İnkarçıların müsəlmanlara qarşı istehza dolu böhtanları

Az öncə qeyd etdiyimiz kimi, inkarçılar möminlərin Allah`ın dinini yaymasını və insanların onların təbliğ etdiyi həqiqətləri dinləməsini əngəlləmək üçün hər cür yollar düşünmüşlər. Böhtan da bu yollardan biridir. Əvvəlki səhifələrdə tarix boyunca Allah`ın elçilərinə və saleh möminlərə atılan böhtanlarla bağlı Quranda bildirilən parçalardan bəzi nümunələr verdik. Sonrakı səhifələrdə isə “...Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib Allah`dan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir" (Ali-İmran surəsi, 186) ayəsinin bir təzahürü olaraq inkarçıların möminləri öz təsəvvürlərinə görə alçaltmaq üçün söylədikləri yalanlardan söz açacağıq. Allah`a və dinə düşmən olan insanların möminləri incitmək və onları digər insanların gözündə kiçiltmək məqsədilə təhqiramiz sözlər söylədiklərini, ancaq bu cəhdlərinin əsla baş tutmayacağını söyləyəcəyik.

Lovğalıq və Özündən Razılıq Yalanı

Müsəlmanlara qarşı ən çox yönəldilən ittihamlardan biri də təkəbbürlülük və özündənrazılıq iddiasıdır. Hər bir cəmiyyətdə pis qarşılanan bu xüsusiyyətin möminlərə yapışdırılması cəhdinin məqsədi yenə eynidir: xalqın möminlərin əxlaqına tabe olmasına əngəl törətmək... İnsanlar təkəbbürlü və özündənrazı insanlara qarşı antipatiya duyar və onlarla bərabər olmaq, onlara oxşamaq istəməzlər. İnkarçılar da insanların bu psixologiyasından yararlana bilmək üçün möminləri özündənrazı və təkəbbürlü olmaqda ittiham edərlər. Bu yöndə haqsız bir pislənilməyə məruz qalan elçilərdən biri də hz. Salehdir:

Səmud (qövmü) təhdidləri yalan saymışdı. Onlar demişdilər: "Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!" "Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!" Onlar kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! (Qəmər surəsi, 23-26)

Bu ayələrdən də göründüyü kimi, hz. Salehin qövmü içlərindən bir insana Allah`ın lütflü olmasını, ona elçilik vəzifəsini verməsini qəbul edə bilməmişdi. Bu səbəbdən də iman sahibi, ürəyiyumşaq, təvazökar və gözəl əxlaqlı bir peyğəmbərə onları haqq dininə, gözəl əxlaqa, doğru yola dəvət etdiyi üçün qəzəblənmiş, onun əleyhinə yalanlar uydurmuşdular. Allah`ın saleh qullarına belə ağır və qəlbə toxunan sözlər söyləmək, onlara və ətrafındakı insanlara əziyyət verməyə çalışmaq inkarçılara asan görünə bilər. Ancaq bu insanlar yaddan çıxarmamalıdır ki, kim belə pislik etmişsə, əvəzini həm dünyada, həm də axirətdə tam şəkildə alacaq. Keçmişdə yaşayıb peyğəmbərlərə və elçilərə sözləri ilə zərər verməyə çalışan heç bir kəs dünyadakı və axirətdəki əzabdan xilas ola bilməmişdir. Allah hz. Salehə əziyyət verən Səmud qövmünün aqibətini belə bildirir:

Mənim əzabım və qorxutmağım necə oldu! Biz onlara bircə dəhşətli səs göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər.(Qəmər surəsi, 30-31)

Dəlilik Böhtanı

Az öncə bildirildiyi kimi, inkarçılar Allah`ın elçilərinə olan düşmənçilik və nifrət hisslərindən tarix boyunca oxşar üsullarla istifadə etmişlər. Hz. Yusif, hz. Məryəm və Peyğəmbərimiz (s.ə.v.) dövründə səhabələrə namus məsələsi ilə bağlı böhtan atılması bunun inkarçıların klassik bir üsulu olduğunu göstərir. İnkarçıların hər dövrdə tez-tez istifadə etdiyi digər bir üsul da elçiləri dəli olmaqda ittiham etmələridir. Hz. Muhəmməd (s.ə.v.) də daxil olmaqla, bir çox elçi Allah`a və dinə olan bağlılıqları məqsədilə eyni böhtanla qarşılaşmışlar. Allah ayələrində elçilərin dəlilikdə ittiham edilməsinin səbəbini belə bildirir:

