanmır. Bu zülmə razılıq verir, öz mənfəətlərini ön planda tutur və günahsız olmasına baxmayaraq, bir insanın zindana atılmasına razı olurlar. Bu vəziyyət ayədə belə bildirilir:
Dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusif surəsi, 35)
Nəticədə, hz. Yusif illərlə zindanda qalmışdır (Yusif surəsi, 42). Bu hadisələrin kənardan görünüşü və aşkara çıxarılması nə qədər çətin olsa da, hər şeyin mahiyyətini bilən möminlər üçün vəziyyət belə deyil. Möminlər hansı çətinlik və sıxıntı ilə qarşı-qarşıya gəlirsə gəlsinlər, onlar daim Allah`a təvəkkül edər, heç bir ümidsizliyə qapılmaz, hər vəziyyətdə Allah`dan razı olar, hər hadisədə Allah`ın yaratdığı bir gözəlliyin və xeyirin mövcud olduğuna qəti bir bilgi ilə iman gətirərlər. Doğrudan da hz. Yusifin bir böhtan nəticəsində zindana atılması bir cahilin baxış bucağından böyük bir uğursuzluq kimi görünsə də, nəticə onun üçün həm dünyada, həm də axirətdə böyük bir xeyirə çevrilmişdir.
Hz. Yusif zindanda olduğu müddətdə dövrün hökmdarı gördüyü bir yuxunun yozulmasını istəmişdi. Hökmdarın hüzurunda işləyən və illər öncə hz. Yusiflə eyni zindanda qalan bir adam yuxunu yozmaq üçün hz. Yusifə baş çəkir. Hz. Yusifin zindanda saxlanmasının illər keçəndən sonra xatırlanması Allah`ın müəyyən etdiyi alın yazısının işığında bu şəkildə gerçəkləşir. Hz. Yusifin yuxuya gətirdiyi hikmət dolu izah səbəbi ilə hökmdar onu hüzuruna çağırır. Ancaq hz. Yusif əvvəlcə ona atılan böhtanın araşdırılmasını və özünün birmənalı şəkildə təmizə çıxarılmasını istəyir:
Hökmdar: "Onu mənim yanıma gətirin!" dedi. Elçi Yusifin yanına gəldikdə o: "Ağanın yanına qayıdıb soruş ki, "əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!" (Yusif surəsi 50)
Hökmdar hadisənin şahidi olmuş qadınları hüzuruna toplayır və qadınlar - vəzirin xanımı da daxil olmaq şərti ilə - hz. Yusifin günahsız olduğunu etiraf edirlər. Beləliklə, hz. Yusifin günahsız olması ortaya çıxır:
Hökmdar soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?" Qadınlar: "Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!" deyə cavab verdilər. Vəzirin övrəti dedi: "Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!" (Yusif surəsi, 51)
Hz. Yusif bu etiraf qarşısında bunları söyləmişdir:
"...Bu, ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allah`ın xainlərin hiylələrinə yol vermədiyini bilsin!" (Yusif surəsi, 52)
Hz. Yusifin Allah`ın haram bildiyi bir hərəkəti etmək əvəzinə illərlə zindanda qalmağı üstün tutması, zina etdiyinə dair böhtana məruz qalmasına baxmayaraq, gözəl bir səbir göstərməsi qiyamətə qədər bütün möminlərə nümunə olacaq bir davranışdır. Allah hz. Yusifə göstərdiyi üstün əxlaq, təvəkkül və təslimiyyətin ardından zindandan çıxdıqdan sonra Misirdə güc və iqtidar vermişdi. Əlbəttə, bu, Allah`ın hz. Yusifə dünyada verdiyi bir əvəzdir. Allah bunu ayədə bu şəkildə bildirir:
Beləliklə, Yusifi o yerdə mövqe sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər, görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir. (Yusif surəsi, 56-57)
Hz. Yusifin həyatından götürülən nümunədən də gördüyümüz kimi, möminlərə atılan böhtan nə qədər çirkin olursa olsun, möminlərin əleyhinə qurulan hiylə nə qədər güclü olursa olsun, Allah`ın əməlisaleh qulları gec də olsa təmizə çıxırlar. Müsəlmanlara qarşı qurulan bu cür planların həyata keçməyəcəyi bir çox ayələrdə xəbər verilmiş və hz. Yusifin həyatı ilə bağlı bu hadisə bütün insanlara nümunə və ibrət dərsi olaraq bildirilmişdir.