Yoxsa öz peyğəmbərlərini tanımadılar və buna görə onu inkar edirlər? Yaxud: "Onda divanəlik var?" dedilər. Xeyr, Peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün öyüd-nəsihət gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz döndərirlər. (Muminun surəsi, 69-71)

İnkarçıların elçilərə qarşı çıxmasının səbəbi yuxarıdakı ayələrdə də bildirildiyi kimi, elçilərin yaydığı həqiqətlərin bu insanların dünyəvi istək və maraqlarına zidd olmasıdır. Allah`ın elçiləri bu insanlardan heç bir əvəz gözləməsə də, sanki onları böyük bir borc altına salırmış kimi elçiləri susdurmağa və aradan götürməyə çalışırdılar. Halbuki, inkarçı cəmiyyətin onlara gələn Allah elçisini danışdırmaması və ya onu dinləməməsi inkarçıların axirət həyatında qarşılaşacağı aqibəti dəyişdirməyəcəkdir. Allah yuxarıdakı ayələrin davamında belə bildirir:

Yoxsa sən onlardan bir muzd istəyirsən? Rəbbinin əcri daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır! Əslində, sən onları doğru yola dəvət edirsən! Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır! (Muminun surəsi, 72-74)

İnkarçıların Allah`ın göndərdiyi elçiləri dəlilikdə ittiham etməsi bir miras kimi nəsildən-nəslə, ümmətdən-ümmətə keçmişdir. Hər dövrdə peyğəmbərlər və onların ardınca haqq dinini təbliğ edən müsəlmanlar oxşar böhtanlarla qarşılaşmışlar. Ancaq dini inkar edənlərin bütün cəhdlərinə rəğmən bu əməlisaleh insanların Allah`ın haqq yolundan dönməməsi Quranda bildirilmişdir. Quranda dəlilik ittihamı ilə qarşılaşdıqları xəbər verilən digər elçilərlə bağlı bəzi ayələr belədir:

Hz. Muhəmməd (s.ə.v.)

Onlar belə dedilər: "Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən!"(Hicr surəsi, 6)

Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: "O, divanədir!" deyirlər. (Qələm surəsi, 51)

Onlar isə ondan üz çevirib belə dedilər: "Bu, öyrədilmiş bir divanədir!"(Duxan surəsi, 14)

Hz. Hud

Tayfasının kafir başçıları ona: "Biz səni səfehlik içində görür və yalançılardın hesab edirik!" deyə cavab verdilər. "Hud dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.(Əraf surəsi, 66-67)

Hz. Nuh (as)

"Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!" Nuh belə dedi: "Ey Rəbbim!" Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!"(Muminun surəsi, 25-26)

Bunlardan əvvəl Nuh qövmü öz peyğəmbərini təkzib etmiş və bəndəmizi yalançı sayıb: "Divanədir!" demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi" (Qəmər surəsi, 9)

Hz. Musa

Firon: "Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir! - dedi."(Şüəra surəsi, 27)

Yuxarıda qeyd etdiyimiz ayələrdən də göründüyü kimi, inkarçılar Allah`ın göndərdiyi peyğəmbərləri dəlilik, ağıl çatışmazlığı, cinli və divanə olmaq kimi sifətlərlə alçaltmağa çalışmışlar. Onların buradakı məqsədi doğru olanı, haqq dini hər zamankı kimi inkar edə bilmək, dünyada öz istək və arzularına görə yaşamaq, onları başıboş qəbul etdirmək üçün elçilərin söylədiklərini yalanlamaq istəmələridir. İnkarçılar insanların əqli bir yetərsizlik içində gördükləri adamlara inanmayacaqlarını bildikləri üçün belə bir üsuldan istifadə etmişdilər.

Ancaq elçiləri dəlilikdə ittiham edənlərin və onlara dilləri ilə sıxıntı və əzab yaşatmağa çalışanların qarşılaşdığı aqibət də onların daimi böhtanları kimi bir-birinə oxşamışdır. Allah hz. Musanı cadugər və ya dəli olmaqda ittiham edən fironun aqibətini Quranda belə bildirir:

O, bütün əyanları ilə birlikdə üz döndərib: "Bu sehrbazdır, yaxud da dəlidir!” - demişdi. Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü. (Zariyat surəsi, 39-40)

Yolunu Azma İftirası

Quranda bir çox elçinin yolunu "azmaqda" günahlandırıldığı da bildirilir. İnkarçılar Allah`a və axirət gününə iman etmədiklərinə baxmayaraq, elçilərə qarşı çıxaraq xalqın gözündə dindar donuna girməyə çalışırdılar. Elçiləri isə köhnə dinlərini pozmağa çalışan, dinə azğın dəyərlər və yalanlar gətirən insanlar kimi göstərmək istəyirdilər. Onların buradakı məqsədi elçiləri xalqın gözündə "din pərdəsi altında qazanc axtaran" etibarsız insanlar kimi göstərməyə çalışmaqdır. Firon və ətrafındakılar da hz. Musa və hz. Haruna münasibətdə buna bənzər bir üsuldan istifadə etmişdilər:

Onlar dedilər: "Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl dininizi yox etmək istəyirlər. Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!"(Taha surəsi, 63-64)

Başqa bir ayədə isə fironun dinsizliyinə və zalımlığına baxmayaraq, belə dediyi bildirilir:

Firon dedi: "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram." (Mumin surəsi, 26)

Fironun bu sözlərində səmimi olmadığı, ancaq bunu xalqı aldatmaq üçün söylədiyi hamıya aydındır. Çünki əsl dini aradan qaldırmağa çalışan, yer üzündə fəsad və pozğunluq yayan, insanlara zülm edən kəs onun elə özü idi.

Hz. Musadan başqa bir çox digər elçi də yolunu azmaqda günahlandırılmışdı. Hz. Nuh da qövmü tərəfindən yolunu azmaqda və çaşqınlığa düşməkdə günahlandırılan elçilərdəndir:

Tayfasının başçıları ona: "Biz səni açıq-aydın azmış görürük! - deyə cavab verdilər." O dedi: "Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!" - dedi. (Əraf surəsi 60-61)

Qövmləri tərəfindən mövcud dindən sapmaqda günahlandırılan elçilərdən və əməlisaleh müsəlmanlardan bəziləri isə Quranda belə bildirilir:

Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik."(Hud surəsi, 62)

Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər. Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər. Ailələrinin yanına qayıtdıqda isə kefləri kök qayıdırdılar. Onları gördükdə: "Doğrusu, bunlar azanlardır!" - deyirdilər (Mütəffifin surəsi, 29-32)

Əlbəttə, əsl azğınlıq və çaşqınlıq içində olanlar Allah`ın elçilərinə qarşı çıxanlar, Allah`ın varlığını, axirəti inkar edənlər, tərtəmiz, imanlı, dürüst və səmimi insanlara böhtanlar ataraq onlara zülm edənlərdir. Allah əsl dünya həyatına uyan, axirəti unudaraq, onlara söylənənləri eşitməyərək, göstərilən dəlilləri görməyərək yaşayan inkarçıların "çaşmış bir azğın" olduğunu Quranda belə buyurmuşdur:

Bu dünyada kor olan axirətdə də kor olar və haqq yoldan daha da çox azar! (İsra surəsi, 72)

Sehrbazlıq İftirası

Keçmişdə elçilərin ünvanına söylənən böhtanlardan bir başqası da - əvvəlki səhifələrdə hz. Musanın həyatından da gördüyümüz kimi - cadugərlik ittihamı idi. Maraqlıdır ki, fərqli dövrdə və fərqli cəmiyyətdə yaşamalarına baxmayaraq, bir çox elçiyə eyni ittiham ünvanlanmışdır. Allah bir ayəsində inkarçıların möminlərə söylədiyi cadugərlik ittihamını aludəçilik halına gətirdiklərini belə bildirir:

Eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona "sehrbaz, divanə" dedilər. Görəsən, onlar bunu bir-birinə vəsiyyətmi etmişlər?! Xeyr, onlar azğın bir qövmdürlər! (Zariyat surəsi, 52-53)

Öz aralarından olan bir insanın onlara Allah`ın dinini anlatmasını heç cür qəbul etməyən inkarçılar elçiləri cadugərlikdə günahlandıraraq insanların bu elçidən uzaq olmasını təmin etmək istəyirlər. Bir məqsədləri də elçinin insanları cadugər kimi öz təsiri altına alması barədə şayiə yaymaqdır. Çünki elçilərin səmimi və hikmətli danışıqlarını dinləyərək onların Allah`a və dinə bağlılığını görən, gözəl əxlaqına şahid olan vicdanlı və ağıllı insanlar elçilərə bağlanmış və onlara dua etmişlər. İnkarçılar bu əməlisaleh insanların dinə və Allah`a güclü bağlılığını əhəmiyyətsiz və dəyərsiz göstərmək, digər insanların da elçilərə bağlanmasına mane olmaq üçün onları cadugər olmaqda ittiham etmişdilər. Hz. Muhəmməd (s.ə.v.) də daxil olmaqla, bir çox elçinin ünvanına söylənən cadugərlik böhtanları Quranda belə bildirilir:

İçərilərindən bir adama: "İnsanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, aşkar bir sehrbazdır!" dedilər. (Yunis surəsi, 2)

Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır! Əcəba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir."(Sad surəsi, 4-5)

İnkarçılar elçilərə cadugər deyə böhtan atmaqla yanaşı, elçinin özünün də cadulanmış olduğunu iddia etmişlər. Elçilərə "cadulanmış" böhtanın atıldığını bildirən ayələrdən bəziləri belədir:

Onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!" dediklərini də bilirik. (İsra surəsi, 47)

Onlar dedilər: "Həqiqətən, sən ovsunlanmışlardansan! Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!" (Şüəra surəsi, 153-154)

...Zalımlar dedilər: "Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!"(Furqan surəsi, 8)

Yuxarıdakı ayələrin davamında Allah`ın elçiləri cadugər və ya cadulanmış olmaq yalanı ilə qaralamağa çalışan insanlara verdiyi cavab belədir:

Bir gör, səni kimlərə bənzətdilər! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər! (İsra surəsi, 48)

Bir gör, sənin barəndə necə məsəllər çəkdilər! Artıq azdılar və bir daha yol tapa bilməzlər!(Furqan surəsi, 9)

İnkarçıların İstehza və Kin Dolu Sözləri

Allah`ın elçilərinə və onlara inanan möminlərə qarşı böyük bir kin və qəzəb hissi duyan, Allah`ın onlara verdiyi maddi və mənəvi zənginliklərə, gözəlliklərə həsəd aparan inkarçılar möminlərə incidici və həqarət dolu sözlər söyləmişlər. İnkarçıların möminlərə söylədiyi bu sözlərdən bəziləri bir ayədə belə bildirilir:

Tayfasının kafir əyan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda, sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"(Hud surəsi, 27)

Fironun hz. Musaya qarşı işlətdiyi səviyyəsiz və davakar üslub inkarçıların daxilində bəslədikləri qəzəbin bir təzahürüdür:

Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?! Yaxud mən az qala aydın deyə bilməyən bu zavallı kimsədən daha yaxşı deyiləmmi?!"(Zuxruf surəsi, 51-52)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, firon Allah`ın elçisi olan hz. Musaya qarşı son dərəcə səviyyəsiz sözlər işlətmişdir. Yeganə fikri dünyəvi və maddi dəyərlər olan firon bir insanın üstünlüyünün sahib olduğu mallarda, mövqe və məqamda ola bilməyəcəyini anlamayacaq qədər ağılsız və vicdansızdır. Fironun insanları qəbilələrinə və zənginliklərinə görə təsnif edib dəyərləndirən, onların bəzi fiziki çatışmazlığına rişxənd edən, son dərəcə alçaq xarakterə malik bir insan olduğu onun sözlərindən də açıq görünür.