Quranda qardaşlarının hz. Yusifə qarşı şiddətli bir qısqanclıq hissi bəslədiyi bildirilir. Daha əvvəl də bildirildiyi kimi, onlar hz. Yusifi bu qısqanclıqları səbəbi ilə kiçik yaşda olarkən bir quyuya atmış və onun ailəsindən, sevdiyi insanlardan ayrılmasına səbəb olmuşdular.
Aradan uzun illər keçmiş, hz. Yusif zindandan çıxıb hökmdar tərəfindən xəzinələrin başına keçdikdən sonra bir gün qardaşları ərzaq almaq üçün onun hüzuruna gəlmiş, ancaq hz. Yusifi tanımamışdılar. Hz. Yusif özünü yalnız kiçik qardaşına tanıtmış və ona başqa qardaşlarının etdiklərindən üzülməməsini söyləmişdir. Qardaşının yanında qalmasını istəmiş, ancaq olduğu ölkənin qanunlarına görə onu yanında saxlaya bilməyəcəyi üçün çox ağıllı bir plan düşünmüşdü. Bu hadisələr Quranda belə anladılır:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşını bağrına basıb dedi: "Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri işlərdən kədərlənmə!" Yusif onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. Sonra bir carçı: "Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!" deyə haray çəkdi.Yəqubun oğlanları arxalarınca gələnlərə tərəf dönüb: "Nə itirmisiniz?" deyə soruşdular. Onlar belə cavab verdilər: "Hökmdarın su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək!" Carçı: "Mən də buna zaminəm!" - dedi. Yəqubun oğlanları dedilər: "Allah`a and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!" Onlar soruşdular: "Əgər yalan desəniz, onun cəzası nədir?" Qardaşlar: "Onun cəzası yükündə tapılan adamın özüdür. Biz zalimləri belə cəzalandırırıq!" - deyə cavab verdilər. Yusif qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa hökmdarın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allah`ın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusif surəsi, 69-76)
Hz. Yusif illərlə görmədiyi qardaşını bu məqsədlə yanında saxlaya bilmişdi. Ancaq hz. Yusifin qısqanc və mərhəmətsiz qardaşları öz aralarında danışaraq sözlərinin arasına sığışdırdıqları bircə cümlə ilə hz. Yusifə özünün də xəbəri olmadan böhtan atmış və onu oğurluqda günahlandırmışdılar. Hz. Yusifin qardaşlarının bu böhtanı ayədə belə bildirilir:
Dedilər: "Əgər o oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi." Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: "Siz daha pis bir" mövqedəsiniz. "Allah sizin aid etdiyiniz şeyləri daha yaxşı bilir!" (Yusif surəsi, 77)
İnkarçıların və ikiüzlülük edənlərin möminlərə qarşı duyduğu kin və qısqanclıq o qədər böyükdür ki, hz. Yusifin qardaşlarının nümunəsindən də göründüyü kimi, hər fürsətdə onları incitməyə, özlərinin xəbəri olmadan belə onlara böhtan atmağa və hər kəsin gözündə kiçiltməyə çalışırlar. Ancaq həqiqəti bilən, daim Allah`ın əmrlərinin işığında düşünən möminlər bütün bunlara gözəl bir səbir və sevinclə yanaşır. Möminlər Allah`ın daim onlarla birlikdə olduğuna könüldən inanır və bu inamın təslimiyyət və təvəkkülünü yaşayırlar. Hz. Yusifin yuxarıda nəzərdən keçirdiyimiz həyatı da bu təvəkkül və əxlaqın gözəl bir nümunəsidir.
Quranda anladılan hadisələrə baxarkən saleh müsəlmanların, ümumiyyətlə, ən ciddi olduqları mövzularda böhtanlarla qarşılaşdığını görürük. Allah`a iman gətirən insanların qarşılaşdığı belə böhtanların ən başlıcalarından biri də namussuzluq böhtanıdır. Əvvəlki səhifələrdə də gördüyümüz kimi, hz. Yusif namusunu bu qədər qorumasına baxmayaraq namussuzluq ittihamı ilə qarşılaşmışdı. Üstün əxlaqı ilə əsla uyğun gəlməyən bu böhtanla onu insanların gözündə kiçiltməyə çalışmışdılar. Amma bir az əvvəl bildirdiyimiz kimi, Allah onu təmizə çıxarmış və digər insanların da onun günahsızlığını görməsini təmin etmişdi.
Hz. Yusifin məruz qaldığı namussuzluq böhtanının başqa bir oxşarı tarixdə müsəlman qadınlara atılıb. Hz. Məryəm Allah`a olan imanı, səmimiyyəti, təmizliyi, namusu və gözəl əxlaqı ilə Allah`ın bütün qadınlara nümunə olaraq göstərdiyi mübarək bir insandır. Allah hz. Məryəmin mələklər vasitəsilə necə müjdələndiyini bir ayəsində belə bildirir:
Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur". (Ali-İmran surəsi, 42)
Ailəsindən ayrılıb şərq tərəfə çəkilən hz. Məryəmə Allah öz dərgahından Cəbraili göndərmişdi. Cəbrail ona gözəl bir bəşər libasında görünmüş və Allah`ın vədlərini doğrultmaq üçün göndərilmişdi. Bu hadisələr Quranda bu şəkildə bildirilir:
Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili) yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü. Məryəm dedi: "Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma!" (Cəbrail:) "Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!" - dedi. Məryəm dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" Dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik". Bu, əzəldən təqdir olunmuş bir hökmdür! (Məryəm surəsi, 16-21)
Göründüyü kimi, hz. Məryəm Allah`ın istəyi ilə atasız bir uşaq dünyaya gətirmişdi. Uşağı ilə birlikdə qövmünün arasına çıxdıqda isə özünə qarşı yaxşı münasibət görməmiş və utanmaz bir qadın olmaqda günahlandırılmışdı:
Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin! Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!" (Məryəm surəsi, 27-28)
Ancaq hz. Məryəm öz qövmünün hər cür böhtanına, ittihamına və çirkin davranışına baxmayaraq, təvəkküllü və səbirli davranışından dönməmiş, Allah`ın yardımının həmişə yanında olduğunu bilərək hərəkət etmişdi. Allah`ın əmri ilə danışıq orucu tutaraq qövmü ilə bir müddət danışmamışdı. Onun yerinə hələ beşikdə olan hz. İsa Allah`ın izni ilə danışmış və Allah`ın bir möcüzəsi olduğunu insanlara göstərmişdi.
Əslində, qövmü hz. Məryəmin namusunun və təmizliyini fərqinə varırdı. Ancaq hz. Məryəmin onların batil dinindən uşaqlaşaraq müsəlman olması bu insanların xoşuna gəlməmişdi. Həmçinin beşikdə olarkən danışaraq peyğəmbər olduğunu müjdələyən bir peyğəmbərin anası olması da inkarçıların dedi-qodularına və böhtanlarına səbəb olmuşdu. Halbuki, o dövrdə hz. Məryəmə dilləri ilə sataşanların hamısı etdiklərinin əvəzini dünyada da, axirətdə də əzab şəklində almışlar. Hz. Məryəmə atdıqları böhtanlar isə boşa çıxmış, hz. Məryəmi və hz. İsanı insanların gözündə kiçiltməyi bacarmamışdılar. Allah onları bütün insanların gözündə təmizə çıxarmış, hz. Məryəmi Quranda tərifləyib insanlara tanıtmışdır. Bu gün hər dindən olan insan hz. Məryəmi sayğı və sevgi ilə xatırlayır. Hz. Məryəmdən danışılan ayələrdən biri də belədir:
Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)
Ancaq burada hz. Məryəmə zina böhtanı atanların üzləşəcəyi aqibəti bilmək də əhəmiyyətlidir. İstər hz. Məryəm zamanında, istərsə də ondan sonra yaşayan nəsillərdə bir çox inkarçı insan hz. Məryəmə və onun namusuna dil uzatmışdır. Hz. Məryəmə böhtan atan kimsələrin Allah dərgahında alacağı əvəz bir ayədə belə bildirilir:
Lakin onlar verdikləri əhdi pozduqları, Allah`ın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: "Ürəklərimiz pərdəlidir!" dedikləri ucundan Allah`ın lənətinə düçar oldular. Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər. Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün lənətə düçar oldular. Onların cəzalandırılmasının bir səbəbi də: "Biz, Allah`ın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük," demələridir...(Nisa surəsi, 155-157)
Hz. Muhəmməd (s.ə.v.) dövründə də müsəlmanlara namusla bağlı böhtanlar yağdırılması davam etmiş, bu böhtanlar hz. Məryəmin və ya hz. Yusifin məruz qaldığı iftiralardan heç də fərqlənməmişdir.