İnkarçılar tarix boyunca fironun hz. Musaya söylədiyi böhtanlarla, təhqiramiz sözlərlə, yalanlarla möminləri sarsıdacaqlarını, onları qorxuya və ümidsizliyə salacaqlarını zənn etmişdilər. Halbuki, inkarçıların möminlərə dediyi ən ağır sözlər axirətdə onlara savab şəklində dönəcək və bu, səbir göstərilməsi gərək olan bir davranışdır. İnkarçılar bu sözləri inananlara zərər vermək üçün sərf edir, əslində isə böyük bir qəflət içində qalaraq möminlərin axirətdəki dərəcəsini artırırlar.

Möminlər bu sözlərin müqabilində, göstərdikləri səbirlə inkarçıların səviyyəsinə əsla enmir, sərgilədikləri gözəl davranışla və gözəl sözlərlə tərbiyələnir və cənnətə layiq mənəvi kamilliyə çatırlar. Ayrıca, inkarçıların bu cür hücumlarına məruz qalmaları möminlərin səmimiyyətinə, inamına bir baxışdır; özlərindən əvvəl yaşamış əməlisaleh möminlər belə günahlara necə məruz qalırdısa, onlar da Allah`ın bir qanunu olaraq oxşar imtahanları yaşamaqdadır. Bu baxımdan, inkarçıların həqarət və böhtanları, yaxud da yalanları ilə ittiham olunmaq və bunların qarşısında səbir göstərmək möminlər üçün böyük bir şərəfdir. Dünyadakı zənginlik və güclərinə güvənən, axirəti unudan firon kimi insanlar isə bu həqiqəti əsla görməzlər. Onlar da ancaq firon kimi öləcəklərini bildikləri vaxt lovğalıqlarını bir kənara buraxıb peşmançılığa qapılarlar. Ancaq insanın ölüm anındakı peşmançılığı və geri dönüşü ona axirətdə heç bir fayda gətirməz. Bu məqsədlə, firon kimilərinin aqibəti hər bir insana ibrət dərsi olmalıdır. Dünyada sahib olunan maddi-mənəvi dəyərlər müvəqqətidir və insana axirətdə heç bir fayda gətirməz. Əbədi və xeyirli olan isə insanın davranışı və gözəl əxlaqıdır. Allah dünyada sahib olduqları ilə qürurlanan və Allah`ın göndərdiyi elçinin yalançı olduğunu bildirən, ona təhqiramiz sözlər deyib həqarət edən fironun və ona tabe olanların ibrətamiz aqibətini belə bildirir:

Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər! Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını qərq etdik. Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.(Zuxruf surəsi, 54-56)

Allah`ın ayəsində də bildirildiyi kimi, Allah`ın sevdiyi və dost bildiyi qullarına edilən hər bir pislik, onların əleyhinə danışılan hər bir söz Allah dərgahında bir qəzəb səbəbidir. Pislik edənlər bunu özləri üçün mənfəət zənn edərlər, amma Allah sonsuz ədalət sahibidir. Böhtançılar və zalımlar axirətdə, dünyada işlətdikləri hər kəlmənin hesabını verəcək, bunun cəzasını çəkəcəklər.

Allah dünyada ikən iman gətirənlərə qarşı çirkin sözlər söyləyən, onlara rişxənd edən zalım insanların cəhənnəmdə qarşılaşacaqları çaşqınlığı belə xəbər verir:

Deyəcəklər: "Pis adamlar saydığımız kəsləri niyə burda görmürük?" Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?! Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi - bir həqiqətdir! (Sad surəsi, 62-64)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İnkarçıların möminlərə qarşı düşmənçiliyi
  • Keçmiçdə möminlərə atılan böhtanlar
  • İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
  • İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
  • Müsəlmanların böhtan qarşısındakı davranışı
  • Allah hər şeydən xəbərdar olandır