Möminlər arasından çıxan bəzi kimsələr mömin bir qadına çirkin bir böhtan ataraq olduqca böyük bir xətaya düşmüşdülər. Bir insana böhtan atmaq, o insan haqqında heç nə bilmədən yalan söyləmək cahil bir insan üçün olduqca asan işdir. Amma böhtanın Allah dərgahındakı əvəzi son dərəcə ağırdır. Xüsusilə inkarçılar bu əzablı əvəz barədə düşünməz, bunu özlərindən çox uzaqda görərlər. Ancaq Allah işlədilən bir sözü də unutmaz və yanılmaz. Dünya həyatında təmiz, namuslu, şərəfli insanları böhtanla qaralamağı asan iş sayanlar axirətdə bu günahları onlara xatırladılanda və alacaqları əvəz onlara göstəriləndə təsəllisi olmayan son dərəcə böyük bir peşmançılıq və dərin acı hiss edəcəklər. Allah mömin qadınlara böhtan atanların axirətdə rastlaşacağı vəziyyəti öz ayələrində belə bildirir:
Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir! Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allah`ın açıq-aşkar bir haqq olduğunu biləcəklər! (Nur surəsi, 23-25)
Quranda da bildirildiyi kimi, hz. Süleyman çox böyük bir mal-mülkün və sərvətin sahibi olmuşdur. Allah Quranda hz. Süleymanın sahib olduğu sərvət və hakimiyyətlə bağlı bir çox məlumatlar vermişdir. Hz. Süleyman isə bütün bu sərvəti və zənginliyi Allah`ı zikr etmək üçün istəmiş və sahib olduqlarının hamısının Allah`ın bir lütfü olduğunu bilərək Rəbbinə şükür etmişdi.
“Bəqərə” surəsində Allah`ın kitabını yalanlamağa çalışanların hz. Süleymanın sahib olduğu mülk haqqında şeytanların söylədiklərinə inanması bildirilir. Mövzu ilə bağlı ayə belədir:
Allah tərəfindən onlara əllərindəkini təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allah`ın kitabına arxa çevirdi. Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar inkar etdilər... (Bəqərə surəsi, 101-102)
İnkarçılar, böhtançılar və möminlər əleyhinə fitnə-fəsad törətmək istəyənlər isə hz. Süleymanın mülkü əleyhinə də yalanlar hazırlamışdılar. Hz. Süleymanın mal-mülkü əleyhinə iftira söyləyənlərlə bağlı Quranda heç bir detal verilməyib. Ancaq bir çox tarixi qaynaqlarda hz. Süleymanın zənginliyə uyub həyatını əxlaqsızlıq içində yaşaması yönündə bəzi dedi-qoduların yayıldığı bildirilir. Əgər hz. Süleyman əleyhinə belə bir şayiə çıxarılmışsa, bu, böyük bir yalan və böhtandır. Çünki yuxarıda da bildirildiyi kimi, hz. Süleyman zənginliyin Allah tərəfindən verilən bir nemət olduğunu bilən və hər an Allah`a ona verdiyi nemətlər üçün şükür edən saleh bir peyğəmbərdir. O, öz zənginlik və gücündən isə həmişə Allah rizasına uyğun şəkildə istifadə etmişdir.
Bəzi insanların hz. Süleymanın davranışı haqqında əsassız dəlillərlə ortaya çıxmasının əsl səbəbi məhz dinə olan düşmənçilikdir. Möminləri, xüsusilə Allah`ın elçilərini inanc baxımından zəif, əxlaqsız insan və əyləncə həvəskarı kimi göstərmək, onların namusu ilə bağlı şübhə oyatmaq böhtançıların tez-tez istifadə etdiyi bir yoldur. Beləliklə, böhtançılar insanların elçilərə və möminlərə güvənməsini və onları dinləməsini əngəlləməyə çalışırlar. Ancaq Allah inkarçıların bu planlarını həmişə pozmuş, iman gətirənləri hər cür böhtandan təmizləmişdir. Müsəlmanlar həmçinin inkarçıların onlara atdığı böhtanların müqabilində səbir edərək, Allah`a olan təvəkkül və itaətlərini hər cür şərtlər çərçivəsində göstərərək axirətdəki dərəcələrini artırmışlar. İnkarçıların onlara zərər vermək üçün əl atdığı bütün cəhdlər boşa çıxmış və bütün bunlar möminlərin əbədi gözəllik və nemətlərlə mükafatlandırılmasına vəsilə olmuşdur.